Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
Türkiyəyə səfəri
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva "Mədəni irs və musiqi" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün noyabrın 3-5-də Ankarada səfərdə olmuşdur.
Noyabrın 4-də Ankaranın Bilkənd Universitetində "Mədəni irs və musiqi" beynəlxalq konfransının açılışı oldu. Türkiyənin birinci xanımı Hayrünnisə Gül konfransa dəvət olunan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, həmçinin Latviya, Sloveniya və Makedoniya prezidentlərinin xanımları ilə görüşmüşdür.
Sonra Bilkənd Universitetinin Sakarya salonunda "Mədəni irs və musiqi" beynəlxalq konfransı işə başlamışdır. Tədbirə sədrlik edən Türkiyə Prezidentinin xanımı Hayrünnisə Gül konfransda iştirak edən Azərbaycan, Latviya, Sloveniya, Makedoniyanın birinci xanımlarını və digər qonaqları salamlamışdır. Bu konfransın bir-birimizi daha yaxşı tanımağa və dünyada sülhün bərqərar olmasına yardım etdiyini bildirən Hayrünnisə Gül bildirmişdir ki, Ankara bir çox mədəniyyətlərin beşiyi olan Anadolunun köksündə yerləşir. Odur ki, bu cür mötəbər tədbirin bu şəhərdə keçirilməsi heç də təsadüfi deyil.
Mədəni irsin gələcək nəsillərə çatdırılması üçün qadınların üzərinə böyük vəzifələrin düşdüyünü deyən Türkiyənin birinci xanımı mədəniyyətlər arasında dialoqun əldə olunmasında mühüm vasitələrdən birinin də musiqi olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Türkiyə öz mədəni irsini və musiqi dəyərlərini qorumaq üçün mühüm tədbirlər görür və bu sahədə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə çalışır.
Latviyanın birinci xanımı Lilita Zatlere çıxışında bildirmişdir ki, Latviyanın mədəni irsi bir çox mədəniyyətlərin qovuşmasından yaranmışdır. Mədəni irsin Baltik dəyərlərində ölkəsinin güclü mövqeyə malik olduğunu qeyd edən Lilita Zatlere Latviyada XIX əsrdən bu yana mahnı və rəqs festivallarının keçirildiyini və bu musiqi mərasimlərinin bir növ ümummilli bayrama çevrildiyini diqqətə çatdırmışdır. O demişdir ki, bu festivallar artıq Latviya mədəniyyətində bir ritual formasını almışdır və xalqın milli kimliyini göstərir.
Konfransda iştirak edən Makedoniyanın birinci xanımı Maya İvanova isə diqqəti həqiqi dəyərlərin əldə olunmasında mədəni irsin və musiqinin oynadığı rola çəkmişdir. Bildirmişdir ki, Makedoniya da müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşir və təsadüfi deyildir ki, Makedoniya sənətlərin ölkəsi kimi tanınır. Maya İvanova çıxışına bu sözlərlə yekun vurmuşdur: Biz mədəni irsimizi qorumaqla Makedoniyanın təməl prinsiplərini qoruyuruq.
Beynəlxalq konfransın növbəti hissəsinə sədrlik edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban ƏLİYEVA tədbirdə çıxış edərək demişdir:
- Əziz dostlar!
İlk növbədə, sizləri səmimi qəlbdən salamlayıram və sizə ən xoş arzu və diləklərimi çatdırıram.
Yenidən Türkiyə torpağında olmağımdan çox məmnunam. Qurucusu böyük şəxsiyyət İhsan bəy Doğramacı olan Bilkənd Universitetində olmağımdan ikiqat mutluluq duyuram.
Fürsətdən istifadə edərək qardaş türk xalqına sülh, rifah və xoşbəxtlik arzu edirəm.
İndi isə konfransımızın işçi dili ingilis dili olduğunu nəzərə alaraq, icazənizlə çıxışıma bu dildə davam edirəm.
Türkiyə, Latviya, Makedoniya və Sloveniyanın çox hörmətli birinci xanımları!
Hörmətli cənab Əli Doğramacı!
Hörmətli konfrans iştirakçıları və qonaqlar!
Xanımlar və cənablar!
Əvvəlcə, Sizin hamınızı salamlamaq və bu konfransın təşkilatçısı və təşəbbüskarı cənab Əli Doğramacıya bu cür mühüm beynəlxalq forumda iştirak etmək üçün yaradılmış imkana görə minnətdarlığımı bildirmək istərdim.
Mən, həmçinin bu gün keçirilən foruma verdiyi dəstəyinə və tədbirdə iştirakına görə birinci xanımlara təşəkkürümü bildirmək istəyirəm. Elm, təhsil və mədəniyyət sahələrinə aid müxtəlif humanitar layihələrdəki iştirakınız və sülh, ahəngdarlıq və qarşılıqlı anlaşma naminə ölkələrinizdə apardığınız fəaliyyət bu tədbirə şübhəsiz ki, böyük töhfə olacaqdır.
Hörmətli dostlar, növbəti iki gün ərzində biz burada mədəni irs, xüsusən də musiqi haqqında söhbət açacağıq. Musiqi müxtəlif xalqların və millətlərin, eləcə də bütün dünyanın mədəni zənginliyini təşkil edir. Humanitar və əxlaqi dəyərlərdən ibarət musiqi dialoq üçün nadir və universal vasitədir. Musiqi insan hisslərini, onun vurğunluğunu özündə cəmləşdirən incə və maraqlı daşıyıcıdır. Nəhayət, musiqi gözəllik və kamilliyə doğru insanın göstərdiyi daimi səylərin mücəssəməsidir.
Bu cür müzakirənin məhz burada, bütün ömrünü xeyirxahlıq, humanizm və kamillik kimi ülvi ideyalara həsr etmiş şəxs tərəfindən yaradılmış Bilkənd Universitetində təşkil olunması böyük rəmzi xarakter daşıyır. İhsan bəy görkəmli alim, həkim, maarifçi və xeyriyyəçi olub. Onun fəaliyyəti və nailiyyətləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib. O, bir çox medal və mükafatlarla, o cümlədən Azərbaycan Respublikasının "İstiqlal" və ən ali - "Heydər Əliyev" ordenləri ilə təltif olunub.
İhsan bəy İhsan Doğramacı Ailə Sağlamlığı Fondu adlı beynəlxalq qurumu və ya beynəlxalq münasibətlərdə sülh naminə mükafat kimi təltifləri təsis edib. Uzun illər ərzində İhsan bəy bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü və rəhbəri olub. Fransa, Hindistan, Azərbaycan və digər ölkələrdə o, milli elmlər akademiyalarının fəxri üzvü olub.
Azərbaycan İhsan bəyin həyatında özünəməxsus yer tutur. O, ölkəmizin əsl dostu olub və Azərbaycana sevgi ilə yanaşırdı. Azərbaycan xalqı isə öz növbəsində, İhsan Doğramacının xeyirxah və şəfqətli işlərini dəyərləndirir, bu görkəmli şəxsiyyəti rəğbətlə yad edir.
İhsan bəy
böyük müdriklik sahibi idi. Onun geniş
dünyagörüşü var idi. O, əmin idi ki, müxtəlif dillərdə
danışan və fərqli dinlərə mənsub olan,
müxtəlif tarixi mədəni köklərə malik
insanlar fərqlərin vahid daşıyıcıları kimi
birləşməyə qadirdirlər və bir araya gəlməlidirlər.
Onlar qlobal etika və humanizm kimi konsepsiyaya əsaslanan
aləmi yarada bilərlər.
Hesab edirəm
ki, bu gün keçirilən forum eyni ideyalara xidmət edəcəkdir. Beləliklə,
bu tədbir həmin müstəsna şəxsiyyətin
başladığı böyük işlərin davamı
olacaqdır. Bu elm, təhsil və mədəniyyət
mərkəzində həmin ənənələri davam etdirən
hər bir şəxsə minnətdaram.
Hörmətli
iştirakçılar, musiqi dili öz mahiyyəti ilə
universal xarakter daşıyır. Onun tərcümə
edilməsinə ehtiyac duyulmur və hamı musiqini anlayır.
Musiqi hər kəsi emosiya və hisslərdən
ibarət aləmə səfərbər edə biləcək
bir fenomendir. Musiqi ifaçı ilə
auditoriya arasında aparılan söhbətdir. Onun sayəsində insanlar sözlərdən və
ya konkret dildən istifadə etmədən, öz hisslərini
və təsəvvürünü izhar edir. Bu vasitə insanlara daxildə formalaşan hissləri
və ideyaları çatdırmağa imkan yaradır. Musiqi ifaçı və dinləyicilərə
rahatlıq gətirir. O, xoşbəxtlik, sülh və
ahəngdarlıq gətirə bilər. Musiqi dillərin
yardımçı olmadığı məqamda fərqləri
aradan qaldırır. Musiqi, həmçinin
irsimizin nadir hissəsidir. O, xalqımızın tarixini,
dinini, mədəni adət-ənənələrini
özündə əks etdirir. Musiqi milli mənsubluğu
qoruyub saxlayan genetik koddur.
Ölkəmizin
tarixinə nəzər salsaq görərik ki, Azərbaycan zəngin
mədəni irsə malik olan qədim diyardır. Bu, ədəbiyyatımız,
xalçalarımız, incəsənətimiz, memarlıq sənəti
və musiqimizdə özünü büruzə verir. Azərbaycan 1991-ci idə öz müstəqilliyini bərpa
edib, lakin ölkəmiz uzun illər ərzində müxtəlif
imperiyaların tərkibində olub. Buna
baxmayaraq, biz öz dilimizi, musiqimizi, ənənələrimizi,
mədəniyyətimizi və özünəməxsusluğumuzu
qoruyub saxlamışıq.
Bu gün biz mədəni irs konsepsiyasının geniş məna
daşıdığı kifayət qədər mürəkkəb
dünyada yaşayırıq. Hesab edilir ki,
qloballaşma təbii qaydada mədəni oxşarlığa
aparacaqdır. Bu, o deməkdir ki, qlobal norma
və ideyalar milli mədəniyyətlərdən
üstün olacaqdır. Əminəm ki, hər
bir ölkənin mədəni irsi və adət-ənənələrini
nəzərə alaraq qlobal dünyaya qoşulmaq
mümkündür. Uzun illər ərzində
malik olduğumuz nadir mədəni irsin hər bir hissəsinin
qorunub saxlanılması ilə biz müasir dünyanın
çağırışlarına hazır olmalıyıq və
öhdəsindən gəlməliyik. Mədəni
köklərimizə sadiq qalmaq üçün hər kəs
bu və ya digər mühüm səbəblərə görə
müəyyən fərqli məqamları dinləməyi
bacarmalıdır. Dünya hər kəsi
eyni etməli deyildir. Müxtəliflik bizi
yalnız zənginləşdirə bilər. Biz bir-birimizə hörmət və
dözümlülüklə yanaşmalıyıq. Bilik anlaşmanı təmin edir.
Zənnimcə,
tamamilə aydın olmalıdır ki, bu gün dünyada
mövcud olan bir çox problemlərin həllində məhz
bu yanaşmadan istifadə etmək lazımdır.
Hörmətli
dostlar, nitqimi nikbin fikirlə başa çatdırmaq istərdim. Bildiyiniz kimi, son bir neçə
il ərzində Heydər Əliyev Fondunun
dəstəyi ilə Azərbaycanda bir sıra beynəlxalq
musiqi festivalları keçirilib. 2009-cu ildə
yeni Beynəlxalq Muğam Mərkəzimizdə ilk beynəlxalq
muğam festivalı keçirilib. Muğam
həvəskarları, ifaçıları, tədqiqatçıları
və bir çox ölkələrdən gəlmiş qonaqlar
həmin tədbirdə iştirak ediblər. Ən
görkəmli həmvətənlərimizdən birinin xatirəsini
yad etmək məqsədilə Bakıda hər il
dekabr ayında Mstislav Rostropoviç festivalı keçirilir.
2010-cu ildə ikinci beynəlxalq musiqi
festivalı ən gözəl bölgələrimizdən biri
olan Qəbələdə uğurla keçirilib. Bu festivallarda musiqi milliyyəti, cinsi, yaşı və
mənşəyindən asılı olmayaraq bütün
insanları bir araya gətirdi.
Əminəm
ki, qarşıdakı iki gün ərzində Şərqin və
Qərbin gözəl musiqisi burada nadir və xüsusi
mühit yaradacaqdır. O, qəlblərimizi oxşayacaq, əhvali-ruhiyyəmizi
qaldıracaq və hisslərimizi oyadacaqdır.
Diqqətinizə
görə minnətdaram.
* * *
Konfransa sədrlik edən Azərbaycanın
birinci xanımı sonra sözü Sloveniya Prezidentinin
xanımı Barbara Mikliç Türkə verdi.
O, mədəni dəyərləri ölkəsinin
mühüm parçası adlandırdı. Qeyd
etdi ki, mədəniyyət sloveniyalılar üçün,
sözün həqiqi mənasında, industriyadır. "Musiqi və ədəbiyyat isə bizim milli
kimliyimizi təşkil edir", - deyən Barbara Mikliç
Türk vurğuladı ki, musiqi bütün dövrlərdə
insanın inkişafında mühüm amil olmuşdur. Sloveniyada uşaqlar arasında mədəni dəyərlərin
təbliğində musiqinin aparıcı rol
oynadığını deyən Barbara Mikliç Türk
ölkəsində bununla bağlı bir çox layihələrin
həyata keçirildiyini diqqətə çatdırdı.
Toplantıya sədrlik edən
Mehriban xanım Əliyeva daha sonra sözü məşhur
dirijor, bəstəkar və skripka ifaçısı Lorin
Mazelə verdi.
L.Mazel də bu konfransın
keçirilməsinə görə təşəkkürünü
çatdırdı və tədbirin mövzusunun həyata
keçirilməsində qadınların rolunun böyük
olduğunu dedi.
Bilkənd
Universitetinin İdarə Heyətinin sədri, professor Əli
Doğramacı konfransda iştirak edən Türkiyə, Azərbaycan,
Latviya, Sloveniya və Makedoniyanın birinci xanımlarına
xatirə hədiyyələri təqdim etdi.
* * *
Daha sonra Azərbaycan,
Latviya, Sloveniya və Makedoniyanın birinci
xanımlarının şərəfinə nahar yeməyi
verildi.
* * *
Noyabrın 4-də Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva Azərbaycan xalqının və ulu öndər
Heydər Əliyevin dostu olmuş, Bilkənd Universitetinin
qurucusu və böyük alim İhsan Doğramacının məzarını
ziyarət edərək önünə gül dəstəsi
qoydu.
Mehriban Əliyeva
Xatirə kitabına ürək sözlərini yazdı.
İhsan
Doğramacının oğlu Əli Doğramacı Mehriban
xanıma Bilkənd Universitetinin ərazisində aparılan
quruculuq işləri barədə məlumat verdi.
Bildirdi ki, İhsan Doğramacının məzarı
qarşısında maraqlı memarlıq üslubunda inşa
olunmuş məscid mərhum alimin rəhbərliyi və şəxsi
nəzarəti altında tikilib. İhsan
Doğramacı bu məscidə atasının adını
vermişdir.
Mehriban
xanım Əliyeva böyük alim İhsan
Doğramacının xatirəsinin Türkiyə və Azərbaycan
xalqlarının qəlbində əbədi
yaşayacağını bildirdi.
* * *
Azərbaycanın
birinci xanımı Ankaraya səfəri çərçivəsində
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın
xanımı Əminə Ərdoğan ilə
görüşmüşdür.
Görüşdə
Mehriban Əliyevanın Türkiyəyə səfərindən
məmnunluq ifadə edildi. Bilkənd Universitetində
keçirilən konfransın ölkələrimizin mədəni
dəyərlərinin inkişafı və təbliği
baxımından vacib olduğu vurğulandı.
* * *
Noyabrın 4-də
Bilkənd Universitetində Azərbaycanın xalq artisti Alim Qasımovun
və qızı əməkdar artist Fərqanənin konserti
olmuşdur.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva ilə birlikdə konsertə
Latviya, Sloveniya və Makedoniyanın birinci xanımları da
tamaşa etmişlər.
Alim Qasımov
öz ifası ilə bir daha təsdiq etdi ki, Azərbaycan mədəniyyətinin
vizit kartı olan muğam həm də xalqımızın
malik olduğu milli mədəniyyətin koloriti, hər
birimizin mənəvi zövqü və qidasıdır. Muğam həm
də bütün azərbaycanlıların ana dilidir. İndi bütün dünyanı heyrətdə
qoyan, yaxın-uzaq elləri yaxınlaşdıran ilahi
muğamın sədası ölkəmizin
hüdudlarını aşır, Azərbaycanı dünyada
tanıdır. Bu dəfə də belə
oldu. Növbəti dəfə Türkiyə
səhnəsində öz ifaları ilə
tamaşaçıları heyrətdə qoyan muğam
ustadları muğamı yüksək səviyyədə təqdim
etməklə salona Azərbaycan ruhunu gətirdilər. Bu ifadan da göründü ki, muğam sənətinin
ölməzliyini təmin edən dərin məzmun və fəlsəfi
məna onun malik olduğu xalqın özəlliyi ilə
bağlıdır. Alim Qasımov da bu
çıxışı ilə xalqımızın malik
olduğu özəlliyi tamaşaçılara muğamın
dili ilə çatdırdı. Mükafatları
isə alqışlar oldu.
* * *
Noyabrın 4-də
axşam Çankaya köşkündə Türkiyə
Prezidentinin xanımı Hayrünnisə Gülün
adından rəsmi ziyafət təşkil olundu.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva mərasimə dəvət
olunan İhsan Doğramacının həyat yoldaşı
Ayser Doğramacı ilə görüşdü. Daha sonra
Türkiyə, Azərbaycan, Latviya, Sloveniya və
Makedoniyanın birinci xanımları birgə şam etdilər.
* * *
Noyabrın 5-də
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva ilə Türkiyə Prezidentinin
xanımı Hayrünnisə Gülün
görüşü oldu.
Görüşdə
Mehriban xanımın Türkiyəyə səfərinin
uğurla keçdiyi bildirildi. Qeyd olundu ki, Ankarada
Bilkənd Universitetinin təşkilatçılığı
ilə keçirilən "Mədəni irs və musiqi"
beynəlxalq konfransı dünyada mədəni irsin
qorunması işinə xidmət edir. Bu
sahədə Azərbaycan ilə Türkiyə arasında həyata
keçirilən layihələrin əhəmiyyətindən
də danışıldı.
* * *
Noyabrın 5-də
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
Türkiyəyə səfəri başa
çatmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 9 noyabr.- S. 4.