Prezident İlham Əliyev Yevlaxda məcburi köçkün ailələri üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılışında iştirak etmişdir

 

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirak etmişlər.

Prezident İlham Əliyev və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış oldular.

Kəlbəcərdən olan məcburi köçkün Qəzənfər Musayev ailəsi ilə birlikdə dövlət başçısını və xanımını qarşıladı.

Prezident İlham Əliyev və xanımı Musayevlərin yeni mənzilində qonaq oldular.

Çay süfrəsi arxasında söhbət zamanı Prezident İlham ƏLİYEV dedi: - Bu gün Azərbaycan uğurla inkişaf edir, imkanımız var, belə gözəl evlər yaradırıq. Biz on minlərlə vətəndaşımızı yeni evlərlə, mənzillərlə təmin etdik. Ümumiyyətlə, 90 minə yaxın köçkünü biz belə gözəl evlərə, mənzillərə yerləşdirdik. Fərdi evlər, mənzillər tikilir, hər yerdə quruculuq, abadlıq işləri aparılır. Ancaq necə deyərlər, bu, müvəqqəti ünvandır. Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə bundan da gözəl evlər tikəcəyik.

Qəzənfər Musayev məcburi köçkünlər üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

 

* * *

 

 Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na əsasən yaradılmış kompleksin tikintisinə 2010-cu ilin aprelində başlanmışdır. Binaların yerləşdiyi ümumi ərazi 10 hektardır. Beşmərtəbəli 10 binada bir, iki, üç və dördotaqlı 612 mənzil vardır. Bu mənzillərdə şəraiti dözülməz olan ictimai obyektlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdiriləcəkdir. Mənzillərdə yüksək şərait yaradılmışdır. Ərazidə klub-icma mərkəzi, inzibati bina inşa edilmişdir.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə yaradılan məhəllədə geniş abadlıq və yaşıllaşdırma işləri görülmüşdür. Burada 50 yerlik uşaq bağçası, 440 yerlik məktəb binaları, qazanxana, nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə telefon, suqaz xətləri çəkilmişdir. Məhəllədə dörd subartezian quyusu qazılmış, iki su anbarı tikilmiş, ümumi uzunluğu 2 kilometrdən çox olan asfalt-beton yol salınmışdır.

Prezident İlham Əliyev və xanımı Kəlbəcər rayon mədəniyyət evi özfəaliyyət kollektivlərinin çıxışını izlədilər, onlarla xatirə şəkli çəkdirdilər.

Dövlət başçısı qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşdü, onları təbrik etdi.

Məhəllədəki 30 nömrəli tam orta məktəbin müəllimi Sülhanə Cəlilova məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq etdi.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 30 nömrəli tam orta məktəbin açılışında iştirak etdilər.

Dövlət başçısı məktəbin açılışını bildirən lenti kəsdi, təhsil ocağında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa edilmişdir. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğılarını, məcburi köçkünlərlə görüşlərini əks etdirən fotostendlər, həmçinin Kəlbəcər rayonunun işğaldan əvvəl və sonrakı vəziyyətini əks etdirən faktların və fotoların, milli qəhrəmanlar haqqında məlumatların toplandığı lövhə yaradılmışdır. Məktəbdə 35 sinif otağından əlavə, fizika-astronomiya laboratoriyası, metal emalı və dülgərlik emalatxanası, tarix, ana dili və ədəbiyyat, riyaziyyat, coğrafiya, kimya-biologiya, ibtidai hərbi hazırlıq, informatika, riyaziyyat, xarici dillər, dərzilik və rəsm kabinələri yaradılmışdır. Təhsil ocağında müxtəlif tədbirlərin keçirilməsi üçün 146 yerlik akt zalı da vardır.

Şagirdlərin bədən tərbiyəsi və idmanla məşğul olmaları üçün məktəbdə hər cür şərait yaradılmışdır. Məktəbin ərazisində futbol, voleybolbasketbol meydançaları da tikilmişdir.

Prezident İlham Əliyev idman zalında məktəblilərin nümunəvi çıxışlarını izlədi.

Məktəblilər dövlət başçısı ilə xatirə şəkli çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 noyabr.- S. 3.