Azərbaycanda demokratiya, hüquqi dövlət quruculuğu və insan hüquqlarının
təmin edilməsi sahəsində böyük
addımlar atılmışdır
Azərbaycanda demokratiya, hüquqi dövlət quruculuğu və insan hüquqlarının
təmin edilməsi sahəsində böyük
addımlar atılmışdır.
AzərTAc xəbər verir
ki, bu fikir
noyabrın 12-də Bakıda
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi,
Hüquqşünaslar Konfederasiyası,
Avropa Şurası Venesiya Komissiyası və Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyətinin (GTZ) birgə
təşkilatçılığı ilə keçirilən
"İnsan hüquq
və azadlıqlarının
müdafiəsinin Konstitusiya
mexanizmləri" mövzusunda
beynəlxalq konfransda səslənmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının
15 illiyinə həsr olunmuş tədbirdə dövlət və hökumət qurumlarının
rəsmiləri, Avropa
İnsan Hüquqları
Məhkəməsinin, o
cümlədən Türkiyə,
Ukrayna, Rusiya, Gürcüstan, Almaniya, Avstriya, Qazaxıstan və Moldova Konstitusiya nəzarəti orqanlarının sədrləri və nümayəndələri,
Beynəlxalq Hüquqşünaslar
Birliyinin rəhbərliyi,
ekspert və nümayəndələri, eləcə
də Azərbaycan Hüquqşünaslar Konfederasiyasının,
Avropa Şurası Venesiya Komissiyasının
və Almaniya Texniki Əməkdaşlıq
Cəmiyyətinin üzvləri
iştirak etmişlər.
Konfransı açan Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev bildirmişdir ki, bu gün
Azərbaycanın ictimai-siyasi
həyatında əlamətdar
bir hadisə - Azərbaycan Respublikasının
ilk demokratik Konstitusiyasının 15 illik
yubileyi qeyd edilir. Dövlətin Əsas Qanununun qəbul edilməsi Azərbaycan dövlətçiliyinin
yeni, müstəqil inkişaf mərhələsinə
qədəm qoymasına
keçidini şərtləndirmişdir.
Bu Konstitusiyanın yaradılması və referendum yolu ilə qəbul edilməsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə aparılan gərgin işlərin nəticəsində mümkün
olmuşdur.
Qeyd edilmişdir ki, ötən 15 il Azərbaycanın yeni tarixində xüsusi yer tutur. Həmin müddətdə ölkə
demokratik dövlət
quruculuğu sahəsində,
iqtisadiyyatın və
sosial-siyasi həyatın
inkişafında taleyüklü
dəyişikliklərə nail olunmuşdur. Konstitusiyanın qəbul edilməsi
müasir, dünyəvi
dövlət və vətəndaş cəmiyyəti
tələblərinə cavab
verən dövlət
sisteminin formalaşmasında
və möhkəm hüquqi bazanın yaradılması sahəsində
mühüm addım olmuşdur. Əsas Qanun dövlətimizin, onun ərazi bütövlüyünün və
cəmiyyətin hüquqi
baxımdan legitimləşdirilməsini
təmin etmişdir. Konstitusiyada təsbit olunmuş hüquqi baza Azərbaycanın siyasi, sosial və iqtisadi inkişafının sabitliyinə
və dinamikliyinə imkan yaratmışdır.
Konstitusiya Məhkəməsinin sədri
əminliklə söyləmişdir
ki, Konstitusiyanın qüvvədə olduğu
illər ərzində
kütləvi hüquqi
dərketmədə köklü
dəyişikliklər baş
vermiş, konstitusion-hüquq
mədəniyyətinin formalaşması
istiqamətində zəruri
irəliləyişlər baş
vermişdir.
Konfransda çıxış
edən Milli Məclis (MM) Sədrinin birinci müavini Ziyafət Əsgərov konfransın həsr olunduğu mövzunun aktuallığını qeyd
etmiş, təşkilatçılara
minnətdarlığını bildirmişdir.
Z.Əsgərov qeyd etmişdir ki, bu qəbildən konfransların keçirilməsi,
ümumiyyətlə, insanların
hüquq və azadlıqlarının müdafiə
sistemlərinin müzakirə
olunması hüquqi təbliğat kimi əhəmiyyətlidir. Hüquqi təbliğatın
hüquqi tərbiyə,
onun hüquqi mədəniyyət, sonuncunun
hüququn aliliyini formalaşdırdığını vurğulayan MM Sədrinin birinci müavini bunun da öz
növbəsində hüquqi
dövləti formalaşdırdığını
qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiə
sisteminin yaradılması
üçün xeyli
iş görülmüş,
bu istiqamətdə çox möhkəm hüquqi baza formalaşdırılmışdır. Konstitusiyanın çox böyük
hissəsinin insanların
hüquq və azadlıqları bölməsini
əhatə etdiyini xatırladan Z.Əsgərov
Əsas Qanunun qəbulundan sonra çoxsaylı qanunların
hazırlandığını, Azərbaycanın bu istiqamətdə kifayət
qədər beynəlxalq
konvensiyalara qoşulduğunu
diqqətə çatdırmışdır.
Avropa Şurası Venesiya Komissiyasının
nümayəndəsi Tanya
Qervyen tədbirdə çıxış edərək
Azərbaycanla təmsil
etdiyi qurum arasında 1996-cı ildən
başlayaraq əlaqələrin
yarandığını xarırlatmışdır.
Qeyd etmişdir ki, hazırda bu iki tərəf
arasında qanunun aliliyi, insan hüquq və azadlıqlarının təmini
istiqamətində məhsuldar
əməkdaşlıq əlaqələri
mövcuddur. Bunun hər iki tərəf
üçün faydalı
olduğu, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə
və yeni qanunların qəbuluna müsbət təsiri vurğulanmışdır.
Tədbirdə çıxış edən Azərbaycan Hüquqşünaslar Konfederasiyasının
sədri Əli Hüseynov bildirmişdir ki, ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan
dövlətinin ilk Konstitusiyasının qəbulundan
çox az vaxt keçməsinə baxmayaraq, ölkədə
böyük uğurlar
əldə edilmişdir. Azərbaycanın
ötən 15 ildə
150 ilə bərabər
inkişaf yolu keçdiyini vurğulayan
Ə.Hüseynov bidirmişdir
ki, bunun kökündə 1995-ci ildə
qəbul olunmuş Əsas Qanunda öz əksini tapmış hüquqi, demokratik və dünyəvi inkişaf yolu dayanır.
Əli Hüseynov Azərbaycan Hüquqşünaslar
Konfederasiyası tərəfindən
Amerika Hüquqşünaslar
Assosiasiyasının dəstəyi
ilə 3 dildə çap olunmuş Azərbaycan Konstitusiyasını
konfrans iştirakçılarına
təqdim etmişdir.
Beynəlxalq Hüquqşünaslar
İttifaqının sədri
Andrey Trebkov Azərbaycan Konstitusiyasının
15 illiyi münasibətilə
tədbir iştirakçılarını
və bütün Azərbaycan xalqını
təbrik etmişdir. A.Trebkov Azərbaycanın son illər görünməmiş
inkişaf yolu keçdiyini, Bakıya hər gəlişində
misilsiz uğurların
şahidi olduğunu vurğulamışdır. 2000-ci ilin noyabrında ümummilli lider Heydər Əliyev ilə görüşünü
xatırladan qonaq bu inkişafın əsasında görkəmli
dövlət xadiminin gərgin əməyinin, onun müəyyən etdiyi strategiyanın uğurla reallaşdırılmasının
və bu siyasət ustasının təxəyyülünün məhsulu
olan Konstitusiyanın dayandığını qeyd
etmişdir.
A.Trebkov beynəlxalq konfransın insan hüquq və azadlıqlarının müdafiəsi
istiqamətində əməkdaşlığa
mühüm töhfələr
verəcəyinə əmin
olduğunu vurğulamışdır.
GTZ-nin layihə rəhbəri Anya Keniqsman Azərbaycanda Konstitusiya ənənəsinin
yarandığını və
bunun əsaslı inkişafa təkan verdiyini bildirmişdir. Azərbaycan vətəndaşlarının
sərəncamında çox
geniş, təsirli, demokratik və sosial hüquqların olduğunu qeyd edən A.Keniqsman Konstitusiyada vətəndaşların
vəzifələrinin də
çox aydın təsvir edildiyini bildirmişdir. Azərbaycanda
qanunvericilik sahəsində
böyük təcrübənin
toplandığı və
bu zaman bütün demokratik prosedurlara əməl edildiyi vurğulanmışdır.
Konstitusiyanın canlı orqanizm olduğunu vurğulayan GTZ nümayəndəsi
onun daim inkişaf etdiyini, təkmilləşdiyini bildirmiş,
Azərbaycanda da bu prosesin davamlı
xarakter daşıdığını
qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanın Əsas Qanunu öz kamilliyi ilə diqqəti cəlb edir və burada
hakimiyyətin qolları
arasındakı mütənasiblik
öz əksini tapmışdır.
Tədbirdə çıxış
edən Türkiyə
Konstitusiya Məhkəməsinin
hakimi Sərdar Özgüldür tədbirin
əhəmiyyətini vurğulamış,
aparılan müzakirələrin
gələcəkdə birgə
fəaliyyət üçün
əhəmiyyətli rol
oynayacağına əminliyini
ifadə etmişdir.
Konstitusiyanın 15 illiyi münasibətilə
qardaş ölkənin
vətəndaşlarını təbrik etməkdən məmnunluq duyduğunu vurğulayan qonaq Azərbaycanda demokratiya, hüquqi dövlət quruculuğu, insan hüquqları və azadlıqları sahəsində
böyük addımlar
atıldığını bildirmişdir.
Konfransda Avstriya Konstitusiya Məhkəməsinin hakimi
Xerbert Xallerin "Avstriyada insan hüquqlarının müdafiəsi
sistemi", İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin
hakimi Xozep Kasadevalın "Konstitusionallıq
və Konvensiya", Ukrayna Konstitusiya Məhkəməsinin sədri
Anatoli Qolovinin "Konstitusiya Məhkəməsi
insan və vətəndaşın konstitusiya
hüquq və azadlıqlarının
cəmiyyətdə qorunmasının
qarantı kimi", İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi
Xanlar Hacıyevin
"İnsan Hüquqları
üzrə Avropa Konvensiyasının tətbiqində
yüksək məhkəmələrin
rolu: ədalət mühakiməsi prinsipi",
İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinin hakimi
Enn Pauerin "Strasburq (məhkəmə)
təcrübəsinin konstitusiya
hüquqlarının milli
səviyyədə şərhinə
təsiri", Qazaxıstan
Konstitusiya Şurasının
üzvü Amanjol Nurmaqambetovun "Qazaxıstanda
vətəndaşların sosial
hüquqlarının müdafiəsinin
konstitusiya-hüquqi mexanizmi"
və digər mövzularda məruzələr
dinlənilmiş, müzakirələr
aparılmışdır.
Bununla da konfrans
öz işini başa çatdırmışdır.
Azərbaycan.- 2010.-13 noyabr.- S. 7.