Bakı sammiti Xəzərdə sülhün, təhlükəsizliyin
təmin edilməsi, əməkdaşlığın dərinləşməsi
üçün yeni mərhələ olacaqdır
Prezident İlham ƏLİYEVİN nitqi
-Hörmətli dövlət
başçıları!
Hörmətli qonaqlar, əziz
dostlar!
Mən sizin
hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram,
Azərbaycana xoş gəlmisiniz!
Bugünkü görüş çox əlamətdar hadisədir. Ölkələrimiz arasındakı dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafı üçün bu görüşün çox böyük əhəmiyyəti vardır. Ölkələrimizin xalqları əsrlər boyu bir yerdə yaşamışlar, yaratmışlar. Biz qonşuyuq, bizi dostluq, mehriban qonşuluq əlaqələri bağlayır. Mən çox şadam ki, bu gün bu əlaqələr daha da yüksək pilləyə qalxıbdır. Azərbaycan qonşuları ilə qarşılıqlı surətdə faydalı, işgüzar, dostluq münasibətləri qurubdur və bu münasibətlər getdikcə güclənir. Bugünkü Zirvə Görüşü regional əməkdaşlıq baxımından çox böyük əhəmiyyətə malikdir. Əminəm ki, görüşün çox gözəl nəticələri olacaqdır.
Bizi birləşdirən Xəzər dostluq, əməkdaşlıq dənizidir. Mən əminəm ki, Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün mühüm addım olacaqdır. Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi istiqamətində çox fəal işlər gedir, ekspert qrupları işləyir. Ümid edirəm ki, gələcək dövrlərdə bu istiqamətdə əməli nəticələr əldə olunacaqdır. Bu günə qədər Xəzərin hüquqi statusunun müəyyən edilməməsi aramızda olan dostluq əlaqələrinə heç bir təsir göstərmədi. Münasibətlərimiz çoxşaxəlidir. Əlbəttə, biz çox istərdik ki, Xəzərin hüquqi statusu tezliklə öz həllini tapsın və bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
Bununla bərabər, qeyd etməliyəm ki, hazırda Azərbaycan ilə Rusiya və Azərbaycan ilə Qazaxıstan, eyni zamanda, Rusiya ilə Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi istiqamətində önəmli addımlar atılmışdır. Üç ölkə öz arasında bu məsələləri həll edibdir. Ümid edirəm ki, bu gözəl təcrübə gələcəkdə əsas kimi götürülə və Xəzər dənizinin hüquqi statusunun həll olunması işində hazırda mövcud hüquqi baza müsbət rolunu oynaya bilər.
Nəqliyyat sahəsində əməkdaşlıq dərinləşir. Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçısıdır. Bununla bərabər, biz ölkəmizdə müasir nəqliyyat infrastrukturu yaradırıq. Bu məqsədlə həm avtomobil yollarının tikilməsi, dəniz nəqliyyatının inkişafı, dəmir yolu nəqliyyatının yenidən qurulması və həm də yeni dəmir yolu xətlərinin çəkilməsi məsələləri prioritet məna daşıyır. Bu yaxınlarda Bakıda yeni böyük ticarət limanının tikintisi başlanmışdır. Bu liman əslində bütün Xəzəryanı ölkələrin maraqlarına xidmət göstərəcəkdir. Birinci mərhələdə liman 10 milyon ton yükdaşıma-yükaşırma qabiliyyətinə malik olacaqdır. Sonuncu mərhələdə isə bu liman vasitəsilə 25 milyon ton yük nəql edilə bilər. Beləliklə, Azərbaycan bu limanı tikməklə ümumi işimizə töhfəsini vermiş olur.
Bununla bərabər, Bakıda yeni, müasir gəmiqayırma zavodunun tikintisi başlanmışdır. Ümid edirəm ki, tikintisi yaxın zamanlarda başa çatacaqdır və beləliklə, Xəzərdə istənilən həcmdə yükdaşıma məsələlərinin həlli üçün yeni, müasir infrastruktur yaradılacaqdır. Biz həm Şimal-Cənub, həm Şərq-Qərb dəhlizinin fəal iştirakçısıyıq və bundan sonra da çalışacağıq ki, nəqliyyat sistemlərinin birləşməsi üçün səylərimizi qoyaq.
Bu gün, eyni zamanda, Xəzərin enerji resursları haqqında çoxlu söz-söhbət gəzir. Xəzərin çox zəngin təbii ehtiyatları vardır. Bütün Xəzəryanı ölkələr enerji resursları baxımından çox zəngin ölkələrdir. Ölkələrimiz nəinki öz tələbatlarını ödəyir, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinə çox önəmli töhfə verirlər. Ölkələrimizdə hasil edilən neft və qaz demək olar ki, dünya enerji bazarında həlledici təsirə malikdir. Biz çalışırıq ki, səylərimizi birləşdirək. Biz hamımız istehsalçıyıq və istehsalçıların maraqları əlbəttə ki, üst-üstə düşür. Biz enerji resursları sahəsində bir-birimizlə rəqabət aparmırıq, əksinə, uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlıq ölkələrimizin bütün maraqlarına xidmət göstərir. Azərbaycan enerji resurslarının nəqli ilə bağlı çoxşaxəli fəaliyyət göstərir. Biz enerji təhlükəsizliyi məsələlərinə töhfəmizi verməyə çalışırıq. Azərbaycanın neft-qaz resurslarının dünya bazarlarına müxtəlif yollarla çatdırılması üçün bizdə müasir infrastruktur yaradılmışdır. Bu infrastruktur qonşu ölkələrin maraqlarının təmin edilməsi üçün də təqdim oluna bilər. Yəni, bir sözlə, biz tranzit imkanlarımızı qonşular üçün təqdim etməyə hazırıq.
Bu gün Xəzərin əməkdaşlıq dənizinə çevrilməsi üçün əlbəttə ki, iqtisadi əlaqələrin gücləndirilməsi çox böyük məna daşıyır. Bu sahədə aramızda olan iqtisadi əlaqələr güclənir. Təbii ki, böhran nəticəsində ticarət dövriyyəsi müəyyən dərəcədə aşağı düşübdür. Ancaq bu, müvəqqəti xarakter daşıyır. Əminəm ki, yaxın zamanlarda biz bütün sahələrdə uğurları bərpa edəcəyik.
Biz Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün çox böyük proqramlar icra edirik. Deyə bilərəm ki, bu il Azərbaycanda "Ekologiya ili" elan edilibdir və çox böyük həcmdə ekoloji tədbirlər nəzərdə tutulur. Xüsusilə Xəzər dənizinin çirkab sulardan və neftlə çirklənmiş hissənin təmizlənməsi, müasir kanalizasiya sisteminin quraşdırılması ümumi işimizə töhfəmizdir. Ekoloji məsələlər həmişə zirvə görüşlərində xüsusi yer tutubdur. Bu gün də əlbəttə ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi aparacağıq. Bir sözlə, biz Azərbaycanda çalışırıq ki, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfəmizi verək.
Biz Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün fəal çalışırıq. Bu gün imzalanacaq sənəd məhz bu məsələləri əhatə edəcəkdir. Xəzər sülh, əmin-amanlıq, sabitlik dənizidir və belə də qalmalıdır. Biz dənizdə təhlükəsizlik tədbirlərini öz gücümüz hesabına təmin edirik. Hesab edirəm ki, Xəzəryanı ölkələrin bu sahədəki əməkdaşlığı yüksək qiymətə malikdir. Bizim müvafiq dövlət qurumları bir-biri ilə həm ikitərəfli, həm çoxtərəfli formatda sıx əlaqədə olaraq Xəzərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün səylərini göstərirlər.
Əziz dostlar, mən hesab edirəm ki, ümumiyyətlə Xəzəryanı ölkələrin əməkdaşlığı yüksək qiymətə malikdir. Bir daha demək istəyirəm ki, hamımız dost ölkələrik, bir-birimizlə qonşuyuq, bu bölgədə yaşayırıq. Bizim müştərək tariximiz vardır, xalqlarımız bir-birinə çox bağlıdır. Bizi həm tarix bağlayır, həm də bugünkü maraqlar birləşdirir. Əminəm ki, bugünkü Zirvə Görüşü ölkələrimiz arasında nəinki Xəzər mövzusu ilə bağlı, bütün əlaqələrin inkişafına çox mühüm töhfə olacaqdır. Bir daha sizin hamınızı ürəkdən salamlayıram və zirvə görüşümüzə uğurlar arzulayıram.
* * *
Prezident Mahmud ƏHMƏDİNEJAD yüksək səviyyədə qonaqpərvərliyə görə dövlətimizin başçısı İlham Əliyevə dərin təşəkkürünü bildirdi. İran Prezidenti bəşər mədəniyyətinin inkişafına xüsusi töhfələr verən Xəzəryanı ölkələrin bundan sonra da səylərini birləşdirməsinin zəruriliyini vurğulayaraq dedi:
- Bizim bütün ümumi maraqlarımızı, o cümlədən Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, Xəzərdə təhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsinə və cinayətkarlığa qarşı mübarizə, iqtisadi, mədəni və elmi əməkdaşlığın inkişafı məsələlərini sizinlə birlikdə eyni dəyərlərə və əqidələrə əsaslanmaqla təmin edə bilərik. Tehran sammitində əldə edilmiş yaxşı razılaşmalardan bu günə qədər biz ətraf mühitin qorunması, təhlükəsizlik kimi sahələrdə, iqtisadi, elmi və mədəni sahələrdə əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində beş ölkənin əməkdaşlığının möhkəmlənməsini müşahidə edirik. Bu istiqamətlərdə əməkdaşlığın ardıcıl həyata keçirilməsi və yeni imkanların aşkar edilməsi hamımızın mənafeyinə uyğundur.
Gündəliyə müştərək gəmiçilik şirkətlərinin yaradılması, gömrük rüsumları ilə əlaqədar güzəştlər müəyyən edilməsi, ticarət mübadiləsinin artırılması, neft-kimya məhsullarının nəql edilməsi üzrə şəbəkələrin birləşdirilməsi, eləcə də turizm, mədəniyyət və idman sahələrində insanlar arasında əlaqələrin inkişaf etdirilməsi və genişlənməsi məsələlərinin daxil olunmasını təklif edirəm.
Prezident Mahmud Əhmədinejad qarşıda duran vəzifələrlə bağlı təkliflərini irəli sürərək bildirdi:
- Gələn il Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması üzrə işləri tamamilə və birdəfəlik yekunlaşdırmağı təklif edirəm. Bunun üçün bütün məsələlərin ədalətli və sabit razılaşdırılmasına nail olmağın daha güclü təminatı olan beştərəfli formatda iclasların keçirilməsi davam etdirilməlidir. İştirakçı ölkələrin potensiala, resurslara, milli valyutalara əsaslanan iqtisadi əməkdaşlığı beynəlxalq iqtisadi sistemlərin vurduğu zərərin dərəcəsini azaltmağa və yeni imkanlar yaratmağa qadirdir. Xəzərdə sabitlik və təhlükəsizlik üçün təhdid olan amillərə qarşı birgə mübarizə, əcnəbi oyunçuların çıxışlarının qarşısının alınması Xəzər dənizində və ölkələrimizdə təhlükəsizliyin və sülhün təmin edilməsinin ən mühüm elementidir. İran İslam Respublikası dəqiq işlənib hazırlanmış proqram əsasında bütün sahələrdə əməkdaşlığa hazırdır.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti, mənim qardaşım, zati-aliləri cənab İlham Əliyevə səmimi qəbul və qonaqpərvərlik üçün bir daha təşəkkür etmək istərdim. Ümid edirəm ki, iştirakçıların əməkdaşlığı və qarşılıqlı fəaliyyəti, görüşlər yaxşı nəticələr verəcəkdir.
Ulu Tanrıdan bütün xalqlara sülh və təhlükəsizlik, firavanlıq və sevinc diləyirəm. Diqqətinizə görə hamınıza təşəkkür edirəm.
* * *
Prezident Nursultan NAZARBAYEV tədbirin yüksək səviyyədə
təşkilinə və qonaqpərvərliyə görə
Prezident İlham Əliyevə dərin təşəkkürünü
bildirdi. Qazaxıstan dövlətinin başçısı Xəzər
dənizi ilə bağlı bütün məsələlərin
tam və kompleks həllinə mühüm əhəmiyyət
verdiyini vurğulayaraq dedi:
- Biz ilk növbədə
Xəzərin hüquqi statusu ilə bağlı məsələləri
tamamilə həll etməliyik. Bu su hövzəsinin nadirliyi təkcə
xeyli miqdarda karbohidrogen ehtiyatları və nərə
balığı növlərinin dünyada ən iri
populyasiyası ilə şərtlənmir. Xəzər
minilliklər boyu dostluq və sabitlik dənizi olmuş, sahillərində
yaşayan xalqları birləşdirmişdir.
Xəzəryanı dövlətlərin sülh və mehriban qonşuluq şəraitində yaşamaq kimi ümumi səyləri Azərbaycan Respublikasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının və Türkmənistanın 2007-ci il oktyabrın 16-da Tehran zirvə görüşündə qəbul etdikləri Bəyannamədə əksini tapmışdır. Həmin sənədin imzalanması sahilyanı ölkələrin əməkdaşlığı tarixində əlamətdar hadisə olmuşdur. Bu sənəd geniş əhatəli əməkdaşlıq məsələləri üzrə qarşılıqlı fəaliyyətin dərinləşməsi və Xəzər hövzəsində təhlükəsizliyin möhkəmlənməsi üçün etibarlı əsas yaratmışdır.
Tehran zirvə görüşü Xəzərin problemlərinin bütün cəhətləri üzrə beştərəfli əməkdaşlığın fəallaşdırılması üçün böyük potensialı üzə çıxarmış və bütün dünya birliyinə sübut etmişdir ki, Xəzəryanı dövlətlərin mövcud məsələlərini yalnız qarşılıqlı anlaşma və konsensus əsasında konstruktiv ruhda dinc vasitələrlə həll etmək olar. Zirvə görüşləri arasındakı müddətdə 2008-ci ilin oktyabrında Həştərxanda böyük iş görülmüş, Xəzəryanı dövlətlərin birinci hökumətlərarası iqtisadi konfransı keçirilmiş, Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsi, Xəzərin dəniz mühitinin mühafizəsinə dair Çərçivə Konvensiyasına əlavə protokollar hazırlanmışdır.
Yaxın günlərdə Qazaxıstanda Çərçivə Konvensiyasının razılığa gələn tərəflərinin üçüncü konfransı keçiriləcəkdir. Konfransda dörd əlavə protokolun ən azı ikisini imzalamaq nəzərdə tutulur.
Qazaxıstan dövlətinin başçısı Xəzərin hüquqi statusu ilə əlaqədar xüsusi işçi qrupunun fəaliyyətinin intensivləşdirilməsinin vacibliyini diqqətə çatdıraraq bildirdi:
- Biz razılaşmışdıq ki, dövlət başçıları ildə bir dəfə görüşəcəklər və belə görüşlər kifayət qədər səmərəli və faydalı olacaqdır. Bununla əlaqədar, xüsusi işçi qrupunun iclaslarının, onun qaydalarında nəzərdə tutulduğu kimi, ildə beş dəfədən az olmamaq şərti ilə keçirilməsini xarici işlər nazirliklərinə tapşırmağı təklif edirəm. Müvafiq razılaşmanı bugünkü birgə bəyanatda əks etdirmək lazımdır.
İran Prezidentinin təkliflərini dəstəkləmək istəyirəm. Qazaxıstan tərəfi Xəzərin hüquqi statusu probleminin bütün sahilyanı ölkələr üçün konsensus və qarşılıqlı fayda əsasında sürətlə həllini dəstəkləyir. Biz Xəzərdəki tərəfdaşlarımızın təklif etdikləri müxtəlif formatlı bütün görüşlərdə və tədbirlərdə iştirak etməyə hazırıq.
Hörmətli dövlət başçıları, Tehran görüşündə tərəfimizdən nərə balığı növlərinin ovlanması kvotalarının bölünməsi mexanizminə yenidən baxılmasının zəruriliyi barədə məsələ qaldırılmışdı.
Qazaxıstan Xəzər dənizinin bu nadir "sakinlər"inin sayının günbəgün azaldığını nəzərə alaraq, onların ovlanmasına ən azı beş il müddətinə müvəqqəti beştərəfli moratorium tətbiq olunmasını təklif edir. Belə qərar nərə balığı növlərinin populyasiyasını bərpa etməyə və gələcək nəsillər üçün saxlamağa imkan verəcəkdir. Özü də Xəzərin bioresurslarının istifadəsi, mühafizəsi və təkrar istehsalı, habelə beştərəfli müqavilənin imzalanması yolu ilə brakonyerlərə qarşı mübarizə sahələrində əməkdaşlığı elmi və hüquqi cəhətdən əsaslandırılmış şəklə salmaq lazımdır.
Prezident Nursultan Nazarbayev gündəlikdə duran məsələlərin müsbət həlli üçün tədbir iştirakçılarını səyləri daha da gücləndirməyə çağıraraq dedi:
- Hörmətli dostlar! Əminəm ki, bugünkü görüşdə səslənəcək təşəbbüs və təkliflər konkret sənədlərdə və əməli işdə əksini tapacaqdır. Səmərəli və konstruktiv qarşılıqlı fəaliyyət, Xəzər sahili xalqları arasında dostluğun möhkəmlənməsi dövlətlərimizin regional əməkdaşlığını yeni zirvələrə yüksəldəcəkdir.
Burada, qardaş Azərbaycanın paytaxtında toplaşan bizim hamımızı ümumi bir məqsəd - Xəzər regionunda sabitliyə və təhlükəsizliyə nail olmaq və xalqlarımızın rifahını təmin etmək məqsədi birləşdirir.
Bu gün biz bu istiqamətdə daha bir addım atdıq.
Bu gün imzalanacaq bütün sənədlər - saziş və bəyanatımız bu istiqamətdə atılan daha bir mühüm addımdır.
Diqqətinizə görə minnətdaram!
* * *
Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürünü çatdıran Rusiya Prezidenti Dmitri MEDVEDEV Bakı sammitinin müsbət nəticələrlə başa çatacağına əminliyini vurğuladı. Ötən zirvə görüşlərinin təcrübəsinə əsaslanan Rusiya dövlətinin başçısı gündəlikdəki məsələlərlə bağlı fikir mübadiləsinin mütəmadi xarakter daşımasının vacibliyini bildirdi və bu baxımdan Bakıda imzalanacaq sənədin mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdıraraq dedi:
- Əlbəttə, bu cür zirvə görüşlərinin əsas mövzusu Xəzər dənizinin müasir geosiyasi reallıqlara cavab verən yeni hüquqi statusunun müəyyənləşdirilməsidir və biz sizinlə bu sahədə bəzi işlər görmüşük, bir sıra mühüm məsələlərə dair prinsipial razılığa gəlmişik.
Qarşıdakı irəliləyişimizə gəldikdə isə, hörmətli həmkarlarım, sizi əmin etmək istəyirəm ki, biz, - mən Rusiya Federasiyasını nəzərdə tuturam, - gələcək sazişimizin bütün vacib bəndləri üzrə razılıq əldə olunması, Xəzərin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsi üçün əlimizdən gələni edəcəyik. Söhbət bütün əsas məsələlərdən, o cümlədən dənizin dibinin və akvatoriyanın delimitasiyası, dənizdə hərbi fəaliyyət, habelə gəmiçilik və balıq ovu ilə bağlı ümumi qaydalardan gedir. Biz öz təkliflərimizi artıq irəli sürmüşük, qarşılıqlı təkliflərə, Qazaxıstan Prezidentinin dənizin akvatoriyasının delimitasiyası ilə bağlı təklif və təşəbbüslərinə əlavələr etmişik. Bu baxımdan, biz dialoq aparırıq. Hesab edirəm ki, bu gün "Xəzər beşliyi" əsas məsələnin - milli dəniz kəmərinin eni və rejimi ilə əlaqədar məsələnin həllinə yaxınlaşır, çünki bu, başlıca məsələdir. Məhz bu məsələ ilə əlaqədar biz qəti razılığa gəlməliyik. Mən əminəm ki, mövqelərimizdə hələlik müəyyən uyğunsuzluq olsa da, biz razılığa gələ bilərik. Əvvələn, ona görə ki, biz qonşuyuq, biz həqiqətən dostluq etməliyik, ikincisi, ona görə ki, Xəzər dənizində daha səmərəli təsərrüfatçılıqla məşğul olmalıyıq.
Prezident Dmitri Medvedev Xəzəryanı ölkələrin yeni konvensiya ilə bağlı danışıqlar prosesini sürətləndirməyin zəruriliyini qeyd etdi və yekun nəticəyə nail olunması üçün Rusiyanın səylərini əsirgəməyəcəyini vurğuladı:
- Bizim vəzifəmiz təkcə dənizi, akvatoriyanı, dənizin dibini bölməkdən ibarət deyildir. Bizim vəzifəmiz həm də nadir ekologiyanın qorunub saxlanmasının qayğısına qalmaq, dənizin təbii sərvətlərindən qənaətçiliklə istifadə etməkdir. Nursultan Abişeviç elə indicə bu barədə dedi və mən də razıyam ki, biz nadir bioloji tərkibin deqradasiyasına yol verməməliyik. Gəlin düşünək, nə edə bilərik, üzərimizə hansı əlavə öhdəliklər götürə bilərik, çünki indi biz cari işlərimizdən deyil, ölkələrimizin vətəndaşlarının gələcək nəsilləri qarşısında məsuliyyətimizdən danışırıq.
Rusiya dövlətinin başçısı Xəzəryanı ölkələrin ticarət-iqtisadi əməkdaşlığının gücləndirilməsi ilə əlaqədar həmkarlarının söylədikləri fikirləri tam bölüşdüyünü bildirərək dedi:
- Rusiya əvvəlki kimi hesab edir ki, onların gələcək inkişafı üçün bizim hamımızı birləşdirə biləcək müvafiq regional qurum lazımdır. Biz ümid edirik ki, bu təklif indi masa arxasında əyləşmiş həmkarlarımız tərəfindən maraqla müzakirə olunacaqdır. Bu qurum nəinki regional inteqrasiya proseslərini fəallaşdıra, həm də gündəlikdəki ən müxtəlif məsələlərin həllini stimullaşdıra bilər.
İlham Heydər oğlu, bir daha görüşümüzün təşəbbüskarı kimi Sizə təşəkkürümü bildirmək istəyirəm və ümidvaram ki, belə görüşlər daha mütəmadi keçiriləcək və biz qarşımızda duran vəzifələri yerinə yetirə biləcəyik. Sağ olun!
* * *
Xəzəryanı ölkələrin
dövlət başçılarının
üçüncü Zirvə Görüşünün
yüksək səviyyədə təşkilinə və
qonaqpərvərliyə görə Prezident İlham Əliyevə
dərin təşəkkürünü çatdıran
Türkmənistan Prezidenti Qurbanqulu
BERDİMƏHƏMMƏDOV ümumilikdə
danışıqların konstruktiv xarakter
daşıdığını söyləyərək dedi:
- Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın layihəsi üzərində konstruktiv iş aparılır. Bu gün tərəflər həmin sənədin müddəalarının əksəriyyəti barədə konsensusa nail oldular. Xəzər Dənizində Təhlükəsizlik Sahəsində Əməkdaşlıq haqqında Beştərəfli Sazişin layihəsi artıq razılaşdırılmışdır. Dəniz mühitinin qorunmasına dair Çərçivə Layihəsinin imzalanması da bizim birgə nailiyyətlərimiz sırasına aid edilməlidir.
Bu gün Xəzəryanı dövlətlərin ekspertləri həmin sənədə əlavə protokolların layihələrinin hazırlanması üzərində fəal iş aparırlar. Bütün bunlar ona dəlalət edir ki, səmərəli qarşılıqlı əlaqələrin möhkəmlənməsi üçün böyük tərəfdaşlıq potensialı vardır və ölkələrimiz buna hazırdırlar.
Bununla əlaqədar, Türkmənistan Xəzərdə fəaliyyətin müxtəlif növlərinin hüquqi cəhətdən daha da tənzimlənməsinə yönəlmiş sazişlərin layihələrini işləyib hazırlamağa başlamağı təklif edir. Biz, məsələn, Xəzər dənizinin bioloji ehtiyatlarının qorunub saxlanması və onlardan səmərəli istifadə edilməsi haqqında saziş layihəsi hazırlamağa başlamağı zəruri hesab edirik. Həmin sazişin qəbul edilməsi bu sahədə fəaliyyət üçün möhkəm hüquqi təməl yaratmağa imkan verəcəkdir.
Daha konkret desək, bu, bioloji ehtiyatlardan istifadə edilməsi normalarını beştərəfli əsasda razılaşdırmağa, o cümlədən beynəlxalq hüquq normaları nəzərə alınmaqla nərə balığı növlərinin Xəzəryanı dövlətlər arasında bölünməsini və ov kvotalarının mənimsənilməsini təmin etməyə imkan verəcəkdir. Biz 2007-2008-ci illərdə Xəzər dənizinin bioloji su ehtiyatlarına dair komissiyada sədrlik etdiyimiz dövrdə bu barədə yeni metodikalar təklif etmişdik.
Fövqəladə hallar yarandıqda və ya onların yaranması təhlükəsi olduqda Xəzəryanı dövlətlərin hərəkətlərini əlaqələndirmək məqsədilə fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin layihəsinin işlənib hazırlanmasına başlamağı da məqsədəuyğun hesab edirik.
Prezident Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi ilə əlaqədar indiyədək həllini tapmayan məsələlərlə bağlı Türkmənistanın mövqeyini də diqqətə çatdıraraq dedi:
- Əvvələn, Xəzər dənizinin dibinin və təkinin bölünməsi problemi barədə. Bu problem müzakirə edilərkən Türkmənistan bunu əsas götürür ki, Xəzərdə delimitasiya beynəlxalq hüququn ümumtanınmış normalarına, qarşılıqlı hörmət və tərəfdaşların mənafelərinin nəzərə alınması prinsiplərinə əsaslanmalıdır.
Burada xüsusi vurğulamaq istərdim ki, biz Xəzərlə bağlı hər hansı həll edilməmiş məsələlərə siyasi rəng verilməsinin əleyhinəyik.
Məsələn, Xəzər dənizinin dibinin və təkinin bölünməsi dinc, diplomatik və hüquqi vasitələr və metodlarla həll edilməli olan hüquq problemidir.
İkincisi, Xəzər dənizinin dibi ilə boru kəmərlərinin çəkilməsi bizim üçün prinsipial məsələdir. Türkmənistan qəti əmindir ki, Xəzərdə sualtı boru kəməri çəkilməsi məsələsi yalnız dənizin dibinin həmin boru kəmərinin keçdiyi hissələrinin məxsus olduğu tərəflərin razılığı ilə həyata keçirilə bilər. Təbii ki, bu halda ən yüksək beynəlxalq ekoloji standartlara və normalara riayət ediləcəkdir.
Üçüncüsü, Xəzər akvatoriyasının bölünməsi məsələsi. Türkmənistanın qəti mövqeyi belədir ki, Xəzər dənizinin akvatoriyası daxili sulara, ərazi dənizinə və ümumi su məkanına bölünür.
Bu halda biz ərazi dənizinin eninin 20 dəniz mili qədər müəyyən edilməsinin tərəfdarıyıq. Ərazi dənizi müvafiq sahilyanı dövlətin tam suverenliyi altında olmalıdır. Ərazi dənizinin kənar xətti dövlət sərhədi olmalıdır.
Xəzərdə dayanıqlı sabitliyin və təhlükəsizliyin təmin edilməsinin başlıca məqsəd olduğunu vurğulayan Prezident Qurbanqulu Berdiməhəmmədov bu baxımdan Xəzəryanı ölkələrin dövlət başçılarına xüsusi minnətdarlığını bildirdi:
- Bununla əlaqədar, mən Azərbaycan Respublikasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Rusiya Federasiyasının burada iştirak edən hörmətli prezidentlərinə Xəzərdə konstruktiv tərəfdaşlığın inkişaf etdirilməsi işinə böyük şəxsi töhfələrinə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Bu gün bizim aramızda qapalı və ya naqolay mövzular yoxdur. Biz Xəzər problemlərinin bütün aspektləri barədə əsl dostlar və mehriban qonşular kimi, səmimi və məhrəmanə söhbət edirik. Bizim budəfəki sammitimiz bunu tamamilə təsdiqləyir.
Əminəm ki, bu sammit Xəzəryanı dövlətlərin dostluğunun və əməkdaşlığının inkişafında mühüm mərhələ olacaq, Xəzəri sülh və firavanlıq regionuna çevirmək üçün birgə əzmimizi daha da möhkəmləndirəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
* * *
Noyabrın
18-də Bakıda Xəzəryanı ölkələrin
dövlət başçılarının
üçüncü Zirvə Görüşündən
sonra sənədlərin imzalanması mərasimi olmuşdur.
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 1-2.