Prezident İlham Əliyevin Yevlax,
Füzuli və Ağdam rayonlarına səfəri
Yevlaxda məcburi
köçkün ailələri üçün inşa
edilmiş yaşayış binaları kompleksinin
açılışı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-11-də Yevlax, Füzuli və Ağdam rayonlarında səfərdə olmuşdur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 10-da Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində iştirak etmişlər.
Prezident İlham Əliyev və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış oldular.
Kəlbəcərdən olan məcburi köçkün Qəzənfər Musayev ailəsi ilə birlikdə dövlətimizin başçısını və xanımını qarşıladı.
Qəzənfər MUSAYEV: Məcburi köçkünlər üçün saldığınız bu yeni şəhərciyə xoş gəlmisiniz.
Prezident İlham ƏLİYEV: Sağ olun. Sizi təbrik
edirəm.
Qəzənfər MUSAYEV: Sizi mənə bəxşiş
etdiyiniz mənzilə qonaq dəvət edirəm. Allah Sizə cansağlığı versin.
Prezident İlham ƏLİYEV: Belə gözəl,
yaraşıqlı, müasir evlər tikilib.
Qəzənfər MUSAYEV: Biz məcburi köçkünlər
üçün şəhər salmısınız. Eyni zamanda, bu şəhər Yevlaxa yaraşır,
Yevlax da bu şəhərə.
Prezident İlham ƏLİYEV: Bütün ölkəmiz
abadlaşır, gözəlləşir, o cümlədən
məcburi köçkünlərin vəziyyətinin
yaxşılaşdırılması üçün də
bütün işlər görülür. Məcburi
köçkünlər üçün bax, belə
çoxmərtəbəli evlər rayonlarda ilk dəfədir
ki, tikilir.
Qəzənfər MUSAYEV: Azərbaycanın ucqar rayonlarında
yaraşıqlı məktəb binaları tikdirmisiniz. Haraya gediriksə, Sizin adınız çəkilir
ki, bu məktəbi Mehriban xanım tikdirib.
* * *
Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva Qəzənfər
Musayevin yeni mənzilində qonaq oldular.
Qəzənfər MUSAYEV: Bu şəkil 1998-ci ildə çəkilib.
Siz də rəhmətlik ulu öndər Heydər
Əliyevlə birlikdə o tədbirdə olmusunuz. Mən onda çıxış elədim. Siz həmin bu döş nişanını mənə
verdiniz. Sonra ulu öndər baxdı və
soruşdu ki, o nə şəkillərdi maşınların
üstündə, xeyir işdi? Dedim, hörmətli Heydər
Əliyev, bu gün oğlumun xeyir işidir.
Çıxarıb bir gül verdi. Bu gül həmin güldür. Mən
bu gülü yadigar saxlayıram. Sizin
atanızın, ulu öndərin öz əli ilə verdiyi həmin
güldür. O gülü bu gün də biz ürəyimizin
başında saxlayırıq. Qismətə
bax, o vaxtı dəmir evdə olurduq, imkan yox idi. Rəhmətlik çalışırdı ki,
qaçqınları birtəhər yerləşdirsin. İndi isə Siz mənə bu gözəllikdə
evi bəxş etdiniz. Allah həmişə
üstünüzdə yar olsun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Bu, göstərir
ki, Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti
davam etdirilir. Azərbaycan onun qoyduğu
yolla gedir. Bütün sahələrdə,
o cümlədən məcburi köçkünlərin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması üçün onun tərəfindən
müəyyənləşdirilmiş siyasət bu gün də
davam etdirilir. Dövlət Neft Fondunun
birinci ödəmələri məhz bu məqsədlər
üçün sərf olunmuşdur. O vaxt maddi
imkanlarımız o qədər geniş deyildi. Nəyə
imkanımız çatırdı, onu da edirdik. Ancaq bu gün Azərbaycan uğurla qabağa gedir,
inkişaf edir, imkanımız vardır. Belə
gözəl evləri biz yaradırıq. On
minlərlə vətəndaşımızı biz yeni evlərlə,
mənzillərlə təmin etdik. Ümumiyyətlə,
biz 90 minə yaxın köçkünü belə gözəl
evlərə, mənzillərə yerləşdirdik. Hər yerdə fərdi evlər, mənzillər
tikilir, quruculuq-abadlıq işləri aparılır. Ancaq bu, necə deyərlər, müvəqqəti
bir ünvandır. Torpaqlarımız
işğaldan azad olunandan sonra həmin torpaqlarda bundan da
gözəl evlər tikəcəyik.
Qəzənfər MUSAYEV: İnşallah. Hörmətli
Prezidentimiz, mən 1969-cu ildə sovet sədri işləyirdim.
Həmin il ulu öndərimiz Heydər Əliyev
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçildi. Yadımdadır, o
vaxtdan Azərbaycanın inkişafı başladı.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
keçmiş ittifaq respublikaları arasında keçici
qırmızı bayrağı on bir il
dalbadal əldən vermədi. Bu, heç vaxt
yadımdan çıxmaz.
Amma bir dərd
ürəyimə xal salıb. Ulu öndərimiz o
ağır günlərdə qaçqınların və məcburi
köçkünlərin problemlərinin həllinə
çalışırdı. O, dünyanın diqqətini
Azərbaycanda neft məsələsinə cəlb elədi. Yadımdadır, ulu öndərin nefti əlinə,
üzünə çəkdiyi məqam. Bu,
xoş gələcəyə işarə idi. İndi bu binaların hamısı neftdən gələn
pullarla tikilir. Bu binaların hamısı
ulu öndərimizin gərgin zəhmətinin bəhrəsidir.
Prezident İlham ƏLİYEV: Əlbəttə, bütün bu
işlər onun hesabınadır. Bu, iqtisadi inkişafa təkan
verdi.
Qəzənfər MUSAYEV: Mən bir də ona görə
özümü xoşbəxt hesab edirəm ki, 1965-ci ildə
rəhmətlik Həsən Əliyev Qulu Xəlilov ilə
qonağım olmuşdu. Kəlbəcərdən
zəng vurdular ki, Qəzənfər, Həsən Əliyev gəlir,
onu meşədə Nazran bulağının üstünə
gətirəcəyik. Amma katiblə gəlmir,
tək gələcək, meşələrin gözəlliyini
tək seyr etmək onun xoşuna gəlir. Bizim
zona da cənnətin bir guşəsi idi. Gəldi,
axşama qədər qonağım oldu.
Mən xoşbəxt
adamam. Xoşbəxtəm ki, məni 1973-cü ildə Heydər
Əliyevin rəhbərliyi ilə keçirilən
müşavirəyə dəvət etdilər. Müşavirəyə sovet sədrlərini
çağırmışdılar. Məsələ
belə idi ki, mərkəz sovet sədrlərinin funksiyasını
vermişdi kolxoz sədrlərinə. Ulu öndər
çıxış etdi, dedi ki, siz hökumətsiniz. Gedin hökumətliyinizi edin, amma təsərrüfata
da kömək edin, təsərrüfat irəli getsin. O
kişinin sözləri indi də qulağımdadır. Allah
ona qəni-qəni rəhmət eləsin, Sizə cansağlığı
versin.
Mehriban
xanım, Siz də Azərbaycan xalqı, Azərbaycanın
balaları üçün çox işlər
görmüsünüz. Allah balalarınızı
gözünüzə çıraq etsin. Allah
Sizi qorusun.
Bir məsələni
də deyəcəyəm. Sizin bu işinizdən
də qürur duyduq. O görüşü deyirəm -
Rusiya Prezidenti idi, Siz idiniz, adını çəkmirəm,
bir də o namərd idi. Orada Siz məsləhətləşdiniz,
razılığa gəldiniz, şəhid
balalarımızın cəsədini qaytardınız.
Siz onların
vida mərasimində nitq söylədiniz. Siz şəhidlərə
böyük qiymət verdiniz, Allah Sizin qiymətinizi
versin. O bir Allah Sizin köməyiniz olsun. Xahiş
edirəm, bir stəkan çay için. Mənim
ürəyimdə çox söz vardır. Mənim bircə arzum var, Allah eləsin, Kəlbəcər
alınsın, mən gedim Kəlbəcərə, bu evdə nə
vermisiniz, açarı ilə birlikdə bu rayonda kasıb
adama təhvil verim.
Prezident İlham ƏLİYEV: O gün də gələcək. Biz torpaqlarımızı alacağıq. Bizim indi bütün imkanlarımız vardır.
Siz hərbçilərimizin dəfn mərasimini
qeyd etdiniz, çox qürurlu bir gün idi, kədərli bir
gün idi. Ermənilər 5 ay idi ki, qəhrəman
övladımızın meyitini qaytarmaq istəmirdilər.
Mən orada dedim, bir də demək istəyirəm,
heç bir dində, heç bir ölkədə, millətdə
belə qəddarlıq, belə vəhşilik
olmamışdır. Yəni bu, vəhşiliyin
son həddidir. Ancaq mən inanırdım
ki, biz onları qaytaracağıq və qaytardıq, qəhrəman
kimi torpağa tapşırdıq. Onları
böyük ehtiramla son mənzilə yola saldıq. Onlar
kimi minlərlə, on minlərlə gənclərimiz var ki, bu
gün hər an ərazi
bütövlüyünün bərpası üçün
canından keçməyə hazırdırlar.
Bu gün biz
çalışırıq ki, məsələni
danışıqlar yolu ilə həll edək. Ancaq bu, hələ
ki, mümkün deyildir. Bunun bir səbəbi
vardır - Ermənistanın hərəkətləri. Yəni Ermənistan torpaqlarımızı zəbt
edib, orada etnik təmizləmə siyasəti aparıb, sonra o
yerlərin, rayon mərkəzlərinin, kəndlərin
adlarını dəyişdirib. Ancaq bunun
heç bir mənası yoxdur, ad dəyişməklə
heç nə dəyişmir. Dünyada heç kim o torpaqlarımızı, Kəlbəcəri,
Ağdamı onların qoyduqları qondarma adlar ilə
çağırmır. Ancaq buna baxmayaraq, biz gərək
daha da güclü olaq. Biz güclənirik
və gün gələcək torpaqlarımızı azad edəcəyik,
Kəlbəcəri də, Laçını da,
Şuşanı da. Xankəndidə də
Azərbaycan bayrağı dalğalanacaqdır. Bu, bizim torpağımızdır və bir
qarış torpağımızı düşmənə
verməyəcəyik.
Hələ ki, biz belə
işlərlə istəyirik sizin yaşayış vəziyyətinizi
yaxşılaşdıraq, az da olsa, sizə
təsəlli verək, həyatınızı yüngülləşdirək.
Ancaq bir də demək istəyirəm ki, bu,
müvəqqəti məskunlaşma yeridir. Torpaqlar azad olunandan sonra Kəlbəcərdə,
Ağdamda, Laçında, Şuşada, Qubadlıda, Zəngilanda,
Füzulidə, Cəbrayılda bundan da gözəl evlər
tikəcəyik.
Qəzənfər MUSAYEV: Allah qoysa. Mənim bir
arzum da odur ki, Allah eləsin cavanlarımız daha şəhid
olmasınlar. Sizin siyasətiniz, dövlətimizin
varlanması, ordumuzun qüvvələnməsi
gözümüzün qabağındadır. Bu saat bizdə hər cür imkan vardır. Əgər onlar yola gəlməsələr, mən
də hazıram. Mənim, üzr istəyirəm,
25 nəvəm, 9 nəticəm vardır, onların 17-si
oğlandır. Çoxu əsgərliyini
çəkib, əsgərlikdə olanları da vardır.
Arzu edirəm ki, əlimdə silah onlarla bərabər
döyüşə gedim, torpaqlarımızı azad edim.
Prezident İlham ƏLİYEV: Buna ehtiyac olmayacaq. Bizim
qüdrətli, peşəkar, mübariz ordumuz, Silahlı
Qüvvələrimiz vardır. Onlar istənilən
vəzifəni icra etməyə hazırdırlar. Bu qədər ki, biz ordu quruculuğuna diqqət
göstəririk, son illər ərzində o qədər ki, hərbi
gücümüzü artırmışıq, istənilən
anda və qısa müddət ərzində ərazi
bütövlüyümüzü bərpa edə bilərik.
Əminəm ki, düşmən də, bu məsələ
ilə məşğul olan tərəflər də bunu bilirlər.
Yəni, indiki zəmanədə heç nəyi
gizlətmək mümkün deyildir. Yəni
necə gizlətmək mümkündür ki, biz o qədər
silah-sursat, texnika alırıq, hazırlıq işləri
aparırıq, təlimlər keçiririk. Nə üçün? Ona
görə ki, biz torpağımızı qaytarmalıyıq.
Biz müharibə şəraitində
yaşayırıq. Bu qədər vəsait
gedir bu məqsədlər üçün. İndi o vəsait başqa məqsədlərə də
yönəldilə bilərdi. Biz bunu da
edirik.
Mən istəmirəm
ki, yenidən qan tökülsün, yenidən qurban verək,
yenidən şəhidlər olsun. İstəyirəm,
bunu danışıqlar yolu ilə, siyasi yolla, iqtisadi
addımlarla həll edək. Bizim əlaqələndirilmiş
şəkildə aparılan bütün siyasətimiz bu məqsədi
güdür. Biz Ermənistanı
bütün kommunikasiya imkanlarından təcrid etmişik.
Artıq Ermənistan bir coğrafi və iqtisadi
dalandır. Digər tərəfdən,
indi bizim də, onların da imkanlarına baxın. Onlar xarici yardım olmadan yaşaya bilmirlər, xaricdən
gələn yardımlar, ianələr hesabına
yaşayırlar. Nə qədər onlar bu
cür yaşayacaqlar? Onlara o pulu, əlbəttə
ki, elə-belə vermirlər. Onlara pul verənlər tələb
edirlər ki, bunu belə et, onu elə et.
Azərbaycandan kim nəyi tələb edə
bilər?! Azərbaycan müstəqil dövlətdir,
ölkəmiz öz xalqının iradəsi ilə idarə
olunur.
Bu atəşkəs
dövründə görün, biz hansı səviyyəyə
gəlib çatmışıq, onlar hansı səviyyəyə
düşüblər. Sadəcə olaraq, 16 il ərzində
bax, belə böyük bir fərq yaranıb. Düzdür,
16 ildir ki, vətəndaşlarımız əziyyət
çəkir, öz torpaqlarına qayıda bilmirlər.
Ancaq biz onları ora qaytaracağıq. Yəni, biz daha da güclü olmalıyıq və əgər
danışıqlar səmərə verməsə, istənilən
anda lazımi addımları atacağıq.
Qəzənfər MUSAYEV: Biz də buna hazırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Bir daha sizi
ürəkdən təbrik edirəm.
* * *
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov dövlət başçısına
görülən işlər barədə məlumat verdi. Bildirildi ki, "Qaçqınların və
məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı"na əsasən yaradılmış kompleksin
tikintisinə 2010-cu ilin aprelində başlanmışdır. Binaların yerləşdiyi ümumi ərazi 10
hektardır. Beşmərtəbəli 10
binada bir, iki, üç və dördotaqlı 612 mənzil
vardır. Bu mənzillərdə şəraiti
dözülməz olan ictimai obyektlərdə,
yarımçıq tikililərdə müvəqqəti məskunlaşan
və köçürülməsi zəruri olan məcburi
köçkünlər yerləşdiriləcəkdir. Mənzillərdə yüksək şərait
yaradılmışdır. Ərazidə
klub-icma mərkəzi, inzibati bina inşa edilmişdir.
Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondunun
sifarişi ilə yaradılan məhəllədə geniş
abadlıq və yaşıllaşdırma işləri
görülmüşdür. Burada 50 yerlik uşaq
bağçası, 440 yerlik məktəb binaları, qazanxana,
nasosxana, transformator yarımstansiyası tikilmiş, mənzillərə
telefon, su və qaz xətləri çəkilmişdir. Məhəllədə dörd subartezian quyusu
qazılmış, iki su anbarı tikilmiş, ümumi
uzunluğu 2 kilometrdən çox olan asfalt-beton yol
salınmışdır.
Prezident
İlham Əliyev və xanımı Kəlbəcər rayon mədəniyyət
evi özfəaliyyət kollektivlərinin və muğam
müsabiqəsinin qalibi Babək Niftəliyevin
çıxışını izlədilər, onlarla xatirə
şəkli çəkdirdilər.
Dövlətimizin
başçısı qəsəbədə yeni mənzil
almış məcburi köçkünlərlə
görüşdü.
Prezident İlham ƏLİYEV məcburi köçkünləri
təbrik edərək dedi:
- Mən sizi ürəkdən
salamlayıram. Bu gözəl, yeni şəhərciyin
açılışı münasibətilə sizi ürəkdən
təbrik edirəm. Çox gözəl
binalardır, yaraşıqlı mənzillərdir. İlk dəfə olaraq bölgələrdə məcburi
köçkünlər üçün hündürmərtəbəli
binalar tikilibdir. Bir deyil, iki deyil, beşmərtəbəli
10 bina tikilibdir. Burada 612 ailə
yaşayacaqdır. Mən indi vəziyyətlə
Bilirsiniz ki, Azərbaycan
dövləti bu məsələ ilə bağlı - məcburi
köçkünlərin yaşayış səviyyəsinin
yaxşılaşdırılması ilə əlaqədar
görülən işlərin davam etdirilməsi
üçün bütün addımları atır. Xüsusi
proqramlar qəbul edilmişdir. Proqramlar icra
edilir, bu məqsədlər üçün çoxlu vəsait
sərf olunmuşdur. On minlərlə məcburi
köçkün artıq yeni mənzillərə, evlərə
köçürüldü. Bütün
çadır şəhərcikləri ləğv edildi.
Artıq üç ildir ki, Azərbaycanda
"çadır şəhərciyi" anlayışı
yoxdur. Biz bu vəzifəni qısa müddət
ərzində icra etdik. İndi belə
gözəl, yaraşıqlı evləri tikirik ki,
soydaşlarımız müvəqqəti olaraq yaxşı
şəraitdə yaşasınlar.
Bütün bu
işləri görmək üçün, əlbəttə
ki, maliyyə imkanları və
düşünülmüş siyasət lazımdır. Maliyyə
imkanlarımız vardır. Bütün bu
evlər və ölkəmizin müxtəlif bölgələrində
məcburi köçkünlər üçün
tikilmiş qəsəbələr Dövlət Neft Fondunun vəsaiti
hesabına yaradılır.
Bu, əslində
dövlət vəsaitidir. Ulu öndər Heydər
Əliyevin neft strategiyasının icrası nəticəsində
Neft Fondu yaradılıb və artıq orada böyük vəsait
yığılıbdır. İlk ödənişlər
məhz bu məqsədlərə sərf olunmuşdur.
Bu gün də hər il kifayət qədər
vəsait nəzərdə tutulur. Əgər
maliyyə imkanlarımız olmasaydı, biz bu işləri
görə bilməzdik. Təkcə maliyyə
imkanlarının mövcudluğu hələ məsələnin
lazımi səviyyədə həll olunması demək
deyildir. Siyasi iradə və
düşünülmüş siyasət lazımdır.
Bax, bu gözəl şəhərcik
görülmüş işlərin bariz nümunəsidir.
Biz çalışırıq və
çalışacağıq ki, sizi müvəqqəti olaraq
yaxşı şəraitlə təmin edək. Dövlət Proqramının icrası nəticəsində
gələcəkdə əlavə tədbirlər
görüləcək, fin qəsəbələri ləğv
ediləcək, məktəblərdə, hərbi hissələrin
ərazilərində məskunlaşmış
soydaşlarımız da yeni evlərə
köçürüləcəklər. Biz
bunu edəcəyik və siyasətimizi bunda görürük.
Ancaq qeyd etdiyim
kimi, bu, müvəqqəti yaşayış yeridir. Torpaqlarımız
işğalçılardan azad olunandan sonra biz həmin
torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik,
yeni kəndlər, qəsəbələr salınacaqdır.
Çünki bildiyiniz kimi, erməni qəsbkarları
işğal edilmiş torpaqlarda, demək olar ki, bütün
binaları dağıdıblar, bütün infrastruktur
dağıdılıb. Bunu işğal
edilmiş bölgələrə bu yaxınlarda bizim təşəbbüsümüzlə
ezam olunan ATƏT-in qiymətləndirmə missiyası da
öz gözü ilə görüb və biz hazırda
onlardan ədalətli, reallığı əks etdirən
hesabat gözləyirik. Yəni orada ermənilər
hər şeyi dağıdıblar, böyük qəddarlıq
göstəriblər. Biz
torpaqlarımızı qaytarandan sonra orada böyük işlər
görəcəyik. Artıq ilkin
hesablamalar da aparılmışdır. Biz
bilirik hansı ardıcıllıqla nəyi edəcəyik.
Əminəm ki, qısa müddət ərzində
bundan da gözəl, yaraşıqlı binaları, evləri,
məktəbləri, bütün infrastrukturu
yaradacağıq.
Biz
çalışırıq ki, məsələ tezliklə
öz həllini tapsın. Uzun illərdir ki,
soydaşlarımız qaçqın-köçkün şəraitində
yaşayırlar. Beynəlxalq normaları
pozan Ermənistan, əfsuslar olsun ki, beynəlxalq hüquqa hörmət
göstərmir, Birləşmiş Millətlər Təşkilatının
qərarlarına məhəl qoymur. Digər
beynəlxalq təşkilatların da hamısının qərarları
bizim mövqeyimizi dəstəkləyir və erməni
işğalçı qüvvələrinin
torpaqlarımızdan qeyd-şərtsiz
çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna əməl etmir.
Belə olan halda qarşımızda duran
seçim o qədər də böyük deyildir. Ya siyasi və diplomatik səylərimizi davam etdirmək
və iqtisadi üstünlüyümüzü hərbi
üstünlüyə çevirərək
torpaqlarımızı azad etmək, - bizim əsas vəzifəmiz
ondan ibarətdir, - ya da ki, danışıqlar naminə, sadəcə
olaraq, danışıqlar aparmaq. Azərbaycan
dövləti ona heç vaxt getməyəcəkdir. Mən bir daha demək istəyirəm ki, biz
danışıqları ancaq məqsədə çatmaq
üçün aparırıq. Məqsədimiz
də beynəlxalq hüququ, ərazi bütövlüyümüzü
bərpa etməkdir. Azərbaycanın beynəlxalq
birlik tərəfindən tanınmış ərazi
bütövlüyü bərpa olunmalıdır. Budur bizim məqsədimiz. Biz bu məqsədə
çatmaq üçün müxtəlif imkanlardan istifadə
edirik və etməliyik. Bu, bizim suveren
hüququmuzdur. Biz istəyirik ki, məsələni
danışıq yolu ilə, sülh yolu ilə həll edək.
Ancaq görünür ki, Ermənistan tərəfi,
sadəcə olaraq, vaxt uzatmaqla məşğuldur və buna
görə danışıqlar prosesində yeni mərhələ
başlanır. Biz Ermənistandan təklif
olunmuş məsələlərə cavab gözləyirik.
Əgər cavab müsbət olmasa, onda öz
siyasətimizə, əlbəttə ki, dəyişiklik edəcəyik.
Bununla bərabər,
bu da sirr deyil ki, biz ordu quruculuğunu uğurla inkişaf
etdiririk. Bizim hərbi gücümüz artır, müdafiə
qabiliyyətimiz möhkəmdir. Vətənpərvərlik
ruhu, peşəkarlıq yüksək səviyyədədir.
Mən şübhə etmirəm ki, Silahlı
Qüvvələrimiz qarşıda duran vəzifəni ləyaqətlə
və qısa müddət ərzində icra edə bilər.
Mən şübhə etmirəm ki, biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Bunu həqiqət tələb edir, bunu tarix tələb
edir və bu gün bölgədə yaranmış qüvvələr
nisbəti buna dəlalət edir. Ermənistan
heç vaxt Azərbaycan ilə rəqabət aparmaq
gücündə olmayacaqdır. Bu gün
də bu mümkün deyildir və illər keçdikcə
aramızda olan uçurum daha da dərinləşəcəkdir.
Bizim üçün bir dövlət kimi əsas
vəzifə ancaq və ancaq öz ərazi
bütövlüyümüzü bərpa etməkdir. Qarşımızda bundan vacib vəzifə yoxdur.
Biz bütün səylərimizi bu vəzifəyə nail olmaq
üçün səfərbər etmişik. Bu,
bizim ümummilli işimizdir. Bütün
Azərbaycan xalqı bu məqsədə çatmaq
üçün səylərini birləşdiribdir və əlbəttə,
getdikcə gücümüz daha da təsirli,
atdığımız addımlar daha da ciddi olacaqdır.
Ona görə, əgər ermənilər bir
balaca qabağa baxsalar, görərlər ki, bu
işğalçı siyasətin gələcəyi yoxdur.
Sadəcə olaraq bu, zamanın hökmü və
Azərbaycanın, ordumuzun artan gücü ilə həll
olunacaqdır. Mən buna şübhə
etmirəm və əminəm ki, biz doğma
torpaqlarımızı qaytaracağıq. Bu
gün qaçqın-köçkün həyatı
yaşayan soydaşlarımız doğma torpaqlarına
qayıdacaqlar.
Hələlik isə əlimizdən
gələni edirik ki, sizin həyatınızı bir az yüngülləşdirək. Belə gözəl, yaraşıqlı evlər
tikilib. Mən ümid edirəm ki, siz burada
rahat yaşayacaqsınız. Ancaq bilirəm
ki, doğma torpağınızı heç vaxt
unutmayacaqsınız və unutmursunuz, siz də, gənc nəsil
də. Bu gün gənc nəsil
böyüyür, onlar o torpaqları görməyiblər.
Amma buna baxmayaraq, onlar o torpaqlara qayıtmaq arzusu
ilə yaşayırlar. Heç vaxt Azərbaycan
xalqı doğma torpaqlarını unutmayacaq, heç vaxt bu vəziyyətlə
barışmayacaqdır. Bunu həm
qarşı tərəf, həm də məsələ ilə
məşğul olan vasitəçilər bilirlər.
Mən sizi bir
daha ürəkdən salamlayıram, təbrik edirəm, sizə
cansağlığı, xoşbəxtlik arzulayıram. Arzu edirəm
ki, sizin həyatınızda hər şey yaxşı olsun.
* * *
Məhəllədəki
30 nömrəli tam orta məktəbin müəllimi Sülhanə
CƏLİLOVA məcburi köçkünlərə göstərilən
diqqət və qayğıya görə dövlət
başçısına minnətdarlıq etdi. O,
xüsusi vurğuladı ki, məcburi köçkünlər
dövlət başçısına güvənir, onu
özlərinə arxa bilirlər. Məcburi
köçkünlər düşmən işğalında
olan torpaqlarımızın məqsədyönlü dövlət
siyasəti nəticəsində azad olunacağına əmindirlər.
Mübariz İbrahimov və
Fərid Əhmədov kimi qəhrəman övladları olan
xalqın öz ərazi bütövlüyünü mütləq
bərpa edəcəyini bildirən Sülhanə Cəlilova
dedi:
- Bu günlərdə nəşini
ermənilərdən aldığınız iki igid Vətən
övladının dəfn mərasimində üzünüzdə
olan inam, dəyanət hissini gördük. Bu,
bizi dəfələrlə, on qat ruhlandırdı. Bizim Mübariz İbrahimov, Fərid Əhmədov
kimi dəyanətli, Koroğlu qeyrətli oğullarımız
çoxdur. Biz torpaqlarımızı azad
etməyə həmişə hazırıq. Lazım gələrsə, biz qadınlar da kişilərlə
bərabər bu yolda addım atacağıq. Ali Baş Komandan kimi əsgər və şəhid
ailələri ilə bu cür yaxından
maraqlandığınıza, onların dərdinə şərik
olduğunuza görə Sizə bir daha öz minnətdarlığımızı
bildiririk.
Sülhanə Cəlilova Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın da çoxşaxəli
fəaliyyətini xüsusi vurğulayaraq dedi:
- Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizin
qorunmasına və inkişafına göstərdiyi qayğıya
görə təşəkkürümüzü bildiririk. Bütün qaçqınlar, məcburi
köçkünlər, kəlbəcərlilər adından
Sizə dərin təşəkkürümüzü və
minnətdarlığımızı bildirir, işlərinizdə
müvəffəqiyyətlər arzulayırıq.
Cənab Prezident, biz
görürük ki, Siz dünyanın siyasi arenasında
çox qüdrətli bir lidersiniz. Bunun nəticəsində
respublikamız hazırda daha da güclənir, qüvvətlənir,
xalqımız irəli gedir. Bunun hamısı Sizin sayənizdədir. Biz həmişə
Sizə inanırıq. Biz kəlbəcərlilər
həmişə dövlətə sadiq olmuşuq. İndi də həm Sizə, həm də dövlətimizə
sadiqik. Biz Sizə arxalanırıq,
inanırıq ki, Sizin komandanlığınız,
başçılığınız altında, siyasətiniz
nəticəsində doğma torpaqlarımız yenidən
özümüzə qayıdacaq və o yerlərdə bundan
da gözəl, abad qəsəbələr salınacaq, bundan
da gözəl evlər tikiləcəkdir. Bir
daha sağ olun. Sizə təşəkkürümü
bildirirəm.
* * *
Sonra xatirə
şəkli çəkdirildi.
Daha sonra
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
30 nömrəli tam orta məktəbin
açılışında iştirak etdilər.
Dövlət
başçısı məktəbin
açılışını bildirən lenti kəsdi, təhsil
ocağında yaradılmış şəraitlə
Məlumat
verildi ki, ikimərtəbəli məktəb binası
müasir üslubda inşa edilmişdir. Məktəbin foyesində
ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təhsilə diqqət və qayğılarını, məcburi
köçkünlərlə görüşlərini əks
etdirən fotostendlər, həmçinin Kəlbəcər
rayonunun işğaldan əvvəl və sonrakı vəziyyətini
əks etdirən faktların və fotoların, Milli qəhrəmanlar
haqqında məlumatların toplandığı lövhə
yaradılmışdır. Məktəbdə 35 sinif
otağından əlavə, fizika-astronomiya laboratoriyası,
metal emalı və dülgərlik emalatxanası, tarix, ana dili
və ədəbiyyat, riyaziyyat, coğrafiya, kimya-biologiya,
ibtidai hərbi hazırlıq, informatika, xarici dillər, dərzilik
və rəsm kabinələri yaradılmışdır. Təhsil ocağında müxtəlif tədbirlərin
keçirilməsi üçün 146 yerlik akt zalı da
vardır.
Şagirdlərin
bədən tərbiyəsi və idmanla məşğul
olmaları üçün məktəbdə hər cür
şərait yaradılmışdır. Məktəbin
ərazisində futbol, voleybol və basketbol
meydançaları da tikilmişdir.
Prezident
İlham Əliyev idman zalında məktəblilərin
nümunəvi çıxışlarını izlədi.
Məktəblilər
dövlətimizin başçısı ilə xatirə
şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 12 noyabr.- S. 1, 2.