Azərbaycan İraqın potensialının reallaşdırılmasında ona dəstək olmağa hazırdır

 

Noyabrın 10-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirən Baş nazir Artur Rasizadə İraqın yüksək potensiala malik olduğunu və Azərbaycanın bu potensialın reallaşdırılmasında İraqa hər zaman dəstək verməyə hazır olduğunu bildirmişdir.

A.Rasizadə Azərbaycan və İraq arasında əməkdaşlıq haqqında imzalanan sənədi gələcəkdəki birgə uğurlarımızın təməli adlandırmışdır. İqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən Baş nazir Artur Rasizadə bu imkanlardan səmərəli istifadə etməyin zəruriliyini vurğulamışdır.

İraq Respublikasının ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safi xoş sözlər üçün A.Rasizadəyə minnətdarlığını bildirmiş, İraqın Baş naziri Nuri Əl-Malikinin salamlarını yetirmişdir. İraqın ticarət naziri Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir. Qonaq Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 11 noyabr.- S. 3.