Daşkənddə Azərbaycan Milli Sərgisi yüksək səviyyədə təşkil olunmuşdur

 

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Daşkənddə keçirilən Azərbaycanın Milli Sərgisi çərçivəsində Özbəkistan Baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Elyer Qəniyevlə görüşmüşdür.

Elyer Qəniyev bildirmişdir ki, biz hələ də Azərbaycan Milli Sərgisinin təsiri altındayıq. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Həm məhsulların çeşidi, həm mədəni proqram, müğənnilərin canlı ifası buraya gələnlərdə xoş ovqat yaradırdı.

Baş nazirin müavini demişdir: "Mən bir daha bildirirəm ki, Daşkənddə belə möhtəşəm bir sərginin keçirilməsi Özbəkistanın dövlət başçısı İslam Kərimov və Azərbaycan Prezidenti İlham Əliyevin çox müdrik qərarları idi. Biz qısa müddətdə bunu reallaşdıra bildik. Elə bilirəm ki, bu sərginin və dekabrın əvvəllərində Bakıda Özbəkistan Milli Sərgisinin keçirilməsi ölkələrimiz arasında əlaqələrin inkişafına yeni təkan verəcəkdir".

Şahin Mustafayev demişdir ki, sentyabrın sonunda Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdə olarkən Prezident İslam Kərimovla qarşılıqlı olaraq Daşkənddə və Bakıda belə sərgilərin keçirilməsi haqqında qərar qəbul etdikdən sonra, dövlət başçılarının tapşırığı ilə hər iki tərəf ən qısa müddətdə bu sərgini təşkil etməyə nail oldu. Yaxın qardaşlıq köməyinə görə minnətdarlığımızı bildiririk. Biz də o fikirdəyik ki, bu sərgi və Bakıda keçiriləcək Özbəkistan Milli Sərgisi ölkələrimizi daha da yaxınlaşdıracaqdır. İqtisadiyyatın bütün sahələrində əməkdaşlıq etmək üçün ölkələrimizin böyük imkanları vardır və əlbəttə, bundan səmərəli istifadə olunacaqdır. Buna hər iki ölkədə maraq vardır. Nazir demişdir ki, bizim köklərimiz, tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz birdir və bir-birimizi anlamaq üçün bizə tərcüməçi lazım deyildir.

Sonra Ş.Mustafayev Azərbaycanın sosial-iqtisadi inkişafı haqqında geniş məlumat vermiş, müəssisələr arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində bir sıra sənədlər imzalanmışdır.

Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov iştirak etmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Daşkənd

 

Azərbaycan.- 2010.- 7 noyabr.- S. 7.