Məhkəmə sisteminin
davamlı olaraq müasirləşdirilməsinə
təminat yaradan mükəmməl hüquqi sənəd
Azərbaycan Konstitusiyası ötən
15 ildə insan və vətəndaş
hüquqlarının məhkəmələrdə
qorunmasına geniş imkanlar
açmışdır
İctimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin, dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir. Müstəqil Azərbaycanın demokratikləşmə, insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində yüksək nailiyyətlər qazanması da bilavasitə mülki cəmiyyət quruculuğuna hesablanmış məhkəmə-hüquq və ədliyyə islahatlarının respublikanın sosial-iqtisadi inkişaf dinamikası ilə uzlaşdırılması nəticəsində mümkün olmuşdur.
Bu gün xüsusi vurğulamağa ehtiyac yoxdur ki, məhz ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. 15 il əvvəl - 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya xalqın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı ardıcıl mübarizənin məntiqi yekunu olaraq dövlətin fəaliyyətinin əsas istiqamətlərini, demokratik dövlət quruculuğu prosesinin başlıca prinsiplərini, vətəndaşların fundamental hüquq və vəzifələrini müəyyən etmişdir. Azərbaycan Konstitusiyasına əsasən hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmələr də dünyanın mütərəqqi təcrübəsinə əsaslanan modeldə formalaşdırılmışdır.
Bu il ümumxalq səsverməsi yolu ilə qəbulunun 15-ci ildönümü tamam olan Azərbaycan Respublikası Konstitusiyası da ölkədə məhkəmə islahatları ilə yanaşı, ədliyyə sistemində mütərəqqi islahatlara imkan yaratmışdır. Ümummilli lider Heydər Əliyev hər bir dövlətin hüquq sistemində ədliyyə orqanlarının mühüm rol oynadığını dəfələrlə vurğulamış, bu sahədə hələ 70-ci illərdə başladığı islahatları keyfiyyətcə yeni mərhələdə davam etdirərək ədliyyə sisteminin mahiyyətcə təkmilləşdirilməsi və demokratikləşdirilməsinə xidmət edən kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərərək Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü elan edilmişdir. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq, iftixar hissiylə qarşılanmış, Azərbaycanın ədliyyə tarixinə, müsbət ənənələrə ehtiramın təzahürü kimi dəyərləndirilmişdir.
2003-cü ildən xalqa və dövlətə rəhbərlik missiyasını uğurla həyata keçirən cənab İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə və ədliyyə orqanlarında islahatların yeni dövrün tələblərinə uyğun davam etdirilməsini, son nəticədə insan hüquq və azadlıqlarının təmini üçün zəruri şəraitin yaradılmasını vacib saymışdır. Azərbaycan Prezidenti dövlətin hüquq sisteminin tənzimlənməsi, qanunçuluğun və hüquq qaydalarının təmini baxımından ədliyyə və məhkəmə islahatlarının paralel və əlaqəli şəkildə aparılmasına çalışmış, ilk növbədə, bu vacib sahələrin fəaliyyətini tənzimləyən yeni qanunların, normativ-hüquqi aktların, fərman və sərəncamların qəbulunu təmin etmişdir. Ədliyyə Nazirliyinin normativ-hüquqi bazasının təkmilləşdirilməsinə, onun yeni mərhələ üçün fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsinə xidmət edən hüquqi sənədlər sırasında 26 may 2006-cı il tarixli "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" qanunu, 17 avqust 2006-cı il tarixli "Ədliyyə orqanlarının inkişafı haqqında" fərmanı, habelə 2009-cu il 6 fevral tarixli "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün dövlət proqramı"nı xüsusi vurğulamaq olar.
Son illərdə Prezident İlham Əliyevin xüsusi qayğısı ilə məhkəmələrin yeni bina və inventarla təmin olunması istiqamətində mühüm addımlar atılır. Bu kimi məsələlər dövlət başçısının 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı"nda da geniş əksini tapmışdır. 2009-cu ilin mayında Azərbaycan Respublikası Ali Məhkəməsinin ən müasir standartlara cavab verən yeni binasının tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Bu, dövlət başçısının məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yeniliyə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanun da son illər respublikada həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir. Qanuna əsasən yeni iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələri yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında" fərmanı ilə respublikada bir sıra yeni məhkəmələr formalaşdırılmışdır. Belə ki, fərmanda Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsinin, habelə Lənkəranda, Gəncədə, Şəkidə ağır cinayətlər məhkəmələrinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, fərmanın 1.5-ci bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsi əsasında Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi yaradılacaqdır. Bundan başqa, fərmanla, paytaxtda və regionlarda yerləşən iqtisad məhkəmələri bundan sonra inzibati-iqtisadi məhkəmələr kimi fəaliyyətlərini davam etdirəcəklər.
2011-ci il yanvarın 1-dən inzibati-iqtisad xarakterli işlərə ümumi yurisdiksiyalı məhkəmələrdə deyil, inzibati-iqtisadi məhkəmələrdə baxılacaqdır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliyinin artırılmasına xidmət edir.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2010-cu il tarixdə imzaladığı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu isə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin uğurlu davamıdır. Qanunla "Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı maddəsinə iki mühüm əlavə olunmuşdur. Birinci əlavəyə görə, "Səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı 4 il ərzində ildə bir dəfə aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım edilir".
"Məhkəmələr və hakimlər haqqında" qanunun 106-cı maddəsinə edilmiş ikinci əlavədə isə "107 maddənin birinci hissəsinin ikinci cümləsində "iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir" sözləri, "iki aylıq əmək haqqı məbləğində müavinət verilir" sözləri ilə əvəz edilmişdir.
Ulu öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını da uca tutur, konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısının 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixini "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" təsis etmişdir. Bu əlamətar bayramın noyabrın 9-da respublikamızda ilk dəfə qeyd olunması tarixi keçmişimizə, milli dəyərlərimizə hörmətin ifadəsidir. Prezident İlham Əliyevin həmin gün Dövlət Bayrağı Meydanında olması da, ilk növbədə, milli bayrağa, onun fəlsəfəsinə yüksək hörmətin təcəssümüdür.
Bütün bunlar Azərbaycanda son 15 ildə konstitusion prinsiplər əsasında həyata keçirilən məhkəmə-hüquq islahatlarının əsasında insan və vətəndaş amilinin dayandığını əminliklə söyləməyə ciddi əsaslar verir. İnanırıq ki, Azərbaycanda yeni dövrün tələblərinə uyğun davam etdirilən bu mütərəqqi islahatlar respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə yeni təkan verəcəkdir.
Hikmət MİRZƏYEV,
Ali Məhkəmənin inzibati-iqtisadi
kollegiyasının sədri
Azərbaycan.- 2010.-12
noyabr.- S. 4.