Bakı-Ələt avtomobil yolunun yenidən inşa edilmiş 4-8-ci kilometrlik və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışı olmuşdur

 

Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakı-Ələt avtomobil yolunun yenidən tikilmiş 4-8-ci kilometrlik və yenidən qurulmuş 8-14-cü kilometrlik hissələrinin açılışında iştirak etmişdir.

İnşaatçılar və nəqliyyat işçiləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına əvvəlcə Bakı-Ələt avtomobil yolunun 4-8-ci kilometrlik hissəsinin texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, bu avtomobil yolu "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı" çərçivəsində "Bakı-Astara yolunun 4-8-ci kilometrliyində Bibiheybət məscidi ilə Bayıl bazarı arasında yolun yeni trassa köçürülməsi ilə əlaqədar tikilmişdir. 2009-cu ilin mayında inşasına başlanılan birinci dərəcəli bu yolun uzunluğu 3,5 kilometrdir. 17,5 metr enində olan yolun hərəkət hissəsi 5 zolaqlıdır. Nəqliyyat Nazirliyinin sifarişi ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa olunan yolda 1190 metr uzunluğunda istinad divarları tikilmiş, müasir işıq dirəkləri, istiqamətverici işarələr və piyadalar üçün səki yaradılmışdır. Yolun geniş olması paytaxta gələn avtomobillərin sərbəst hərəkətinə imkan yaratmaqla, gələcəkdə baş verə biləcək tıxac problemlərini də tam aradan qaldıracaqdır.

Sonra Prezident İlham Əliyevə Bakı-Ələt avtomobil yolunun 8-14-cü kilometrlik hissəsinin yenidən qurulması barədə məlumat verildi. Bildirildi ki, Bakı-Ələt avtomobil yolunun 8-14-cü kilometrlik hissəsinin və Bibiheybət-Lökbatan dairəsi sahəsinin yenidən qurulması Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Plan"ı çərçivəsində həyata keçirilmişdir. Bu yolun yenidən qurulan hissəsinin uzunluğu 5,7 kilometr, eni 22,5 metr, hərəkət zolaqlarının sayı isə 8-dir. Burada 2800 metr uzunluğunda istinad divarları çəkilmişdir. Yolun üzərində 2 yolüstü piyada keçidi inşa olunur ki, buradan gələcəkdə piyadaların hər iki tərəfə təhlükəsiz hərəkəti təmin olunacaqdır. Yol boyu istiqamətverici işarələr və işıq dirəkləri quraşdırılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, bu yol respublikanın cənub, cənub-qərb, qərb, mərkəzi aran və şimal-qərb bölgələrindən, həmçinin Astara, Biləsuvar, Qazax və Balakən rayonlarında yerləşən sərhəd məntəqələrindən Bakı şəhərinə gələn və əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin şəhərin giriş hissəsində - Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər və əks istiqamətdə maneəsiz birtərəfli hərəkətinə imkan verəcək, "Sədərək" və "Binə" ticarət mərkəzlərinə rahat gediş-gəlişi təmin edəcəkdir.

Prezident İlham ƏLİYEV inşaatçıları təbrik edərək dedi:

- Sizi təbrik edirəm, çox yaxşı görmüsünüz, şəhərimiz üçün çox gözəl yol tikmisiniz. Bu, böyük peşəkarlıq tələb edən bir layihədir, çünki burada yolun böyük hissəsi dağın yarılması hesabına yaradılıb. Sadəcə, burada yeni yol çəkmək deyil, böyük işlər görülüb, - həm istinad divarları tikilib, həm dağ yarılıb, həm də yol genişləndirilib. İndi bu, şəhər sakinləri, şəhərə gələn qonaqlar üçün ən gözəl yollardan biridir. Bu yol bizi sərhədlərlə birləşdirir. Həm keyfiyyət, həm gözəllik, işıqlandırma sistemi. Yəni dünya standartlarına cavab verən yoldur. Eyni zamanda, yeni yol da tikilib. O yol mövcud deyildi. O da birtərəfli, 6 zolaqlı, geniş rahat bir yoldur.

Bizdə artıq yaxşı təcrübə vardır. Bizim şirkətlər bu işlərdə böyük təcrübə əldə ediblər. Mən çox şadam ki, son vaxtlar yol tikintisində ancaq Azərbaycan şirkətləri iştirak edirlər. Bu, onu göstərir ki, bizdə ən qabaqcıl texnologiyalara uyğun şəkildə keyfiyyətli yolların tikilməsi artıq mümkündür. Əvvəlki illərdə biz daha çox xarici mütəxəssislərdən asılı idik. Onları dəvət edirdik. Onlar bizim üçün yol tikirdilər. İndi biz özümüz tikirik. Yəni, həm bizim insanlar, mütəxəssislər işləyir, həm yerləri yaradılır, həm də ki, gəlir qalır Azərbaycanda, xaricə getmir.

Son illərdə çoxlu yollar tikilib, yenə də tikiləcəkdir. Bu gün dairəvi yolun açılışını qeyd edəcəyik. Bu da tarixi hadisədir. Bakını şəhərə girmədən bütün istiqamətlərlə birləşdirən, eyni zamanda, şimal istiqamətlərindən cənub-qərb istiqamətlərinə aparan yeni yoldur. Biz rahat, keyfiyyətli yolun açılışını qeyd edəcəyik.

Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm.

 

* * *

 

Sonra dövlətimizin başçısı paytaxtın və bütövlükdə ölkənin nəqliyyat arteriyasında əhəmiyyətini nəzərə alaraq bu yoldan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 noyabr.- S. 1.