Azərbaycan Prezidenti İlham Əliyev
Ağdam Rayon Mərkəzi Xəstəxanasının, məcburi
köçkünlər üçün yeni qəsəbənin
və məktəbin açılışlarında
iştirak etmişdir
Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam rayonuna gəlmişdir.
Dövlət başçısı və xanımı Quzanlı qəsəbəsinin mərkəzindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir. Məlumat verilmişdir ki, ən müasir avadanlıqla təchiz edilmiş xəstəxanada qonşu rayonlardan olan xəstələr də müalicə alacaqlar. Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş "Mercedes" markalı iki təcili tibbi yardım avtomobili verilmişdir.
Dövlət başçısı məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində də iştirak etmişdir.
Prezident İlham Əliyevə Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün inşa edilmiş qəsəbə barədə məlumat verilmişdir. Bildirilmişdir ki, ümumi ərazisi 70 hektar olan qəsəbədə inşa olunmuş evlərin ümumi sahəsi 37 min 187 kvadratmetrdir. Qəsəbədə sakinlərin normal yaşayışı üçün bütün zəruri infrastruktur yaradılmışdır.
Prezident İlham Əliyev qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşmüş, onları təbrik etmişdir.
Sonra Prezident İlham Əliyev 440 şagird yerlik məktəb binasının açılışında iştirak etmişdir. Məktəbin rəmzi açılışını bildirən lenti kəsən dövlətimizin başçısı burada yaradılmış şəraitlə tanış olmuş, görülmüş işləri yüksək qiymətləndirmişdir.
(Prezident İlham Əliyevin Füzuli və Ağdam rayonlarına səfərindən geniş hesabatlar qəzetin 13 noyabr tarixli nömrəsində dərc ediləcəkdir).
AzərTAc
Azərbaycan.- 2010.- 12 noyabr.- S. 2.