Bakı sammiti Xəzərdə sülhün, təhlükəsizliyin
təmin edilməsi, əməkdaşlığın dərinləşməsi
üçün yeni mərhələ olacaqdır
Xəzəryanı ölkələrin dövlət
başçıları mətbuata bəyanatlarla
çıxış etmişlər
Azərbaycan Prezidenti İlham ƏLİYEVİN bəyanatı
Xəbər verdiyimiz
kimi, noyabrın 18-də Bakıda Xəzəryanı ölkələrin
dövlət başçılarının
üçüncü Zirvə Görüşünün sənədlərinin
imzalanmasından sonra prezidentlər mətbuata bəyanatla
çıxış etmişlər.
- Hörmətli cənab
Prezidentlər!
Hörmətli qonaqlar,
hörmətli xanımlar və cənablar!
Bütün
qonaqlarımızı Azərbaycanda bir daha salamlamaq, dəvətimizi
qəbul edərək ölkəmizə gəldiklərinə
görə həmkarlarıma təşəkkür etmək
istəyirəm.
Əminəm ki, bu gün Xəzər hövzəsinin təbii ehtiyatlarından birgə istifadə edilməsi, Xəzərin ətraf mühitinin qorunması və bütövlükdə ölkələrimiz arasında qarşılıqlı faydalı dostluq münasibətlərinin inkişafı işində yeni mərhələ başlayır. Bu gün biz həm çoxtərəfli münasibətlərimizin, həm də Xəzərdə əməkdaşlığın gələcək inkişafına daha böyük təkan verəcəyinə əmin olduğum çox mühüm məsələlərin həllinə başlayırıq. Bizim ölkələri ümumi tarix, coğrafiya, iqtisadi maraqlar birləşdirir. Bu gün biz bunu çox konstruktiv və açıq diskussiyalar zamanı qeyd etmişik. Ölkələrimiz enerji ehtiyatları istehsalçılarıdır. Bizim ölkələrin ərazisindən çox mühüm nəqliyyat, kommunikasiya yolları keçir. Təbii ki, həm enerji siyasəti, həm nəqliyyat siyasəti, həm də bütövlükdə bizim regionda təhlükəsizlik və əməkdaşlıq məsələləri çox cəhətdən ölkələrimizin sıx qarşılıqlı fəaliyyətindən asılıdır.
Sammitimizin çox konstruktiv keçməsi məni sevindirir. Biz çox mühüm qərarlar qəbul edilməsinə nail olduq. Məsələn, təhlükəsizliyə dair indicə imzalanmış saziş bizim prioritetləri, Xəzərdə təhlükəsizliyi öz qüvvələrimizlə təmin etmək üçün əməkdaşlığımızın çərçivələrini çox dəqiq müəyyən edir. Xəzərdə təhlükəsizlik bizim ölkələrin təhlükəsizliyidir. Bir daha demək istəyirəm, ölkələrimizi çox sıx, yaxın münasibətlər birləşdirir. Bizim aramızda, istər ikitərəfli, istərsə də çoxtərəfli formatda həll edilə bilməyəcək heç bir problem yoxdur. Əksinə, bu əməkdaşlığı dərinləşdirmək və onu bütün sahələrdə genişləndirmək istəyi vardır. Bugünkü müzakirə və sammitin keçdiyi şərait ölkələrimiz arasında məhz bu cür dostcasına, mehriban qonşuluq münasibətlərinə parlaq sübutdur.
Təhlükəsizliyə dair saziş, habelə birgə bəyanat Xəzər hövzəsində əməkdaşlığın inkişafında növbəti mühüm mərhələdir. Bu, Xəzərə dair hazırda işlənib hazırlanma mərhələsində olan məsələlərin gələcəkdə razılaşdırılması işində çox mühüm addımdır. Xəzər dənizinin hüquqi statusuna dair bizim mümkün qədər tezliklə imzalamağa çalışdığımız saziş və diskussiyalar zamanı yaranmış konstruktivizm şəraiti, tərəflərin mövqelərinin başa düşülməsi və irəliləmək istəyi hələlik razılaşdırılmamış qalan məsələləri çox tezliklə razılaşdırmaq üçün əlbəttə, tamamilə nadir imkan yaradır.
Biz bildirdik ki, diskussiya apardığımız əsas məsələlərdən birinə, məhz Xəzər dənizinin hüquqi statusu məsələsinə dair mümkün qədər qısa müddətdə razılığa gəlmək bizim ümumi istəyimizdir. Bu məqsədlə konkret qərarlar qəbul edilmiş, işi intensivləşdirmək və növbəti sammitə mümkün qədər yaxşı nəticələrlə toplaşmaq üçün bizim qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Təhlükəsizliyə dair saziş, birgə bəyanat - müxtəlif nazirliklərin ekspertləri, nümayəndələri tərəfindən müəyyən müddət ərzində hazırlanmış, başqa sözlə desək, sammit ərəfəsində imzalanmağa hazır olan sənədlər idi.
Onu da qeyd etmək istərdim ki, diskussiya və konstruktiv fikir mübadiləsi prosesində əvvəlcədən hazırlanmamış məsələlərə dair qərar qəbul etmək zərurəti də yarandı. Bu, bir daha məhz konstruktivizmə, bizim qarşılıqlı əlaqələri möhkəmlətmək və müəyyən müddət gündəlikdə qalmış, bir iclasdan digərinə keçmiş və indiyə qədər həll edilməmiş qalan məsələləri həll etmək əzmində olmağımıza dəlalət edir. Buna görə də hesab edirəm ki, bu, həm Xəzər problemlərinə münasibətimizin, həm də bizim regionda təhlükəsizliyin, ekoloji təhlükəsizliyin, enerji, nəqliyyat təhlükəsizliyinin təmin edilməsi məsələlərinə çox mühüm töhfə vermək istəyimizin olduqca vacib göstəricisidir.
Mətbuat nümayəndələrinə məlumat vermək istərdim ki, biz Xəzər dənizində nərə balıqlarının müxtəlif növlərinin ovlanmasına 5 il müddətinə moratorium tətbiq edilməsi mexanizmini üç ay ərzində müzakirə edib təkliflər hazırlamaq barədə müvafiq idarələrə tapşırıq verilməsini qərara almışıq. Hesab edirəm ki, bu, ekoloji vəziyyəti xeyli yaxşılaşdırmağa və ümumi sərvətimiz olan nərə balıqlarının nadir növünü xilas etməyə imkan verəcək çox mühüm, fundamental qərardır.
Bundan əlavə, razılaşdırılmış qısa müddətdə hər bir ölkənin milli zonasının eni məsələsini müzakirə etmək və razılaşdırmaq barədə müvafiq idarələrə tapşırıq vermək qərara alınmışdır. Hesab edirəm ki, bu da münasibətlərin möhkəmlənməsi və Xəzər hövzəsinin delimitasiyası ilə əlaqədar bütün məsələlərin tənzimlənməsi işində çox mühüm addımdır. Bir daha xüsusi vurğulamaq istəyirəm ki, bu məsələlərə dair qərarlar qəbul edilməsi əvvəlcədən nəzərdə tutulmamışdı. Onlar məhz konstruktivizm ruhunun, xoş məramın, qarşılıqlı anlaşmanın və əməkdaşlığımızı möhkəmlətmək əzmimizin nəticəsində qəbul edilmişdir.
Buna görə də mən Bakı sammitinin yekunlarını çox yüksək qiymətləndirirəm. Mən prezident həmkarlarımın konstruktiv işinə, bugünkü görüşdə fəal iştirak etdiklərinə görə onlara təşəkkür etmək və ümid etdiyimi bildirmək istəyirəm ki, bizim müəyyən etdiyimiz və nəzərdə tutduğumuz bütün məsələlər müəyyən edilmiş müddətlərdə gerçəkləşəcək və növbəti sammitə də çox mühüm, münasibətlərimizin gələcək inkişafına kömək edəcək qərarlarla toplaşmağımıza imkan verəcəkdir.
Diqqətinizə
görə sağ olun.
İlham Əliyev
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 2.