Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir

 

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin kollektivi noyabrın

12-də Konstitusiya Günü münasibətilə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək dəstələri düzülmüşdür.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev jurnalistlərə müsahibəsində bildirmişdir ki, noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd olunur. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderimizin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Ulu öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir.

Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırmışdır ki, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz Konstitusiyasını qəbul etmişdir. Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əks etdirir. Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir. Fürsətdən istifadə edərək xalqımızı bu ümummilli bayram - Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 15 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, xalqımıza xoşbəxt həyat, əmin-amanlıq diləyirəm.

Fərhad Abdullayev vurğulamışdır ki, Konstitusiya Gününün qeyd olunması ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsindən 4 hakim, Gürcüstandan, Ukraynadan, Moldovadan, Avstriyadan və digər ölkələrdən məhkəmə sədrləri və hakimlər Azərbaycana gəlmişlər.

 

 

Azərbaycan.- 2010.- 13 noyabr.- S.7.