Fəth edilən zirvələr

 

Mərakeş krallığında Azərbaycan mədəniyyət günləri

 

Azərbaycan ilə Mərakeş Krallığı arasında diplomatik münasibətlərin qurulması ötən əsrin sonlarına təsadüf edir. Bir sıra Afrika ölkələri kimi Mərakeş də son illər yüksək inkişaf mərhələsinə qədəm qoyan dövlətlərdən biridir. İftixar doğuracaq faktdır ki, hər iki ölkə rəhbərlərinin mükəmməl siyasəti sayəsində Mərakeş və Azərbaycan arasında münasibətlər bütün sahələrdə inkişaf etməkdədir. Hər iki ölkədə qarşılıqlı olaraq səfirliklərin açılması əlaqələrin yüksək səviyyədə inkişaf etməsinə daha da imkan yaratdı. 2006-cı ilin sentyabrında ilk dəfə olaraq Mərakeşdə Azərbaycan səfirliyi, 2008-ci ilin noyabrında isə Bakıda Mərakeş səfirliyi fəaliyyətə başlayıb.

Şimali-Qərbi Afrikada yerləşən Mərakeş Aralıq dənizi, Atlantik okeanı ilə əhatələnir, Əlcəzair və Qərbi Böyük Səhra ilə həmsərhəddir. Otuz üç əyalətə və iki prefekturaya (Rabat və Kasablanka) bölünür. Dağlıq ölkədir, əhalisinin 99 faizi mərakeşlilərdir, lakin burada fransız, ispan və digər xalqların nümayəndələri də yaşayırlar.

Əsrlər boyu Mərakeş ərazisində ardıcıl olaraq müxtəlif olaylar, çəkişmələr, basqılar həyata keçirilib. Başıbəlalı olan bu ölkə XIX əsrin ortalarından Avropa dövlətlərinin silahlı müdaxiləsinə tuş gəlib. Fransa, İspaniya, Almaniya, İngiltərə müxtəlif vaxtlarda Mərakeşə hərbi müdaxilələr ediblər. İkinci Dünya müharibəsindən sonra yaranan şəraitdə genişlənən milli azadlıq mübarizəsi Mərakeşin də bəxtinə gün doğurub. Belə ki, 1956-cı ildə istiqlaliyyətini bərpa edən Mərakeş bu gün Afrikanın inkişaf etməkdə olan ölkələrinin sırasında inamla addımlamaqdadır. Dövlət dili ərəb və fransız dilləri olan Mərakeş Krallığının Azərbaycanla oxşar cəhətləri çoxdur. Ortaq mədəniyyət, ədəbiyyat, hətta təbiət etibarilə də bənzərlik var. Əlbəttə, mərakeşlilər özləri də etiraf edirlər ki, Azərbaycan mədəniyyəti daha çox zəngindir. Onlar Azərbaycanı Şərqlə Qərb arasında qurulmuş möhtəşəm körpüyə bənzədirlər,

Azərbaycanla Mərakeş arasında yüksək səviyyədə yaranan əməkdaşlığın bir qolu da mədəniyyətlə bağlıdır. 2008-ci ilin martında Mərakeş Krallığının paytaxtında Azərbaycan mədəniyyət günləri keçirilmişdir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılığı ilə çoxsaylı nümayəndə heyətinin iştirakı ilə İSESKO-nun qərargahının yerləşdiyi bu məşhur şəhərdə keçirilən mədəniyyət günləri çərçivəsində Mərakeş və Azərbaycan Dostluq Cəmiyyəti də yaradıldı. 2008-ci ilin sonlarında Avropa Şurasına üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Bakıda keçirilən konfransında iştirak edən Mərakeş Krallığının mədəniyyət naziri Sürəyya Cabranın rəhbərlik etdiyi nümayəndə heyətinin paytaxtımızda olması mədəni əməkdaşlığın ardıcıllığındə yeni mərhələ yaratdı. Ötən il Bakıda Mərakeş Krallığının mədəniyyət günləri keçirildi. Hər iki ölkə sənətkarlarının və mədəniyyət xadimlərinin bir-birinə rəğbət göstərməsi, yaxınlaşması, marağı bu ilin payızında Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsini şərtləndirdi.

Mərakeş bərbərcə (ərəb tayfalarındandır - F.X.) "Tanrı ölkəsi" mənasını bildirir. Türkdilli dövlətlər bu ölkəni Mərakeş kimi qəbul etsələr də, Özləri Əl-Məğrib adlandırırlar. Fransızlar Marok, bütün Avropa isə Marokka kimi tanıyır. Əslində bu krallıqda ayrıca Mərakeş adlı şəhər də var. Qədim abidələrlə seçilən Mərakeş təbii sərvətləri ilə də zəngindir. Xüsusilə də kənd təsərrüfatı bu ölkədə yüksək dərəcədə inkişaf edib. Torpağı münbit, təbiəti gözəl, dağlıq ölkədir. Bizim Bakı küçələrindəki tut ağaclarını Mərakeşin şəhərlərində palmalarla bərabər naringi ağacları əvəz edir. Bu ağaclar o qədər çox və bol məhsulludur ki, yerə səpələnmiş naringilər əcnəbilərə heyrət gətirir.

Mərakeş Mədəniyyət Nazirliyində keçirilən rəsmi görüşdə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və bu ölkədəki fövqəladə və səlahiyyətli səfirimiz Sabir Ağabəyov iştirak edirdilər. Nazir müavini Ədalət Vəliyev son illərdə hər iki ölkə arasında yaranan münasibətlərə toxunaraq inamla bildirdi ki, uzun illər siyasətçilərin döymək istədiyi qapıları mədəniyyət bir anda açmaq qüdrətinə malikdir. Bu mənada hər iki ölkədə keçirilən mədəniyyət günlərinin xoş təəssüratı uzun müddət yaddaşlardan silinmir. Böyük bir nümayəndə heyəti ilə Mərakeş Krallığına gəldiklərindən məmnun olduğunu söyləyən Ədalət Vəliyev əmin oldu ki, bu görüş də mədəniyyət tariximizin pozulmaz səhifələrindən birinə çevriləcək. Mərakeş mədəniyyət nazirinin müavini Əhməd Quita cavab nitqində söylədi ki, Azərbaycan mədəniyyətinin zənginliyi mərakeşliləri həmişə məftun edib. Xüsusilə də qədim xalq musiqiləri və muğamları, rəqslər, eləcə də tətbiqi sənət nümunələri mərakeşlilərin diqqət mərkəzindədir. Ev sahibi onu da söylədi ki, zəngin mədəniyyətə malik olmaq xalqın daxili zənginliyindən, böyüklüyündən xəbər verir. Azərbaycanla dostluq əlaqələrinin yaranıb inkişaf etməsi mərakeşlilərin ürəyincədir. Sonda Ədalət Vəliyev təmsil etdiyi nazirliyin adından Mərakeş Krallığının Mədəniyyət Nazirliyinə yadigar olaraq Azərbaycan xalçaçılarının sənət dünyasından xəbər verən milli ornamentli xalçanı Əhməd Quitaya təqdim etdi.

Mərakeş Krallığında keçirilən Azərbaycan mədəniyyəti günlərinin ilk səhifəsi fotoqraflarımızın ölkəmizlə bağlı çəkdikləri şəkillərin sərgisi ilə açıldı. Rabatlılar bu şəkillərdə Azərbaycanın müxtəlif mənzərələrini görərək heyrət və məhəbbətlə bildirdilər: "Ölkəniz nə qədər gözəldir",

Azərbaycan mədəniyyət günlərinin təntənəli açılışı paytaxt Rabatın V Məhəmməd Teatrında baş tutdu. Öncə hər iki ölkənin nazir müavinləri çıxış edərək tədbir iştirakçılarına və tamaşaçılara uğurlar arzuladılar. Azərbaycan mədəniyyət günlərinin konsert proqramı himnimizin möhtəşəm sədaları ilə başladı. Üzeyir Hacıbəylinin "Koroğlu" operasından təqdim edilən "Cəngi" rəqsi elə ilk dəqiqədəcə mərakeşlilərin sürəkli alqışlarına səbəb oldu. Ağaverdi Paşayevin bədii rəhbər və baş dirijoru olduğu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə gənc muğam ifaçıları Güllü Muradova, Qoçaq Əsgərov, vokalçılardan İnarə Babayeva, Ramil Qasımov məharətli çıxışları ilə tamaşaçıları heyran etdilər. İstedadlı pianoçu Yeganə Axundovanın fortepianoda ifa etdiyi böyük bəstəkarımız Fikrət Əmirovun "Ərəb mövzularına" konsertin üçüncü hissəsi tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Onlar Azərbaycan sənətkarlarının ərəb musiqisinə müraciət etmələrinə həm təəccüblənir, həm də sevinirdilər, Xüsusilə də skripkaçı Səlim Abbasovun məharət və coşqunluqla ifa etdiyi ərəb musiqisi tamaşaçıları heyrətdə saxladı. "Klon" filmindən çaldığı fraqmentlər həm də qeyri-adi bir hadisənin baş verməsini şərtləndirdi. Həmin filmə musiqi bəstələmiş Əziz Hüsni səhnəyə çıxaraq azərbaycanlı skripkaçıya son dərəcə dolğun və bitkin ifasına görə baş əyərək öz təşəkkürünü bildirdi. Eləcə də Xalq Çalğı Alətləri Orkestrinin Fikrət Əmirovun "Min bir gecə" baletindən çatdırdığı musiqi töhfəsi də uzun sürən alqışlarla qarşılandı. Konsert rəqs qrupunun ifa etdiyi "Yallı" və bütün iştirakçıların birlikdə oxuduqları "Azərbaycan" mahnısı ilə başa çatdı. Bütün tamaşaçılar ayağa qalxaraq Azərbaycan incəsənət ustalarına öz dərin məhəbbətlərini səsi kəsilmək bilməyən alqışlarla yetirdilər.

Rabat şəhəri qədim və tarixi abidələrlə zəngindir. Təzadlı təsir bağışlayan paytaxtda klassika ilə müasirliyin bariz nümunəsi tez-tez müşahidə edilir. Yaşı əsrlərlə ölçülən evlər, yenicə tikilmiş çoxmərtəbəli binalar, köhnə və müasir geyimli insanlar... Daim bir-birini izləməkdə olan fərqli görüntülər əslində ərəb ölkələrinin əksəriyyətinə mənsubdur. Hansısa bir abidənin, gözəl mənzərənin şəklini çəkmək, eləcə də videolentə köçürmək istəsən gərək icazən ola, yoxsa uzun müddət yerli polislə "deyişməli" olacaqsan. Yaxud da əksinə, çəkdiyin lentə bir sakinin təsadüfən şəkli düşə, mütləq səndən bunun əvəzinə pul istəyəcək. Vay o gündən ki dilini başa düşmədiyin yerli sakinin nə demək istədiyini anlamayasan, arxanca düz otelə kimi gələcək. Rabatda Bakıdakı içərişəhəri xatırladacaq Qala divarlarını görüncə, xəyalımızda bütün dünyanı bürümüş türk memarlığının inciləri sıralandı. İçərişəhərin Qala divarları ilə eynilik təşkil edən bu məkanda bir doğmalıq duyulurdu. Xüsusilə də Şella adlanan qədim məkanda bir çox tarixi abidələrin, sarayların, mülklərin qalıqları bizə bu yerlərdən keçmiş sərkərdələr və döyüşçülər haqqında mətləblər pıçıldayırdı. Vaxtilə bu ünvanda yerli mərakeşlilər yaşayıblar. Tarixin hansı olayındasa talan edilmiş bu qədim ərazidə indi Nəbatat bağı yerləşir. Saatlarla gəzib başa çatdırmaq olmur.

Sonrakı günlərdə Azərbaycan mədəniyyət günləri Mərakeş Krallığının Mekses, Fes və Kasablanka şəhərlərində keçirildi. Bu konsertlərdə də Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Vasif Adıgözəlov, Tofiq Quliyev, Rauf Hacıyev və başqa bəstəkarların əsərləri səsləndirildi. Rəqs qrupunun təqdim etdiyi "Uzundərə", "Qavalla rəqs", "Qaytağı rəqsi", "Nəlbəki", "Gənclik rəqsi" və başqa rəqslər maraqla qarşılanırdı. Sahib Paşazadənin tarda və Çinarə Mütəllibovanın kanonda ifa etdikləri "Çahargah rapsodiyası" (bəstəkar Həsən Rzayev) tamaşaçılar arasında coşqu yaratdı.

Kasablanka dünyanın çox məşhur şəhərlərindən biridir. İspanca mənası "Ağ ev" deməkdir. Mərakeşin çox gözəl və cazibədar şəhərlərindən sayılan Kasablanka əslində bütün avropalıların can atdığı bir məkandır. Atlantik okeanının sahilində yerləşən bu şəhər əslində iki hissədən ibarətdir: kohnə və təzə Kasablanka. Mərakeş Mədəniyyət Nazirliyinin nümayəndəsi Əbdürrəhman Hənin söyləyir ki, fransız məmurları təqaüdə çıxarkən mütləq gəlib burada özlərinə villa alaraq ömürlərinin sonuna kimi Kasablankada yaşamağa daha çox üstünlük verirlər, Atlantik okeanının sahilində dünyanın ən hündür minarəli məscidi yerləşir. Məkkə və Mədinədəki məbədlərdən sonra bu məscid də müsəlmanların daha çox ibadətə can atdığı müqəddəs ünvandır.

Xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyət günlərinin həmişə olduğu kimi bu dəfə də öz zirvələri var idi. Fərəhli haldır ki, azərbaycanlı gənc skripkaçı Səlim Abbasovun ifa etdiyi melodiyalar iştirakçıları elə sehrləyirdi ki, onlar elə salondaca rəqs edirdilər. Xüsusilə gənc ifaçılar - İnarə Babayeva ilə Ramil Qasımovun Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından və musiqili komediyasından çatdırdıqları mahnı və duetlər mərakeşlilər tərəfindən çox bəyənildi. Muğam ifaçıları - Güllü Muradova ilə Qoçaq Əsgərovun oxuduqları mahnılar tamamlanmamış alqışlarla qarşılanırdı.

Tamaşaçılar arasında bu ölkədə fəaliyyət gostərən diplomatik korpusun nümayəndələri də var idi. Doğrudur, Mərakeşdə yaşayan azərbaycanlılar çox azdır. Amma buna baxmayaraq hələ 20 il öncə ərəb ölkəsində yaşamaq seçimində qalmış (yəni ailə quraraq gələnlər - F.X.) həmyerlilərimiz bu görüşə böyük sevgi və xiffətlə gəlmişdilər. Onlar gözlərinə inanmadıqlarını deyirdilər. Uzaq Mərakeşdə Azərbaycan musiqisinin belə uğurla səslənməsi və məhəbbətlə qarşılanması həmyerlilərimizi çox sevindirirdi. Dərin həsrətlə, məhəbbətlə, fəxrlə və qürurla öz dostlarının, tanışlarının söhbətlərinə qoşularaq bildirirdilər: "Görürsünüz, Azərbaycan musiqisi necə gözəldir? Heç harada bənzəri yoxdur".

Mədəniyyət günlərinin sonunda hər iki ölkə sənətkarları birlikdə öz ifaçılıq qabiliyyətlərini də göstərdilər. Yenə də Azərbaycan musiqisi şahlıq taxtında idi...

Mərakeş Krallığında keçirilən Azərbaycan mədəniyyət günlərinin uğurları haqqında bu ölkənin televiziya kanallarında maraqlı reportajlar, mətbuat orqanlarında isə müntəzəm olaraq ətraflı yazılar verildi.

 

 

Flora Xəlilzadə

                                                            

Azərbaycan.- 2010.- 11 noyabr.- S. 7.