Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş

 

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Horadiz Olimpiya İdman Kompleksinin açılışından sonra Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Dövlət başçısı görüşdə çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

 

- Əziz dostlar!

Əziz füzulililər, əziz bacılar və qardaşlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl, əlamətdar bir gündür. Füzuli rayonunda gözəl Olimpiya İdman Kompleksi açılır. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm.

Bilirsiniz ki, Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir. İdman Azərbaycanda artıq çox sürətlə inkişaf edibdir. Bizim idmançılar Azərbaycanın üçrəngli bayrağını beynəlxalq arenalarda yüksəklərə qaldırırlar. Dünya, Olimpiya çempionatlarında idmançılarımız Vətənimizi ləyaqətlə təmsil edirlər. Son illər ərzində idman sahəsində görülən işlər bizi çox sevindirir. Beynəlxalq idman ictimaiyyəti də uğurlarımızı qiymətləndirir. Azərbaycan artıq idman dövləti kimi özünü tanıtdıra bilmişdir. Həm idmançılarımızın uğurlu çıxışları, eyni zamanda, gənc nəslin yetişdirilməsi işləri Azərbaycanda çox sürətlə gedir. Təsadüfi deyil ki, gənclərimiz, yeniyetmələrimiz bu yaxınlarda keçirilmiş gənclər arasındakı birinci Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmişlər və dünya miqyasında 10-cu yeri tuta bilmişlər. Bu onu göstərir ki, bizdə idmanda ardıcıllıq var, gənc nəsil yetişir. Bunu etmək, əlbəttə ki, idmanla məşğul olmaq üçün şərait lazımdır. Bax belə gözəl olimpiya komplekslərinin tikintisi Azərbaycanda çox geniş vüsət almışdır. Mən çox şadam ki, bu gözəl, möhtəşəm olimpiya kompleksi Füzulidə tikilmişdir və bütün standartlara cavab verir. İdmanla məşğul olmaq üçün bütün şərait vardır. Əminəm ki, bu imkanlardan təkcə idmançılar deyil, eyni zamanda, rayon sakinləri də istifadə edəcəklər. Burada hər cür şərait yaradılıb. Əminəm ki, Azərbaycan gələcəkdə də idman sahəsində beynəlxalq Olimpiya hərəkatında öz sözünü deyəcək və idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər.

İdman sağlamlıq, sağlam həyat tərzi deməkdir. İdmanda qazanılan qələbələr insanların vətənpərvərlik hisslərini daha da gücləndirir. Biz gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etməliyik, onlar Vətən üçün işləməlidirlər, çalışmalıdırlar, Vətəni müdafiə etməlidirlər. Bugünkü gənclər bir neçə ildən sonra Azərbaycanın inkişafında fəal rol oynayacaqlar. Biz elə etməliyik ki, ölkəmizin inkişafı dayanıqlı, uzunmüddətli olsun, biz müstəqil dövlət kimi bundan sonrakı bütün dövrlərdə də həmişə yüksək səviyyədə olaq.

Bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Ölkəmizdə iqtisadi potensialın gücləndirilməsi, sosial məsələlərin həlli, infrastruktur layihələrinin uğurla icrası artıq reallıqdır. Biz buna daxili imkanlarımız hesabına nail ola bilmişik. Azərbaycanın beynəlxalq nüfuzu artır, bölgədəki rolumuz möhkəmlənir. Azərbaycan bu bölgədə bir neçə önəmli təşəbbüslərin müəllifidir və təşəbbüslərimiz reallaşır. Bu, ölkəmizi daha da gücləndirir. Azərbaycanda vətəndaş həmrəyliyi tam bərqərar olunubdur. Xalqla iqtidar arasında birlik mövcuddur. Bu amillər hər bir ölkənin inkişafı üçün əsas şərtlərdir. Nəzərə alsaq ki, Azərbaycanda siyasi sabitliklə bərabər dünya miqyasında ən sürətli iqtisadi inkişaf da müşahidə olunur, onda biz görərik ki, ölkəmizin inkişafı həqiqətən çoxşaxəlidir.

Bölgələrdə gedən işlər məni çox sevindirir. Bilirsiniz ki, bölgələrin inkişafına çox böyük diqqət göstərilir. Azərbaycan bölgələrin inkişafı ilə zənginləşəcəkdir. Biz çalışmalıyıq ki, bütün rayonlarda, qəsəbələrdə, kəndlərdə normal yaşayış üçün yaxşı şərait olsun, sosial məsələlər həllini tapsın, bütün infrastruktur layihələri icra edilsin. Son illər bölgələrdə aparılan işlər bizə bugünkü reallığı bəxş edir. Şəhərlərimiz gözəlləşir, abadlaşır, yollar, elektrik, qaz xətləri çəkilir, bütün infrastruktur yeniləşir. Bu, böyük vəsait tələb edən məsələlərdir. Ancaq biz bunu edirik və etməliyik ki, ölkəmizi hərtərəfli inkişaf etdirək.

Bu ilin yekunları, - baxmayaraq ki, il hələ başa çatmayıbdır, artıq yekunlardan söhbət etmək mümkündür, - göstərir ki, 2010-cu il də Azərbaycan üçün uğurlu olmuşdur, qarşıda duran bütün vəzifələr icra edilmişdir və biz gələcəyə də çox böyük nikbinliklə baxırıq. Bizim artıq güclü sənaye potensialımız, böyük maliyyə imkanlarımız vardır, iqtisadi inkişaf təmin edilibdir və ən önəmlisi, Azərbaycan xalqı öz taleyinin sahibidir. Siyasətimizi özümüz müəyyən edir, formalaşdırır və aparırıq. Azərbaycan bölgədə müstəqil siyasət aparan ölkələrdəndir. Bu siyasətin əsas mahiyyəti Azərbaycan xalqının milli maraqlarını təmin etməkdir. Biz bunu edirik və bundan sonra da edəcəyik.

Mən çox şadam ki, bu gün Füzuli rayonunda bir neçə gözəl tədbirdə iştirak edirəm. Buraya gəlməzdən əvvəl yeni, gözəl Muğam Mərkəzinin - muğam evinin açılışında iştirak etmişəm. Çox gözəl, möhtəşəm Muğam Mərkəzidir. Həm orada sinif otaqları, həm də gözəl konsert zalı, yay konsert zalı yaradılıbdır. Mən çox şadam ki, memarlığı ilə seçilən belə möhtəşəm və gözəl muğam evi məhz Füzulidə - Qarabağ torpağında fəaliyyətə başlayır.

Bu gün, eyni zamanda, Füzulidə tibb mərkəzinin açılışı gözlənilir. Bu da çox vacib obyektdir. Mənim təşəbbüsümlə tikilmişdir və istifadəyə veriləcəkdir. Yəni burada tibb məsələlərinin ən yüksək səviyyədə həll olunması üçün bütün şərait vardır. Artıq tibbi xidmət almaq üçün başqa yerə getməyə ehtiyac qalmır. Burada artıq ən müasir avadanlıq quraşdırılıb. Ümid edirəm ki, tibb mərkəzində çalışan həkimlər vətəndaşlara yaxşı xidmət göstərəcəklər.

Bu sahə də bizim üçün prioritet sahədir. Yəni, hər bölgədə idman kompleksləri, gözəl xəstəxanalar, diaqnostika mərkəzləri tikilir. Bu, insanların normal yaşaması üçün lazımdır. Məhz bu təqdirdə ölkə hərtərəfli inkişaf edə bilər. Əgər ölkənin təkcə bir şəhəri, paytaxtı inkişaf edirsə, bölgələr geridə qalırsa, o ölkənin böyük gələcəyi ola bilməz. Bizim siyasətimiz ondan ibarətdir ki, ilk növbədə, bölgələr qalxsın, canlansın, inkişaf etsin. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi məhz o məqsədi güdürdü. Biz qarşıya qoyduğumuz məsələlərə nail olduq - Azərbaycanda 900 min yeni iş yeri açılmışdır. Minlərlə yeni müəssisələr, fabriklər, zavodlar, sosial obyektlər, iki mindən artıq məktəb, yüzlərlə xəstəxana - bunlar bizim gördüyümüz işlərdir.

Müharibədən əziyyət çəkmiş bölgələrdə belə gözəl binaların, müəssisələrin yaradılması, əlbəttə ki, xüsusi məna daşıyır. Siz, burada yaşayan insanlar yaxşı bilirsiniz ki, buralar erməni işğalı altında idi. Füzuli rayonunun demək olar ki, hamısı işğal altına düşmüşdü. Amma Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Füzuli rayonunun müəyyən hissəsi işğalçılardan azad edilibdir. Burada bütün binalar dağıdılmışdı, yandırılmışdı. Bu binalar bərpa olundu. Minlərlə bina, sosial infrastruktur bərpa olundu, Horadiz qəsəbəsinə şəhər statusu verildi. Bu gün abadlıq işləri aparılır, gözəl müəssisələr, obyektlər açılır. Burada qazlaşdırma aparılır və mən göstəriş vermişəm ki, bu iş daha da sürətlə görülsün. Füzuli rayonunun qaz problemi maksimum dərəcədə öz həllini tapmalıdır.

Bu, onu göstərir ki, Azərbaycan istənilən məsələnin həlli üçün böyük imkanlara malikdir. Buralar hamısı dağıdılmışdı. Bu gün Horadiz gözəlləşir, abadlaşır, müasirləşir. Ermənistan şəhərləri ilə müqayisə aparsaq, şəhərlər arasında yerlə göy qədər fərq vardır. Yəni, bu, Azərbaycan xalqının gücünü göstərir. Bu, onu göstərir ki, biz bu gün hələ də işğal altında qalan torpaqlara qayıdandan sonra orada da mütləq belə gözəl şərait yaradacağıq. Orada da binalar, evlər tikiləcək, gözəl parklar salınacaqdır. O gün gələcək, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Azərbaycan son illər ərzində çox güclənibdir. Bunu həm düşmən, həm də dünya bilir. Onu da bilirik ki, bundan sonrakı illərdə biz daha da güclü dövlət quracağıq, daha da qüdrətli Azərbaycan quracağıq! Bizim iradəmiz, siyasətimiz, imkanlarımız və maliyyə mənbələrimiz vardır.

 Bir daha demək istəyirəm ki, Azərbaycanda milli vətəndaş həmrəyliyi vardır. Hamımız bir nöqtəyə vurmalıyıq və vururuq. Bizim üçün işğal edilmiş torpaqların azad olunmasından vacib məsələ yoxdur. Demək olar ki, ciddi məsələlərin arasında buna bənzər və ikinci belə məsələ yoxdur. Çünki biz bütün başqa sahələrdə istədiyimizə nail oluruq. İnsanların yaşayış səviyyəsi yüksəlir, sosial müdafiə güclənir, iqtisadiyyat artır.

Dağlıq Qarabağ məsələsinin həlli bizim üçün ən birinci, ən ümdə vəzifədir. Bütün gücümüzü səfərbər etmişik ki, bu məsələni həll edək, istənilən yolla həll edək. Əlbəttə, çox yaxşı olar ki, bunu sülh yolu ilə, müharibəsiz, dinc yolla həll edək. Ancaq əfsuslar olsun ki, hələ bu, mümkün deyildir. Çünki Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqların süni şəkildə uzadılması siyasəti, bax, bugünkü vəziyyətin dondurulmasına xidmət göstərir. Ancaq buna baxmayaraq, biz səylərimizi qoyacağıq, siyasətimizi gücləndirəcəyik. Onsuz da biz bu gün Ermənistanı bütün regional işlərdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Ermənistan daha da ağır iqtisadi və sosial vəziyyətə düşəcəkdir. Mənim buna şübhəm yoxdur. Əgər Ermənistana xaricdən maddi yardımlar göstərilməsəydi, artıq çoxdan o ölkədə iqtisadi və sosial şərait dözülməz vəziyyətə düşərdi.

Ancaq buna baxmayaraq, Azərbaycanın imkanları ilə Ermənistanın imkanlarını müqayisə etmək mümkün deyildir. Əgər müharibə dövründə, xüsusilə Ermənistana o vaxt göstərilmiş xarici dəstək nəticəsində demək olar ki, qüvvələr nisbəti bərabər idisə, artıq biz çoxdan bu qüvvələr nisbətini öz xeyrimizə dəyişdirə bilmişik. Getdikcə Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən, ordu quruculuğu baxımından daha da güclənəcək və biz istədiyimizə nail olacağıq. Biz heç vaxt indiki vəziyyətlə barışmayacağıq, ərazi bütövlüyümüzü istənilən yolla bərpa edəcəyik, öz şəhərlərimizi işğalçılardan təmizləyəcəyik və orada yeni həyat yaradacağıq. O gün gələcək və biz hamımız - bütün Azərbaycan xalqı, hər bir vətəndaş öz zəhməti ilə o günü yaxınlaşdırır və yaxınlaşdırmalıdır.

Əziz füzulililər, mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Mən birinci dəfə deyil ki, Füzulidə oluram. Hər dəfə burada olanda, yenilikləri görəndə çox sevinirəm. Əminəm ki, siz də bu fikirlərə şəriksiniz. Bir daha sizi təbrik edirəm, sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

 

* * *

 

Sonra karate üzrə dünya və Avropa çempionu Vüsal ƏLƏSGƏROV Füzuli rayonunun sakinləri adından dövlət başçısına minnətdarlığını bildirərək dedi:

 

- Möhtərəm cənab Prezident!

İcazə verin, düşmənlə üzbəüz dayanmış mərd və cəsur füzulililər adından Sizi salamlayım və Sizə "xoş gəlmisiniz!" deyim.

Rayonumuzun sakinləri, o cümlədən ölkəmizin 60-dan çox şəhər və rayonunda məskunlaşmış füzulililər sevinc içindədirlər. Bu gün biz ulu öndərin siyasi xəttinin layiqli davamçısı, xalqımızın qürur və şərəfi olan əziz Prezidentimizi qarşılayırıq. Sizin hər bir gəlişiniz sınağa çəkilmiş, var-dövləti talan edilmiş, əzizlərini itirmiş sakinlərimizə mənəvi dayaq və təsəllidir.

Cənab Prezident, ərazisinin 60 faizi düşmən tapdağı altında olan Füzuli rayonu düşmənlə üzbəüz durmasına baxmayaraq, Sizin diqqət və qayğınız nəticəsində tanınmaz dərəcədə dəyişmişdir. Qısa müddət ərzində rayonumuzda müasir tələblərə cavab verən yeni qəsəbələr salınmış, təhsil, səhiyyə, mədəniyyət obyektləri, inzibati binalar inşa edilmiş, yollar çəkilmişdir. Döyüş bölgəsində yerləşən Füzuli rayonu üçün bu qədər diqqət və qayğı onun tarixində görünməmiş bir hadisə olmaqla yanaşı, Sizin sabaha yönəlmiş siyasətinizin tərkib hissəsidir. Mənfur qonşumuzun hətta paytaxtında olmayan bu tikililər, yeni inşa edilən su elektrik stansiyası, Heydər Əliyev parkı və Mərkəzi, qoşunların təmas xəttindən belə görünən ulu öndərin möhtəşəm abidəsi bir ox olaraq onların ürəyinə batır, sakinlərimizi mərd, cəsur, qorxmaz olmağa ruhlandırır.

Biz çox yaxşı bilirik ki, Siz hər şeyi insanların, nəsillərin sağlam və mənəviyyatca zəngin böyüməsi naminə edirsiniz. Müqəddəs Qurban bayramı ərəfəsində doğma Füzulimizin bir parçasında ən müasir tələblərə cavab verən, möhtəşəmliyinə görə bir-birindən geri qalmayan Tibb Mərkəzinin, Muğam Mərkəzinin və Olimpiya İdman Kompleksinin açılışı bunun bariz nümunəsidir və bizim üçün böyük hədiyyədir. Bütün bunlar musiqimizin inkişafına, onun qorunub saxlanılmasına və gənc istedadların üzə çıxarılmasına, sakinlərimizin sağlam böyüməsinə xidmət edəcəkdir. Bu qayğınıza görə Sizə və hamımızın çox sevimlisi Mehriban xanıma bütün füzulililərin təşəkkürünü və ehtiramını çatdırıram.

Bir idmançı kimi onu da deməyi özümə borc bilirəm ki, idman ölkəsi kimi tanınan Azərbaycanımızın uğurlarında Füzuli idmançılarının da payı vardır. Onlar müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış etmiş, Azərbaycanın bayrağını yüksəklərə qaldırmışlar. Əminəm ki, bu kompleks güclü idmançılarla yanaşı, mərd, cəsur, qorxmaz, fiziki cəhətdən sağlam gənclərimizin yetişməsində əvəzsiz rol oynayacaqdır. Ərazisinin bir hissəsi düşmən tapdağı altında olan ölkəmizin buna ehtiyacı vardır. Bu yolda Avropa və dünya çempionu kimi əlimdən gələni əsirgəməyəcəyimə söz verirəm.

Cənab Prezident, Sizin gecəli-gündüzlü fəaliyyətiniz ona yönəlib ki, qan tökülmədən, ana-bacılarımızın gözü yaşlı qalmadan torpaqlarımızı danışıqlar yolu ilə geri qaytarasınız. Əgər düşmən bunu başa düşmürsə, biz nə etməliyik?!

Şəhidlərimizin nəşinin geri alınmasında və vida mərasimindəki çıxışınızda Vətən övladının Sizin üçün nə qədər əziz olduğunun bir daha şahidi olduq. Bu günlərdə Azərbaycan Respublikasının Milli qəhrəmanı Mübariz İbrahimov və "İgidliyə görə" medalı ilə təltif etdiyiniz şəhid, baş leytenant Fərid Əhmədovla vida mərasimində çıxışınız zamanı, cənab Prezident, kövrəldiniz. Bununla da bizim hamımızı, bütün Azərbaycan gəncliyini lərzəyə gətirdiniz. Hamımızı bir daha ayağa qaldırdınız. Mən güman etmirəm ki, elə bir azərbaycanlı tapılsın ki, o çıxışı sakit qarşılaya bilsin. Oğullar öz Vətənini, xalqını qorumaq üçündür. Bu yolda şəhidlik zirvəsi kimi bir əbədiyyət də vardır. Təki Vətən sağ olsun!

Ən böyük azərbaycanlı kimi Azərbaycanı sevmək nümunəsisiniz. Odur ki, biz Sizi və ölkəmizi çox sevirik, cənab Prezident. Düşmən tapdağı altında olan torpaqlarımız bizi gözləyir. Biz də Sizi, Sizin bir çağırışınızı gözləyirik. Təki Siz çağırış edin, cənab Prezident. Onda ətrafınızda yüz minlərlə Mübariz İbrahimovlar, Fərid Əhmədovlar görəcəksiniz. Siz və vətən uğrunda canlarından keçmiş şəhidlərimiz bizə özümüzə inam hissini qaytardınız. Bizi mərd, qorxmaz, cəsur olmağa ruhlandırdınız. Onların dəfni zamanı çağırışınıza hazır olan, qisas almaq eşqi ilə alışıb-yanan neçə-neçə gənclərimizi gördünüz. Bəli, cənab Ali Baş Komandan, bu, Sizə olan sevginin, inamın nəticəsidir. Biz inanırıq ki, Sizin rəhbərliyiniz altında torpaqlarımızın işğaldan azad olunacağı, sakinlərimizin ata-baba yurduna qayıdacağı gün uzaqda deyildir. Bunu bizdən qəbri işğal altında qalan babalarımızın ruhu tələb edir. Biz Sizin çağırışınızı gözləyirik.

Qurban bayramınız mübarək olsun, cənab Prezident. Ulu Tanrı Sizi qorusun! Çox sağ olun!

 

* * *

 

Daha sonra idmançıların nümunəvi çıxışları və incəsənət ustalarının konsert proqramı oldu.

 

 

Azərbaycan.- 2010.- 13 noyabr.- S. 1, 2.