Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri 132-134 nömrəli təhsil kompleksində olmuşdur

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəvəti ilə Küveytin Qadın Məsələləri üzrə Dövlət Komitəsinin sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savahın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.

AzərTAc xəbər verir ki, noyabrın 12-də nümayəndə heyəti Bakının müasir standartlara uyğun yenidən qurulmuş 132-134 nömrəli təhsil kompleksində və uşaq bağçasında olmuşdur.

Təhsil kompleksinin direktoru Sara Xanlarova bildirmişdir ki, Prezident İlham Əliyevin sərəncamına əsasən burada yenidənqurma işləri aparılmışdır.

Təhsil ocağının tarixi barədə məlumat verən S.Xanlarova demişdir ki, bu qocaman məktəbin məzunları sırasında XX əsrin görkəmli şərqşünas alimi, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva, akademik Nailə Vəlixanlı, əməkdar memar Ofeliya Babayeva və Azərbaycan elminin inkişafında xidmətləri olan digər tanınmış şəxslər vardır.

Nümayəndə heyətinin üzvləri təhsil kompleksində yaradılmış Heydər Əliyev muzeyi ilə tanış olmuşlar. Burada ümummilli lider haqqında müxtəlif nəşrlər toplanmışdır. Qonaqlar bilik ocağının Tarix muzeyinə də baxmışlar. Təhsil kompleksi nəzdində uşaq bağçası fəaliyyət göstərir. Balacaların zövqünə uyğun qurulmuş ikimərtəbəli məktəbəqədər tərbiyə müəssisəsində uşaqlara qayğı göstərilir. Burada hovuz, yeməkxana, yataqoyun otaqları da mövcuddur. Şeyxə Lətifə Əl-Fəhəd Əl-Savah məktəbin "Xatirə kitabı"na ürək sözlərini yazmışdır.

Sonra küveytli qonaqlar 1 nömrəli uşaq evi ilə də tanış olmuş, uşaqların iştirakı ilə Xocalı faciəsini əks etdirən kompozisiyaya baxmışlar.

 

 

Azərbaycan.- 2010.- 13 noyabr.- S. 6.