Dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi

 

Göylərin sonsuzluğuna ucalan dünyanın ən hündür bayrağı Bakıda Dövlət Bayrağı Meydanında dalğalanan Azərbaycanın 92 yaşlı üçrəngli bayrağıdır. Səkkizbucaq ulduzlu hilalımız iyirmi ilə yaxındır ki, ən mötəbər beynəlxalq qurumların qarşısında bütün millətlərin bayraqları ilə bir sıradadır. Bu gün bayrağımızın yaradılmasının və ilk dəfə vətənimizin səmalarında dalğalanmasının 92-ci payızıdır. Millətimiz 92 il öncə başı üzərinə qaldırdığı üçrəngli bayrağının bir daha enməməsi üçün savaşdı, bu hilal uğrunda yüz minlərlə şəhid verdi, analar qucaqlarında körpələri ilə birgə doğrandı, yandırıldı. Millət olmaq üçün millətimizin övladları yaşamaq hüququndan keçdi.

Bu savaş 1918-ci ildən başlayıb 1990-cı ilin "20 Yanvar"ınadək yol gəldi. İndi Qarabağda torpağı sıxsan bulaq kimi şəhid qanı qaynayar. Hər bir Azərbaycan övladının arzusudur ki, ay-ulduzlu bayrağımızı qələbə müjdəsi kimi Qarabağda, Şuşada qaldırmaq ona nəsib olsun...

Tarixə müraciət edək. Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də Milli Şura Gəncədə fəaliyyət göstərərkən verilmişdi. Qərara əsasən bayraq yalnız al qırmızı materialdan, üzərində aypara və qırmızı fonda rəngdə səkkizguşəli ulduz təsviri verilmişdi. 1918-ci il sentyabrın 15-də general-leytenant Nuru paşanın komandanlığı altında Qafqaz İsam Ordusu və Azərbaycan Milli Ordusu Bakını xarici işğalçılardan azad etdikdən sonra hökumət Gəncədən Bakıya köçdübir neçə mühüm qərarlar verdi. Onlardan biri də 1918-ci il noyabrın 9-da qəbul edilmiş Dövlət Bayrağı haqqında yeni qərardır. Həmin tarixi qərarda deyilir: "Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir". Arxasınca da bayrağın hazırlanmasının texniki tərəfləri dəqiqliyi ilə açıqlanır: "Eniuzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir. Üst zolaq göy rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq isə yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır..."

Bayrağımızın üçrəngli olması ideyasının müəllifi görkəmli Azərbaycan ziyalısı, türkçülük ideyasının müəllifi Əli bəy Hüseynzadədir. Ay-ulduzlu və üçrəngli bayraq onun düşüncələrini ehtiva edirdi. Mavi rəng türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng isə dinimizə bağlılığı ifadə edir. Türk milli şüurunun təkamülü və onun orta əsrlərin ümmət fəlsəfəsindən milliyyət müstəvisinə çevrilməsi də Əli bəy Hüseynzadənin həmin üç düsturu ilə bağlıdır. Və o düstur bu gün milli ideologiyamızın əsas prinsipləri kimi bayrağımızın rəngində öz əksini tapır. Yeri gəlmişkən, Əli bəy Hüseynzadənin siyasimilli-ideoloji xəttini ifadə edən mülahizələri sonrakı mərhələdə milli özünütəsdiqin və Azərbaycan istiqlal savaşının işıqlı yollarını nişan verdi. Bu gün o yolla Türkiyə və Azərbaycan qardaş kimi əl-ələ, çiyin-çiyinə bərabər addımlayırlar. Ə.Hüseynzadə yazırdı: "Avropalaşmalı, firəngləşməli deyirsiniz. Lakin ey qare, (ey oxucu) müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maariflərinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, elmləri girsin".

Bayrağın üzərindəki rəngli ay nişanı türkçülüyün, səkkizguşəli ulduz isə "Azərbaycan" sözünün əski əlifbada səkkiz hərflə yazılışının göstəricisidir. Bəzi mənbələrə görə isə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət prinsipləri müəyyənləşərkən səkkiz atributa əsaslanıb. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdi. Səkkizguşəli ulduzun hər bucağı bu prinsiplərin biri rəmzindədir. Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin birinci toplantısının açılışında dalğalanıb. 1919-cu ildə keçirilən Paris Sülh Konfransında bayrağımız Fransada dalğalanıb.

Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlı, zəmanəsinin böyük şairləri Məhəmməd Hadi, Əhməd Cavad və başqaları şeirlərində üçrəngli bayrağı böyük sevgiylə öymüş, onu ulduzlardan da yüksəklərdə dayanan hilala bənzətmişlər. C.Cabbarlının 29 iyul 1919-cu ildə "Azərbaycan" qəzetində dərc etdirdiyi "Azərbaycan Bayrağına" şeirində oxuyuruq:

 

Buraxınız, seyr edəyim,

düşünəyim, oxşayayım,

Şu sevimli: üç boyalı, üç mənalı

bayrağı!

Mələklərin qanadımı üzərimə

kölgə salan?

imiş bu? Aman Allah! Od

yurdunun yaprağı.

 

Hürriyyət istiqlal şairi Əhməd Cavad "Sana Bayrağım!" şeirində Azərbaycan parlamenti binasının üzərində dalğalanan ay-ulduzlu bayrağı fəxarətlə vəsf etmişdir.

Üçrəngli bayrağımız 1920-ci ilin aprel işğalınadək dövlətimizin başı üzərində dalğalanmış, lakin müstəqilliyin süqutundan sonra yasaq edilərək yığışdırılmışdır. 70 il sonra-1990-cı ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə üçrəngli ay-ulduzlu bayrağımız Naxçıvanda dövlət bayrağı kimi qəbul edildi.

1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Həmin gün ay-ulduzlu üçrəngli bayrağımız 70 il məhkum edildiyi qaranlıqlardan qurtularaq yenidən işığa çıxdı və Dövlət Bayrağı statusunda xalqımızın başı üzərində yenidən dalğalandı.

Bakıda Bayraq Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında qoyulub.

Möhtəşəm bayrağımızın göylərə ucaldılması 2010-cu il sentyabrın

1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə həyata keçirildi.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2010.- 11 noyabr.- S. 4.