Parlament seçkilərinin nəticələri ilə bağlı qeyri-obyektiv fikirlərin səslənməsi Azərbaycana qarşı qərəzli niyyətin təzahürüdür

 

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev: "Bu fikirlər müəyyən təzyiqlər altında, tapşırıqlar, göstərişlər əsasında söylənilir"

 

Dördüncü çağırış Azərbaycan Milli Məclisinə noyabrın 7-də keçirilən seçkilər respublikamızın demokratik inkişafının təntənəsi oldu. Azərbaycan hakimiyyətinin bu seçkinin şəffaf və ədalətli keçirilməsi üçün böyük iradə və əzmkarlıq nümayiş etdirməsi ölkədə formalaşan seçki mühitindən və bu mühüm siyasi kampaniyanın bütün mərhələlərində hiss olunurdu. Belə ki, seçki öncəsi bütün namizədlərə qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan əlavə olaraq seçicilərə öz platformaları barədə məlumat vermək üçün geniş şərait yaradılmış, televiziya kanallarında pulsuz efir vaxtı verilmiş, dövlət qəzetlərində yer ayrılmış, öz seçiciləri ilə görüşmək və fikirlərini çatdırmaq üçün xüsusi yerlər müəyyənləşdirilmişdi.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev jurnalistlərə açıqlamasında dördüncü çağırış Milli Məclisə seçkilərin sabit və şəffaf keçirildiyini bildirib. Həqiqətən noyabrın 7-də - səsvermə günü Azərbaycan xalqı özünün siyasi iradəsini heç bir maneə olmadan ifadə edib, səsini layiq bildiyi namizədlərə verib. Bütövlükdə nəticələr təsdiq edir ki, seçkidə xalqın istəyi öz təcəssümünü tapıb.

Bunu beynəlxalq müşahidəçilər də təsdiqlədi. Beynəlxalq və yerli müşahidəçilər seçkidən sonra verdikləri açıqlamalarda seçkiqabağı dövrdə ciddi qanun pozuntusunun olmadığını, bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün lazımi şəraitin yaradıldığını, o cümlədən səsvermənin demokratik keçirildiyini, ölkəmizin demokratiya yolu ilə inkişafının şahidi olduqlarını bəyan etdilər. Seçkini izləmək üçün ölkəmizdə akkreditə olunan xarici kütləvi-informasiya vasitələri də parlament seçkilərinə geniş yer ayırmaqla onun demokratik və şəffaf keçirildiyini bütün dünyaya yaydılar.

Seçkiləri izləyən beynəlxalq təşkilatların təmsilçiləri seçkidən sonra verdikləri bəyanatlarda parlament seçkilərinin nəticələrindən razılıqlarını ifadə etdilər. Müxtəlif missiyalar tərəfindən səslənən fikirlər formaca fərqli olsa da, məzmunca, demək olar ki, eyni idi: Azərbaycan demokratiya yolu ilə irəliləyir. Bununla yanaşı, seçkinin nəticələri ilə bağlı bütün beynəlxalq təşkilatlar müsbət rəy verdikləri halda, hər hansı bir təşkilatın aldığı və dəqiqləşdirmədiyi qərəzli informasiyalarya hətta seçki məntəqəsinin belə nəticəsinə təsir göstərmək imkanından uzaq olan xırda nöqsan əsasında ümumən seçkinin nəticələri barədə neqativ fikirlər ortaya qoyması təəssüf doğurur.

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev jurnalistlərə açıqlamasında bu məsələyə, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkiləri müşahidə qrupunun mövqeyinin Avropa müşahidəçilərinin əksəriyyətinin mövqeyindən müəyyən qədər fərqli olmasına toxunaraq deyib: "Hesab edirəm ki, bu, subyektiv xarakter daşıyır, qeyri-obyektivdir və müəyyən qədər də tapşırıqlar əsasında səslənmiş fikirlərdir".

Təəssüf doğuran məqamlardan biriondan ibarətdir ki, bəzən praktikada beynəlxalq təşkilatın seçkinin nəticələri ilə bağlı əvvəl müsbət, sonra isə bunun əksi olan, məqsədyönlü şəkildə korrektə edilmiş rəyinə rast gəlinir. Bununla bağlı Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, ATƏT DTİHB-in qrupu hər dəfə ölkəmizdə seçkilər keçiriləndə Azərbaycanda olarkən bir fikri söyləyir, bir-iki aydan sonra isə sözlərini dəyişib başqa bir fikir ifadə edir. "Bu da onu göstərir ki, bu fikirlər müəyyən təzyiqlər altında, tapşırıqlar, göstərişlər əsasında söylənilir. Ümumiyyətlə, Azərbaycanda siyasiiqtisadi proseslər sabitlik şəraitində davam edir. Azərbaycanda seçkilər də belə sabit və şəffaf şəraitdə keçirilmişdir. Bu günlərdə Mərkəzi Seçki Komissiyasında artıq müəyyən narazı insanların müraciətlərinə baxılır. Düşünürəm ki, bu yaxınlarda bu məsələlər də öz həllini tapacaqdır. Ola bilsin ki, haradasa qanun pozuntusu, səhvlər olmuşdur. MSK bu səhvlərə baxıb qiymət verəcəkdir. Lakin biz düşünülmüş qaydada saxtakarlığın olması ilə bağlı fikirləri qəti surətdə qəbul etmirik" - deyə cənab Ramiz Mehdiyev bildirib.

Sirr deyil ki, beynəlxalq aləmdə Azərbaycanın sosial-iqtisadi uğurlarını, demokratik inkişafını, gündən-günə güclənən mövqeyini istəməyənlər, gözü götürməyənlər, xüsusilə erməni təəssübkeşi olanlar az deyil. Məhz belələri tərəfindən zaman-zaman Azərbaycana qarşı başlanan qərəzli kampaniyalar istər qlobal enerji layihələrinin həyata keçirilməsində, istər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda, istərsə də seçki məsələlərində özünü aydın göstərib. Bu mənada son parlament seçkilərinin nəticələri ilə bağlı qeyri-obyektiv, reallıqdan uzaq olan fikirlərin səslənməsi də yalnız və yalnız Azərbaycana qarşı qərəzli niyyətin, xoş olmayan münasibətin təzahürüdür.

Azərbaycan hakimiyyətinin həyata keçirdiyi qətiyyətli və uğurlu siyasətin nəticəsi olaraq belə riyakar niyyətlərin heç biri öz məqsədinə çatmayıb. Kimin və hansısa təşkilatın nə düşünməsindən asılı olmayaraq, respublikamız demokratiya yolu ilə qətiyyətlə irəliyəyir, dünya dövlətləri arasında mövqelərini daha da möhkəmləndirir, dinamik sosial-iqtisadi inkişafını nümayiş etdirir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 3.