"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Azərbaycan Respublikası medalının təsviri

 

Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli qanunu ilə təsdiq edilmişdir

 

"Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı milli ornamentli, ensiz lövhə ilə birgə bürüncdən tökülmüş gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfi hamar səthlidir. Medalın mərkəzində ikinci bir dairəvi lövhə yerləşdirilib. Bu lövhənin fonu qeyri-hamar səthlidir. Lövhənin ortasında relyefli şüaların fonunda, dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində Fövqəladə Hallar Nazirliyinin emblemi təsvir edilmişdir.

Mərkəzdəki lövhə ilə medalın daxili çərçivələri arasında yuxarıda qövs boyunca milli ornament, aşağı hissədə lentin üzərində "XİDMƏTDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ" sözləri yazılmışdır. Fövqəladə Hallar Nazirliyinin emblemi ilə dəfnə yarpaqları qızılı, lent, relyefli şüalar, milli ornament və fonlar gümüşü, sözlər isə qara rəngdədir.

 

 

Azərbaycan.-2010.-14 noyabr.-S.4.