Azərbaycanlı alimin beynəlxalq konfransda məruzəsi böyük maraq doğurmuşdur

 

YUNESKO-nun təşəbbüsü ilə 2002-ci ildən etibarən hər il noyabr ayının üçüncü cümə axşamı Dünya Fəlsəfə Günü kimi qeyd olunur. Noyabrın 18-də qurumun əsas binasında Dünya Fəlsəfə Gününə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilmişdir. Əsas hissədən sonra konfrans öz işini müxtəlif bölmələrdə davam etdirmişdir. "Əl-Fərabi və Avropa intibahı" adlı bölmə əsasən Şərq aləminin böyük filosofu Əbu Nəsr əl-Fərabinin yaradıcılığına həsr edilmişdir. Bölmə iclasını açan YUNESKO-nun baş direktorunun mədəniyyət üzrə müavini Françesko Bandarin və Qazaxıstanın təşkilat yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Oljas Süleymenov dünya fəlsəfə məktəbinin inkişafında xüsusi xidmətləri olmuş, Şərq filosoflarının, o cümlədən qədim yunan filosofu Aristotelin əsərlərinin tərcüməçisi, islam fəlsəfəsinin əsasını qoymuş əl-Fərabinin fəlsəfi fikrin formalaşmasında rolundan, riyaziyyatçı, astronom, kimyaçı, musiqişünas kimi fəaliyyətindən danışmışlar. AsiyaAvropa qitələrinin müxtəlif ölkələrinin tanınmış filosofları və alimləri əl-Fərabinin yaradıcılığından bəhs edən məruzələrlə çıxış etmişlər.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva "Əl-Fərabi və varlığın dualizmi" mövzusunda maraqlı məruzə ilə çıxış etmişdir. Professor Nərgiz Paşayeva demişdir:

- Bu gün mühüm gündür - Dünya Fəlsəfə Günüdür. O, varlığın, yəni Kainatın özünün mahiyyətinə həsr olunmuşdur. Bugünkü iclasımız isə müəyyən mövzuya - əl-Fərabiyə həsr olunmuşdur. Bu mövzu bir çox cəhətdən vacibdir. Əvvələn, geniş yayılmış və hamımıza tanış olan bir mövzudur: əl-Fərabi AristotelPlatonun əsərlərini ərəb dilinə tərcümə etmiş, bu əsərlərə yeni həyat vermiş, habelə öz tərcümələri, traktovkası ilə onlara yeni dünya nizamı, Avropa təfəkkürü anlayışı gətirmişdir. Onu ikinci mütəfəkkir adlandırırdılar. O, ikinci müəllim olmasaydı, heç vaxt birincini başa düşməzdi: Aristoteli təfsir etmək üçün az qala Aristotelin özü olmalısan. O, fəlsəfi əsərləri ilə fəlsəfə tarixinə, bəşəriyyətə böyük töhfə vermişdir. Üçüncüsü, o, bu günədək mübahisə doğuran iki dünya, iki baxış, iki adət, Şərq və Qərb mentalitetləri məsələsini birləşdirmişdir. O, hələ o vaxt bu iki anlayışı vəhdət halına gətirmişdi. Lakin zənnimcə, dördüncü, çox mühüm bir cəhət də vardır. Bəlkə də bəzi traktovkalarda ona bir o qədər geniş yer verilməmişdir. Məsələn, ilk dəfə məhz əl-Fərabi elmin, təfəkkürün və idrakın əhəmiyyətini təsdiq etmişdir. Özü də təkcə elm üçün yox, bütün bəşəriyyət üçün, bəşəriyyətin inkişafı üçün. Məhz o hesab edirdi ki, insanın, hər bir cəmiyyətin əxlaqi keyfiyyətləri, yüksək mənəvi dəyərləri nə siyasətçilərin, nə də fatehlərin dəyişdirə bilmək iqtidarında olmadıqları bir çox şeyi dəyişə bilər. Deməli, yüksək mənəviyyat, yüksək idrak dediyimiz elə budur, dünyanın harmoniyasını tanımaq elə budur. Dünyanın bütün böyük filosoflarının, o cümlədən əl-Fərabinin ideyaları da elə həmin dünya harmoniyasına, yüksək idraka çağırışdır.

Bir daha vurğulamaq istəyirəm ki, min il əvvəl olduğu kimi, bu gün də bəşəriyyət əhatəsində olduğu dünyanı axıradək öyrənə bilməmişdir. Bəşəriyyət hələ də qarşısına onu lap çoxdan düşündürən elə həmin o klassik fəlsəfi sualları qoyur: Biz haradan gəlmişik? Nə üçün gəlmişik, nə edirikbunu nəyin naminə edirik? Bu suallar bir çoxlarını - həm alimləri, həm də sadə insanları bu günədək düşündürür. Bəlkə də bu təlimlərin, xüsusi zümrələrin yarandığı o dövrün insanları xüsusi insanlar idi, yüksək təfəkkürə və mənəviyyata malik insanlar idi. Xüsusi zümrələr isə Platon öz Akademiyasını Afinada təşkil etdiyi, davamçıları olan tələbələrini ətrafına yığdığı vaxtlarda yaranmışdı. Onlara ehtiramla yanaşır, tərifini göylərə qaldırırdılar. Onların həyatı çətin, taleyi isə heç də birmənalı deyildi. Lakin onlar bilirdilər ki, başqalarının sahib olmadıqlarına sahibdirlər. Bəlkə də bugünkü irrasional elm rasional elmdən bir qədər geri qalır və bəlkə də bu gün Şərq mənəviyyatı və Qərb idrakı bir-birindən bir qədər uzaq düşmüşdür. Dünyanı anlamaq üçün Şərq idrakı lazımdır. Lakin dünyanı anlamaq üçün həm də Şərq mənəviyyatı lazımdır. Dünyanı başa düşmək üçün Qərb idrakı lazımdır, eyni zamanda, Qərb mənəviyyatı da lazımdır. Beləliklə, hər şey vahid başlanğıcda, vahid mahiyyətdə cəmləşir. Əl-Fərabi "Hikmət inciləri" əsərində yazırdı ki, Allah dünya kimi bir varlıqdır, lakin vəhdəti təcəssüm etdirir. Dünya da Allah kimi varlıqdır, lakin çoxluqla ifadə olunur. Əsası ilkin başlanğıcdır, vəhdət elə budur. Belə vəhdət olmadan Kainat olmazdı və ola da bilməz. Zənnimcə, birmənalı olmayan bu çox dərin və mürəkkəb fəlsəfi məsələnin dərk edilməsi təkcə elmi dərəcə deyil, həm də Şərq filosoflarının həmişə sahib olduqları mənəviyyat, güclü təxəyyül, abstrakt düşüncə tələb edir.

Sonda yenə də fəlsəfi bir kəlamı xatırlatmaq istəyirəm: gələcək həmişə bağlıdır, keçmiş yaşanmışdır, indimiz isə bəxş edilmişdir. İndimiz biz alimlərdən də, bizdən sonra gələn nəsildən də asılıdır. Bu, eyni zamanda, böyük ideyaları və rolları olan böyük insanların bizə miras qoyduqları irsə necə hörmət və ehtiramla yanaşmağımızdan asılıdır.

Azərbaycanlı alimin çıxışı böyük maraq doğurmuş və alqışlarla qarşılanmışdır.

Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Elenora Hüseynova və ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov mötəbər elmi konfransda iştirak etmişlər.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 5.