Qurban kəsin,
Allaha yaxınlığınızı
sübut edin
İslam dünyası özünün
böyük bayramını
- mübarək Qurban bayramını qeyd etməyə hazırlaşır. Bu bayramın həyatımızda
xüsusi yeri var və onu
həmişə sonsuz
sevinc hissi ilə qarşılayırıq.
Qurbankəsmə mərasiminin tarixi qədimlərə gedib çıxır. Tarix boyu müxtəlif
xalqlar bu mərasimi müxtəlif cür icra etmişlər.
Hətta
insanları qurban kəsmək, odda yandırmaq, suya atmaq kimi dəhşətli
adətlər olmuşdur.
Hər üç səmavi dində - iudaizmdə, xristianlıqda və islamda qurbanlıq bu və ya
digər formada mövcuddur. İslamın bərqərar etdiyi Qurban bayramı isə bəşəriyyətin
həyatında tamamilə
yeni səhifə açdı, Allahın yaratdığı ən kamil məxluqa - insana bir vaxtlar
bəslənmiş vəhşi
münasibətə son qoydu.
Bu bayram İbrahim
peyğəmbərin həyatında
baş vermiş bir əhvalat ilə əlaqədardır.
Həmin
əhvalat Qurani-şərifdə
əksini tapmışdır.
Müqəddəs Kitabımıza görə,
İbrahim əleyhissəlam
yuxusunda görür ki, Allah ondan oğlu İsmayılı
qurban kəsməyi buyurur. İbrahim peyğəmbər gördüyü yuxudan çox kədərlənir,
əhvalı pozulur.
Bir ata kimi, özü
də qoca vaxtında Yaradanın bəxş etdiyi övlad payını itirmək istəmir.
İbrahim peyğəmbər həmin yuxunu təkrar-təkrar görür
və axırda dərk edir ki, sevimli oğlunu
qurban kəsmək Allahın əmridir, Xaliqin buyruğu isə yerinə yetirilməlidir. Beləliklə, İbrahim peyğəmbər
ciyərparasını Rəbbi
yolunda qurban kəsmək qərarına
gəlir.
Ata və oğul Məkkə yaxınlığındakı
Mina dağına yollanırlar. İbrahim peyğəmbər
İsmayılı Minada
qurban kəsmək istəyirdi. Yolda qoca kişi
qiyafəsinə girmiş
şeytan onları Allahın əmrini yerinə yetirməkdən
daşındırmağa cəhd
edir. Tanrı yolunda qurban
getməyə hazır
olan İsmayıl şeytanı daşqalaq edib qovur. Mina dağına çatanda
İbrahim peyğəmbər
oğlunu yerə yıxıb bıçağı
boğazına çəkir.
Amma nə qədər cəhd etsə də, Allahın hökmü ilə bıçaq kəsmir.
Elə bu məqamda səmadan səs gəlir: "Ya İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu)
təsdiq etdin (Sənə yuxuda nə əmr olunmuşdusa, onu yerinə yetirdin. Allah sənə lütf
edərək oğlunun
yerinə bir qoç kəsməyi buyurur). Biz yaxşı
iş görənləri
belə mükafatlandırırıq"
(Quran, Saffat, 104-105).
Uca Yaradan İsmayılı qurban kəsməyi əmr etməklə peyğəmbərlik üçün
bəyənib seçdiyi
bəndəsini - İbrahim
əleyhissəlamı imtahana
çəkirdi və
onun bu sınaqdan
mətanətlə çıxdığını
görüb İsmayılın
əvəzinə qurban
kəsmək üçün
qoç göndərir. İbrahim
peyğəmbər qoçu
qurban kəsib Allaha şükür edir...
Qurban bayramının əsasında
duran bu hadisənin böyük mənası var. Bir tərəfdən, Allah-taala
İbrahim peyğəmbərin
səmimiliyini, Tanrıya
sədaqətini və
qəlbən bağlılığını,
Onun buyruqlarına əməl etməyə hazır olduğunu insanlara sübut etdi. Digər tərəfdən, Allah-taala İbrahim peyğəmbər vasitəsilə
öz bəndələrinə
bildirdi ki, yalançı dinlərdə
olduğu kimi, insanların qurban kəsilməsini istəmir.
Allah qurban kəsmək
üçün göydən
qoç göndərməklə
yalançı etiqadların
puçluğunu, yaratdığı
ən mükəmməl
məxluqun - insanın
hər şeydən uca olduğunu bəndələrinin nəzərinə
çatdırdı.
Digər tərəfdən belə
bir məqamı vurğulamaq lazımdır
ki, qurban kəsmək Allaha xoş gələn əməllərdəndir. Müsəlman qurban kəsməklə Yaradana sədaqətini nümayiş etdirir.
Elə
"qurban" sözünün
hərfi mənası
("yaxınlıq", yəni
Allaha yaxınlıq, sədaqət) da buna dəlalət edir. Qurani-kərimin Həcc surəsinin 36-37-ci
ayələrində deyilir:
"Biz qurbanlıq dəvələri
də Allahın nişanələrindən (Onun
haqq dininin əlamətlərindən) etdik.
Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağlı, sağ əli və iki ayağı açıq vəziyyətdə
olduqları) halda kəsərkən üstlərində
Allahın adını
çəkin (Bismillah
deyin). Onlar böyrü üstə
düşən (canları
çıxdığı) zaman (ətindən) özünüz də yeyin, (yanınızda olub utandığından)
əl açmayana (lakin verilənə etiraz etməyənə) və dilənçiyə
də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükr
edəsiniz! Onların nə əti,
nə də qanı, əlbəttə,
Allaha çatmaz.
Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən
etdiyiniz ibadətdir).
Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi)
üçün Onu (layiqincə) uca tutasınız deyə bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (cənnətlə)
müjdə ver!"
Başqa
sözlə, müsəlman
qurban kəsərək
Tanrıya yaxınlığını,
ona sədaqətini bir daha sübut
edir. Özü də Qurban
kəsmək müsəlman
üçün vacibdir.
Amma qurbanı yalnız imkanı olanlar kəsməlidirlər. İmkanlıların qurban kəsməməsi məqbul olmadığı
kimi, imkansızların
da ailəsinin güzəranına ziyan vurmaqla, yaxud borc-xərc hesabına qurban kəsməsi məqbul deyil.
Müsəlman qurbanı qoyun və keçidən, dəvə və inəkdən kəsməlidir. Çöl heyvanlarından,
eləcə də quşlardan qurban kəsilə bilməz.
Kəsilən heyvan sağlam,
qüsursuz və cavan olmalıdır.
Xəstə, arıq,
çolaq, gözü
kor, buynuzu sınmış, dişləri
tökülmüş, qulağı,
quyruğu kəsilmiş
heyvan qurbanlıq ola bilməz.
Qurban kəsmək üçün seçilən
qoyun və keçi bir illik, inək iki illik, dəvə
beş illik
olsa, yaxşıdır.
Qurban əti adətən üç yerə bölünür:
bir hissəni qurban kəsən özünə və ailəsinə saxlayır,
bir hissəsini qohum-əqrəbaya və
dost-tanışa verir,
bir hissəsini də ehtiyacı olanlara paylayır. Müsəlman istəsə, qurban
ətinin hamısını
kasıblara paylaya bilər. Həm də imkan daxilində bir yox, bir neçə
qurban kəsib ehtiyacı olanlara paylamaq savabı artırar. Yeri gəlmişkən, peyğəmbərimiz
Məhəmməd salavatullah
Qurban bayramında çoxlu qurban kəsib kasıblara paylayarmış...
Qurbanlığın başqa bir gözəl xüsusiyyəti
də var. Belə ki, burada dini
ayrı-seçkiliyə yol
verilmir. Yəni başqa dinə
mənsub olan imkansız insan varlı müsəlmanın
imkanlarından bəhrələnib
adi günlərdə
əli çatmayan qurbanlıq ətindən yeyə bilər və bu onun
haqqıdır. Qurbanlığın məğzi də elə ondan ibarətdir ki, insanlar Tanrıya xoş gələn belə bir əməli
icra edirlər.
Bu mübarək bayram dinimizin bir sıra
fəzilətlərini özündə
əks etdirir. İmkanlı müsəlmanın qurban kəsib imkansızların
ehtiyaclarını, qismən
də olsa, ödəməsi xeyirxahlığın
təzahürüdür. Allaha xoş gələn bu əməl Qurban bayramında özünü daha qabarıq şəkildə
büruzə verir.
Qurban ətinin paylanması insanların bir-birinə kömək etməsinin vacibliyinə dəlalət
edir.
Dinimizin təlqin etdiyi ədalət prinsipi də Qurban bayramında özünü
göstərir. Qurban ətinin paylanması
maddi sərvətlərin
ədalətli bölüşdürülməsi
mənasına gəlir.
Qurban bayramı müsəlman dünyasında əsl təntənəyə çevrilir,
insanlara birlik, həmrəylik, şəfqət,
xeyirxahlıq duyğuları
aşılayır. Müsəlmanlar bir-birinə daha yaxın, daha məhrəm, daha mehriban olurlar.
Uca Tanrı
kəsəcəyimiz qurbanları
qəbul eləsin! Gələn Qurban bayramını Qarabağda
qeyd edək, inşallah!
A.MEHDİYEV
Azərbaycan.-2010.-14 noyabr.-S.2.