Azərbaycan Konstitusiyası Milli Təhlükəsizlik Nazirliyinin
normativ hüquqi
aktlarının əsasını təşkil edir
Milli Təhlükəsizlik Nazirliyində işləyən sıravi adam da, zabit də, rəhbər işçi də bilməlidir ki, Konstitusiya, Milli Təhlükəsizlik Nazirliyinin Əsasnaməsi, nizamnamə sizin üçün rəhbər və istiqamətverici sənədlərdir. Öz peşəkarlıq səviyyənizi yüksəltmək sizin vəzifəniz olmalıdır. Bu, hər bir ölkənin təhlükəsizlik orqanı üçün vacib olan amildir.
Heydər ƏLİYEV
Müasir dünyada xalqın, dövlətin beynəlxalq aləmdə özünə layiqli yer tutmasının mühüm göstəricilərindən biri də yüksək ədalət anlayışının ifadəsi olan hüquq prinsiplərinə və onun ali məcmusu olan qanunlara münasibətidir. Konstitusiya dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir və ölkənin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir.
İlk milli Konstitusiyanın qəbulu ən yeni tariximizin əhəmiyyətinə görə əlamətdar hadisələrindəndir. Əsas Qanunumuz Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət quruculuğuna, beynəlxalq mütərəqqi təcrübə nəzərə alınmaqla siyasi, iqtisadi, sosial sahələrdə zəruri islahatların həyata keçirilməsinə geniş imkanlar açdı. 12 noyabr 1995-ci il tarixli Konstitusiyamızın preambulasında bəyan edilir: "Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək ümumxalq səsverməsi - referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir".
Konstitusiyanın əsasında hakimiyyətin yeganə mənbəyi kimi xalqın tanınması, ölkənin bütövlüyünün qorunması, hakimiyyətin bölünməsi prinsipinə ciddi riayət olunması, insan və vətəndaş hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi bəyan edilməsi, beynəlxalq hüququn milli qanunvericilik üzərində üstünlüyü kimi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna imkan verən mütərəqqi ideyalar dayanmışdır. Bu, xalqımızın dövlətçilik tarixində qanunun aliliyinin qəti qələbəsi deməkdir. Qədim tarixə, mədəni irsə, zəngin mədəniyyətə, milli ənənəyə, maddi-mənəvi dəyərlərə malik olan bir xalq üçün bu qələbə hürriyyətin, istiqlaliyyətin, ərazi bütövlüyünün, hüquqi dünyəvi dövlətin, vətəndaş cəmiyyəti quruculuğunun, sosial rifahın, beynəlxalq sistemdə suveren hüquqi subyekt kimi tanınmağın əsasını qoymuşdur.
2010-cu il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 15-ci ildönümüdür. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış, ümumxalq səsverməsi ilə qəbul edilmiş, müstəqilliyimizin möhkəmlənməsində, hüquqi, demokratik dövlət quruculuğu işində Konstitusiyamızın xüsusi yeri var. "Heydər Əliyev Konstitusiyası" kimi tarixə düşən Əsas Qanunumuz insan hüquq və azadlıqlarının təminatlı müdafiəsi sahəsində mükəmməl bir sənəddir. Bir çox ekspertlər haqlı olaraq Konstitusiyamızı, eyni zamanda, "İnsan hüquqları manifesti" də adlandırırlar. Sözsüz ki, bu mütərəqqi, humanist, habelə özündə vətəndaşın, dövlətin və cəmiyyətin vahid orqanizmin tərkib hissəsi olaraq bir-biri ilə üzvi surətdə bağlılığını, onların qarşılıqlı məsuliyyətini, vəzifəsini və hüquqlarını ehtiva edən ali qanunun ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir.
Konstitusiyada irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və digər hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdur. Məhz bu baxımdan, aidiyyəti dövlət orqanları ilə yanaşı, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirərkən, öz fəaliyyətini qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına riayət, humanistlik, konspirasiya, aşkar və qeyri-aşkar üsul və vasitələrin uzlaşdırılması prinsipləri əsasında qurur.
Qeyd olunduğu kimi, Konstitusiyamızın qəbul olunmasına rəvac verən ən əsas prinsip Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasına nail olmaqdır. Bu isə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin mühafizəsi üzrə başlıca vəzifə deməkdir. 2004-cü ildə qəbul olunmuş "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə, dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi başa düşülür. Beləliklə, Konstitusiyada təsbit olunmuş və Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektləri sırasında sadalanan və milli maraqlar hesab olunan - dövlətin müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyünün qorunması kimi ali məqsədlərin hərtərəfli və etibarlı təminatı digər aidiyyəti dövlət orqanları ilə yanaşı, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən şərəflə həyata keçirilməkdədir. Belə fəaliyyət həyata keçirilərkən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət edilməsi, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin vahid dövlət siyasətinə əsaslanması və onun təmin olunması istiqamətlərinin uzlaşdırılması və əlaqələndirilməsi, insan, cəmiyyət və dövlətin maraqları arasındakı tarazlığın saxlanılması və onların qarşılıqlı məsuliyyəti prinsipləri əsas götürülür.
Konstitusiyanın "Ümumi müddəalar" adlı ilk bölməsi xalq hakimiyyəti və dövlətin əsaslarını ehtiva edən iki fəsildən ibarətdir. Həmin fəsildəki müddəalar xalq hakimiyyətinə dair məsələləri, o cümlədən dövlətin iqtisadi, sosial, siyasi və hüquqi əsasları ilə bağlı ən ümdə və fundamental münasibətləri tənzimləyir. Milli Təhlükəsizlik Nazirliyinin qanunvericiliklə müəyyən olunmuş və normativ hüquqi aktlarda təsbit olunmuş səlahiyyətlərinə nəzər salsaq, belə məsələlərin həlli zamanı milli təhlükəsizilk orqanlarının müstəsna rolunu aydın şəkildə izləmiş olarıq. Belə ki, xalq hakimiyyətinin ən mühüm məsələləri olan dövlətin iqtisadi, sosial, siyasi və hüquqi əsasları əslində, Azərbaycan Respublikasının milli maraqlarının cəmini təşkil edən tərkib hissələrdir. Azərbaycan Respublikasının milli maraqları anlayışı məzmunca geniş və əhatəlidir. Bu anlayışın açıqlanması üçün Azərbaycan Respublikası Konstitusiyasının preambula hissəsinə, yəni, konstitusiyanın qəbul olunma niyyətlərinə müqayisəli nəzər salsaq, məntiq etibarilə heç bir fərq görmərik. İstər ölkəmizin ali qanunu olan Azərbaycan Respublikası Konstitusiyası, istərsə də digər normativ hüquqi aktlar kimi onun əsasında qəbul olunmuş "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının milli maraqlarını, yəni, xalqımızın milli təhlükəsizliyinin təmin olunmasının hüquqi əsasını təşkil edirlər. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının milli maraqlarından irəli gələrək qəbul olunmuş və özündə belə maraqların qorunmasının təmin olunmasını nəzərdə tutan ümumi müddəaları təsbit edir. Bu isə milli təhlükəsizliyin, geniş mənada isə Azərbaycan Respublikasının milli maraqlarının qorunmasını təmin edən Milli Təhlükəsizlik Nazirliyinin müvafiq icra hakimiyyəti orqanı kimi çox mühüm və məsuliyyətli vəzifə daşıdığının ən ali göstəricisi kimi qeyd olunmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Ölkəmizin normal, hərtərəfli inkişafı üçün, Azərbaycan xalqının rifah, sülh şəraitində yaşaması üçün sabitlik, ictimai-siyasi asayiş qorunmalıdır, təhlükəsizliyimiz təmin olunmalıdır. Bu işdə Milli Təhlükəsizlik Nazirliyinin xüsusi funksiyası var, xüsusi rolu var və Milli Təhlükəsizlik Nazirliyi bu vəzifənin öhdəsindən şərəflə gəlir".
Azərbaycan Respublikasının milli təhlükəsizliyi təkcə dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasının təmin edilməsi ilə məhdudlaşmır. Azərbaycan Respublikasının milli təhlükəsizliyi həm də insanların, vətəndaşların hüquq və azadlıqlarının ən ali səviyyədə mühafizəsi deməkdir. İnsan hüquqlarının təmin edilməsi ölkəmizdə aparılan geniş demokratik proseslərin tərkib hissəsi kimi Milli Təhlükəsizlik Nazirliyinin daim diqqət mərkəzində olan məsələlərdəndir. Konstitusiyada əksini tapmış insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi milli təhlükəsizlik orqanlarının fəaliyyətinin hüquqi əsasını təşkil edən bütün normativ hüquqi aktlarda təsbit olunmuşdur. Bu müddəalar Milli Təhlükəsizlik Nazirliyinin qarşısında qoyulmuş prioritet vəzifələrdir. "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilən Azərbaycan Respublikasının milli təhlükəsizliyinin obyektlərinin sıralamasında sözügedən fikir bir daha öz təsdiqini tapır: insan - onun hüquq və azadlıqları; cəmiyyət - onun maddi və mənəvi dəyərləri; dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü.
Azərbaycanın Konstitusiyasında "Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır" ifadəsi qeyd olunub. Təhlükəsiz yaşamaq hüququ hər bir insanın şəxsi və ailə həyatı ilə bağlıdır. Bu hal insanların hüquq və azadlığının mühüm aspektlərindən biri sayılır. Azərbaycan Respublikasında hər kəsin təhlükəsizliyinə bir sıra Konstitusiya müddəaları ilə təminat verilir: yaşamaq hüququ, hər kəsin təhlükəsiz, sağlam şəraitdə işləmək hüququ. Şübhəsiz, bu hüquq və azadlıqlara Azərbaycan Respublikasında yaşayan hər bir kəs malikdir. Bununla belə, insanların təhlükəsiz yaşamaq hüququnun təmin olunması dövlət orqanları qarşısında duran əsas tələblərdən biridir. Bu istiqamətdə milli təhlükəsizlik orqanlarının mühüm rolu var. Milli Təhlükəsizlik Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə Azərbaycan Respublikasının ərazisində olan hər bir şəxsin təhlükəsizliyinin təminatında iştirak edir. Milli təhlükəsizlik orqanları Azərbaycan ərazisindən kənarda müvəqqəti və daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi üçün də tədbirlər görür.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli inkişaf konsepsiyasının yeni mərhələsi başlanmış, tərəqqinin Azərbaycan modeli əsasında hərtərəfli intibah dövrünə qədəm qoyulmuşdur. Vətəndaş cəmiyyətinin qurulması sahəsində Azərbaycan Respublikasının əldə etdiyi böyük nailiyyətlər məhz dövlət başçısı cənab İlham Əliyevin məqsədyönlü, praqmatik və düşünülmüş siyasi uzaqgörənliyinin tərkib hissəsidir. Azərbaycan Prezidentinin, Ali Baş Komandanın milli təhlükəsizliyin təmin olunması ilə bağlı milli təhlükəsizlik orqanları qarşısında qoyduğu vəzifələr Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatı baxımından beynəlxalq terrorçuluq, müxtəlif örtüklər altında təzahür edən ekstremizm, eləcə də təcavüzkar separatçılıq, narkotiklərin, psixotrop, radioaktiv maddələrin və silahların qanunsuz dövriyyəsi, insan alveri kimi qlobal təhlükələrə qarşı effektiv mübarizə tədbirlərinin daha da gücləndirilməsinə yönəlmişdir. Qanunun aliliyinə nail olunmasını, dövlətin siyasi sabitliyinin və təhlükəsizliyinin dayanıqlığının qorunmasını, həmçinin insan hüquq və əsas azadlıqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətlərini özündə ehtiva edən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası" da Milli Təhlükəsizlik Nazirliyi qarşısında mühüm vəzifələr qoyur. Beləliklə, Konstitusiyada təsbit olunmuş insanların hüquq və azadlıqları milli təhlükəsizliyimizin obyekti kimi Azərbaycan Respublikasının milli maraqlarının vahid kompleksinə aid edilməklə mühafizə olunur. Yəni, kəşfiyyat, əks-kəşfiyyat fəaliyyəti, dövlət sirrinin mühafizəsi, cinayətlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən milli təhlükəsizlik orqanları üçün insanların hüquq və azadlıqlarının təmin olunması prinsipi fəaliyyətin əsasını təşkil edir.
Konstitusiyamız hər bir sahədə qanunun aliliyinin təmin olunmasını nəzərdə tutan ali qanundur. Ən yüksək hüquqi qüvvəyə malik olan bu sənəd hakimiyyətin bütün qollarının, əsas etibarilə icra hakimiyyəti orqanları, o cümlədən mühüm təsisatlardan olan, milli təhlükəsizliyimizin təmin edilməsi istiqamətində əsas hüquq və vəzifələrə malik milli təhlükəsizlik orqanları Konstitusiyada təsbit olunmuş və bu məqalə boyu üzərinə işıq salmağa çalışdığımız üç əsas meyarı istənilən təhdidlərdən qorumaq üçün səlahiyyətləndirilmişdir: - insanın, cəmiyyətin və dövlətin təhlükəsizliyi.
Son illər cinayətkarlıqla, onun təhlükəli təzahürləri ilə mübarizədə əldə edilmiş önəmli uğurlar təhlükəsizliyin təmin edilməsinin bariz göstəriciləridir. Terrorçu-ekstremist niyyətlərin, kütləvi tələfata səbəb ola biləcək terrorçuluq hərəkətlərinin qarşısının alınması cəmiyyətin təhlükəsizlik hüquqlarının qorunması deməkdir. İnsan alverinin profilaktikası, insanın asılı və köləlik vəziyyətinə düşmə təhlükəsindən xilas olunması insan hüquq və azadlıqlarının qorunması deməkdir. Terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətinin qabaqlanması dövlətin təhlükəsizliyinin qorunması deməkdir. Fəaliyyətin bu istiqamətlərdə düzgün qurulması və daim təkmilləşdirilməsi, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə, habelə məqsədyönlü beynəlxalq əməkdaşlıq uğurların qarantıdır.
Beləliklə, ötən 15 ildə Azərbaycan Konstitusiyası dövlətimizin, ölkədə ildən-ilə dərinləşən islahatlar, dinamik iqtisadi inkişaf və xalqın rifahının yüksəlməsi yolunda mayak rolunu oynamışdır. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin əsasında hər zaman insan amili dururdu. Azərbaycanda bu gün də bu siyasət uğurla həyata keçirilir, hər şey insan üçün, hər şey Azərbaycan vətəndaşı üçündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını da məhz bu prinsip təşkil edir. Milli təhlükəsizlik orqanlarının əməkdaşları möhtərəm Prezident İlham Əliyevin vətəndaşın, cəmiyyətin və dövlətin qüdrətlənməsi, maraqlarının və mənafelərinin etibarlı təmin olunması istiqamətində bütün göstərişlərini bundan sonra da öz əməli fəaliyyətlərində rəhbər tutacaq, eləcə də hərbi qulluqçu kimi Ali Baş Komandanın hər bir əmrini dərhal və qüsursuz yerinə yetirməyə çalışacaqlar.
Bəxtiyar HACIYEV,
MTN-in Hüquqi Təminat
İdarəsinin rəisi, ədliyyə
polkovnik-leytenantı
Azərbaycan.- 2010.- 12 noyabr.- S. 4.