Azərbaycan və İraq arasında münasibətlərin yeni inkişaf mərhələsi başlanır

 

Noyabrın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov İraqın ticarət naziri Şəfaəddin Məhəmməd Əl-Safinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluq ifadə edən Oqtay Əsədov ölkələrimiz arasında əlaqələrin qədim tarixinin olduğunu bildirdi. Qeyd etdi ki, xalqlarımız arasında olan yüksək mədəni və tarixi əlaqələr münasibətlərin inkişafına öz töhfəsini verir.

Azərbaycan və İraq arasında siyasi münasibətlərin də yüksək səviyyədə olduğunu bildirən Milli Məclisin Sədri ölkəmizin beynəlxalq antiterror koalisiyasının üzvü olduğunu xatırlatdı: "Beynəlxalq antiterror koalisiyasının üzvü olan Azərbaycanın sülhməramlı qüvvələri İraqda xidmət göstərib".

Oqtay Əsədov onu da vurğuladı ki, İraqda bəzi terrorçu qüvvələrin törətdiyi aktları, bunun nəticəsində dinc vətəndaşların həlak olması Azərbaycan xalqını kədərləndirir. Terror dəhşətlərindən Azərbaycan xalqı xəbərdardır. Belə ki, Ermənistan tərəfindən əraziləri işğala məruz qalan Azərbaycan xalqına qarşı ermənilər müxtəlif terror aktları törədib, soyqırımı həyata keçirib. Milli Məclisin Sədri İraqda qanlı terror aktlarına tezliklə son qoyulacağına, bu ölkədə sabitliyin bərqərar olunacağına əminliyini bildirdi.

Oqtay Əsədov Azərbaycan və İraq arasında da ticarət əlaqələrinin mövcudluğuna diqqət çəkdi. Qeyd etdi ki, Azərbaycanla İraqın ticarət dövriyyəsinin həcmi 47 milyon dollar təşkil edir ki, bu da ölkələrin mövcud potensialını əks etdirmir. Milli Məclisin Sədri Şəfaəddin Məhəmməd Əl-Safinin ölkəmizə səfəri çərçivəsində imzalanan yeni sənədlərin bu sahədə əlaqələrin daha intensiv xarakter almasına xidmət edəcəyinə əminliyini bildirdi.

İki ölkə arasında mədəni əlaqələrə toxunan Oqtay Əsədov 2008-ci ildə İraq hökumətinin dəstəyi ilə Kərbala şəhərində böyük Azərbaycan ədibi Məhəmməd Füzuli festivalının keçirildiyini xatırlatdı. Qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin də mühüm rol oynadığını qeyd etdi: "Azərbaycan parlamentində İraq dostluq qrupu fəaliyyət göstərir. Noyabrın 7-də ölkəmizdə növbəti parlament seçkiləri keçirilib. Əminəm ki, parlamentin budəfəki tərkibində yenə də İraq dostluq qrupu fəaliyyət göstərəcək".

Səmimi görüş üçün təşəkkürünü bildirən İraqın ticarət naziri yüksək səviyyədə keçirilən parlament seçkilərinə və burada Yeni Azərbaycan Partiyasının təmsilçilərinin qazandığı qələbəyə görə öz təbriklərini çatdırdı. Azərbaycan sülhməramlı qüvvələrinin bir zaman İraqda xidmət göstərməsini yüksək qiymətləndirdiklərini vurğuladı. Şəfaəddin Məhəmməd Əl-Safi ölkələrimiz arasında digər sahələrdə də əlaqələrin intensiv inkişaf etdiyini söylədi.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2010.- 12 noyabr.- S. 5