Əməlin və hünərin ucalığı

 

ya anım günündən reportaj

 

Bu ənənə səkkiz ildir ki, davam edir. Onda "Azərbaycan" qəzeti ən kiçik övladını - 20 yaşlı Elgünü döyüş bölgəsinə yola salmışdı. Kəşfiyyatçı kimi sorağı Murovun Ömər yüksəkliyinə qədər gedib çatmışdı, ən çevik əməliyyatlarda fərqlənirdi. Amma əməlləri və hünəri onu daha da ucaltdı, elin-obanın təəssübkeş övladı kimi yaddaşlarda qaldı.

"Azərbaycan" qəzetinin kollektivi hər il şəhidinin adına yaradıcılıq müsabiqəsi keçirir. Ənənənin davamı kimi noyabrın 19-da da qəzetin kollektivi Elgün İsmayılovun xatirəsini yad etmək üçün Şəhidlər xiyabanındakı məzarını ziyarət etdilər. Qəbrin önünə təzə-tər çiçəklərdən əklil qoydular. Kollektiv üçün bu anlar nə qədər həyəcanlı olsa da, təsəllisi, ümidiböyükdür. Hamı inanır ki, torpaqlarımızın coğrafi bütövlüyü vətənimizin Elgün kimi mərd oğullarının hünəri ilə bərpa olunacaq, itkilərimiz əvəzsiz qalmayacaq...

Bu günlərdə Azərbaycan xalqı daha bir cüt şəhidi ilə - Milli Qəhrəman Mübariz İbrahimovbaş leytenant Fərid Əhmədovla vida mərasimi keçirdi. Mərasimdə iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əminliklə bildirdi ki, "bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar var. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün hər an hazırdırlar". Əlbəttə, Prezidentin nitqində özünü aşkar büruzə verən bu qətiyyətin, həm də səmimiyyətin arxasında xalqın, millətin sarsılmaz gücünə və birliyinə böyük inam var. Elə şəhidlərlə vida mərasimində də ölkəmizin hər cəhətdən üstünlüyünə böyük inam göstərənlər bir daha əmin oldular ki, Azərbaycanın peşəkar ordusu xalqımızın iradəsinə güvənərək ərazi bütövlüyümüzü bərpa edəcək. Azərbaycan hər iki şəhid övladının - Milli Qəhrəman Mübariz İbrahimovunbaş leytenant Fərid Əhmədovun Şəhidlər xiyabanındakı bir cüt məzarını ziyarət etməkdə hələ də davam edir. Elə "Azərbaycan" qəzetinin kollektivi də qədirbilən xalqımızın ənənəsini davam etdirərək şəhid övladlarını hörmət və ehtiramla yad etdi, məzarlarına təzə-tər çiçəklərdən əklil qoydu.

Şəhid məzarlarını ziyarətdən sonra qəzetin kollektivi Elgün İsmayılovun xatirəsini əbədiləşdirmək üçün keçirilən yaradıcılıq müsabiqəsinə yekun vurdu. Qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov ilboyu yaradıcılıq müsabiqəsinə təqdim olunan silsilə yazıların qaliblərini açıqladı. Seyran Cavadov, Bahadur İmanquliyev, Flora Xəlilzadə, Rasim Bayramov mükafata layiq görüldü.

Baş redaktor Bəxtiyar Sadıqov qalibləri təbrik edərək onların bundan sonra da vətənpərvərlik ruhunda sanballı məqalələr hazırlayacaqlarına inandığını bildirdi, bütün yaradıcı əməkdaşlara bu məsuliyyətli müsabiqədə iştirak etməyi tövsiyə etdi.

Anım mərasimində Elgünün atası həmkarımız Dağbəyi İsmayılov vətənin azadlığı, torpaqların bütövlüyü uğrunda şəhid olanların valideynləri adından daimi diqqət və hörmətə görə xalqımıza, dövlətimizə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, "Azərbaycan" qəzetinin kollektivinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, şəhid oğlunun xatirəsinin belə uca, urvatlı tutulmasından bir ata kimi qürur duyur, vətəndaş təəssübkeşliyi keçirir. Oğlunun xatirəsinə keçirilən yaradıcılıq müsabiqəsinin qaliblərini təbrik etdi, həmkarlarına yeni-yeni yaradıcılıq uğurları arzuladı.

 

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 5.