Londonda "Azərbaycan:
uçan xalçalarla nağıllar aləminə" sərgisi
açılmışdır
Noyabrın
15-də Heydər Əliyev Fondunun, Azərbaycanın
Böyük Britaniyadakı səfirliyinin və "Baku"
jurnalının birgə təşkilatçılığı
ilə Londonda Azərbaycan xalçalarının "Azərbaycan:
uçan xalçalarla nağıllar aləminə"
adlı sərgisi açılmışdır.
Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri
Leyla Əliyeva sərginin açılışında
iştirak etmişdir.
Azərbaycanda
xalçaçılıq sənətinin qədim tarixi
vardır. Qədim və orta əsrlərə aid mənbələr
Azərbaycan xalqının milli sərvəti olan xalçalar
və xalçaçılıq sənəti haqqında ən
qiymətli məlumatları özündə əks etdirir. Azərbaycan
xalçalarının dünya mədəniyyətinin
inkişafına təsiri də danılmazdır.
Orta
əsrlərdə Avropaya ayaq açan Azərbaycan
xalçaları az sonra dünyada məşhur rəssamların
tablolarında, səyyahların əsərlərində təsvir
olunmuş, gözəlliyi və orijinallığı ilə
hamını heyran qoymuşdur. İncə ornamentləri, zərif
və nəfis naxışları ilə diqqəti cəlb edən
Azərbaycan xalçaları XIX əsrdə artıq beynəlxalq
sərgilərdə nümayiş etdirilmişdir. O dövrdə
Moskva, Vyana, Turin, London, Berlin və digər şəhərlərdə
təşkil edilən beynəlxalq sərgilərdə
nümayiş etdirilən eksponatların əsas hissəsi Azərbaycandan
aparılan xalı-xalçalar olmuşdur. XX əsrdə də
böyük inkişaf yolu keçən Azərbaycan
xalçası elə bu dövrdə elmi cəhətdən
öyrənilmiş və tədqiq olunmuşdur. İndi Azərbaycan
xalılarının sorağı dünyanın ən məşhur
saraylarından və muzeylərindən gəlir. 1539-cu ildə
toxunan, Londonun Viktoriya və Albert muzeyində qorunan
"Şeyx Səfi" xalısı ornamental xalıların
ən gözəl nümunəsi kimi bu gün də Azərbaycan
xalçaçılıq məktəbini dünya
miqyasında şərəflə təbliğ edir. Elə
Londonda Heydər Əliyev Fondu, Azərbaycanın
Britaniyadakı səfirliyi və "Baku" jurnalının
birgə təşkil etdiyi "Azərbaycan: uçan
xalçalarla nağıllar aləminə" adlı sərginin
məqsədi də xalqımızın milli sərvəti
olan xalçalarımızın dünya mədəni irsinə
verdiyi töhfələri bir daha diqqətə
çatdırmaq, ölkəmizi bu sahədə yetərincə
təbliğ etməkdir.
Azərbaycanın
Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov sərginin
açılış mərasimindəki
çıxışında Azərbaycan
xalçalarının Londonda nümayiş etdirilməsi ilə
bağlı ideyanın artıq reallığa çevrildiyini
demişdir. Bu ideyanın həyata keçirilməsi
üçün göstərdiyi səylərə və
verdiyi dəstəyə görə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya və
Fondun Rusiya nümayəndəliyinin rəhbəri,
"Baku" jurnalının baş redaktoru Leyla Əliyevaya
minnətdarlığını bildirmişdir.
Səfir
qeyd etmişdir ki, xalçaçılıq sənəti Azərbaycan
mədəniyyətinin bir parçasıdır və bu
xalçaların ən nadir nümunələri bir həftə
ərzində Londonda nümayiş olunacaqdır.
İngiltərə-Azərbaycan
Cəmiyyətinin həmsədri lord Freyzer bildirmişdir ki, bu
cür tədbirlər Azərbaycan-Böyük Britaniya
maraqlarını yüksək səviyyədə təcəssüm
etdirir. Sərginin keçirilməsini yüksək dəyərləndirən
lord Freyzer son illərdə ölkəmizdə güclü
inkişafın müşahidə olunduğunu demişdir. O,
bu sərgidə nümayiş olunan əsrarəngiz
xalçalar haqqında təəssüratlarını
bölüşmüşdür. Lord Freyzer
çıxışına "Bizim məqsədimiz Azərbaycan-İngiltərə
əlaqələrini, xüsusən də mədəni əlaqələri
inkişaf etdirməkdir" sözləri ilə yekun
vurmuşdur.
Heydər
Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla ƏLİYEVA sərginin
açılışında çıxış edərək
demişdir:
-
Xanımlar və cənablar, əziz dostlar! Sizi burada
salamlamağa şadam və ümid edirəm ki, bu tədbirdən
zövq alacaqsınız. Sərginin adı "Azərbaycan:
uçan xalçalarla nağıllar aləminə"dir.
Biz sizləri xalçaçılıq sənəti vasitəsilə
min bir gözəllik diyarı olan Azərbaycanın qədim və
heyrətamiz nağıllar aləminə aparmaq istərdik. Bu,
təkcə bənzərsiz təbiəti olan, mehriban
insanların yaşadığı bir Qafqaz ölkəsi deyil,
həmçinin Şərq və Qərb dəyərlərinin,
fikirlərin qovuşduğu, zəngin mədəni irsin
mövcud olduğu bir məkandır. Yüz il əvvəl
Nobel mükafatı laureatı Redyard Kiplinq demişdir:
"Şərq Şərqdir, Qərb də Qərb və
onlar heç vaxt qarşılaşmayacaqlar". Əminəm
ki, əgər Kiplinq Azərbaycana gəlsə idi, o, ölkədən
tamamilə fərqli təəssüratlarla ayrılardı. Azərbaycanda
Şərq və Qərb bir araya gəlir.
Azərbaycan
mətbəxi, ənənəvi yaşayış tərzinə
sadiqliyi, ailə dəyərləri, koloriti və əsl Şərq
bazarı mühiti ilə fərqlənir. Azərbaycan, eyni
zamanda, həmişə Qərbyönümlü olmuşdur.
1918-ci ildə Azərbaycanda ilk demokratik respublika qurulmuşdur.
Eyni zamanda, Azərbaycan qadınlara seçki hüququ verən
ilk ölkə olmuşdur. Şərqdə ilk opera və teatr
binası Azərbaycanda inşa edilmişdir. Beləliklə,
Azərbaycan Şərqdə Qərb dəyərlərinin
müdafiəçisinə çevrilmişdir. Amma eyni
zamanda, o, Şərqi Qərbə tanıtmış, həm də
ki, nağıllar ölkəsinə qapıları
açmışdır.
Xalçaçılıq
sənətinə gəlincə isə, Azərbaycan
xalçaları bütün Avropada məşhur olmuşdur.
Bu heç də təəccüblü deyildir. Çünki
Azərbaycan əfsanəvi İpək yolu üzərində
yerləşir. Bu yol isə təkcə ticarət yolu deyil,
eyni zamanda, dəyərlərin və mədəniyyətlərin
mübadiləsi üçün geniş bir dəhliz idi. Min
il əvvəl olduğu kimi, Azərbaycan bu gün də hər
bir qonağa açıq ölkədir. Heydər Əliyev
Fondunun burada təqdim etdiyi kitabın səhifələrində
siz Azərbaycanın gözəl mənzərələrini - əzəmətli
dağlarını, füsunkar göllərini, geniş
düzənliklərini, tarixən "Odlar yurdu"
adlandırılan bu ölkənin qədim və müasir
şəhərlərini görəcəksiniz. Bu kitab bizdə
Qobustandakı qayaüstü rəsmləri çəkmiş
qədim insanlar, Abşeronun böyük vulkanları,
Bakının köhnə küçələri, Xəzərin
sahilə çırpılan dalğaları haqqında təsəvvür
yaradır. Bütün bunlar gözəl fotoşəkillər
toplusunda bir araya gətirilmişdir.
Heydər
Əliyev Fondu Azərbaycanın mədəniyyətini və
tarixini təbliğ etmək üçün yorulmadan
çalışır. Fond konsertlər, təqdimatlar, sərgilər
təşkil edir, dünyanın hər yerində məktəblər
inşa etdirir, Azərbaycanın incəsənətini və
musiqisini təbliğ edir. Heydər Əliyev Fondu,
"Baku" jurnalı və Azərbaycan Respublikasının
Birləşmiş Krallıqdakı səfirliyi həmin layihə
çərçivəsində bir həftə ərzində
London sakinlərini Azərbaycan xalçaçılıq sənəti
ilə tanış edəcək bu sərgini təşkil
etmişlər. Eyni zamanda, ümidvarıq ki, Azərbaycanı,
onun mədəniyyətini, tarixini və əlbəttə ki,
xalqımızı təbliğ edəcəyik. Xalça qəlbin
aynasıdır. Bu, qadın və kişi sənətkarların
uzunmüddətli zəhmətinin,
xalçaçıların iti gözləri və fərdi
yanaşmalarının, qədim irsə və mədəni ənənələrə
sadiq qalmalarının nəticəsidir. Xalçaların
üzərində fərdi izlər qala bilər. Bu, ya təsadüf,
ya da səhvən baş verə bilər.
Xalçaçılar ənənələrə tabedirlər.
Azərbaycanın müxtəlif bölgələrindən
olan ustalar tərəfindən toxunan xalçalara nəzər
yetirdikdə, siz bu sənət əsərlərini yaradan
insanlarla sanki görüşə biləcəksiniz. Siz Azərbaycanın
müxtəlif bölgələrini təmsil edən Quba,
Şirvan, Bakı, Şəki, Qarabağ
xalçaçılıq məktəbləri
arasındakı fərqi görəcəksiniz.
Mən
bu tədbirin Londonda keçirilməsinə və bu
kitabın təqdimatının burada təşkil
olunmasına görə çox məmnunam. London gözəl
şəhərdir, dünyanın əzəmətli
paytaxtlarından biridir. Mən uzun illər Londonda
yaşamışam. Əslində, mən buradakı Xarli
küçəsində yerləşən məktəbdə
oxumuşam. Mənim üçün London çox sayda
gözəl, görməli yerləri və mənzərələri
ilə zəngin olan şəhərdir. Mən
özümü burada evdəki kimi hiss edirəm. Bu tədbirin
burada keçirilməsindən çox şadam.
Çünki London sakinləri fərqli mədəniyyətlərə
və ideyalara böyük maraq və anlayış
nümayiş etdirirlər. Siz yaxınlıqda yerləşən
Viktoriya və Albert muzeyində XVI əsrə aid və üzərində
ağac, bitkilər və yarpaqlar təsvir olunan möhtəşəm
"Şeyx Səfi" xalçasını görə bilərsiniz.
Ümid edirəm ki, bu sərgi Azərbaycan
xalçaçılıq sənəti haqqında olan biliklərinizi
daha da artıracaqdır.
Əziz
dostlar! Mən Azərbaycan mədəniyyəti haqqında
saatlarla danışa bilərəm. Düşünürəm,
yaxşı olar ki, bunu özünüz görəsiniz. Qoy
bizim sehrli xalçamız sizi bir neçə dəqiqəliyə
olsa da, Şərq nağılları aləminə
aparsın. Ümid edirəm ki, bu "səfər"in
xoş təəssüratları uzun müddət sizinlə
qalacaqdır. Mən sizi Azərbaycan xalçalarına həsr
olunmuş sərgiyə baxmağa dəvət edirəm. Beləliklə,
icazə verin sizi Azərbaycana - yeni texnologiyaları, qədim
və müasir memarlıq abidələri, gözəl mətbəxi
və istiqanlı insanları olan ölkə ilə
tanışlığa dəvət edim. Gəlin səyahətimizə
sərgi ilə tanışlıqla başlayaq. Burada
toplaşdığınız üçün bir daha sizlərə
təşəkkür edirəm və sözü mədəniyyət
naziri Ed Veyziyə verirəm.
Böyük
Britaniyanın mədəniyyət naziri Ed Veyzi bu tədbirə
dəvət edilməsindən çox şad olduğunu
bildirdi. O dedi ki, Azərbaycan ilə İngiltərə arasında
mədəni əlaqələr çox güclüdür. Azərbaycanlı
tələbələrin bu gün İngiltərənin
müxtəlif ali məktəblərində təhsil
aldığını vurğulayan nazir Azərbaycanın
iqtisadi inkişafından məmnun olduğunu bildirdi.
"Bu
tədbir Azərbaycan-İngiltərə əlaqələrinin
daha da güclənməsinə xidmət edir", - deyən
Ed Veyzi tədbirin təşkilinə görə Heydər Əliyev
Fonduna minnətdarlıq etdi. Britaniyalı nazir sonda təmsil
etdiyi hökumətin Azərbaycanın Avropa İttifaqına
yaxınlaşmasını dəstəkləyəcəyini və
bu dəstəyin davamlı olacağını vurğuladı.
Sərgi
çərçivəsində "Azərbaycan" nəşrinin
ingilis dilində versiyasının təqdimatı oldu. Heydər
Əliyev Fondunun ən mühüm layihələrindən biri
olan "Azərbaycan" nəşrinin ana dilimizdə
versiyası bu ilin əvvəlində Bakıda Prezident
İlham Əliyevin və Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın iştirakı ilə təqdim
olunmuşdur. Nəşrə daxil edilmiş fotoşəkillər
ölkəmizin tarixi, mədəniyyəti, təbiəti,
insan qaynaqları, bölgələri haqqında oxucuda kifayət
qədər dolğun təəssürat yaradır.
"Azərbaycan:
uçan xalçalarla nağıllar aləminə" sərgisi
təkcə Azərbaycan xalçalarını deyil, həm də
ölkəmizi, onun qədim və əsrarəngiz
paytaxtını sərgiyə gələnlərə
tanıtmışdır. Burada nümayiş etdirilən
fotoşəkillər sərgiyə gələnlərdə
ölkəmizin təbiəti, mədəniyyəti,
insanları haqqında geniş təsəvvür
yaratmışdır. Azərbaycanı, onun mavi Xəzərin
sahilində qərar tutmuş, Şərq və Qərb
koloritinin cəmləşdiyi paytaxtını tərənnüm
edən videoçarxlarda da ölkəmiz haqqında yetərincə
məlumat almaq mümkün idi.
Tədbir
iştirakçıları sərgi haqqında fikirlərini
bölüşmüşlər.
Koreya
Respublikasının Böyük Britaniyadakı səfiri
Ço Kyu-Ho demişdir: Çox gözəl tədbirdir.
Burada mən Azərbaycan və onun mədəni irsi
haqqında daha çox məlumat əldə etdim. Bu sərgi
həm də ölkənizi tanımaq baxımından
çox vacibdir.
Qlobal
Yol Təhlükəsizliyi Fondunun baş direktoru Deyvid Vord
söyləmişdir: Möhtəşəm bir tədbirdir. Bu
sərgi mənim Azərbaycana -Bakıya səfərimi
xatırladır. Yadıma gözəl paytaxtınız
düşür. Bu məqamı mənə
yaşatdığınız üçün təşəkkür
edirəm.
Təhlükəsiz
və davamlı nəqliyyat üzrə Şərq
Alyansının direktoru Emma Maklennan
vurğulamışdır: Azərbaycanı çox sevirəm,
gözəl ölkədir. Bu xalça sərgisi Azərbaycan
mədəniyyətini nümayiş etdirir. Burada iştirak etməyimdən
çox məmnunam. Bakıya yenidən
qayıtmağımı səbirsizliklə gözləyirəm.
Belə möhtəşəm tədbirin təşkilinə
görə sizlərə minnətdaram.
London sakini Kerolayn Obrayn: Möhtəşəm
sərgidir. Azərbaycan xalçalarını seyr etmək mənə
xüsusi zövq verir. Xalçaların yundan toxunduğunu
bilirdim. Amma ipəkdən toxunan xalçaları
gördükdə təəccübləndim. Burada qədim Azərbaycanın
və Bakının ab-havasını hiss etdim. Tezliklə
Bakıya səfər edəcəyim günü gözləyirəm.
Beynəlxalq hüquqşünas Nikolas
Makkilreyt demişdir: Bu ecazkar gecənin
iştirakçısı olmaqdan çox məmnunam. Səslənən
musiqi gözəldir, bizə təqdim olunan təamlar çox
dadlıdır. Burada baş verənləri görməyə
dəyərdi. Tezliklə Azərbaycana, Bakıya gəlməyə
ümid edirəm.
London sakini Qey Ənn Leri bildirmişdir: Sərginin
necə gözəl təşkil olunduğunu və
keçdiyini ifadə etmək üçün söz tapa
bilmirəm. Hər şey təkrarolunmazdır. Azərbaycanlı
qonaqlarla söhbət etməyə, təəssüratlarımızı
bölüşməyə də imkan tapdıq.
Məşhur futbolçu Roman
Pavliçenko qeyd etmişdir: Burada olmaq, sənət əsərlərinə,
xalçalara baxmaq mənin üçün çox
xoşdur. Mən Azərbaycan mətbəxinin nemətlərindən
daddım və heyran oldum. Hər şey çox gözəldir.
Sonra qonaqlar Azərbaycan
xalçalarından ibarət sərgiyə baxdılar. Sərgidə
coğrafiyasına, naxış və kompozisiyasına, rəng
həlli və texniki xüsusiyyətlərinə görə
Azərbaycan xalçaçılıq məktəbinin
bütün istiqamətləri təmsil olunmuşdur. Burada
nümayiş etdirilən Quba, Abşeron, Şirvan, Gəncə,
Qazax, Qarabağ və digər xalçaçılıq məktəblərinin
nümunələri sərgiyə gələnlərdə
böyük maraq doğurmuşdur. Sərgidə yer alan
Qarabağ xalçaçılıq məktəbinin nümunələri
Qarabağın əzəli Azərbaycan torpağı
olduğunu bir daha hamının diqqətinə
çatdırdı.
Bu gün Azərbaycanda
xalçaçılıq məktəbi özünün
inkişaf dövrünü yaşayır.
Xalqımızın milli sərvəti olan
xalçaçılığın inkişafı ilə
bağlı ölkədə həyata keçirilən tədbirlər
ilk növbədə bu qədim el sənətinin
yaşadılmasına göstərilən diqqətdən irəli
gəlir. "Azərilmə" MMC-nin yaradılması ilə
yeni inkişaf mərhələsinə daxil olan
xalçaçılıq sənəti bu gün Azərbaycan
mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev
Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir,
bu sahədə görülən işlər
xalçalarımızın milli və dünyəvi dəyərini
daha da artırır. Bakıda orijinal memarlığı ilə
diqqəti çəkən Xalça Muzeyi binasının
tikilməsi bu nadir, xalqımızın tarixini və mədəniyyətini
özündə əks etdirən sənət növünə
Azərbaycan dövlətinin diqqət və
qayğısından irəli gəlir. Azərbaycan
xalçalarının sehrinə düşən sərgi
iştirakçıları da bu nadir gözəlliyin Londonda
nümayiş etdirilməsini yüksək qiymətləndirmişlər.
Sərgidə səslənən Azərbaycan
musiqisi də maraqla qarşılanmışdır. Heydər Əliyev
Fondunun və Azərbaycan Televiziyasının birgə layihəsi
olan muğam televiziya müsabiqəsinin qalibi Güllü
Muradovanın və musiqiçi dostlarının ifaları
hamını muğamın sehrinə salmışdır.
Beləliklə, Azərbaycan
xalçalarının Londonda nümayişi unudulmaz bayrama
çevrilmişdir. Xalqımızın milli kimliyinin,
soydaşlarımızın arzu və istəklərinin əks
olunduğu bu xalçalar hər bir azərbaycanlının qəlb
döyüntüsünü Qərb
tamaşaçısına uğurla
çatdırmışdır. Bu xalçalar sərgi ilə
tanış olan hər bir kəsi xəyalən
nağıllar aləminə - Azərbaycana gətirmişdir.
Sərgi noyabrın 21-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.-2010.-
19 noyabr.- S.8.