İçərişəhərin
konservasiyası üzrə Baş Plan təsdiq edilmişdir
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İqtisadi İnkişaf, Maliyyə, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşdırılmış təklifi nəzərə alınmaqla, yerli və beynəlxalq mütəxəssislər tərəfindən hazırlanmış "Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı Baş Plan"ı Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
İdarədən AzərTAc-a bildirmişlər ki, dünya şəhərsalma sənətinin nadir incilərindən olan İçərişəhərin və onun ərazisindəki tarix-memarlıq abidələrinin qorunub saxlanılmasına, bərpasına və konservasiyasına dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Baş planın hazırlanmasından əsas məqsəd bu siyasətin davamı olaraq Bakının tarixi mərkəzinin memarlıq irsinin sistemli şəkildə konservasiyası və gələcək inkişafının beynəlxalq prinsiplərə uyğun planlaşdırılmasının təmin edilməsidir.
Azərbaycan.- 2010.- 13 noyabr.- S. 11.