Bu gün onların uyuduqları yer minlərlə insanın ziyarət etdiyi məkana çevrilib

 

 "Bu gün çox kədərli bir gündür. Eyni zamanda, çox şərəfli bir gündür. Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. Mübariz İbrahimov qeyri-bərabər döyüşdə 5 düşməni məhv edərək,

3-nü yaralayaraq şəhid olubdur. Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir.

Fərid Əhmədov döyüş vəzifəsini icra edərkən həlak olmuşdur. Hər ikisi ölümündən sonra Azərbaycan dövləti tərəfindən yüksək mükafatlarla təltif olunmuşdur.

Mən şəhidlərimizin valideynlərinə, onların qohumlarına, yaxınlarına başsağlığı verirəm. Allah onlara rəhmət eləsin!"

 

İlham ƏLİYEV

 

Ölümün yenidən birləşdirdiyi igidlər

 

Noyabrın 11-i şəhid övladlarımız - Milli Qəhrəman Mübariz İbrahimovbaş leytenant Fərid Əhmədovun dəfnindən sonra ilk cümə axşamı idi. Həmin gün digər tədbirlərlə yanaşı, ölkə Prezidentinin adından Təzəpir məscidində hər iki şəhidin xatirəsinə ehsan mərasimi də keçirildi.

Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin və öz adından şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, onların ruhunu yad etdi. Şeyxülislam A.Paşazadə şəhidlərə, şəhid ailələrinə dövlət qayğısından danışdı və bu sahədə Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirdi.

Tədbirdə iştirak edən rəsmi şəxslər, ictimai-siyasi xadimlər, ziyalılar şəhid məzarlarını ziyarət etdilər, onların yaxınlarına və qohumlarına başsağlığı verdilər.

Həmişə olduğu kimi, o gün də hamı onların xatirəsini anır, müqəddəs ruhlarına dualar oxuyur, Vətən yolunda can borcundan çıxan hər iki şəhidin gül-çiçək içində uyuyan məzarlarına baş çəkməyə tələsir, bunu özü üçün bir vətəndaşlıq borcu sayırdı.

El arasında şəhid əsgərlər qəbiristanlığı kimi tanınan bu yerdə öz doğmalarına, əzizlərinə baş çəkməyə gələnləri həmişə görmək olar. Noyabrın 8-dən - şəhidlərin torpağa tapşırılan gündən isə bura gələnlərin sayı-hesabı bilinmir. Burada uşaqdan-böyüyədək hər cür insanlarla rastlaşmaq mümkündür. Onların hamısını birləşdirən, bir-birinə bənzədən bir cəhət var, o da şəhid oğullarımızın ruhlarına hörmət və ehtiramdır.

 

Bura hamı gəlməlidir. Gəlməmək olarmı, qardaş?

 

 Erkən olsa da, şəhid məzarlarına baş çəkməyə gələnlər yenə çox idi. Onların arasında məktəbli geyimində şagirdlər də vardı. Onlar Nəsimi rayonu, 28 saylı məktəbin aşağı sinif şagirdləri, yanlarında isə valideynləri və müəllimləri idi. Ürək sözlərini dinləyirik.

Tağıyeva Sadəgül (müəllimə): - Başqa məktəblər kimi, bizim məktəbin şagirdləri də qəhrəmanlarımıza baş çəkməyə gəliblər. Bunu özümüzə mənəvi borc sayırıq. Çalışırıq ki, məktəbdə sözlə öyrətdiklərimizi belə igid oğullarımızın qəhrəmanlıq nümunələri ilə tamamlayaq.

Tünzalə Rzayeva (müəllimə): - Bu hadisə hər birimizin, eləcə də uşaqların ürəyində dərin kədər, qüssə hissləri ilə yanaşı, böyük vətənpərvərlik duyğuları doğurur. Düşmənə nifrəti artırır.

Balaca Elmira Mübariz İbrahimovun şəklinə baxaraq hər kəsi kövrəldəcək bir səslə deyir: "O, bizim Milli Qəhrəmandır". Onun yanında dayanan III sinif şagirdi Lamiyyə isə bunları əlavə edir: "Onlar bizim əsgərlərdir". Həm də səsində bir qürur duyulur.

İki gəncə yaxınlaşırıq - Səyavuş Aslanov və İsmayıl İsmayılov. Hər ikisi sürücüdür. Səyavuş deyir ki, hər gün bura baş çəkirik. İnsanı hansısa gözəgörünməz bir qüvvə çəkib bura gətirir. Gəlməmək olmur!

İsmayıl dostunun söhbətinə qoşulur: "Onların qəhrəmanlığı göstərdi ki, ordumuz, onun hazırlıq vəziyyəti necədir. Belə oğullar varsa, ölkəmizin ərazi bütövlüyünü tezliklə həll edərik. Bir də Prezidetimizə minnətdarlığımızı bildirmək istəyirik ki, hansı çətinliklər olsa da, onların nəşini qaytardı. Onları bir-birindən ayırmadı - ad verdi, böyük hörmətlə torpağa tapşırdı. Onu da deyim ki, düzgün qiymət olsa, həmişə qəhrəman olar".

Cavan bir oğlan bizə yaxınlaşıb özünü təqdim edir:

- Adım Fəriddir. Kərimov Fərid. Lənkərandan gəlmişəm. Demək istəyirəm ki, şəhidlər ölmür. Hamımız gec-tez öləcəyik, amma şəhidlik bir zirvədir. O hamıya qismət olmur. Hər yerdə olduğu kimi, Lənkəranda da onların şəkilləri evləri, maşınları bəzəyir. Hamımız onlar kimi qəhrəmanlıq göstərərək şəhid olmağa hazırıq.

 

Maliyyə-İqtisad Kollecindən 8 qız

 

 Əllərində qərənfil 8 qız məzarlara yaxınlaşır. Öyrənirik ki, Maliyyə-İqtisad Kollecinin tələbələridir. Onları da bura gətirən şəhidlərimizin xatirəsinə olan ehtiram, bir də ürəkdolu sözlərdir.

Çinarə Süleymanova:

- Onları ziyarət etmək hər birimizin borcudur. Mübariz kimi, Fərid kimi oğullarla fəxr edirik. Bütün gəncləri belə görmək istərdik.

Vüsalə Orucova isə o biri rəfiqələrinin də fikirlərini ifadə edərək dedi:

- Vətən - uğrunda ölən varsa Vətəndir - deyiblər. Belə oğulları gördükcə, Vətəni daha çox sevirik, ona daha çox bağlanırıq.

Leyla Abbasəliyeva isə onun sözlərinə bunları əlavə etdi:

- Belə igidlərlə fəxr edirik, qürur duyuruq. Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk ki, şəhidlərimizi düşmən əlində qoymadı. Onların qəhrəmanlığını, şücaətini yüksək qiymətləndirdi. Hamı kimi, biz gənclərin baş çəkəcəyi qürur, iftixar yerlərimizdən biri də artdı.

 

Dostqohum itkisi. Hər ikisi ağırdır

 

Fəridin yaxın dostu polkovnik Əbülfəs Atakişiyevqohumu Mübariz Bayramovla görüşürük. Hər ikisini bir dərd birləşdirir - Fərid dərdi, Fərid itkisi...

Polkovnik deyir:

- Fərid qeyri-adi bir oğlan idi. Ondan danışmaqla qurtaran deyil. Arzuları çox idi. Amma bir arzusunun üstündə daha çox dayandı ona çatdı - Mübarizin nəşini geri qaytarmaq istəyirdi. Çünki ikisi dost, ikisi idmançı idi. "Bu yolda ölsəm, bizi bir yerdə dəfn edərsiniz" - deyərdi.

Qohumu Mübariz Bayramov isə deyir ki, Fərid dörd ilə yaxın idi ki, atasını itirmişdi. Bir bacı, bir qardaş idilər. Anasını narahat etməmək üçün ön cəbhədə olduğunu, kəşfiyyatçı kimi qulluq etdiyini gizlədirdi.

Bütün gizlinlər gec-tez aşkar olur. Fəridin anasından, bacısından gizlətdiyi yeganə sirri bu idi. Şəhidliyi günü o da hamıya aşkar oldu...

 

Qəhrəmansız millət dövlət olmur

 

 Bir azdan hər iki şəhidin Biləsuvardan Cəlilabaddan gələn qohumları, yaxınları, eləcə onları bu müqəddəs yolda müşayiət edənlər gəlib çıxdılar. Qadınlar, qızlar ağladılar, kişilər özlərini tox tutmağa çalışdılar. Mübarizin atası Ağakərim kişi yanaşı uyuyan hər iki şəhidin şəklini öpdü. Cəlilabadın axundu Hacı Mahmud şəhidlərin ruhuna dualar oxudu, ağlayan qadınları belə sakitləşdirməyə çalışdı: "Ağlamayın, siz fəxr etməlisiniz ki, belə oğullar böyütmüsünüz. Onlar artıq hamımımızın övladlarıdır".

Ağakərim kişi isə bu böyük dərdin, faciənin içindən bunları söylədi: - Həmişə demişəm, yenə deyirəm: övlad Vətən üçündür. Oğullarımız öz borclarını verdilər. Cənab Prezidentə təşəkkür edirəm ki, dəfnin çox yüksək səviyyədə, övladlarımızın adına layiq şəkildə təşkilinə birbaşa kömək etdi.

Azərbaycan Dövlət Texniki Universitetinin tələbələri burada idilər. Onlardan biri Ağakərim kişiyə müraciətlə dedi:

- Sağ olun ki, belə qəhrəman böyütmüsünüz. Qəhrəmansız millət dövlət olmaz! Biz onun yolunu davam etdirməyə hazırıq!

 

O, evdə tək kişi idi

 

Şəhid Fəridin bacısı Gülnarə Əhmədova anası Nərgiz xanımın qoluna girib dayanmışdı, dayıları AslanFariz Bayramovlar da yanlarında idi. O boyda oğulqardaş itkisinin qabağında, yəqin ki, ancaq belə dayanmaq olardı. "Dörd ildir atasını itirmişdik, indiözünü itirdik. Ölümündən üç gün qabaq gəlib bizimlə görüşdü. Nə biləydik ki, bu, son görüşümüzdür" - Nərgiz xanım bunları deyə bildi. "Fəridi itirməklə elə bil atamızı təzədən itirdik" - bunu isə Gülnarə dedi.

Onların yanında dayanmış ağbirçək ana - Füruzə Abdullayeva isə bunları söylədi: - Mənim oğlum Əhməd Abdullayev Fəridlə bir gündə, bir yerdə şəhid olub. İki övladı qalıb. Oğul, şəhidlər qeyri-adi insanlardır. Onlar Allah tərəfindən seçilmiş insanlardır.

 

Mübariz kimi qəhrəmanlarımız çoxdur

 

Qayıdarkən qarşımıza daha iki nəfər çıxdı - Mübariz İbrahimovun komandiri, baş leytenant Tural Həsənov və onun anası. T.Həsənov Mübarizdən dost, bir qardaş kimi danışdı. Dedi ki, üstümdəki kəmər də onunkudur. BirMübariz bilirdi ki, çətini bu addımı atmaqdır, bu yolu başlamaqdır, ardınca başqaları gələcək. Bildirdi ki, Mübarizlər, Fəridlər çoxdur...

"Şəhidlərimizin valideynlərinə minnətdarlığımı bildirmək istəyirəm ki, onlar Vətən üçün belə qəhrəmanlar böyütmüşlər. Onların verdiyi tərbiyə - vətənpərvərlik tərbiyəsi Mübariz və Fəridi mənəviyyat zirvəsinə ucaltmışdır".

Bu sözlərin müəllifi isə qəhrəmanlıq əməllərinə daim yüksək qiymət verən Ali Baş Komandan İlham Əliyevdir.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2010.- 13 noyabr.- S. 9.