Horadiz şəhərində Muğam Mərkəzi
açılmışdır
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev noyabrın 11-də Füzuli rayonuna səfəri çərçivəsində Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və mərkəzdə yaradılmış şəraitlə tanış oldu.
Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin milli musiqimizə qayğı və diqqətini əks etdirən fotostend vardır.
Dövlət başçısına məlumat verildi ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılmışdır. Üç hektar ərazisi olan mədəniyyət ocağı Prezident İlham Əliyevin göstərişi ilə inşa olunmuşdur. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və birbirinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılmışdır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxdılar.
İkinci və üçüncü mərtəbələrdə mühazirə və məşğələ otaqları vardır. Dövlət başçısı məşğələnin gedişini izlədi.
Mərkəzdəki 320 yerlik örtülü konsert zalı ilə tanışlıq zamanı bildirildi ki, zal müasir akustika sistemi və işıq effektləri ilə təchiz edilmişdir.
Prezident İlham Əliyev və xanımı zalda Füzuli rayonunun "Qarabağ" instrumental ansamblının və gənclərin ifasında "Qarabağ şikəstəsi"ni dinlədilər.
Mərkəzin 520 yerlik açıq yay zalı da vardır. Bina havalandırma, daimi su təchizatı, müasir işıqlandırma sistemləri və yüksək gərginlikli elektrik generatoru ilə təchiz olunmuşdur. Ətrafda geniş abadlıq işləri görülmüş, gecə saatlarında müxtəlif rəng çalarlarına malik işıq lampaları ilə təchiz edilmiş fəvvarə quraşdırılmış, yaşıllıq zolaqları salınmışdır. Mərkəzin həyətyanı sahəsi həm də əhalinin istirahəti üçün park kimi nəzərdə tutulmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.-13 noyabr.- S. 1.