Davamlı yüksəliş və
tərəqqiyə xidmət edən regional
inkişaf konsepsiyası
Əsrlər boyu nefti ilə bütün dünyada tanınan, ən müxtəlif dövlətlərin iqtisadi maraq dairəsinə daxil olan Azərbaycan taleyin sərt qismətindən bu əvəzsiz təbii sərvətinə sahib çıxıb ondan milli mənafeyinə uyğun bəhrələnmək imkanından məhrum olmuşdur. Yalnız ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycan rəhbərliyinə gəlişindən sonra respublikamız neft və digər təbii sərvətlərinə sahiblik hüququ əldə etmiş, gələcək müstəqilliyi üçün etibarlı iqtisadi zəmin formalaşdırmışdır. XX əsr tariximizin ən parlaq şəxsiyyətlərindən biri olaraq Azərbaycan xalqının müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirməklə milyonların qəlbində özünə əzəmətli abidə ucaltmış ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın yeni neft strategiyasının müəllifi kimi böyük rəğbət və ehtiramla yad edilir.
Hazırda mütləq əksəriyyət etiraf edir ki, Azərbaycan məhz Heydər Əliyev dühasının müəyyən etdiyi praqmatik konsepsiya əsasında təbii sərvətlərinə sahiblik hüququnu təsdiqləmiş, halal haqqını təmin etmişdir. Hələ ötən əsrin 70-80-ci illərində respublikamızın neft sənayesinin dirçəlişi və müasir texnologiyalar əsasında inkişafı üçün bir sıra zəruri tədbirlər həyata keçirən, bu sahədə elmi tədqiqatları stimullaşdırmaqla Bakını "neft akademiyası"na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olmuşdur.
Gələcək müstəqillik
üçün uğurlu
iqtisadi təməl
Ulu öndər Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycana rəhbər gəlişinədək respublikamızın ciddi sosial-iqtisadi böhranla üzləşdiyini o dövrün statistik göstəriciləri də birmənalı təsdiqləyir. Azərbaycan 60-cı illərin sonuna doğru milli gəlirin həcminə görə Ümumittifaq səviyyəsindən 2, kapital qoyuluşu üzrə 1,7 dəfə geri qalırdı. Sənayedə istehsalın ən mühüm səmərəlilik və yekun göstəricisi olan əmək məhsuldarlığı isə Ümumittifaq miqyaslı inkişaf tempindən 1,5 dəfə geri idi. Sənaye sahələrinin və sosial sferanın potensialının gücləndirilməsi işində əldən verilmiş imkanlar respublikanın 60-cı illərdə sosial-iqtisadi cəhətdən geri qalmasının başlıca səbəblərindən idi. İstehsal qüvvələrinin yerləşdirilməsi işində də kobud yanılışlıqlara yol verilmişdi: iri obyekt və müəssisələrin əksəriyyəti bir qayda olaraq Bakı, Sumqayıt şəhərlərində tikilirdi ki, bu da orta və kiçik şəhərlərin əmək ehtiyatlarından səmərəli istifadə olunması dərəcəsini aşağı salır, ölkə əhalisinin paytaxta axışmasına səbəb olur, mərkəzdə yaşayış evləri və sosial obyektlərlə əlaqədar mövcud çətinlikləri daha da ağırlaşdırırdı.
Belə bir çətin dövrdə Azərbaycana rəhbərliyə gəlmiş böyük strateq Heydər Əliyev fitri istedadı, təşkilatçılıq və idarəçilik məharəti, ən əsası, vətənpərvərliyi ilə ilk gündən respublikanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu, hüquq qaydalarını gücləndirmək, ciddi sosial bəlaya çevrilmiş korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə tədbirlərini genişləndirmək istiqamətində əzmkar fəaliyyətə başlamışdır. Həmin dövrdə ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə İttifaq rəhbərliyinin qəbul etdiyi 5 xüsusi qərar milli iqtisadiyyatın sürətli inkişafında mühüm rol oynamışdır. Həmin qərarlar hesabına respublikada müxtəlif sənaye müəssisələri tikilmiş, dəmir və avtomobil yolları şəbəkələri əsaslı şəkildə yeniləşdirilmişdir. Geniş vüsət almış inşaat işləri üçün ümumi və ixtisaslaşmış tikinti təşkilatları yaradılmış, kənd təsərrüfatının zəngin imkanlarından düzgün və səmərəli istifadə edilməsi məqsədilə onun dərin ixtisaslaşması və yerli şəraitə münasib yerləşməsi həyata keçirilmiş, sosial-iqtisadi inkişafın vacib daşıyıcıları olan şəhərlərin sayı 1970-ci ildəki 57-dən 1985-ci ildə 65-ə çatdırılmışdır. Əgər ötən əsrin ortalarına qədər Azərbaycanda cəmi 735 böyük sənaye obyekti tikilmişdisə, 1969-1982-ci illərdə onların sayı 1048-ə çatmışdır. Həmin illərdə sənaye məhsulunun orta illik artımı 7,9 faiz artmış, ümumi məcmu məhsulda sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsullarının həcmini üstələyərək 66 faizə yüksəlmişdir. 1982-ci ildə kənd təsərrüfatı məhsulu istehsalı 1969-cu illə müqayisədə 2,5, şərabçılıq məhsulu 6 dəfədən çox artmışdır.
Azərbaycan bir sıra istehsal sahələrinə görə keçmiş Sovet İttifaqında aparıcı yer tuturdu. Respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilirdi. Həmin illərdə istehsal olunan sənaye məhsullarının ümumi həcmi respublikanın əvvəlki 50 ildəki istehsal həcminə bərabər idi. Həyata keçirilən islahatlar sayəsində Azərbaycan həmin illərdə aqrar-sənaye respublikasından sənaye-aqrar respublikasına çevrilmişdi. Ağır sənaye ilə yanaşı, yüngül sənaye müəssisələrinin də açılmasına xüsusi diqqət göstərilir, yeni-yeni tikiş və toxuculuq fabrikləri inşa olunurdu. Müdrik rəhbərin səyləri nəticəsində respublikamız, eyni zamanda, keçmiş İttifaq miqyasında mühüm kənd təsərrüfatı respublikası, qabaqcıl pambıqçılıq və üzümçülük diyarı kimi məşhurlaşmışdı. Həmin dövrdə keçmiş SSRİ miqyasında istehsal olunan üzümün 27, pambıq mahlıcının 9,2 faizi respublikamızın payına düşürdü. Eyni zamanda, Azərbaycan neftinin mərkəzə daşınmasından daxilən narazı olan Heydər Əliyev qeyri-neft sahələrinə diqqət yetirmiş, maliyyə vəsaiti ayırmış, bununla da, regionların inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılmasına, əhalinin demoqrafik inkişafına, rayonların və kəndlərin mədəni simasının dəyişdirilməsinə dair strateji məqsədlərini ardıcıllıqla həyata keçirmişdir.
Neft sənayesinin iqtisadi inkişafdakı rolunu hələ o dövrdə müdrikliklə nəzərə alan Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına nail olmuş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsini təmin etmişdir. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanmış, bu milli sərvətin Azərbaycanın rifahına xidmət edən qüdrətli vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. Yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində mümkün olmuşdur. Ümummilli liderin qətiyyətli addımları sayəsində ölkədə neft sənayesinin elmi-nəzəri inkişafını təmin edən tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır. Heydər Əliyevin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi və yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır. Azərbaycan məhz Heydər Əliyevin fədakarlığı nəticəsində keçmiş SSRİ-də neft hasilatı, emalı, geologiyası, kəşfiyyatı ilə məşğul olan aparıcı dövlətlərdən birinə çevrilmiş, əldə olunan uğurlar bilavasitə respublikamızın inkişafına yönəldilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, əgər ötən əsrin 70-ci illərində respublikanın təkmil neft sənayesi kompleksi formalaşmasaydı, müstəqillik dövründə yeni neft strategiyasını uğurla həyata keçirmək də mümkün olmayacaqdı. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın nə vaxtsa müstəqillik əldə edəcəyini öncədən görərək bunun üçün iqtisadi-siyasi, intellektual baza formalaşdırmışdır.
Milli iqtisadi inkişaf strategiyasının banisi
Böyük strateq Heydər Əliyevin 70-80-cı illərdə uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət ötən əsrin sonlarına doğru respublikamızın müstəqilliyə qovuşmasında da mühüm rol oynamışdır. Bu mənada, ümummilli lider həm də müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla xatırlanır. 1993-cü ilin iyununda - respublikamızda dərin iqtisadi-siyasi və mənəvi böhranın hökm sürdüyü bir zamanda xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyev özünün dərin zəkası, yüksək idarəçilik keyfiyyətləri, quruculuq və xilaskarlıq missiyası ilə ümummilli liderlik zirvəsinə yüksəlmişdir. Böyük öndər qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə, iqtisadiyyatdakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirmişdir.
Həmin dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymamışdır. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürərək onu əsaslandırmışdır. Bu zaman böyük öndər respublikanın bir sıra cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını, intellektual və insan resurslarını ciddiliklə nəzərə almışdır.
Azərbaycanın ozamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün ilk növbədə, respublikanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır. Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur.
Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf konsepsiyasının özəyinin üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq; ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək; üçüncü mərhələdə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət meyillər özünü göstərməyə başlamışdır. 1996-cı ildə makroiqtisadi sabitliyə nail olunmuş, 1997-ci ildən isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. 1996-cı ildə ümumi daxili məhsulun artım sürəti 1,3, 1997-ci ildə 5,8, 1998-2003-cü illərdə orta hesabla 10 faiz təşkil etmişdir.
İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə, ilk növbədə, torpaq islahatı və dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına rəğmən, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, eləcə də insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.
Özəlləşdirmə prosesi ilə paralel respublikada həyata keçirilən struktur islahatları iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. 1997-2002-ci illərdə respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşdırılmış, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli stimullaşdırılması məsələsi diqqət mərkəzində saxlanılmışdır. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini regionların, qeyri-neft sektorunun inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilmişdir.
Bu mərhələdən hökumətin diqqət yetirdiyi əsas məsələlərdən biri də neft gəlirlərindən düzgün istifadə etməkdən, "Holland sindromu"na imkan verməməkdən ibarət olmuşdur. "Neft təkcə indiki deyil, həm də gələcək nəsillərə məxsusdur" - deyən dahi öndər iqtisadiyyatın birqütblü inkişafının yolverilməzliyini daim vurğulamaqla yanaşı, istehsal sahibkarlığının geniş vüsət almasına, fəaliyyətini dayandırmış bir sıra iri müəssisələrin işə salınmasına, bir sözlə, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmışdır. Aqrar islahatları daha da dərinləşdirmək, onun ikinci mərhələsinə keçidi təmin etmək, kəndli-fermer təsərrüfatlarının bazar iqtisadiyyatı prinsiplərinə cavab verən, keyfiyyətcə yeni forma, prinsiplər və qaydalara əsaslanan, müasir tipli kollektiv əməyin tətbiqi sahələrini yaratmaq məqsədilə ciddi addımlar atılmışdır.
Ulu öndər Heydər Əliyevin ölkənin gələcək müqəddəratı ilə bağlı qarşıya qoyduğu təxirəsalınmaz vəzifələrdən biri də Azərbaycanın regionlarının tarazlı və davamlı inkişafı idi. Dayanıqlı inkişaf baxımından regionların imkanlarından maksimum səmərəli istifadə edilməsi bu baxımdan əsas hədəf kimi qarşıda dururdu. Əlbəttə, regionların sosial-iqtisadi inkişafının səviyyəsi və səmərəliyi, habelə onlar arasında zəruri tarazlığın yaradılması məsələlərinin həlli o zaman nisbətən mürəkkəb və çətin idi. Belə ki, sovet hakimiyyəti zamanı regionlarda məhsuldar qüvvələrin inkişafında xeyli müsbət irəliləyişlər baş versə də, bu proses qənaətbəxş səviyyəyə çatdırılmamışdı. Yəni, müstəqil Azərbaycanda regionların sosial-iqtisadi inkişafı prosesinin ardıcıl mərhələlər üzrə həyata keçirilməsi tələb olunurdu. Bu mənada, demək olar ki, regionların sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi ötən əsrin 90-cı illərinin ikinci yarısından 2003-cü ilə qədərki dövrü əhatə edir.
Bu dövrdə bazar münasibətlərinin geniş vüsət alması, liberallaşma və çoxcəhətli iqtisadi islahatların aparılması, xüsusən, özəlləşdirmə proqramlarının uğurla həyata keçirilməsi, pul-kredit və maliyyə sisteminin yenidən qurulması, milli sahibkarlar sinfinin formalaşması regionların inkişafına əlverişli zəmin yaratmışdır. Həmin dövrdə onlarla sənaye və istehsal sahələri bərpa edilmiş, yeniləri yaradılmışdır.
Regionların inkişafında
keyfiyyətcə yeni mərhələ
Ulu öndərin rəhbərliyi altında uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətili dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır. Bu dövrdən ölkəyə inamla rəhbərlik edən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan iqtisadiyyatının sabit tempini qorumaq üçün regional inkişafa xüsusi diqqət yetirmiş, respublikanın bütün potensialını bu yöndə səfərbərliyə almışdır. Təsadufi deyildir ki, 2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafında əsaslı dönüş mərhələsi kimi qiymətləndirilir.
Dövlət başçısı İlham Əliyevin hələ 6 il əvvəl - 11 fevral 2004-cü il tarixdə imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair (2004-2008-ci illər) Dövlət Proqramı aktuallığına, əhəmiyyətinə və miqyasına görə hər zaman xüsusi diqqət mərkəzində olmuş, bu təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələri keçirilmişdir. Dövlət proqramı çərçivəsində reallaşdırılmış tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirmiş, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan vermiş, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaratmışdır. Hökumət dövlət proqramı əsasında 2004-2008-ci illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin etmişdir. Dövlət proqramı regionların tarazlı inkişafına yönəlməklə yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etmişdir.
Regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramının qəbulundan sonra yerlərdə infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Bu müddət ərzində regionların da inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi mühüm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanmış, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir.
2003-2008-ci illərdə həmçinin Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara cavab verən yeni hava limanları tikilmişdir. Lənkəranda yeni dəniz limanının inşası davam etdirilir. Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və digər rayonlar təbii qazla təmin edilmişdir. Ümumilikdə, 2003-2008-ci illərdə regionlarda 1600 kilometrədək yeni qaz xətləri çəkilmiş, ölkədə qazlaşdırmanın səviyyəsi 85 faizə çatdırılmışdır.
Ötən illərdə Dövlət İnvestisiya Şirkətinin, "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yaradılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi özəl sektorun, qeyri-neft sektorunun inkişafında keyfiyyətcə yeni mərhələ açmışdır. Nəticədə özəl sektorun ümumi daxili məhsul istehsalındakı xüsusi çəkisi 2003-cü ildəki 73 faizdən 85 faizə yüksəlmişdir. 2003-cü ilin oktyabrından 2009-cu il yanvarınadək respublikada 766,3 min yeni iş yerləri açılmışdır və bunun da 73,4 faizi regionların payına düşür. 2008-ci ildə ölkə iqtisadiyyatında çalışanların orta illik sayının 50 faizdən çoxu regionlarda cəmləşmişdir. Yerli və əcnəbi iş adamları üçün yaradılmış münbit biznes mühiti nəticəsində sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, tikintidə, ayrı-ayrı xidmət sahələrində ciddi dönüş yaranmış, regionlarda istehsal edilən məhsulun ixracına başlanılmışdır. Regionlar bu dövrdə Azərbaycanın ərzaq təhlükəsizliyinin qorunmasında da aparıcı mövqeyə malik olmaqla, istehsal olunan kənd təsərrüfatı məhsullarının 77 faizini vermişlər. Eyni zamanda, ölkədə hasil edilən digər əhəmiyyətli məhsulların - alüminium xammalının, dəmir filizinin, qızılın, daş duzun, avtomobillərin, traktorların, kompüterlərin, televizorların, soyuducuların, liftlərin, şəkərin və şəkər tozunun, pambıq xammalının, yunun, baramanın, yaşıl çay yarpağının hamısı, yaxud əsas hissəsi regionların payına düşür.
Regionların hərtərəfli sosial-iqtisadi inkişafının üçüncü mərhələsi 2008-ci ildən sonrakı dövrü əhatə edir. Regional inkişafa kompleks məsələ kimi yanaşan dövlət başçısı İlham Əliyev birinci regional inkişaf proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Dövlət başçısı İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi isə bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Yeni dövlət proqramında müəyyən edilmiş məqsədlərə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi; iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi; ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində işin davam etdirilməsi, yoxsulluğun səviyyəsinin azaldılması və digər zəruri tədbirlər nəzərdə tutulur. Ümumiyyətlə, regionların inkişafındakı yeni mərhələnin əsas prinsipial fərqi bundan ibarətdir: əgər əvvəllər regionlarda müxtəlif infrastruktur sistemlərinin genişləndirilməsi və müasirləşdirilməsi vəzifəsi həll edilirdisə, hazırda başlıca diqqət regionların iqtisadiyyatı üçün zəruri olan istehsal sahələrinin yaradılmasına yönəlmişdir.
2011-ci ilin Milli Məclisdə təsdiq edilmiş dövlət büdcəsi də hökumətin regionların inkişafına xüsusi diqqət və qayğı ilə yanaşdığını bir daha təsdiqləyir. Gələn ilin dövlət büdcəsi əhalinin maddi rifahının yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini və makroiqtisadi sabitliyin təmin olunmasını strateji məqsəd kimi müəyyənləşdirməklə yanaşı, davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Büdcə zərfinin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasına, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsinə, əhalinin maddi rifahının təmin olunmasına, sosial şəraitinin yaxşılaşmasına, investisiya qoyuluşlarının həyata keçirilməsinə, iqtisadiyyatın diversifikasiyasına və digər tədbirlərə hesablanıb.
Dövlət büdcəsində əsaslı kapital qoyuluşları üçün 3 milyard 380 milyon manat vəsait nəzərdə tutulur və bu da regionda sosial tərəqqi və yüksəlişə xidmət edən infrastruktur layihələrini uğurla gerçəkləşdirməyə imkan yaradır. Eyni zamanda, dövlət büdcəsində ayrı-ayrı rayonlar üçün nəzərdə tutulmuş dotasiyaların artırılması da regional inkişaf tədbirlərinin mühüm tərkib hissəsidir.
Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında çıxış edən Prezident İlham Əliyev demişdir: "...Növbəti ilin dövlət büdcəsi bizə imkan verəcək ki, gələn il üçün nəzərdə tutduğumuz bütün layihələr icra olunsun. Bu layihələr çoxdur, həm tikinti sahəsində, həm sosial məsələlərin həlli işində. Biz Azərbaycanda böyük sənaye müəssisələrinin dövlət dəstəyi ilə yaradılmasına çalışırıq. Azərbaycan Dövlət İnvestisiya Şirkəti bu məsələlərdə fəal rol oynayır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlərin verilməsi, aqrolizinq, subsidiyalar - yəni, qarşımızda duran məsələlər çoxdur. Ölkədə həllini gözləyən problemlər vardır. Biz bu problemləri bilirik və bu gün bu barədə danışacağıq. Biz hər il üçün işimizi konkret proqram əsasında qururuq ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkə sürətlə inkişaf etsin".
2011-ci ildə respublikamızın davamlı inkişaf yolunda olacağını müxtəlif beynəlxalq təşkilatlar da birmənalı təsdiqləyirlər. Belə ki, dünya ölkələrində iqtisadi artımın 1-2 faizlik templə müşahidə olunacağı halda, Azərbaycanda inkişaf indiqatoru 8 faizdən aşağı proqnozlaşdırılmır. Bütün bunlar isə deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin yeritdiyi uğurlu iqtisadi siyasət qarşıdakı ildə də müsbət nəticələrini verəcək, ölkəmiz qlobal böhran şəraitində yüksək inkişaf səviyyəsi ilə diqqət mərkəzində olacaqdır.
Asəf NADİROV,
Akademik
Azərbaycan.- 2010.- 13 noyabr.- S. 8.