Bakı sammiti Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün yeni mərhələ olacaqdır

 

Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

 

Rusiya Prezidenti Dmitri MEDVEDEVİN bəyanatı

 

- Mən də çıxışıma təşəkkür sözləri ilə başlamaq istərdim. Təşəkkür edirəm ki, Azərbaycan bizi bir neçə ay bundan əvvəl bəlkə də tamamilə hipotetik görünən sammitə toplamış və bu sammit tam konkret nəticələr vermişdir. Buna görə açıq demək istəyirəm, üçüncü Xəzər sammitinin nəticələrindən mən də çox razıyam.

İlham Heydər oğlunun indicə dediyi kimi, biz təkcə əvvəlcədən müəyyən edilmiş gündəlik çərçivəsində qalmadıq, gündəlik isə yaxşı tərtib edilmişdi: biz indicə Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş imzaladıq. Bu Saziş çoxdan hazırlanırdı və şübhəsiz, fəaliyyətimizi əlaqələndirə bilməyimiz, bizim dənizdə sülhqayda-qanun olması üçün çox mühüm sənəddir.

Lakin biz sammitin ilkin hazırlanmış gündəliyinin çərçivəsindən kənara çıxdıq və ən müxtəlif məsələləri, o cümlədən ən mürəkkəb məsələni - delimitasiya məsələsini məhz konstruktiv məcrada, dostcasına müzakirə edə bildik. Mənə belə gəlir ki, bu məsələdə də irəliləyişə nail olduq. İrəliləyiş nədən ibarətdir? Ondan ibarətdir ki, biz müvafiq idarələrə, su məkanı da daxil olmaqla təqribən 24-25 millik sərhəddən çıxış edərək milli zonanın eni məsələsini ən qısa müddətdə, yəni 3 ay ərzində müzakirə edib razılaşdırmaq və dövlət rəhbərləri tərəfindən bəyənilmək üçün müvafiq təkliflər hazırlamaq barədə tapşırıq verməyi qərara aldıq.

Əgər biz bu gün müəyyən edilmiş müddətdə irəliləyişə nail ola bilsək, bu o demək olacaqdır ki, biz Xəzərin statusu barədə tamdəyərli saziş imzalamağa yaxınlaşırıq. Bu gün isə biz söhbətimizə hamımızın mütləq mənada həmrəy olduğumuz ümumi bəyanatlardan başladıq, bildirdik ki, Xəzərə dair bütün sazişlər - suverenlik, müxtəlif ovlar aparılması, təhlükəsizlik barədə və digər sazişlər - bunlar hamısı bizim ümumi səlahiyyətimizə aiddirbu məsələlərin müzakirəsində heç bir başqa dövlət iştirak edə bilməz.

Yəni, mən belə hesab edirəm ki, əsas məsələ - Xəzərin statusu məsələsi barədə biz irəliyə doğru yaxşı bir addım atdıq. İndi qalır bu tapşırıqları sona çatdırmaq. Bu halda biz çox qısa müddətdə həqiqətən çox yaxşı nəticəyə nail ola bilərik.

Bu nəticə bizə təkcə su məkanını bölmək, sərhədi delimitasiya etmək, suverenlik sərhədlərini müəyyən etmək xatirinə deyil, həm də sadəcə olaraq normal iqtisadi əməkdaşlıqla məşğul olmaq üçün lazımdır.

Bir müddət bundan əvvəl Rusiya Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatı ideyasını irəli sürmüşdür. Həmkarlarım bu məsələyə həmişə belə yanaşırlar: ümumiyyətlə, təşkilat pis şey deyil, lakin təşkilatı yaratmazdan əvvəl bütün məsələlər barəsində razılığa gəlmək lazımdır.

Əgər biz bunu edə bilsək, bu cür dövlətlərarası və ikitərəfli əməkdaşlığın həmin mərhələsi qat-qat yaxın və aydın olacaqdır. Yeri gəlmişkən, xatırladım ki, biz dəniz mühitinin qorunmasına dair Çərçivə Konvensiyasına protokolları da razılaşdırdıq. Lap yaxın vaxtlarda həmkarlarımız bu sənədlərin hamısını imzalayacaqlar. Beləliklə, mənim fikrimcə, sammit bu baxımdan uğurlu olmuşdur.

Həmkarlarımın irəli sürdüyü təkliflərə əsasən, bu görüşün hər bir iştirakçısının konstruktiv töhfəsini ayrıca qeyd etmək istərdim. Biz son zamanlar işimizdə yaranmış fasilələrin təkrarlanmasına yol vermədən ildə bir dəfə görüşmək barədə razılığa gəldik.

Üç ildə bir dəfə görüşmək yolverilməz dərəcədə azdır, bizim ekspertlər çox tez-tez görüşməlidirlər. Prezident Əhmədinejadın təklifinə əsasən biz razılaşdıq ki, bu cür görüşlər ildə azı beş dəfə keçirilməlidir. Şübhəsiz, bu, faydalıdır.

Bir daha demək istərdim ki, irəliləyiş göz qabağındadır. Şübhəsiz, bu, bizim hamımızı sevindirir. Bir daha bizim Xəzər sammitinin təşkilatçılarına və ayrıca olaraq Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istərdim.

İlham Heydər oğlu, bir daha sağ olun ki, Siz bizim hamımızı bir yerə topladınız! Burada iştirak edənlərin hamısını Rusiya Federasiyasına dəvət etmək istərdim - ümid edirəm ki, bu çox mühüm məsələyə nöqtə qoymaq üçün. Hər şey bizdən asılıdır.

Sağ olun!

 

 

Dmitri Medvedev

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 3.