Prezident İlham Əliyev Ağdam
rayonunda məcburi köçkün ailələri
üçün yeni qəsəbənin
açılış mərasimində iştirak etmişdir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 11-də Ağdam rayonunda məcburi köçkün ailələri üçün yeni qəsəbənin açılış mərasimində iştirak etmişdir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün inşa edilmiş yeni qəsəbə barədə məlumat verdi. Bildirildi ki, dövlət başçısının tapşırığı əsasında məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə salınan bu qəsəbə lazımi infrastrukturla təmin olunmuşdur. Ərazisi 70 hektar olan qəsəbədə inşa olunmuş evlərin ümumi sahəsi 37 min 187 kvadratmetrdir. Hər bir evin 6 sot torpaq sahəsi vardır. Qəsəbədə 1000 kilovatlıq transformator quraşdırılmış, elektrik hava xətləri çəkilmişdir. Qəsəbəyə 20 kilometr içməli su xətti, 34 kilometrə yaxın qaz xətti çəkilmiş, 4 qaztənzimləyici məntəqə quraşdırılmışdır. Burada müasir standartlara cavab verən yol infra- strukturu yaradılmışdır. Sahəsi 1,7 hektar olan park qəsəbə sakinlərinin əsl istirahət mərkəzinə çevriləcəkdir.
Qarabağ müharibəsi veteranı Oruc Cabbarov ailəsi ilə birlikdə yeni evinin qarşısında dövlət başçısını və xanımını qarşıladı.
Oruc CABBAROV: Cənab Prezident, xoş gəlmisiniz. Cənab Prezident, Sizi bizə hədiyyə etdiyiniz evə çay süfrəsinə dəvət edirik.
* * *
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva məcburi
köçkün Oruc Cabbarovun evində qonaq oldular.
Prezident İlham ƏLİYEV: Neçə kvadratmetrdir?
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV: Deməli, dörd otaq, ümumi sahəsi 85 kvadratmetrdir.
Prezident İlham ƏLİYEV: Yaxşıdır, bütün şərait vardır.
Oruc CABBAROV: Bəli, bəli.
Prezident İlham ƏLİYEV: Gözəl evdir, daş evdir.
Oruc CABBAROV: Allah razı
olsun.
Prezident İlham ƏLİYEV:
Bundan əvvəl hansı şəraitdə, harada
yaşayırdınız?
Oruc CABBAROV: Cənab Prezident,
18 ildir çox çətin şəraitdə fin qəsəbəsində
yaşayırdıq. Bu gün çox sevinirik.
Allah Sizdən razı olsun ki, bizə belə
şərait yaratmısınız. Özümüz
də evə girəndə gözlərimizə inanmadıq.
Çox sevindik, ailəmizin adından təşəkkür
edirik.
Prezident İlham ƏLİYEV:
Sağ olun. Mən çox şadam ki, bu evlər
çox keyfiyyətli tikilir. Böyük
proqramdır, bu, ancaq Ağdam rayonunda tikilən 17-ci qəsəbədir.
Başqa rayonlarda da bu işlər gedir. Elə etməliyik ki, işğaldan əziyyət
çəkən soydaşlarımız müvəqqəti də
olsa yaxşı şəraitlə təmin edilsinlər.
Siz özünüz hansı kənddənsiniz?
Oruc CABBAROV: Ağdamın Əhmədavar
kəndindən. Özümüz 1988-ci ildən
1996-cı ilədək döyüş bölgələrində
olmuşuq. Yaxşı şücaətlərimiz
olub, qəhrəmanlıq da göstərmişik. Ələlxüsus fevralın 25-dən 26-na keçən
gecə Xocalı soyqırımı ilə əlaqədar.
Oralar bizə yaxın olub, aramız 8-10 kilometr
idi. O vaxt biz orada yüzə yaxın insanı xilas
etmişik. Bu barədə dərsliklərdə
göstərilir.
Əli HƏSƏNOV:
Maraqlı tarixçəsi vardır, görürəm,
özü çətinlik çəkir. Fevralın
26-da Xocalı qırğını zamanı camaatı oradan
çıxarmaq lazım idi. Bunların
könüllü batalyonu gedib ora, o cümlədən bu,
özü də. İndi, kitablara da
düşüb. Bu, həmin adamdı,
qucağında uşaq Xocalıda. Həmin
şəxsdir, tarix dərsliyinə də salınıb.
Oruc CABBAROV: İngilis dili
kitablarında da verilir bu şəkillər,
qucağımızda uşaq.
Əli HƏSƏNOV:
İndi görürəm, çəkinirlər, dünən
qızları analarına deyiblər ki, doğrudan da bu evi bizə
veriblər? Sonra almazlar ki?!
Mehriban ƏLİYEVA: Bizi
qarşılayan sizin qızlarınız idi? İki
qızınız var?
QADIN: Bəli, iki qız, bir
oğul.
Prezident İlham ƏLİYEV:
Minlərlə belə evlər tikilib, son illər ərzində,
minlərlə. Əvvəlki dövrdə
camaatımız çadır şəhərciklərində,
yeraltı qazmalarda yaşayırdı. İndi
qəsəbələr, yollar, məktəblər tikmişik.
Böyük vəsait tələb olunur bu məqsədlər
üçün, amma etməliyik. Halbuki
hamımız bilirik ki, bu, necə deyərlər, müvəqqəti
ünvandır. Sizin kəndiniz
işğal altındadır. İşğal
altından çıxandan, biz o bölgələri azad edəndən
sonra orada da evlər tikəcəyik. Bütün
kəndləri bərpa edəcəyik. Bilirsiniz
ki, ermənilər Ağdam şəhərini darmadağın
ediblər. Orada bir dənə də salamat bina
qalmayıb! Bütün binalar
dağıdılıb, yerlə yeksan edilib. Ancaq biz oraya qayıdandan sonra bərpa edəcəyik,
daha da gözəl vəziyyətə gətirəcəyik.
Oruc CABBAROV: Allah o
günü bizə qismət eləsin. Cənab Prezident, Siz
Qarabağın alınması, xalqımızın ağ günə çıxması
üçün çox əziyyət çəkirsiniz, gecə-gündüz
çalışırsınız. Biz bunu
televizor ekranından müntəzəm izləyirik. Allah
bu işdə Sizə yar olsun, əziyyətiniz yerdə
qalmasın!
Prezident İlham ƏLİYEV:
Birinci mərhələdə əlbəttə ki, biz
insanları çadır şəhərciklərindən
köçürməli idik. O dözülməz vəziyyətdə
yaşamaq mümkün deyildi. Onu etdik.
İndi fin qəsəbələrini
yığışdırırıq, orada yaşayanlar
üçün belə qəsəbələr
salınır. Yəni, Sizdən sonra bu bölgələr
genişlənəcək, bizdə əhali artır. Bizdə demoqrafik vəziyyət Ermənistandan fərqli
olaraq müsbət istiqamətdə inkişaf edir. Yəni, bu evlərdə sizdən sonra vətəndaşlarımız
yaşayacaqlar. Burada bütün infrastruktur
yaradılıb - məktəb, tibb məntəqəsi, icma mərkəzi,
evlər. Təkcə bu qəsəbədə 700-ə qədər
ev tikilib.
Əli HƏSƏNOV: Bəli,
52 min nəfəri çadır şəhərciklərindən
çıxarmısınız, 52 mini çadırlarda
yaşamışdır. Axırıncı
çadır şəhərciyini 2007-ci ildə ləğv
etdiniz. 25 min də bunlar kimi fin qəsəbələrində
yaşayırdılar.
Prezident İlham ƏLİYEV:
Ağdam rayonunun ərazisində nə qədər əhali
vardır?
Ağdam Rayon İcra Hakimiyyətinin
başçısı Nizami SADIQOV: 90 minə qədər əhali
vardır. Hörmətli cənab Prezident, Sizin
tapşırığınızla buraya qaz çəkilişindən
sonra təkcə son bir ildə 20-25 minə qədər əhali
qayıdıb. Ötən qışda
artıq biz burada qazdan əməlli-başlı istifadə
etdik.
Prezident İlham ƏLİYEV:
Mən Dövlət Neft Şirkətinə göstəriş
vermişəm ki, bu bölgələrə, Ağdam-Füzuli
bölgəsinə xüsusi diqqət göstərilməlidir,
qazlaşdırma burada tezliklə getməlidir.
Əli HƏSƏNOV: Gedir. Sizin ən axırıncı gəldiyiniz qəsəbəyə
də artıq qaz çəkilib. O qəsəbələr
ki, açılışını etmişik, onların
hamısında qaz vardır.
Prezident İlham ƏLİYEV:
Bəs, başqa kəndlərdə?
Nizami SADIQOV: Demək olar ki,
90 faizi qazlaşdırılıb. Artıq evlərdə
işləyirlər. Hesab edirəm ki, bu
qışda hamısı qaz ilə təmin olunacaqdır.
Prezident İlham ƏLİYEV:
Yəni, vəzifə elə qoyulub ki, qısa müddət ərzində
- bu il, maksimum gələn ilin ortalarına
qədər Ağdam rayonunun bütün kəndləri qazla təmin
olunacaqdır.
Nizami SADIQOV: Rövnəq
müəllim özü gəlmişdir. Dedi ki, cənab
Prezidentin tapşırığını tezliklə başa
çatdırın.
Prezident İlham ƏLİYEV:
Bəli, göndərmişdim. Əlbəttə,
burada qazlaşdırma, idman kompleksi, xəstəxana, fermer təsərrüfatları,
bu qəsəbələr, əlbəttə, indi yaşamaq
üçün şərait yaradırıq. İndi Ağdam əhalisinin əksər hissəsi
artıq bu rayonda məskunlaşıbdır.
Əli HƏSƏNOV: 160
minin 90 mini buradadır. 90 minin 60 mini məcburi
köçkündür. Burada
işğal olunmayan kəndlər də vardır.
Oruc CABBAROV: Bəli, cənab
Prezident, Sizin sayənizdə bizim güclü ordumuz vardır.
Biz inanırıq ki, cənab Ali Baş Komandan nə
vaxt əmr verərsə, güclü ordumuz
torpaqlarımızı azad edəcəkdir. Ordumuz buna qadirdir. Biz veteranlar da,
Ağdam camaatı da, bütün Azərbaycan xalqı Vətənimizin
ərazi bütövlüyünü bərpa etməyə
hazırıq.
Prezident İlham ƏLİYEV:
Bəli, Azərbaycan xalqında vətənpərvərlik
ruhu çox yüksək səviyyədədir. Mən çox şadam ki, gənclərimiz də bu
ruhda tərbiyə alırlar. Biz də
çalışırıq ki, gənclərimiz vətənpərvər
olsunlar, öz torpağına, xalqına, mədəniyyətimizə,
keçmişimizə, mədəni irsimizə bağlı
olsunlar. O ki qaldı veteranlara, bilirəm ki, siz hər an döyüş bölgəsinə getməyə
hazırsınız. Amma əminəm ki, buna ehtiyac
olmayacaqdır. Ordumuzun bütün
imkanları var ki, qısa müddət ərzində ərazi
bütövlüyümüzü bərpa edək. Ondan sonra biz Ağdam şəhərini yenidən
quracağıq.
* * *
Prezident
İlham Əliyevə Qarabağ cinsindən olan at hədiyyə
edildi.
Baş nazirin
müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov
bildirdi ki, Ağdam atçılıq sovxozu 1948-ci ildə
yaradılıb. İndi burada 500-dək at vardır. Çar Rusiyası dövründə orduda 9 min
Qarabağ atı olub.
Dövlət
başçısı və xanımı burada
tanınmış ağdamlı muğam ustaları ilə
görüşüb söhbət etdilər.
Xalq artisti Mənsum İBRAHİMOV dedi:
- Cənab Prezident, mən bu
fürsətdən istifadə edib Sizə dərin təşəkkürümü
bildirmək istəyirəm. Məni dövlətimizin ali mükafatı - "Şöhrət"
ordeni ilə təltif etmisiniz. Təbii ki, bu, təkcə
mənə yox, bütün muğam sahəsinə, muğam
ifaçılarına verilən mükafatdır. Mən hamımızın adından təşəkkür
edirəm.
Ulu öndərimizin
qoyduğu yol Sizin sayənizdə çox ləyaqətlə,
çox uğurla davam etdirilir. Mən Sizin icazənizlə
Mehriban xanıma təşəkkür etmək istəyirəm.
Muğamımızın bu gün dünyada
tanınmasında Mehriban xanımın çox böyük əməyi,
zəhməti vardır. Həmişə
bizlərə xüsusi diqqəti və qayğısı
vardır. Bütün Qarabağ camaatı
adından, eyni zamanda, sənət adamları adından Sizə
dərin təşəkkürlərimi bildirmək istəyirəm.
Sizi əmin edirəm ki, bundan sonra da biz
bütün səy və bacarığımızı
muğamımızın inkişafına sərf edəcəyik.
Prezident İlham ƏLİYEV:
Bir daha yubiley münasibətilə təbrik edirəm.
* * *
Gənc yerli
muğam ustaları da məharətlərini nümayiş
etdirdilər.
Azərbaycan muğamının təkrarolunmazlığını
və xalqımızın qan yaddaşında dərin iz
buraxdığı həqiqətini uşaqların
heyranlıq doğuran ifaları bir daha təsdiq etdi.
Sonra dövlət
başçısı qəsəbə sakinləri ilə
görüşdü.
Prezident İlham ƏLİYEV qəsəbədə yeni
mənzil almış məcburi köçkünləri təbrik
edərək dedi:
- Əziz dostlar, əziz
bacılar və qardaşlar!
Mən sizin
hamınızı ürəkdən salamlayıram. Bu yeni, gözəl
qəsəbənin açılışı münasibətilə
sizi ürəkdən təbrik edirəm. Gözəl
qəsəbədə müvəqqəti olaraq əziz
soydaşlarımız yaşayacaqlar. Burada bütün
şərait yaradılıb, 700-ə qədər yeni, gözəl
ev tikilib. Bu gözəl məktəb,
tibb məntəqəsi, icma mərkəzi, bir sözlə,
yaşamaq üçün burada bütün şərait
yaradılıb. Bu, birinci belə qəsəbə
deyildir, artıq 17-ci qəsəbədir. Mən
çox şadam ki, Ağdam əhalisinin əksəriyyəti
artıq Ağdam rayonunun ərazisində məskunlaşıbdır
və yaşayır. Əminəm ki, burada
növbəti illərdə yaradılacaq şəraitin
hesabına daha da böyük sayda ağdamlılar doğma
rayonuna gələcəklər. İndi
rayonda abadlıq-quruculuq işləri aparılır. Böyük qazlaşdırma proqramı icra edilir,
infrastruktur yaradılır. Bu gün
Ağdam rayon xəstəxanasında oldum. Əvvəlki
səfərlərdə Olimpiya Kompleksinin, stadionun
açılışını qeyd etmişdik. Yəni, biz çalışırıq ki, Ağdam
rayonunun bu ərazisində ən müasir şərait
yaradılsın.
Məcburi
köçkünlərin və qaçqınların
yaşayış problemlərinin həlli üçün Azərbaycan
dövləti çox işlər görür, böyük vəsait
ayrılıbdır. Bütün bu işləri Azərbaycan
Dövlət Neft Fondunun hesabına görə bilmişik.
Təkcə Ağdamda deyil, bütün
başqa bölgələrdə müasir qəsəbələr
salınır, hündürmərtəbəli evlər tikilir.
Dünən Yevlax rayonunda beşmərtəbəli
10 evin açılışında iştirak etmişəm.
Yəni, iki gündə 1300 ailə müasir evlərlə,
mənzillərlə təmin edilibdir. Biz
bundan əvvəlki dövrdə də bu işləri
görmüşük. Görülən
bu işlərin hesabına 90 minə qədər məcburi
köçkün yeni evlə təmin olunubdur. Artıq üç ildir ki, Azərbaycanda
çadır şəhərcikləri yoxdur. Biz onları aradan qaldırdıq. Onların əvəzinə belə gözəl,
yaraşıqlı evlər tikdik.
Bizim
proqramımızda növbəti illərdə daha da
böyük işlərin görülməsi nəzərdə
tutulur. Hələ ki, fin evlərdə, məktəblərdə,
hərbi hissələrin ərazilərində, yataqxanalarda məskunlaşan
vətəndaşlarımızı da belə gözəl
şəraitlə təmin edəcəyik. Ancaq mən həmişə vurğulayıram, bu
gün də demək istəyirəm ki, bu, müvəqqəti
yaşayış məskənidir. Ağdam
şəhəri, başqa kəndlər, bu gün
işğal altında qalan kəndlər azad olunandan sonra biz
orada da böyük işlər görəcəyik. Ağdam şəhərini yenidən
quracağıq. Orada daha da gözəl,
yaraşıqlı binalar tikəcəyik.
Burada -
Ağdam, Füzuli rayonlarında, Horadiz şəhərində,
- hansı ki, vaxtilə ermənilər tərəfindən
işğal edilmişdir və Azərbaycan Ordusu tərəfindən
1994-cü ildə azad olunmuşdur, - görülən bərpa-yenidənqurma
işləri açıq-aydın göstərir ki, biz istənilən
məsələnin həlli üçün bütün
gücümüzü səfərbər edəcəyik. Necə ki, biz
Horadizi bərpa etdik və orada gözəl şərait
yaratdıq, eləcə də bu gün hələ də
işğal altında qalan bütün başqa ərazilərdə
yenidənqurma, bərpa işlərini aparacağıq. O
cümlədən Ağdam şəhərini yenidən
quracağıq. Çünki hələ 2005-ci
ildə bizim təşəbbüsümüzlə ATƏT-in
faktaraşdırıcı missiyası işğal edilmiş
bölgələrə ezam olunarkən orada gördüklərini
sonra öz hesabatında əks etdirdi və o fotoşəkillər,
videomateriallar göstərir ki, ermənilər Ağdamı nə
günə salıblar.
Bu yaxınlarda yenə də bizim təşəbbüsümüzlə
ATƏT-in qiymətləndirmə missiyası işğal
edilmiş bölgələrdə, o cümlədən
Ağdam şəhərində olmuş, ermənilərin vəhşiliklərini
bir daha öz gözləri ilə görmüşdür. Ağdamda bir dənə də salamat bina
qalmamışdır. Bütün binalar
dağıdılıb, sökülüb. Binalardan bütün əşyalar erməni
talançıları, erməni oğruları tərəfindən
aparılıb, talan edilibdir. Ona görə
biz o bölgələrə, Ağdama qayıdandan sonra yenidən
o gözəl tarixi şəhərimizi bərpa edəcəyik.
Bizim buna gücümüz, iradəmiz
çatacaqdır. Mən ümid edirəm
ki, biz Ağdamı və bu gün işğal altında qalan
başqa şəhərlərimizi qısa müddət ərzində
tam bərpa edəcəyik.
Bizim işimiz
haqq işidir.
Biz öz ərazi
bütövlüyümüzü bərpa edəcəyik.
Ərazi bütövlüyümüz
bütün dünya tərəfindən tanınır. Azərbaycan müstəqilliyə qovuşanda, Birləşmiş
Millətlər Təşkilatına üzv olanda ölkəmizin
ərazi bütövlüyü hələ o vaxt
tanınmışdır. Bu gün
dünyada elə ölkə yoxdur ki, Azərbaycanın ərazi
bütövlüyünü tanımasın. Bu, çox vacib məsələdir. Bəzən bizə belə gələ bilər ki,
beynəlxalq hüquq normaları tərəfimizdə
olduğu halda, məsələ həllini tapmır. Bu, həqiqətdir. Bu, bizi
çox üzür və incidir. Ancaq beynəlxalq
hüquq hər bir məsələnin ədalətli və
qanun çərçivəsində həll olunması
üçün başlıca şərtdir. Dünya birliyi beynəlxalq hüququn əsasında
yaşayır. Ona görə beynəxalq təşkilatların
qərarları, qətnamələri, mövqeyimizi gücləndirən
bu qərarlar bu gün reallığa çevrilməsə də,
öz əhəmiyyətini itirmir. Biz
çalışırıq ki, Qarabağ məsələsinə
beynəlxalq diqqət daha da güclənsin. Yəni, bu məsələ dünya gündəliyindən
düşməsin, yaddaşdan silinməsin, beynəlxalq təşkilatlar
daim bu məsələni öz gündəliyində
saxlasınlar. Diplomatik və siyasi səylərimiz buna
yönəldilib və buna nail ola
bilmişik.
Bu gün
dünyanın aparıcı beynəlxalq təşkilatları
Azərbaycanın haqq işini öz qərarları, qətnamələri
ilə təsdiqləyirlər. Birləşmiş Millətlər Təşkilatı,
İslam Konfransı Təşkilatı, Avropa Şurası, ATƏT,
Avropa Parlamenti - yəni bunlar dünyanın aparıcı təşkilatlarıdır
və Azərbaycanın mövqeyi bu təşkilatların qətnamələrində
əks olunur və beynəlxalq hüquqa istinad edilir.
Biz bu səylərimizi
davam etdirəcəyik ki, siyasi-hüquqi və diplomatik əsaslar
daha da möhkəm olsun. Bununla bərabər, biz Azərbaycanda
aparılan uğurlu siyasəti davam etdirəcəyik, iqtisadi
gücümüzü artıracağıq. İqtisadi güc olmasa, bu qəsəbələrin
tikilməsi mümkün olmazdı. Biz
müharibədən sonra ilkin mərhələdə bəzi
işləri xarici yardımın hesabına görə
bilmişik. Ancaq sonra o yardım dayandı.
Beynəlxalq təşkilatların, donor təşkilatlarının
da fəaliyyətində müəyyən çərçivələr
vardır. Onlar tərəfindən
uzunmüddətli yardım göstərmək mümkün
deyildir. Əgər bizdə güclü
iqtisadi potensial yaradılmasaydı, qısa müddət ərzində
bu işləri görə bilməzdik. Nəinki
bu işləri görməklə, həm də Azərbaycanı
gücləndirməklə artıq həm
danışıqlar prosesində, həm bölgədə gedən
proseslərdə vəziyyəti köklü şəkildə
öz xeyrimizə dəyişdirə bilmişik.
Bu gün Azərbaycan
böyük hörmətə malik olan, öz siyasətini
özü müəyyən edən, iqtisadi, siyasi cəhətdən
tam müstəqil ölkədir. Heç kimdən
asılı deyildir. Belə olan halda biz
daha da çevik və sərbəst siyasət aparmağa
qadirik. Bu reallıqları biz
yaratmışıq. Bu gün
özünü guya qalib kimi təqdim etməyə
çalışan Ermənistan Azərbaycandan bütün
parametrlər üzrə 5-10 dəfə geridə qalıbdır.
Nədir bu dırnaqarası qələbənin
mənası?! Əgər erməni
xalqı səfalət içində yaşayır, orada
heç bir iqtisadi perspektivlər yoxdur. Xarici ianələr,
xarici dəstək, kreditlər,- onlar
yalvara-yalvara gətirirlər ölkələrinə, -
olmasaydı, bu gün ümumiyyətlə, Ermənistan
çox acınacaqlı vəziyyətə düşə
bilərdi. Ancaq Azərbaycan öz hesabına
yaşayır. Ermənistandan fərqli
olaraq, bizdə əhali, iqtisadiyyat, hərbi güc artır.
Bu gün Azərbaycan Ordusu Ermənistan ordusundan
qat-qat üstündür. Bunu biz bilirik.
Ermənilər nə qədər deyirlər
desinlər, onun mənası yoxdur. Əgər
1992-1993-cü illərdə xarici dəstək olmasaydı,
onlar torpaqlarımızı işğal edə bilərdimi?
Əlbəttə ki, yox. Biz
bu tarixi yaxşı bilirik. Siz -
işğaldan əziyyət çəkən insanlar
yaxşı bilirsiniz ki, torpaqlarımız necə
işğal olunubdur. Bir tərəfdən
Azərbaycanın yarıtmaz rəhbərliyi, hakimiyyət
uğrunda gedən mübarizə, daxili çəkişmələr,
digər tərəfdən ermənilərə xaricdən
verilən maddi və hərbi dəstək nəticəsində
torpaqlarımız işğal altına
düşübdür. Bugünkü Azərbaycanın
torpağını kimsə işğal edə bilərmi?
Heç vaxt! Əgər o vaxt Azərbaycanın
başında ulu öndər Heydər Əliyev olsaydı, Azərbaycan
torpaqları heç vaxt işğal altına düşə
bilməzdi. O tarixi vaxt itirilmişdir. Azərbaycanda
hərc-mərclik, xaos, anarxiya, böhran, xaricdən olan
müdaxilələr, yerli icra orqanlarının iflic vəziyyətə
düşməsi, siyasi hakimiyyətin xəyanəti,
qorxaqlığı - yəni, bütün bunlar bu vəziyyətə
gətirib çıxarmışdır.
Ancaq bu gün
vəziyyət tam başqadır. Bu gün Azərbaycan
bölgədə istənilən məsələni həll edə
bilər. Bizim razılığımız
olmadan bölgədə heç bir ciddi məsələ
öz həllini tapa bilməz.
O ki qaldı hərbi
potensiala, mən bunu heç vaxt danmamışam. Bu gün də açıq demək istəyirəm
ki, biz ordu quruculuğu işlərimizi davam etdirəcəyik.
Biz artıq peşəkar, mübariz ordu
yaratmışıq, böyük sayda silah-sursat
almışıq. İstənilən anda
ordumuz öz sözünü deyəcəkdir. Biz istəmirik ki, müharibə olsun. Heç kim istəmir ki, müharibə olsun. Ancaq biz bu vəziyyətlə də heç vaxt
barışmayacağıq. Ermənistan
bilir və bilməlidir ki, səbrimizin də hüdudları
vardır. Səbrimiz tükənməz
deyildir.
Ancaq Ermənistanın
hərəkətləri onu göstərir ki, bu ölkə
sülh istəmir. Sülh istəyən ölkə bəyan
etməz ki, onlar Ağdamın adını dəyişdirirlər.
Birincisi, bu, tamamilə mənasızdır.
Ağdamın adını heç kim dəyişdirə
bilməz. Bugünkü Ermənistan şəhərlərinin
hamısı vaxtilə Azərbaycan adlarını
daşıyıblar. Sonra onların
adları dəyişdirildi, erməniləşdirildi. İrəvandan tutmuş Göyçə
gölünə qədər, Zəngəzur, Cəlaloğlu
- bütün bu şəhərlərin adları Azərbaycan
xalqı ilə bağlıdır. Ermənilər
bizim ərazimizə köçürülmüşlər,
bunu biz yaxşı bilirik. Ondan sonra o
bölgələr erməniləşdirildi və bu gün
Ağdamın adını dəyişdirmək istəyirlər.
Bir daha demək istəyirəm ki, sülh istəyən
tərəf belə çirkin işlərlə heç vaxt
məşğul olmaz. Bir də ki, bu,
tamamilə mənasız işlərdir. Vaxtilə
onlar Laçın, Kəlbəcər rayonlarının
adlarını dəyişdirməyə cəhd etmişdilər.
Kim onu qəbul etdi? Özlərindən
başqa heç kim. Özləri
də heç vaxt nə Laçını, nə Kəlbəcəri
o qondarma adlarla çağırmırlar. Bizim
danışıqlar prosesində o qondarma adlar yoxdur. Müzakirə olunan sənədlərdə, ermənilərin
müzakirə etdiyi sənədlərdə Kəlbəcər,
Laçın rayonları öz adları ilə göstərilir.
Sadəcə olaraq, bu çirkin əməllər
ermənilərin xislətini bir daha göstərir. Onu göstərir ki, onlar burada, Cənubi Qafqazda
öz qonşuları ilə normal münasibətlərdə
yaşamaq istəmirlər. Onlar
işğalçı siyasətini davam etdirmək, indiki vəziyyəti
saxlamaq istəyirlər. Ancaq onlar özlərinə
sual verməlidirlər ki, buna onların gücü
çatacaqmı? Çatmayacaq! Azərbaycan
artıq 1990-cı illərin əvvəlindəki Azərbaycan
deyildir, nə əhali, nə güc və nə də iradə
baxımından.
Mən
heç şübhə etmirəm ki, biz ərazi
bütövlüyümüzü bərpa edəcəyik, vətəndaşlarımızı
doğma dədə-baba torpaqlarına qaytaracağıq. O torpaqlarda yeni həyat
başlanacaq, şəhərlər bərpa olunacaqdır. O
bölgələr, bu gün işğal altında qalan
torpaqlar, bax, ölkəmizin başqa bölgələri kimi
çiçəklənəcəkdir. Mən
buna əminəm, buna şübhə etmirəm və
hamımız işimizlə o günü
yaxınlaşdırmalıyıq. Ancaq biz
hələ ki, köçkün həyatını yaşayan
insanların vəziyyətini
yaxşılaşdırırıq,
yaxşılaşdıracağıq. Bu qəsəbə
bu siyasətin nəticəsidir, onun əlamətidir. Bir daha sizi ürəkdən salamlayıram. Doğma Qarabağ torpağında olmağımdan
çox məmnunam, sizə cansağlığı, xoşbəxtlik
arzulayıram.
* * *
Ağdam sakini Qədulla SƏFƏROV məcburi
köçkünlərə göstərilən diqqət və
qayğıya görə dövlət
başçısına minnətdarlıq edərək dedi:
- Möhtərəm cənab
Prezident, Qarabağın ən gözəl guşələrindən
biri olan Ağdam rayonuna xoş gəlmisiniz. Siz həmişəki
kimi, yenə də öz gözəl ənənənizi davam
etdirirsiniz. Müqəddəs Qurban
bayramı ərəfəsində Siz dünən Yevlaxda, bu
gün isə Ağdamda köçkün qəsəbələrinin
açılışında iştirak edirsiniz. Bu qəsəbə Ağdam rayonu ərazisində
17-ci qəsəbədir.
Bildiyiniz kimi, Ağdam ərazisinin
77,4 faizi işğal altındadır. Əlimizdə olan ərazidə 90 mindən çox
əhali yaşayır. Bu 90 mindən
çox əhalinin 25 minə yaxını elə son
ilyarım ərzində rayon ərazisinə qayıdıb.
Cənab Prezident, Sizin tapşırığınızla,
göstərişinizlə rayonumuzun ərazisində də
geniş işlər aparılır. Təhsil, səhiyyə,
mədəniyyət, rabitə, nəqliyyat və digər sahələrdə
böyük quruculuq işləri görülür. Rayon qazlaşdırılır. Hazırda lap təmas
xəttində - düşmənlə üzbəüz yerdəki
evlərə, kəndlərə qaz çəkilib.
Mən müəlliməm. Öz həyatımı
gənc nəslin təlim-tərbiyəsinə həsr
etmişəm. Azərbaycanda təhsilin
uğurları, nailiyyətləri göz
qabağındadır. Bunu bütün
xalqımız bilir. Bunu xüsusi qeyd edirəm
ki, Azərbaycan təhsilinin bu səviyyəyə gəlib
çatmasında hamımızın sevimlisi, həmişə
sizinlə çiyin-çiyinə addımlayan Mehriban
xanımın çox böyük xidmətləri vardır.
Buna görə biz ona dərin minnətdarlığımızı
bildiririk.
Mən ürəyimdə
olan bir fikri bu gün ifadə etməyə bilmərəm. Bu gün Sizin gəlişinizi
də gördüm, bizim Qarabağın istedadlarını, o
uşaqları, "Qarabağ şikəstəsi"ni, bizim o Şərq
üçlüyünü, Azərbaycan
üçlüyünü, Qarabağ
üçlüyünü dinlədiyinizi də. Mehriban xanım Qarabağın muğamını
Qarabağa qaytardı, Azərbaycana qaytardı.
Cənab Prezident, Sizin bu
gün buradakı çıxışınız bizə həddən
artıq böyük ürək-dirək verdi.
Sizin düşmənə bir qarış da olsun Azərbaycan
torpağını güzəştə getməmək barədə
qətiyyətli mövqeyinizi təqdir edirik, bu, ürəyimizdəndir. Cənab Prezident, Siz necə
deyərlər, çox böyük zəhmət, gərgin
işləmək hesabına Azərbaycanın Mübariz və
Fərid kimi iki qəhrəman övladını bu günlərdə
torpağımıza, Vətənimizə qaytardınız. Bu, dəmir iradə, böyük siyasi iradə tələb
edirdi. Bu, qeyrət tələb edirdi.
Siz Azərbaycan xalqının qeyrətli
övladısınız. Azərbaycanın
qeyrətli Prezidentisiniz.
Cənab Prezident, bu gün bu
qəsəbə istifadəyə verilir, insanlar buraya
yığışırlar, köçürlər. Bu, böyük qayıdışın ilk
addımlarıdır. Amma bu, hələ
Ağdam deyildir. Biz Sizə inanırıq.
Biz Sizə o çıxan Günəşə,
doğan Günəşə inandığımız kimi
inanırıq. Biz inanırıq ki, Siz
bizi qələbədən qələbəyə, zəfərdən
zəfərə aparacaqsınız. Siz
bizi Ağdama, Şuşaya, Laçına aparacaqsınız.
Cənab Prezident, bu gün
buraya bu qədər insan yığışıb və bu
gün mavi ekranda, efirdə də bu tədbirə
xalqımız, camaatımız baxacaqdır. Nə
qədər insan sevinəcəkdir. Siz nə
qədər insanı sevindirdiniz bu gün. Tanrı həmişə Sizi sevindirsin. Cənab
Prezident, Mehriban xanım, sizə, övladlarınızla, nəvələrinizlə
birgə uzun ömür, cansağlığı, xoşbəxtlik,
uğurlar arzulayıram.
* * *
Sonra Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva 440
şagird yeri olan 18 nömrəli Ağdam rayon orta məktəbinin
açılışında iştirak etmişlər.
Dövlət
başçısı açılışı bildirən
lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Prezident
İlham Əliyevə qəsəbənin baş planı
nümayiş etdirildi.
Məlumat
verildi ki, ikimərtəbəli məktəb binası
müasir üslubda inşa olunmuşdur. Birinci mərtəbədə
Ağdam rayonu ərazisində tapılmış tarixi arxeoloji
eksponatlardan ibarət sərgi vardır. Məktəbin
birinci mərtəbəsində sinif otaqları ilə
yanaşı, yeməkxana, fizika və riyaziyyat kabinetləri
yerləşir. Kitabxanada isə klassik və
müasir Azərbaycan, habelə dünya ədəbiyyatı
nümunələri toplanmışdır.
Məktəbin
ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev
və Prezident İlham Əliyevin təhsilə diqqət və
qayğısını əks etdirən fotoguşələr
yaradılmışdır. Burada akt zalı, fizika
və biologiya kabinetləri təşkil olunmuşdur. Məktəbdə Heydər Əliyev Fondunun təhsillə
bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən
bəhs edən guşə də vardır. Tarix, Azərbaycan dili və gənclərin
çağırışqabağı
hazırlığı, kompüter otaqları, fənn kabinələri
və laboratoriya ən müasir tədris avadanlığı
ilə təchiz edilmişdir.
İdman
zalında isə basketbol, güləş və voleybol məşğələləri
keçiriləcəkdir. Prezident İlham Əliyev
burada gənc idmançıların nümunəvi
çıxışlarını izlədi.
Dövlət
başçısına məlumat verildi ki, qəsəbənin
ərazisində inşa olunmuş 50 yerlik uşaq
bağçasında geniş və işıqlı otaqlar,
müxtəlif oyun zalları, məktəbəqədər
hazırlıq şöbəsi vardır.
Qəsəbənin
mərkəzində ayrıca inzibati bina da vardır və
müxtəlif yığıncaqların keçirilməsi
üçün 152 yerlik iclas zalı olan klub-icma mərkəzi
inşa edilmişdir.
Məktəblə
tanışlıqdan sonra xatirə şəkilləri çəkdirildi.
Bununla da,
Prezident İlham Əliyevin Ağdam rayonuna səfəri
başa çatdı.
AzərTAc
Azərbaycan.- 2010.- 13 noyabr.- S. 3, 4.