Ədliyyə Nazirliyinin
nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak etmişdir
Portuqaliyanın Madeyra
regionunun Funşal şəhərində "Xüsusi statusu
olan Avropa regionları: imkanlar və perspektivlər"
mövzusunda konfrans keçirilmişdir.
Ədliyyə Nazirliyinin
mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanı
tədbirdə nazirliyin Bələdiyyələrlə iş mərkəzinin
rəisi Mehdi Səlimzadənin rəhbərliyi ilə
nümayəndə heyəti təmsil etmişdir.
Madeyra regionu hökuməti
prezidentinin təşəbbüsü və Avropa
Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin
Regionlar Palatasının təşkilatçılığı
ilə keçirilmiş tədbirdə konqresin prezidenti, Avropa
Şurasının ekspertləri, üzv dövlətlərin
nümayəndələri, həmçinin Avropa universitetlərindən
alimlər iştirak etmişlər.
Konfransda Madeyra regionu
hökumətinin prezidenti Juan Jardim, konqresin prezidenti Kit Vitmor və
digər rəsmi şəxslər çıxış
etmişlər. Tədbirdə Avropa regionlarının vəziyyəti,
müqayisəli təhlili, maliyyə müstəqilliyi,
büdcənin idarə olunması, demokratik institutların və
vətəndaş demokratiyasının inkişafı
yolları və digər məsələlər müzakirə
olunmuşdur.
Tədbirdə Azərbaycan
nümayəndə heyətinin rəhbəri
çıxış edərək, yerli və regional
demokratiya sahəsində ölkədə görülən
işlər, region olaraq Naxçıvan Muxtar
Respublikasının tarixi, siyasi vəziyyəti, statusu və
digər məsələlər barədə geniş məlumat
vermişdir.
Səfər çərçivəsində,
həmçinin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər
Konqresinin prezidenti, Madeyra regionu hökumətinin prezidenti, eləcə
də bir sıra ölkələrin nümayəndələri
ilə işgüzar görüşlər keçirilmiş,
faydalı fikir mübadiləsi aparılaraq əməkdaşlıq
perspektivləri müzakirə edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010 .- 20 noyabr.- S. 5.