Milli Aviasiya Akademiyasında Konstitusiya Günü ilə bağlı tədbir keçirilmişdir

 

Noyabrın 12-də Milli Aviasiya Akademiyasında Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə tədbirin iştirakçıları akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, ümummilli liderin əziz xatirəsini ehtiramla anmışlar.

AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən akademiyanın prorektoru Ədalət Səmədov bildirmişdir ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Konstitusiya müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.

Konstitusiyanın qəbul olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran natiq insanların hüquq və bərabərliyinin, iradə azadlığının qanunlar toplusunda təsbit olunmasını, bunun ümumxalq səsverməsi yolu ilə təsdiqini tapmasını Azərbaycanın gələcəyinə hesablanan uğurlu siyasi gediş adlandırmışdır.

Konstitusiyanın qəbul olunmasında tanınmış hüquqşünasların xüsusi xidmətlərinin olduğunu deyən Ə.Səmədov akademiyada bu ixtisas üzrə kadrların yetişdirilməsinə böyük diqqət verildiyini söyləmişdir. Akademiyanın fəaliyyətinə toxunan natiq demişdir ki, əgər yarandığı 1996-cı ildə bu ali təhsil ocağının iki ixtisas üzrə 100-dək məzunu var idisə, bu gün 2 mindən çox tələbəsi, 21 kafedrası vardır.

Hüquqşünaslıq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor İbrahim Quliyev demişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının yaranması və meydana gəlməsi ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra mümkün olmuşdur. O, 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın sovet dövründə mövcud konstitusiyadan üstün cəhətlərinə toxunmuşdur. Sovetlər dövründə qəbul olunmuş konstitusiyada sinfi maraqlar əsas götürülmüş, hakimiyyətlərin bölünməsi prinsipi nəzərdə tutulmamışdır. O dövrdə dövlətin siyasi əsasını xalq deputatları sovetləri, iqtisadi əsasını isə sosialist təsərrüfat sistemisosialist mülkiyyəti təşkil edirdi. 1995-ci ildə qəbul olunmuş yeni Konstitusiyada isə əhalinin bütün təbəqələrinin tam hüquq bərabərliyi nəzərdə tutulmuş, ölkədə dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqı elan edilmişdir.

Daha sonra akademiyanın tələbələri Azərbaycan Konstitusiyasının 15 illiyi ilə bağlı müxtəlif mövzularda məruzələr etmişlər.

 

 

Azərbaycan.- 2010.-13 noyabr.- S. 7.