Dövlət Bayrağı Günü ərəfəsində Prezident Kitabxanasında "Azərbaycan:
dövlət rəmzləri və atributları" adlı elektron nəşrin rus və
ingilis dillərində versiyaları
hazırlanmışdır
Azərbaycan Respublikasının dövlət bayramları sırasına daha bir əlamətdar gün - 9 noyabr - Dövlət Bayrağı Günü daxil olmuşdur. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən rəmzlər və atributlar nəsillərdən-nəsillərə keçərək günümüzədək gəlib çatmışdır. Dövlətçilik tariximizdə və ənənələrimizdə iz buraxan atributlar və fərqləndirici əlamətlər sonradan müəyyən formada rəmzlərimizdə öz əksini tapmışdır.
Tarixi mənbələr, maddi mədəniyyət və memarlıq abidələri, incəsənət əsərləri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, üzərində ərəb hərfləri ilə yazılmış möhürləri və tuğraları olmuşdur. Belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı. XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, Şuşa, Lənkəran, Naxçıvan, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşlar.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin - bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul olunması haqqında qərar çıxarmış, onun Əsasnaməsini təsdiq etmişdir.
Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalamışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Bu il noyabr ayının 9-u ölkəmizdə ilk dəfə olaraq Dövlət Bayrağı Günü dövlət bayramı kimi qeyd olunur.
Azərbaycanın dövlət gerbinin və milli himninin hazırlanması haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin və himnin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarmışdır. Bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edilmişdi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini və gerbini qəbul etməyə imkan vermədi. Nəhayət, 1992-ci il mayın 27-də Dövlət himni və 1993-cü il yanvarın 19-da Dövlət gerbi haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə onun möhürü və bir çox medallarının eskizləri də işlənilib hazırlanmış, milli pul vahidləri dövriyyəyə buraxılmışdı.
Azərbaycan Sovet Sosialist Respublikası 1922-ci ildə SSRİ-nin tərkibinə daxil olduqdan sonra dövlət atributlarının bir qismini itirsə də, müəyyən dövrdən sonra dövlət bayrağına, dövlət gerbinə və dövlət himninə malik oldu.
1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyinə qovuşduqdan sonra dövlət rəmzləri ilə yanaşı, digər atributlar da bir-birinin ardınca bərpa edildi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasından AzərTAc-a bildirmişlər ki, qurumun əməkdaşları tərəfindən hazırlanıb ötən ilin oktyabrında istifadəçilərə təqdim edilən "Azərbaycan: dövlət rəmzləri və atributları" elektron nəşrinin rus və ingilis dillərində versiyaları hazırlanıb Dövlət Bayrağı Günü ərəfəsində istifadəçilərin ixtiyarına verilmişdir. Elektron nəşrin Azərbaycan dilində variantı isə yenidən işlənilmiş, əlavə faktlarla və sənədlərlə xeyli zənginləşdirilmişdir. Elektron nəşrdə müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) və atributlarının yaranmasının tarixçəsi sistem halında izlənilir və milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır. Üç fəsildən - "Rəmzlər", "Atributlar" və "Elektron resurslar" fəsillərindən ibarət olan elektron nəşrdə dövlət rəmzləri və atributları haqqında tarixi sənədlər, qərarlar, qanunlar, fərmanlar, sərəncamlar və müxtəlif materiallar toplanaraq xronoloji ardıcıllıqla verilir.
Elektron nəşrdə Azərbaycanın xanlıqlar dövrünün Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan bayraqları, çar Rusiyası dövründə Azərbaycanda mövcud olmuş quberniyaların və şəhərlərin gerbləri, Sovet hakimiyyəti illərində mövcud olmuş Azərbaycan SSR-in dövlət rəmzləri və atributları haqqında materiallar toplanmışdır.
Elektron nəşrin "Rəmzlər" fəslində Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni haqqında materiallar xronoloji ardıcıllıqla yerləşdirilmişdir. Hər bir bölmədə ümumi məlumatla yanaşı, rəmzin tarixi haqqında materiallar və rəsmi sənədlər də təqdim olunur.
Elektron nəşrin "Atributlar" fəslində Azərbaycanın digər dövlətçilik atributları - Azərbaycan dili, din, pul, paytaxt, orden və medallar haqqında tarixi arayışlar və sənədlər, habelə, dövlət qurumlarının emblemləri haqqında materiallar öz əksini tapmışdır.
"Konstitusiya" bölməsində istifadəçilər dövlət müstəqilliyi haqqında bəyannamələrlə (1918, 1991) yanaşı, indiyədək qəbul edilmiş Konstitusiyaların (1921, 1927, 1937, 1978, 1995) tam mətnləri ilə də tanış ola biləcəklər.
Hər bir bölmənin sonunda istifadə edilmiş ədəbiyyatın biblioqrafiyası verilmişdir.
Bazanın "Elektron resurslar" bölməsi də yenilənmişdir. Prezident Kitabxanasının fondunda saxlanılan dövlət rəmzləri və atributlarına aid kitabların və dövri mətbuat materiallarının elektron versiyası, habelə dövlət rəmzləri və atributlarına dair materialları özündə əks etdirən saytlar istifadəçilərə təqdim edilir.
Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Bayrağına, Gerbinə və Himninə hörmət ruhunda tərbiyə edilməsi onlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə xidmət edir. Elektron nəşrin rus və ingilis dillərində versiyalarının hazırlanması dövlət rəmzlərimizin təbliği imkanlarını daha da genişləndirir.
Kitabxananın
www.preslib.az saytında yerləşdirilən
və geniş oxucu
kütləsi üçün nəzərdə
tutulan elektron nəşr
müntəzəm olaraq yenilənir.
AzərTAc
Azərbaycan.- 2010.-9
noyabr.- S. 9.