Bakıda "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans işə başlamışdır

 

Noyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.

AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA Radiasiya Problemləri İnstitutunun birgə təşkil etdiyi tədbir Azərbaycanda radiasiya kimyası elminin banisi, görkəmli alim Mirkazım Məlikzadənin anadan olmasının 100 illiyinə həsr olunmuşdur. Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov tədbirin məqsəd və əhəmiyyətindən, müzakirə olunan mövzunun aktuallığından, bu sahədə Azərbaycanda görülən işlərdən danışmış, konfransın işinə uğurlar arzulamışdır.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Adil Qəribov "Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə ötən əsrin 70-ci illərində meydana çıxmış enerji çatışmazlığı problemi, bununla bağlı dünya alimlərinin yeni enerji mənbələri axtarması cəhdləri, həmin problemin bu günaktual olmasından bəhs edilmişdir.

A.Qəribov rəhbərlik etdiyi elmi qurumun yaradılmasının başlıca məqsədlərindən birinin ölkəmizdə nüvə enerjisinin alternativ enerji mənbəyi kimi dinc məqsədlərlə istifadəsinin elmielmi-texniki əsaslarının işlənilməsi olduğunu vurğulamışdır. İnstitutda bu sahədə görülmüş işlərdən, aparılan tədqiqatlardan, dünyanın qabaqcıl elm ocaqları ilə əlaqələrdən, perspektiv planlardan danışılmış, Koreya Respublikasının bu sahədə təcrübəsindən istifadə etməyin vacibliyi qeyd olunmuşdur. Problemin həlli istiqamətində dövlət səviyyəsində görülən işlərdən danışan A.Qəribov hazırda Azərbaycanda ən mütərəqqi texnologiyanın olmasından, Prezident İlham Əliyevin səyi nəticəsində ölkəmizə yeni qurğuların gətirilməsindən söhbət açmışdır.

Professor İslam Mustafayevin "Mirkazım Mirmehdi oğlu Məlikzadə və Azərbaycanda radiasiya kimyasının inkişafı" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə M.Məlikzadənin həyat və fəaliyyətindən, ölkəmizdə radiasiya kimyası elminin yaranması və inkişafında əvəzsiz xidmətlərindən danışılmışdır.

Konfransda Koreya Respublikasının Radiasiya Texnologiyası İnstitutunun direktoru Sunq-Ki Jo "Koreyada radiasiyanın tətbiqi texnologiyasının statusu və perspektivləri" mövzusunda məruzə ilə çıxış etmişdir.

Sonra Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, "British Council" təşkilatının AMEA Radiasiya Problemləri İnstitutu ilə əməkdaşlığı çərçivəsində "Axmaqlıq dövrü" sənədli filmi nümayiş etdirilmişdir. Britaniyalı rejissor F.Armstronqun lentə aldığı ekran əsəri iqlim dəyişikliyi mövzusuna həsr olunmuşdur.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirmişdir.

Rusiya, İran, Özbəkistan, Pakistan, Koreya Respublikasının və digər ölkələrin alimlərinin iştirak etdiyi tədbir noyabrın 10-da başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 9 noyabr.- S. 9.