Bakı sammiti Xəzərdə sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın dərinləşməsi üçün yeni mərhələ olacaqdır 

 

Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

 

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOVUN bəyanatı

 

- Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!

Xanımlar və cənablar!

İlk növbədə, mən də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə üçüncü Bakı sammitinin bu cür yaxşı hazırlanmasına və keçirilməsinə görə təşəkkür etmək istərdim. Fürsətdən istifadə edib sizin hamınızı müqəddəs Qurban bayramı münasibətilə təbrik etmək, ən xoş arzularımı bildirmək, xalqlara firavanlıq diləmək istərdim.

Bugünkü məsələlərə gəldikdə isə, biz həqiqətən çox məsələləri konstruktiv şəkildə müzakirə etdik. Lakin başlıca məsələdən - əlbəttə, Xəzərin hüquqi statusunu həll etmək və Xəzər dənizinin dibinin və təkinin delimitasiyası, akvatoriyanın bölünməsi və ekologiya problemlərindən çıxış etmək lazımdır.

Biz ticari-iqtisadi məsələlərimizi müzakirə etdik. Əsas məsələlər sırasında ekologiya məsələlərini qeyd etmək lazımdır, çünki həqiqətən Xəzərin özünəməxsus ekoloji sistemi vardır. Təkcə Xəzər dənizinin buxarından əmələ gələn yodu misal göstərmək kifayətdir. Başqa dənizlərdə yod yoxdur. Bu, məsələnin müalicəvi tərəfidir. Xəzər dənizinin özünəməxsus flora və faunası vardır. Bu məsələləri həll etmək, Xəzər dənizinin flora və faunasını qoruyub saxlamaq üçün Türkmənistan beynəlxalq təşkilatların, ilk növbədə Birləşmiş Millətlər Təşkilatının strukturlarının təcrübəsindən istifadə etməyi təklif edir.

Bizim ticari-iqtisadi əlaqələrimizə gəldikdə, bu sahədə mövcud meyilləri artıq xatırlatdıq. Bu gün bizim - yəni Türkmənistan, Azərbaycan və Rusiyanın dəmir yolu və bərə nəqliyyatı barədə yaxşı sazişi vardır. Bildiyiniz kimi, İranla və Qazaxıstanla yaxşı transkontinental dəmir yolu çəkirik. O, həm də Xəzər hövzəsinin bir hissəsidir. Yəni, bu da bizim gələcək ticari-iqtisadi münasibətlərimizin meyillərinə dəlalət edir. Bu gün biz dedik ki, əgər həmhüdud ölkələr etiraz etmirlərsə, sualtı boruların uzadılması məsələsini təklif etmək olar ki, onlardan ekoloji tarazlığı pozmadan Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının nəql olunması üçün istifadə edilsin.

Bütövlükdə, artıq deyildiyi kimi, mən də vurğulamaq istəyirəm ki, görüşümüz əsasən çox yaxşı qarşılıqlı anlaşma şəraitində keçdi. Ən başlıcası, mövqeyimiz belə olmuşdur və belə də olacaqdır: Xəzər dənizi sülhmehriban qonşuluq dənizidir.

Diqqətinizə görə təşəkkür edirəm!

 

***

 

Sonda Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

- Mən bu gün haqqında danışdığımız nəticələrin əldə edilməsinə çox böyük töhfə verdiklərinə görə hörmətli həmkarlarıma bir daha təşəkkür etmək istəyirəm.

Hamıya cansağlığı, firavanlıq arzulayıram. Burada iştirak edənlərin hamısına, mətbuat nümayəndələrinə fəal işlərinə görə təşəkkür edirəm və hamımıza qarşımızda duran bütün məqsədlərə nail olmaqda qətiyyət arzulamaq istəyirəm.

Bir daha sağ olun. Görüşənə qədər.

 

* * *

 

Bununla da Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən üçüncü Zirvə Görüşü başa çatmışdır.

 

 

Qurbanqulu BERDİMƏHƏMMƏDOV

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 3.