Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına
Akademiyasında Konstitusiya Günü
qeyd olunmuşdur
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, akademiya rəisinin tədris işi üzrə birinci müavini, general-mayor Şahin Sultanov tədbiri açıq elan edərək Konstitusiyanın qəbul olunmasının 15-ci ildönümü münasibətilə toplantı iştirakçılarını təbrik etmişdir. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
General-mayor Ş.Sultanov məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə apardığı köklü islahatlar barədə danışmışdır.
Məhz ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edən natiq bu mühüm tarixi hadisənin ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu söyləmişdir.
Bildirilmişdir ki, Konstitusiya qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə Hüquq İslahatları Komissiyası təsis olunmuş, azad vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquqlarının müdafiəsinə təminat verən yeni konsepsiya işlənib hazırlanmışdır. 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ilə konstitusiya nəzarəti institutu yaradılmış, 1999-cu il dekabrın 12-də isə Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilmiş, ölkədə yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına başlanılmışdır. Bütün bu işlərin məntiqi nəticəsi olaraq, Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş, dünyanın demokratik dövlətləri sırasında layiqli yerini tutmuşdur.
Məruzəçi daha sonra ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirmişdir ki, 2002-ci il 24 avqust və 2009-cu il 18 mart tarixlərində qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilmişdir. Bu əlavə və dəyişikliklər ölkəmizin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulması, eləcə də məhkəmə islahatlarının həyata keçirilməsi nəticəsində yaranan öhdəliklərə əməl olunması, Milli Məclisin fəaliyyətinin və seçki sisteminin daha da təkmilləşdirilməsi kimi mühüm məqsədlərə xidmət edirdi. Bu mənada, qeyd olunan əlavə və dəyişikliklər Konstitusiyanı yeni müddəalarla zənginləşdirmişdir.
General-mayor Ş.Sultanov dahi öndərin rəhbərliyi altında qəbul edilən mütərəqqi qanunların, respublikamızın qoşulduğu beynəlxalq-hüquqi aktların, məhkəmə-hüquq sisteminin yenidən qurulmasının ölkəmizdə demokratik, hüquqi dövlətin möhkəm əsasını və sarsılmaz bünövrəsini yaratdığını, qədirbilən xalqımızın Heydər Əliyevin bu misilsiz xidmətlərini heç bir zaman unutmayacağını, onun ölməz ruhu qarşısında baş əydiyini söyləmişdir.
Natiq ümummilli liderin Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi bütün işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə aparılan hüquqi islahatların qanunvericilik bazasının möhkəmləndirilməsinə və daha effektli işləməsinə, mütərəqqi hüquq məkanına inteqrasiyanı sürətləndirmək üçün beynəlxalq hüquq normalarının səmərəli tətbiqinə yönəldiyini vurğulamışdır.
Qeyd edilmişdir ki, ölkə Konstitusiyasının müddəaları Milli Təhlükəsizlik Nazirliyinin və onun hər bir əməkdaşının fəaliyyətinin əsasıdır, çünki bu fəaliyyət müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması işinə bilavasitə xidmət edir.
Sonda general-mayor Ş.Sultanov bu il noyabr ayının 7-də Milli Məclisə demokratik əsaslarla keçirilən seçkiləri ümummilli lider Heydər Əliyev ideyalarının, eyni zamanda, onun rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın təntənəsi olduğunu bildirmişdir.
Akademiyanın Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq elmləri namizədi Tuqay Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının tarixi-siyasi və hüquqi əhəmiyyəti barədə danışmış, Ali Qanunumuzun xalqın mənafelərini təmin edən ən demokratik oxşar sənədlər sırasında layiqli yerini tutduğunu qeyd etmişdir.
Çıxış edən dinləyici və kursantlar Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli və əbədi rəhbəri Heydər Əliyevin adını daşıyan akademiyada təhsil almalarından qürur duyduqlarını, xalqımızın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətlərində bundan sonra da Prezident, Ali Baş Komandan İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını iftixarla vurğulamışlar.
Azərbaycan.- 2010.-13 noyabr.- S. 7.