Cəmiyyətin əsas qanunu
"...Bu konstitusiya Azərbaycan
xalqının keçdiyi tarixi
inkişaf yolunun məntiqi
nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin
edilməsi, müstəqil dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi
və demokratik dəyişikliklərin həyata
keçirilməsi üçün hərtərəfli
zəmin və şərait yaradır. Azərbaycanın
tarixi keçmişini,
bugünkü reallıqlarını və
gələcək inkişaf perspektivlərini
əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi
konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir".
Heydər ƏLİYEV
Təbiətdə hər şey bir ali başlanğıca tabedir. Cəmiyyətdə isə ictimai münasibətlərin tənzimlənməsi rolunu qanunlar ifa edirlər. Həyat inkişaf etdikcə, insanlar arasındakı münasibətlər çeşid və müxtəlifliyi etibarilə zənginləşdikcə, qanunlar da artır. Burjua, yaxud kommunist ideologiyasının hökmranlığından asılı olmayaraq cəmiyyət həyatının ən müxtəlif dönəmlərində qanunlar sinfi xarakter daşıyan dövlətin əlində cəbr vasitəsi kimi çıxış etmişlər. Yalnız demokratik quruluşlu dövlətlərdə qanunlardakı humanist motivlər, mənəvi azadlıq ideyaları öz bariz təcəssümünü tapa bilmişdir. Qanunlar öz mahiyyəti və funksiyası etibarilə vətəndaşa, cəmiyyətə xidmət etdiyi üçün bu üçbucaq arasında səmimi münasibətlər labüddür.
- Əsl azadlığın yolu yalnız qanunlara tabe olmaqdan keçir - bu sözlər hamının Volter kimi tanıdığı görkəmli fransız maarifçi-filosofu Fransua Arueyə məxsusdur. Qədim yunan filosof-idealisti Platonun "Dövlət", "Siyasətçi", "Qanunlar" kimi məşhur dialoqlarında isə deyilir ki, o yerdə ki, qanunun qüvvəsi yoxdur və kiminsə hakimiyyəti altındadır, orada dövlətin məhvi labüddür.
Azərbaycanda müstəqil qanunvericilik praktikasının əsası 1921-ci il may ayının 19-da qoyulmuşdur. Bundan bir qədər əvvəl 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinə Şərqdə ilk müsəlman dövlətinin Əsas Qanununu qəbul etmək müyəssər olmadı. Buna görə də Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmiş və AXC-nin süqutuna gətirib çıxaran ilk Konstitusiya de-yure və de-fakto rus kommunist imperiyası tərəfindən planlaşdırılan dövlət çevrilişini qanuniləşdirdi. Bundan sonra Azərbaycan SSR Konstitusiyasının yeni redaksiyaları 1925-ci və 1937-ci illərdə dördüncü və doqquzuncu Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Ölkəmizin sonuncu Əsas Qanunu 1978-ci il aprelin 21-də qəbul edildi və onun öz sələflərindən əsas prinsipial fərqi ondan ibarət idi ki, o vaxt Azərbaycana milli özünüdərk və özünəqayıdış proseslərinə böyük önəm verən Heydər Əliyev rəhbərlik edirdi və məhz onun qətiyyəti sayəsində Konstitusiyaya Azərbaycan dilini dövlət dili elan edən 73-cü maddə əlavə olundu. Sovet totalitar güruhu dövründə bu, misli görünməmiş cəsarət nümunəsi idi. Bütün parametrlərinə görə daha üstün müttəfiq respublikalar arasında məhz Azərbaycan Konstitusiyasına belə bir müddəanın daxil edilməsi onun təşəbbüsçüsünün müstəsna iradə və əzminə işarə edirdi.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra artıq yeni Əsas Qanunun qəbul edilməsinə ehtiyac yarandı. Bu ehtiyacı şərtləndirən amillər sırasında ölkədəki siyasi sistemin dəyişməsini, iqtisadi münasibətlərin prinsipcə yeni meyarlar əsasında köklənməsini, beynəlxalq aləmə inteqrasiya meyillərinin intensiv xarakter almasını, xarici siyasət sahəsində mövcud prioritetlərə köklü təshihlərin edilməsini, vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu sahəsində atılan konkret və məqsədyönlü addımları göstərmək olar. Lakin həmin illərdə ölkədə yaşanan siyasi destabillik, dövlət idarəçiliyindəki xaos və dərəbəylik, müharibə meydanındakı uğursuzluqlar Konstitusiya yaradıcılığı sahəsindəki çalışmalara da sirayət edərək bu mühüm prosesə ətalət və durğunluq havası gətirmişdi. Elə həmin il fevralın 19-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yeni Konstitusiyanın hazırlanması məqsədilə yaradılmış 74 nəfərdən ibarət işçi komissiya əlini ağdan-qaraya belə vurmamışdı. Müstəqil Azərbaycanın yeni Konstitusiyasının layihəsinin hazırlanmasının təşəbbüskarı da məhz ümummilli lider Heydər Əliyev olmuşdur. İşçi komissiyanın tərkibi Prezident tərəfindən parlamentə təqdim edilmiş və Milli Məclis 1995-ci il mayın 2-də müvafiq qərar qəbul etmişdir. Bu dəfə komissiya 33 nəfərdən ibarət idi və onun tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin nümayəndələri ilə yanaşı, ölkənin hüquq ictimaiyyətinin tanınmış simaları da daxil idilər. Layihənin işlənib hazırlanmasına dövlət başçısının özü rəhbərlik edirdi ki, bu da prosesin sürət və keyfiyyətinə müsbət təsirini göstərməyə bilməzdi. Təkcə belə bir statistik faktı qeyd etmək kifayətdir ki, 1995-ci ilin iyunundan noyabr ayınadək Komissiyanın 9 iclası keçirilmişdi.
Yeni Konstitusiya layihəsinin hazırlanması üzrə Komissiyanın qərarı ilə layihə ümumxalq müzakirəsi üçün elə həmin ilin oktyabr ayında mətbuatda dərc edildi. Noyabrın 4-dək layihə ilə bağlı ölkə vətəndaşlarından 2450 təklif daxil oldu. Həmin təkliflərdən daha əhəmiyyətliləri son variantın hazırlanması zamanı istifadə edildi. Ümumxalq müzakirəsinə çıxarılan layihə 199 maddədən, referenduma çıxarılmış Konstitusiya layihəsi isə 158 maddədən ibarət idi.
1995-ci il noyabrın 12-də keçirilən ümumxalq səsverməsində seçicilərin 86 faizi iştirak etdi və siyasi iradəsini nümayiş etdirənlərin 94,8 faizi yeni Konstitusiyanın qəbuluna səs verdi. Beləliklə, Azərbaycanın həqiqi müstəqilliyinin təməlini qoymuş Heydər Əliyev, bu müstəqilliyin dönməzliyini, əbədiliyini, daimiliyini təmin edən əsas qanunlar toplusunun - yeni Konstitusiyanın da yaradılmasına müəlliflik etdi.
Müstəqilliyinin şirin meyvələrini yenicə tamsınmağa başlamış gənc Azərbaycan Respublikası üçün yeni Konstitusiya nə demək idi?
- Ana Qanun ölkədə Heydər Əliyevin dahi idarəçilik fəlsəfəsinə söykənən dövlət quruculuğu prosesinin təməlini atdı. Sabit, vətəndaşlarına rifah və firavanlıq vəd edən bir dövlətçilik "göydələni" ucalmağa başladı.
- Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquq və azadlıqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.
- Bu Konstitusiya özünün dünyadakı analoqlarından bir də onunla fərqlənir ki, onun müddəalarının üçdə bir hissəsi insan hüquqlarına və onların təminatına həsr olunub. İnsan azad olmadığı halda onun dövlət quruculuğu prosesində fəal iştirakı mümkün deyil. Yalnız öz hüquqlarının etibarlı şəkildə və zəmanətli qorunduğunu bildiyi halda, insan öz ölkəsinin həqiqi, hüquq düşüncəli və hüquqi məsuliyyətini dərk edən vətəndaşına çevrilir.
- Ənənəvi hakimiyyət bölgüsü konsepsiyasına uyğun olaraq Konstitusiya icra, qanunvericilik, məhkəmə hakimiyyətini və onların subyektlərini müəyyən etdi.
Qəbul olunduğu gündən ötən 15 ildə Azərbaycan dövlətinin diqqəti respublika həyatının bütün sahələrini Əsas Qanunumuza uyğunlaşdırmağa və ondan irəli gələn başlıca tələbləri həyata keçirməyə yönəlmişdir. Bu gün ən mühüm vəzifə ulu öndərimiz Heydər Əliyevin dediyi kimi "... konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi təminatlardan bəhrələnməkdən ibarətdir. Hər bir şəxs konstitusiya qanunlarına dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir".
Xalid NİYAZOV
Azərbaycan.- 2010.-13 noyabr.- S. 10.