Milli dirçəliş yolunun böyük öndəri
Hər bir xalqın tarixdəki yeri və rolu ona rəhbərlik etmiş böyük siyasi liderlərin çoxşaxəli fəaliyyəti sayəsində müəyyənləşir. Azərbaycan kimi özünəməxsus dəyərləri, mentaliteti, dövlətçilik ənənələri olan dövlətlərdə şəxsiyyət və lider amili xüsusilə aktualdır. Bu prizmadan əminliklə demək olar ki, xalqımızın əsrlər boyu formalaşan güclü, qətiyyətli, istiqamətverici lider idealı məhz dünya şöhrətli ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin parlaq şəxsiyyətində həqiqətə çevrilir.
Böyük strateq XX əsr
Azərbaycan tarixində təkcə milli müstəqillik
ideyasını praktik surətdə gerçəkləşdirmiş
lider kimi yox, həm də yaratdığı dövlətin
möhkəmliyini, dayanıqlığını təmin edən,
onun hərtərəfli inkişafı üçün
iqtisadi, siyasi və hüquqi zəmin hazırlayan müdrik rəhbər
kimi daim xalqın qəlbində yaşayır. Tarixi proseslər
həm də deməyə əsas verir ki, ümummilli lider Azərbaycanda
milli dirçəliş proseslərinin önündə
getmiş, xalqın müstəqillik mücadiləsinə
layiqli töhfəsini vermişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan ulu öndər Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə dövlət müstəqilliyinin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak etmişdir. Respublikada geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş birinci sessiyasında Azərbaycanın milli dövlət dirçəlişi prosesinin həyata keçirilməsi məsələsi geniş müzakirə olunmuş, Naxçıvan MSSR-in adından "sovet" və "sosialist" sözləri çıxarılmış, onun Naxçıvan Muxtar Respublikası adlandırılması barədə tarixi qərar verilmişdir. Sessiyada həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa edilməsi və onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar verilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının Ali Soveti qarşısında üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi xalqımızın müstəqillik mücadiləsi ilə bağlı konstitusion müstəvidə ilk həlledici addımı atmış, bu qərarlarla Naxçıvan Muxtar Respublikası faktiki olaraq keçmiş SSRİ-nin yurisdiksiyasından çıxarılmışdır. Sonrakı mərhələdə muxtar respublika rəhbərliyinin çıxardığı digər tarixi qərarlar da Azərbaycan xalqının həqiqi müstəqilliyə qovuşmasını sürətləndirmişdir. Bu baxımdan təkcə 1991-ci il martın 17-də Azərbaycanda keçirilən və keçmiş SSRİ-nin saxlanılmasına münasibəti öyrənən referendumun Naxçıvanda boykot edilməsi faktını xatırlatmaq kifayətdir. Bu səsvermə aşkar saxtakarlıqla keçirilmiş, respublikanın o vaxtkı rəhbərliyi Moskvadan tələb edilən göstərişi məmnuniyyətlə rəsmiləşdirmişdi. Fəqət xalq və onun ziyalı nümayəndələri bu siyasi tamaşaya kəskin etiraz etmiş, demokratiya və müstəqillik tərəfdarları sırasında Heydər Əliyev, həmişəki kimi, öndə olmuşdur. 1991-ci il iyulun 19-da Sov.İKP sıralarını tərk edən ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyini xalqın haqlı tələblərini qulaqardına vurmamağa, Kommunist Partiyasının totalitar idarəçiliyinə son qoymağa çağırmışdır.
1991-ci il avqustun 30-da isə keçmiş Azərbaycan SSR Ali Soveti demokratik qüvvələrin, o cümlədən Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyevin səyləri ilə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" bəyanat qəbul etmişdir. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin Nizamnaməsində, digər beynəlxalq hüquqi paktlarda və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdır. Ali Sovetin 30 avqust tarixli iclasında bəyanatla yanaşı, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Konstitusiya Aktı layihəsinin iki həftə müddətində hazırlanması barədə qərar qəbul edilmişdir. Respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitsə də, xalqın müstəqillik arzusuna qarşı çıxa bilməmişdir. Nəhayət, 1991-ci il oktyabrın 18-də qüdrətli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlardan biri kimi imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı" ilə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir.
Dövlət müstəqilliyini qazanmış Azərbaycanın sonrakı mərhələdə üzləşdiyi fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, xaos və anarxiya mühiti bir daha təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
Ölkədə qanunçuluğun, hüquq qaydalarının son dərəcə zəif olması, idarəçiliyin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin "könüllü döyüşçü" adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Bir tərəfdən erməni təcavüzü genişlənir, digər tərəfdən isə ölkənin cənubunda və şimalında separatçılar məkrli niyyətlərlə baş qaldırırdılar. 1993-cü ilin iyun ayında AXC-Müsavat iqtidarının "milli qəhrəman" adı verdiyi Surət Hüseynovun Gəncədə qanunsuz hərəkətləri və silahlı qiyam ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın məntiqi sonluğa yetişməsi idi. Faktiki olaraq müəyyən xarici qüvvələrin dəstəklədiyi bu cinayətkarlıq hərəkəti respublikamızın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı.
Belə bir böhranlı və ağır vəziyyətdə xalq çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Xalqın təkidli tələbi və istəyi ilə 1993-cü ilin 9 iyununda hakimiyyətə qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını irəli sürmüşdür. Azərbaycan ötən 17 ildə məhz bu yolla irəliləmiş, bir çox problemlərini geridə qoyaraq, qüdrətli müstəqil ölkəyə çevrilmişdir.
Son 7 ildə Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirmiş, onun müstəqil siyasət yeritməsini təmin etmişdir. Son parlament seçkilərinin nəticələri də deməyə əsas verir ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.
Azərbaycan.-2010.-14 noyabr.-S.1.