Şərəfli missiyalar daşıyıcısı olan partiya

 

Əli ƏHMƏDOV: "1993-cü ildən öz taleyini Heydər Əliyev siyasi kursu ilə bağlayan Azərbaycan xalqı ölkənin bütün inkişaf perspektivlərini Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətində görür"

 

İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kəşməkeşli axarda cərəyan etdiyi bir zamanda tarixi zərurətdən yaranan, az vaxtda ölkənin gələcək taleyini müəyyənləşdirən əsas siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyası (YAP) formalaşdığı dönəmdən indiyə kimi xalqa xidmət missiyasını şərəflə yerinə yetirir. İstər özündən əvvəl, istərsə də sonra yaranan partiyalardan YAP-ı fərqləndirən əsas xüsusiyyət ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanı düşdüyü siyasi, iqtisadi, sosial, mənəvi böhrandan xilas edən mütəşəkkil bir qüvvəyə çevrilməsi oldu. Bu səbəbdən insanların YAP-a inamı, ümidi hər zaman yüksəlməkdə davam etdi və etməkdədir. Cari il noyabrın 7-də xalqın YAP-a növbəti dəfə də böyük etimad göstərməsi dediklərimizin sübutudur.

Müsahibimiz, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ötən 18 il ərzində YAP-ın Azərbaycan xalqına və dövlətinə şərəflə, ləyaqətlə xidmət etdyini bildirir.

- Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci ildönümü tamam olur. Bu 18 ildə YAP çox şərəfli, Azərbaycan xalqı üçün faydalı olan yol keçib, yarandığı gündən xalqın ona bəslədiyi ümidləri doğrulda bilib. Eyni zamanda, xalqa, dövlətə şərəflə, ləyaqətlə xidmət edib. YAP-ın yaranmasının tarixi zərurətdən irəli gəldiyini sübut edən əsas arqument və göstərici isə bugünkü Azərbaycan reallıqlarıdır.

Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmiz çox ciddi böhranlarla üz-üzə dayanmışdı. Bir tərəfdən o zamankı rəhbərliyin taleyüklü məsələlərdə qətiyyət və səriştə nümayiş etdirə bilməməsi, digər tərəfdən isə daxili və xarici səbəblərlə əlaqədar olaraq Azərbaycandakı ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş cəhdlərin ara verməməsi, həmçinin Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları əsasında təcavüzün davam etdirilməsi, torpaqların işğal altına düşməsi və digər bu kimi amillər ölkədə daxili sabitliyi əsaslı surətdə pozmuş, iqtisadi tənəzzülə əsas yaratmış, dövlət intizamı, demək olar ki, laxlamışdı. Nəticə etibarilə Azərbaycan cəmiyyəti çox ağır mənəvi-psixoloji, iqtisadi-siyasi vəziyyətdə yaşamağa məhkum edilmişdi.

Əlbəttə, Azərbaycan cəmiyyətinin həmin dövrünü bu gün yenidən təsvir etməyə, güman ki, o qədər də ehtiyac yoxdur. İlk növbədə ona görə ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti həmin dövrü yaşayıb və yaddaşlarında indi də yaşatmaqdadır. Digər tərəfdən, Azərbaycanın gənc nəsli də istər öz valideynlərinin xatirələrindən, istərsə də digər mənbələrdən ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin ictimai-siyasi, iqtisadi durumunun necə olduğunu aydın şəkildə öyrənə bilib və bu barədə real təsəvvürləri var.

Danılmaz həqiqətdir ki, o dövrdə Azərbaycan özünün müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Ölkədəki sosial-iqtisadi vəziyyət günbəgün pisləşirdi. İctimai-siyasi sabitlik pozulmuş, Azərbaycanda insanlar təhlükəsiz şəraitdə yaşamaq imkanından məhrum olmuşdular. Vəziyyətin günü-gündən ağırlaşması ölkədə vətəndaşların gələcəyə ümidlərini tamamilə öldürmüşdü, cəmiyyətdə pessimizm əhvali-ruhiyyəsi hökm sürürdü, dövlət isə hadisələrə nəzarət edə bilmirdi. Bu proses həm də onda özünü göstərirdi ki, hakimiyyətdə olan və vəziyyətə nəzarət edə bilməyən qüvvələr səriştəsiz idarəçilikləri nəticəsində ölkədə durumun həddən artıq mürəkkəbləşməsinə rəvac verirdilər.

Həyata keçirilən çox uğursuz xarici siyasət isə ölkəni təcrid vəziyyətinə salmışdı, nə qonşu ölkələrlə normal münasibətlər qurulmuşdu, nə də Dağlıq Qarbağ münaqişəsinin həlli istiqamətində hər hansı ciddi addımlar atılırdı. Nizami ordu formalaşmamışdı, digər tərəfdən, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazilərinin işğal olunmasına qarşı hər hansı bir etirazını, yaxud kəskin ittihamlarını təşkil etmək mümkün deyildi. Beləliklə, istər daxili ictimai-siyasi, iqtisadi, istərsə də Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi baxımından ölkəmiz həddən artıq acınacaqlı bir duruma düşmüşdü. Azərbaycanın müstəqilliyi, dövlətin mövcudluğunun davamiyyəti təhlükə altında idi. Bu şəraitdə özünün, ailəsinin, ölkəsinin gələcəyi haqqında düşünən hər bir Azərbaycan vətəndaşı yeganə xilas yolunu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. İnsanlar Azərbaycanın gələcəyini, ölkənin böhrandan çıxarılmasını ümummilli liderin adı ilə bağlayırdılar. Beləliklə, tarixi zərurət deyilən amil özünü qabarıq şəkildə büruzə verməyə başlayırdı.

Bu kontekstdə qeyd olunmalıdır ki, YAP-ın yaranması ideyası, əslində, Azərbaycanın düçar olduğu bəlalardan xilas edilməsi üçün Heydər Əliyevi hakimiyyətə dəvət etməyin demokratik forması kimi çıxış edirdi. Çünki insanlar yalnız Heydər Əliyevin Azərbaycanı düçar olduğu bəlalardan xilas edəcək şəxsiyyət olduğunu birmənalı şəkildə etiraf edirdilər. Eyni zamanda, belə bir məsələnin ətrafında düşünürdülər ki, Heydər Əliyevin Azərbaycana hakimiyyətə qayıdışını hansı yolla, vasitələrlə təmin etmək mümkündür. Beləliklə, "Heydər Əliyev necə hakimiyyətə gəlsin" sualı ətrafında axtarışların nəticələrindən biri Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranması oldu. Bu partiyanın yaranması ideyası Heydər Əliyevin hakimiyyətə dəvət edilməsinin forması kimi nəzərdə tutulurdu və o dövr üçün ən düzgün addımlardan biri sayılmalıdır.

İnsanların yeganə xilas yolunu Heydər Əliyevin hakimiyyətə qayıdışında görməsinin isə çox ciddi əsasları var idi. Əvvəla, Heydər Əliyev ötən əsrin 70 və 80-ci illərində Azərbaycana rəhbərlik etdiyi zaman uzaqgörən, təcrübəli şəxsiyyət olaraq ölkəni sürətli bir inkişaf mərhələsinə çıxardı. Ulu öndərin rəhbərliyi altında ölkəmiz tamamilə yeniləşdi, dəyişdi, həmin dövrdəki meyarlar baxımından müasirləşdi. Həm respublikanın iqtisadiyyatı, həm də keçmiş Sovetlər birliyində mövqeyi olduqca gücləndi. Bütün bunlar insanların həyatında da çox ciddi dəyişikliklərlə müşayiət olundu, xalqın maddi rifah halı yüksəldi. Bu mənada ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışına qədər onun Azərbaycanda inkişafın fundamental təməlini təmin edən bir şəxsiyyət olması barədə təkzibolunmaz faktlar əsasında formalaşan obrazı artıq insanların düşüncələrində mövcud idi.

Daha bir mühüm məqam ondan ibarət idi ki, 90-cı illərin əvvəllərində Azərbaycan böhran vəziyyətində olanda Naxçıvan bölgəsinə rəhbərlik edən Heydər Əliyev həmin vaxt muxtar respublikanın nümunəsində ölkəmizin başı üzərini almış təhlükələri sovuşdurmağın sanki bir modelini müəyyənləşdirib uğurla həyata keçirirdi. Çünki ölkə boyu böhranlı vəziyyət hökm sürdüyü halda Naxçıvan blokadada yaşamasına baxmayaraq, təhlükəsizliyini əhəmiyyətli dərəcədə təmin etmişdi və bu istiqamətdə Heydər Əliyevin rəhbərliyi altında uğurlu işlər görülürdü. Bu da, öz növbəsində, yaranmış vəziyyətdə Heydər Əliyevin xilaskarlıq missiyasını həyata keçirə biləcək yeganə şəxsiyyət olduğunu təsdiqləyən ciddi arqument rolunu oynayırdı. İnsanların düşüncəsinə qəti olaraq belə bir ideya hakim kəsilmişdi ki, yalnız ulu öndərin müdrikliyi, təcrübəsi, qətiyyəti ölkəni üzləşdiyi problemlərdən xilas etməyə qadirdir. Yalnız o, dövlətə uğurla rəhbərlik, xalqın sınmış ümidlərini bərpa edə bilər. Bununla da ümummilli liderə bağlı olan ümidlər, böyük inam Heydər Əliyevin hakimiyyətə qayıdışı zərurətinin insanların iradəsi şəklində formalaşmasının əsasını təşkil edirdi. Sözügedən kontekstdə insanlar Heydər Əliyevin hakimiyyətə qayıdışı yollarını axtararaq onun rəhbərliyi altında yeni bir partiyanın yaranması ideyasına gəlib çıxdılar. Bu ideyanı Azərbaycanın 91 ziyalısı Heydər Əliyevə ünvanlanmış məşhur müraciətində ifadə etdi və bunun əsasında ulu öndərin rəhbərliyi altında YAP yarandı. Partiyanın yaranması Heydər Əliyevə olan ümumxalq inamının daha da dərinləşməsinə və əslində, o dövrün ümummilli ideyasına çevrilməsinə gətirib çıxardı. YAP-ın yaranmasından sonra, təbii olaraq, Azərbaycanın hər bir vətəndaşı Heydər Əliyevin hakimiyyətə gəlməsinin zəruriliyi daha artıq şəkildə dərk edərək, bunu nəinki arzulamaq, həm də, bir növ, tələb etməyə başladı. Bu səbəbdən Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişi xalqın istəyi və tələbi şəklində qavranılır.

Azərbaycanın gələcəyindən narahat olan, ölkənin taleyini düşünən, onun işıqlı sabahını arzulayan insanlar Heydər Əliyevin rəhbərliyi ilə yaranmış partiyanın sıralarında birləşdilər. Partiya qısa zaman ərzində Azərbaycanın siyasi arenasında güclü siyasi qüvvəyə çevrildi. Bunun ən bariz təsdiqi YAP təsis edildikdən təxminən 6 ay sonra Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı hesab edilə bilər. Digər tərəfdən, bu, YAP-ın tarixi zərurətdən yaranmasının təkzibolunmaz sübutu sayılmalıdır.

- Ulu öndərdən sonra YAP-a cənab İlham Əliyevin sədr seçilməsi partiyanın fəaliyyətində nə kimi yeniliklərlə, dəyişikliklərlə xarakterizə olundu və bunlar Azərbaycanın sonrakı inkişafında hansı rol oynadı?

- Tarixi zərurətdən meydana gələn partiyanın ömrü heç zaman qısa ola bilməz. Xüsusilə partiya xalqın ona bəslədiyi ümidləri doğrultmaq istiqamətində çox ciddi addımlar atıb əhəmiyyətli uğurlar qazana bilirsə. Yarandığı dövrdən indiyə kimi şərəfli bir yol keçən, əvvəlcə ulu öndərin, daha sonra isə cənab İlham Əliyevin sədrliyi ilə fəaliyyət göstərən YAP-ın xalq qarşısında xidmətinin nəticələri göz qarşısındadır. İnsanların bu partiyaya inamlarının davamlı olaraq yüksəlməsi bir faktdır. Səbəb isə çox sadədir: ötən əsrin 90-cı illərinin əvvəllərində xaotik bir durumda yaşayan insanlar nicat yolunu yalnız Heydər Əliyevdə, onun yaratdığı YAP-da görürdülər. Bəslənən ümidlər ardıcıl surətdə doğrulmağa başladı. Belə ki, insanlar Heydər Əliyevin hakimiyyətə qayıdışının başlıca mənasını ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsində görürdülər. Ulu öndərin hakimiyyətə gəlişi ilə respublikada ictimai-siyasi sabitlik, əmin-amanlıq təmin edildi. Lakin sonrakı mərhələdə digər vəzifələr meydana çıxdı. Buraya ilk növbədə iqtisadiyyatın bərpa edilməsi və tənəzzüldən çıxarılması, islahatların həyata keçirilməsi, əhalinin maddi rifah halının yüksəldilməsi və digər bu kimi məsələlər aid idi. Heydər Əliyevin rəhbərliyi altında bu vəzifələr də öz uğurlu həllini tapdı. Aqrar islahatlar aparıldı, kənd təsərrüfatı, sənaye özünün inkişaf dövrünə qədəm qoydu, iqtisadiyyatın digər sahələrində dinamik inkişaf başlandı, yeni neft strategiyası hazırlandı. Beləliklə, Heydər Əliyevin hakimiyyətə qayıdışını insanlar ilk olaraq xilaskarlıq missiyası kimi təsəvvür edirdilərsə, sonrakı vacib missiya quruculuq, ölkənin tənəzzüldən çıxması, iqtisadiyyatın inkişaf etdirilməsi prosesini özündə ehtiva edirdi. Bu ümidlər də dahi rəhbərin fəaliyyətilə özünü doğrultdu. Uçurumun astanasından dönən Azərbaycan inkişaf edən bir ölkəyə çevrildi, insanlar təhlükəsizlik şəraitində, əmin-amanlıq mühitində yaşamağa başladılar. Dağlıq Qarabağ münaqişəsilə bağlı atəşkəs əldə edilməsi inkişaf prosesini bir qədər də sürətləndirdi.

Beləliklə, on il ərzində Heydər Əliyev və onun rəhbərlik etdiyi partiyanın Azərbaycan vətəndaşlarının ümidlərini doğrultması sonrakı dövrdə də bu siyasətin davamını cəmiyyətdə bir tələbata çevirdi. İnsanlar ulu öndər tərəfindən müəyyənləşdirilən və xalqa böyük xidmətlər göstərən siyasətin davamını arzulayırdılar. Bu, özünü 2003-cü ildə həyata keçirilən prezident seçkilərində xalq tərəfindən birmənalı şəkildə cənab İlham Əliyevin dəstəklənməsi ilə bir daha qabarıq şəkildə büruzə verdi. Xalqın böyük əksəriyyətinin iradəsinə müvafiq olaraq cənab İlham Əliyevin Prezident seçilməsi, əslində, insanların Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin bundan sonra da həyata keçirilməsini arzulamasının real təzahürü idi. Xüsusi məmnunluqla qeyd edilməlidir ki, xalqın Heydər Əliyev siyasətinin varisi kimi cənab İlham Əliyevə bəslədiyi ümidləri Prezident və onun rəhbərlik etdiyi siyasi qüvvə şərəflə doğrulda bildi. YAP yenə də sınaqdan uğurla çıxdı.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan çox yüksək iqtisadi inkişaf mərhələsini yaşamaqdadır. Bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatlarından birinə malik ölkələr sırasında yer alır, sözügedən sferada, eləcə də digər sahələrdə həyata keçirilən islahatlar dünyanın əksər beynəlxalq qurumları tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin ölkə vətəndaşlarının ona bağladığı ümidləri doğrultmasını bariz şəkildə sübut edən mühüm məqamlardan biri mövcud Azərbaycan reallıqları və bunun insanlar tərəfindən dəyərləndirilməsidir.

2003-cü ildən ötən müddət ərzində Azərbaycan tamamilə dəyişib, iqtisadi cəhətdən qüdrətli ölkəyə çevrilib, bu sahədə böyük bir potensial formalaşdırıb. Bu da, öz növbəsində, ölkənin simasını yeniləşdirərək daha da müasirləşdirib. İndi müasir Azərbaycanı 10 il əvvəlki dövrlə müqayisə etmək belə mümkün deyil. Təbii ki, bu fonda insanların güzəranı, yaşayış səviyyəsi də dəyişib, daha da yüksəlib. Digər tərəfdən, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi, ölkənin mövcud olduğu regionda lider statusu daşıması, eləcə də ordumuzun güclənməsi, öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırması və digər bu kimi amillər Azərbaycan vətəndaşlarının Heydər Əliyev siyasətinin varisi kimi İlham Əliyevə bağladıqları ümidlərin tamamilə doğrulduğunu göstərir.

İndi ölkəmizdə qəti şəkildə belə bir əminlik mövcuddur ki, Heydər Əliyev siyasəti bu gün uğurla həyata keçir, Azərbaycana xidmət göstərir, ölkənin daha da qüdrətlənməsinə gətirib çıxarır. Azərbaycan xalqı 1993-cü ildən bu yana öz taleyini və tarixini Heydər Əliyev siyasəti ilə bağladığı kimi, qarşıdakı illər ərzində ölkənin inkişaf perspektivlərini yenə ulu öndərin siyasəti ilə, həmin siyasəti bu gün uğurla həyata keçirən Prezident İlham Əliyev şəxsiyyəti ilə əlaqələndirir.

- Prezident İlham Əliyevin kifayət qədər uğurlu fəaliyyəti yerli və beynəlxalq miqyasda açıq etiraf edilir. Bir partiya olaraq YAP bu fəaliyyətə hansı töhfələr verir?

- YAP Azərbaycan cəmiyyətinin bu gün ən güclü siyasi partiyası kimi özünü tanıda bilib. Ancaq bunun arxasında nələrin durduğunu, istərdim ki, daha aydın şəkildə ifadə edim. YAP-ın sıralarında hazırda 520 mindən çox insan birləşir. Bu, Azərbaycan miqyasında olan bir ölkə üçün kifayət qədər böyük rəqəmdir. Yarım milyondan artıq insanın bir partiya sıralarında birləşməsi Azərbaycan tarixində görünməmiş hadisədir. Özü də bu, sadəcə bir statistika deyil. Azərbaycan vətəndaşlarının böyük bir hissəsinin Heydər Əliyev ideyalarına və siyasətinə münasibətinin ifadəsidir.

Ümummilli liderin siyasətini dəstəkləyən və bu siyasətin həyata keçirilməsində yaxından iştirak etmək istəyən insanların böyük bir hissəsi YAP-ın sıralarındadır. Onlar öz siyasi talelərini məhz YAP-la bağlayıblar. Bu o insanlardır ki, Azərbaycan dövləti, xalqı qarşısında böyük xidmətlər göstərirlər, belə xidmət üçün kifayət qədər böyük potensialları var. YAP sıralarında birləşmiş bu qədər insan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurla reallaşmasına imkanları çərçivəsində kömək göstərirlər. Bu mənada əldə etdiyimiz nailiyyətlərin bir hissəsi YAP-ın üzvlərinin fədakarlıqları ilə bilavasitə əlaqədardır.

İkinci bir tərəfdən, YAP-ın malik olduğu böyük potensial Azərbaycan dövlətçiliyi və xalqı naminə istifadə olunur. YAP ölkəmiz haqqında dünyada adekvat, düzgün imicin formalaşması məqsədilə öz imkanları daxilində addımlar atır. YAP-ın istər Şərq, istərsə də Qərb ölkələrinin ayrı-ayrı siyasi qurumları ilə geniş və əhatəli əlaqələri sayəsində Azərbaycanın imicinin formalaşmasına, ölkəmizdə əldə edilən nailiyyətlərin beynəlxalq aləmdə təbliğ olunmasına öz töhfəsini verir. Beləliklə, cəmiyyətimizin ən güclü siyasi təşkilatı olaraq YAP ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasında, iqtisadi sahələrdə islahatların həyata keçirilməsində, həyatımızın digər sahələrində nailiyyətlər əldə olunmasında özünəməxsus rol oynayır. Bunun ifadəsi olaraq da Azərbaycan cəmiyyətinin ən aparıcı siyasi təşkilatı və qüvvəsi kimi çıxış edir.

- Bütün sahələrdə proseslərin kifayət qədər dinamik və sürətli inkişaf etdiyi dövrdə yaşayırıq. Bu inkişaf siyasi reallıqlara da təsir göstərərək hadisələri daha mütəhərrik hala gətirir. YAP fəaliyyətini bu dinamizmə adekvat şəkildə necə uyğunlaşdırır?

- Öncə qeyd edim ki, bu gün Prezident İlham Əliyevə Azərbaycan cəmiyyətində olan çox böyük inam və ehtiram eyni zamanda YAP-ın insanlar tərəfindən hörmətlə qarşılanmasına öz təsirini göstərir. Başqa sözlə, dövlət başçısına olan hörmət və ehtiram həm də insanların YAP-a eyni münasibət sərgiləməsini şərtləndirir.

Bununla yanaşı, YAP-ın bir özünəməxsusluğunu da ayrıca qeyd etmək lazımdır. Bu da ondan ibarətdir ki, YAP daim hərəkətdə, fəaliyyətdə olan siyasi təşkilat kimi özünü ifadə edə bilib. Biz ehkamçılıqdan, durğunluqdan tamamilə kənardayıq. Həyatın tələblərinə uyğun olaraq bizim üçün əsas olan fəaliyyətimizin yeniləşdirilməsi, müasirləşdirilməsi və qarşımıza qoyduğumuz hədəflərə çatmaq məqsədilə düzgün taktika və strategiyanın seçilməsidir. Çünki siyasi təşkilat həyatın müəyyən etdiyi vəzifələrə uyğun şəkildə fəaliyyət göstərdikdə uğurlar qazana bilər. YAP olaraq biz 2010-cu ildə, XXI əsrin ilk onilliyində siyasi təşkilatlardan insanların gözlədiyi nədirsə, ona uyğun fəaliyyət göstərməyə çalışırıq. Bizim üçün ən əsas insanların inamını qazanmaqdır, insanlara, dövlətə, ölkəyə xidmət etməkdir. Bu xidmət hər bir konkret dövrdə nəyi nəzərdə tutursa, hansı şərtləri və tələbləri irəli sürürsə, YAP da onlara uyğun şəkildə fəaliyyət göstərməyə çalışır.

Aydındır ki, 18 il öncə YAP yarandığı vaxt Azərbaycanın qarşısında tamamilə başqa vəzifələr dururdu. Həmin dövrdə YAP o vəzifələrin həyata keçirilməsinə istiqamətlənmiş fəaliyyətdə bulunurdu. Ancaq 2010-cu ilin cəmiyyəti tamamilə başqadır, onun istəkləri, düşüncələri fərqlidir. YAP 2010-cu ilin tələbləri və çağırışlarını dərk etmədən, bu dövrün insanlarının istək və düşüncələrini duymadan, dərk etmədən fəaliyyət göstərə bilməz. Biz artıq 1992-ci ildə yaranan partiya kimi bütün dəyərlərimizi saxlamaqla yanaşı, eyni zamanda 2010-cu ilin partiyası olaraq fəaliyyət göstəririk.

2010-cu ildə Azərbaycanın qarşısında hansı vəzifələr dayanıb, hədəflər nədən ibarətdir, vətəndaşlar nə gözləyir, onlar siyasi təşkilatları necə görmək istəyirlər? Bütün bu suallara biz cavab taparaq fəaliyyətimizi qururuq. Məsələn, bu yaxınlarda YAP-ın iştirak etdiyi, digər partiyaların da qatıldığı parlament seçkiləri keçirildi. YAP olaraq apardığımız bütün təhlillər nəticəsində Azərbaycan vətəndaşlarının bu gün siyasi partiyalardan nə gözlədiyini aydınlaşdıraraq ona uyğun seçki kampaniyası qurduq. Bunun da nəticəsində uğur qazandıq. Qazandığımız uğurların kökündə dayanan çoxlu sayda səbəblərdən biri də ondan ibarət idi ki, YAP öz adına uyğun olaraq daim yeniliklərə can atır.

Daim inkişafda olan həyatda mövqelərini saxlamaqdan ötrü hər bir insan kimi, siyasi təşkilatlar da müntəzəm olaraq baş verən dəyişikliklərə uyğunlaşmalı, müvafiq fəaliyyət göstərməlidir. YAP-ın bu gün ölkəmizdə qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, ölkəmizin ictimai-syiasi həyatında malik olduğu ciddi mövqe bu mənada onunla da əlaqədardır ki, partiya daim yeniləşir, müasirləşir. Həyatın tələblərinə, çağırışlarına uyğun şəkildə fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan YAP hər zaman bu məqsədə doğru inamla irəliləyir.

- Yarandığı vaxtdan indiyə kimi YAP qatıldığı bütün seçkilərdən qalib ayrılmaq kimi möhtəşəm uğurlara imza atıb. Bu, dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə bir daha özünü qabarıq büruzə verdi. YAP-ın bu uğurlarını hansı amillər şərtləndirir?

- Bu, ilk növbədə Azərbaycan vətəndaşlarının ulu öndər Heydər Əliyev siyasətinə, ideyalarına inamının, hörmət və ehtiramının ifadəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, nəticədə əldə olunan nailiyyətlərə vətəndaşların qiymətinin təzahürüdür. Digər tərəfdən, bu, bilavasitə Azərbaycan cəmiyyətində baş verən dəyişikliklərdən irəli gələn haldır. Yəni, Azərbaycanın 2005-ci ildə keçirilən parlament seçkilərindən sonrakı dövrdə iqtisadi, siyasi, hərbi, beynəlxalq və digər sahələrdə əldə etdiyi nailiyyətlərə insanlar tərəfindən verilən qiymət YAP-ın qazandığı seçki uğurlarının kökündə dayanan digər əhəmiyyətli amildir.

Həmçinin YAP-ın Azərbaycan xalqına tam səmimiyyətlə xidmət etməsi də vətəndaşlarımız tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan vətəndaşları, seçicilər YAP-ın fəaliyyətindəki bu mənəvi-psixoloji məqamı dərindən dərk edirlər və buna adekvat şəkildə öz reaksiyalarını bildirirlər. Bu reaksiyanın bariz ifadəsindən biri də YAP-ın seçkilərdə dəstəklənməsidir. Nəhayət, YAP-ın uğurları, qatıldığı seçkilərdən qalib ayrılmasının çox ciddi səbəblərindən biri də partiyanın hər bir dövr üçün insanlar tərəfindən rəğbətlə qarşılanan konkret proqramla çıxış etməsindən ibarətdir. YAP heç zaman arxaya baxaraq hərəkət etmək niyyətində olmayıb. Təbii ki, biz öz keçdiyimiz yolla şərəf, qürur duyuruq. Hesab edirik ki, bu yol kifayət qədər zəngin və şərəfli yoldur.

Lakin o da faktdır ki, insanlar seçki kampaniyasında bu və ya digər siyasi partiyanı dəstəkləyib-dəstəkləməməsi barədə suala cavab axtararkən onun keçdiyi yoldan daha çox, hansı proqramı müəyyənləşdirdiyini, həmin proqramı yerinə yetirmək potensialına malik olub-olmaması üzərində düşünürlər. YAP olaraq biz keçmişimizlə qürur duymaqla yanaşı, daha çox irəliyə baxaraq fəaliyyət göstərmək niyyətimizi hər zaman açıq şəkildə ifadə etmişik. Bu niyyət yenə də Azərbaycan xalqına, insanına, vətəndaşına xidmət etməkdən ibarət olub.

Digər tərəfdən, YAP insanlara təkcə vədlər verməklə kifayətlənməyib. Çünki tək vədlərlə hər hansı bir təşkilat insanları özünə inandıra bilməz. YAP, eyni zamanda, keçdiyi yolla, qoyduğu izlə insanları verdiyi vədləri yerinə yetirməyə qadir olduğuna inandırmağa nail ola bilib. Eyni zamanda, YAP o vədləri verib ki, əvvəla, onlar real xarakter daşıyıb. İkincisi, YAP həmin vədləri həyata keçirmək imkanına malik olub. Zaman daim göstərib ki, partiyamız vədlərinə həmişə sadiq qalıb. Bu, YAP-ın artıq formalaşmış imicinə çevrilib. YAP-ın uğurlarının, qələbələrinin kökündə dayanan bu reallıqlardır, bu amillər və faktorlardır.

- Başa çatmış seçki prosesinin gediş və yekunlarını, yəqin ki, təhlil etmisiniz. Budəfəki seçki prosesində hansı yenilikləri tətbiq etdiniz, partiyanın seçki təcrübəsini daha da zənginləşdirən hansı metodlardan istifadə olundu?

- İlk növbədə onu qeyd etmək istəyirəm ki, YAP ölkəmizdə keçirilən bütün seçkilərdə iştirak edib. Partiya üçün seçkilərdə iştirak bütövlükdə müəyyənləşdirilən siyasətin həyata keçirilməsi üçün çox mühüm əhəmiyyət kəsb edir, həmçinin vacib bir vəzifə kimi qəbul olunub. Biz heç zaman seçkilərə biganə yanaşmamışıq və əldə etdiyimiz nailiyyətlərin kökündə dayanan gerçəkliklərdən biri ondan ibarətdir ki, YAP daim seçki kampaniyasına kifayət qədər ciddi şəkildə hazırlaşaraq qatılıb.

2010-cu ildə keçirilən parlament seçkilərinə qatılan YAP son beş il ərzində ölkəmizdə baş verən bütün müsbət dəyişiklikləri və onların insanlar tərəfindən necə qiymətləndirilməsini keçirdiyi sorğular nəticəsində müəyyənləşdirə bilmişdi. Sorğulardan bir daha aydın oldu ki, ölkəmizdə beş il ərzində həyata keçirilən islahatlar, onların nəticəsində əldə olunmuş nailiyyətlər insanlar tərəfindən yüksək qiymətləndirilir. Çünki bu beş il ərzində Azərbaycan əhəmiyyətli dərəcədə inkişaf edib, tamamilə müasirləşib, yeniləşib, güclənib, qüdrətlənib və s. Bununla yanaşı, biz hər hansı bir arxayınçılığa yol vermədən seçki kampaniyasının uğurla həyata keçirilməsi üçün ciddi şəkildə fəaliyyət göstərdik. YAP-ın malik olduğu insani, təşkilati resurslar prosesə cəlb olundu, eyni zamanda, partiyanın Azərbaycanın hər bir bölgəsində, inzibati ərazi vahidində çox geniş fəaliyyət göstərə bilən yerli strukturlarının seçki kampaniyasında aktiv iştirakı təmin edildi.

Digər tərəfdən, YAP seçki kampaniyasında uğur qazanılması üçün çox mühüm əhəmiyyət kəsb edən amillərdən biri kimi ən layiqli namizədləri müəyyənləşdirib irəli sürə bildi. Onu da xatırlatmaq yerinə düşərdi ki, 2005-ci ildə seçki kampaniyasına qoşularkən YAP-ın təxminən 400 min nəfər üzvü var idisə, 2010-cu ilin seçki kampaniyası zamanı partiya üzvlərinin sayı 500 mini keçmişdi. Digər tərəfdən, daha fundamental əsaslardan biri ondan ibarət idi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tərəfdarları, bu siyasətin nəticələrini yüksək qiymətləndirən insanlar YAP-ı dəstəkləməklə öz mövqelərini ortaya qoydular. Nəticə etibarilə YAP seçkilərdən yenə qalib partiya olaraq çıxdı. Səsvermənin nəticələrinə əsasən, YAP-ın ötən parlament seçkiləri ilə müqayisədə daha çox üzvü insanlarımız tərəfindən dəstəklənərək Azərbaycanın Milli Məclisində partiyamızı təmsil etmək hüququ qazanıb. Beləliklə, növbəti beş il ərzində YAP-ın əldə etdiyi deputat mandatlarının sayı əhəmiyyətli dərəcədə artıb. Bu, həm də onun nəticəsində mümkün olub ki, beş il ərzində Azərbaycan daha böyük sürətlə inkişaf edib, YAP-ın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti insanlarımız daha geniş miqyasda və qətiyyətlə dəstəkləməyə başlayıblar.

- Seçki kampaniyalarının gedişində YAP həmişə fərqli texnologiyalar tətbiq edib. Budəfəki kampaniya gedişində partiyanın seçki təcrübəsinin artırılmasına xidmət edən, zənginləşdirən yeni texnologiyalar tətbiq olundumu?

- YAP həmişə həyatın tələblərini öyrənir, duyur, dərk edir və ona uyğun fəaliyyət göstərir. Təbii ki, hər bir seçkinin də özünəməxsus cəhətləri var. Bu mənada da 2005-ci ildə keçirilən seçkilərlə 2010-cu ildə baş tutan parlament seçkiləri arasında əhəmiyyətli dərəcədə fərqlər mövcuddur. Bu fərqlər siyasi təşkilatın fəaliyyətində mütləq şəkildə nəzərə alınmalıdır. YAP həmişə seçki kampaniyasını həmin dövrün tələblərinə maksimum uyğun şəkildə həyata keçirməyə çalışır. Partiya 2010-cu ilin seçki kampaniyasında da bu reallıqdan çıxış etdi və ona uyğun olaraq seçki kampaniyasını müəyyənləşdirib uğurla həyata keçirdi. Bunu konkret misallar əsasında da izah etmək olar. Məsələn, 2005-ci ilin seçki kampaniyasında YAP bir neçə kütləvi aksiya həyata keçirdi. Bu və ondan əvvəlki seçki kampaniyaları zamanı YAP-ın təşkil etdiyi bu kütləvi aksiyalar kifayət qədər diqqət cəlb edirdi. Həmçinin opponentlərimiz tərəfindən təşkil edilən kütləvi siyasi kampaniyalardan öz vüsətinə, əhatə dairəsinə, emosional təsirinə və digər parametrlərinə görə əhəmiyyətli dərəcədə fərqlənirdi.

Budəfəki seçki kampaniyasında yenidən bunların hamısını ciddi şəkildə təhlil etdik. Belə bir qənaətə gəldik ki, seçicilərin mütləq əksəriyyətinin seçki kampaniyasının gedişində əhatə edilməsi üçün yalnız kütləvi aksiyaların keçirilməsi kifayət deyil.

İstənilən halda nə qədər geniş kütləvi aksiya keçirilsə də, o, bütün seçiciləri əhatə etmir. Bu səbəbdən belə qərara gəldik ki, 2010-cu ildə seçki kampaniyasının təşviqatının ağırlığı qapı-qapı edilən təbliğatın üzərinə düşməlidir. Ona görə də seçki kampaniyasında qarşıya belə bir məqsəd qoyduq ki, YAP-ın irəli sürdüyü namizədlərin hamısı maksimum dərəcədə hər bir seçici ilə görüşməyə çalışmalıdır. Hər bir seçici ilə görüşmək isə artıq təşviqat kampaniyasının mahiyyətinin əvvəlkilərlə müqayisədə dəyişdirilməsi demək idi. Bu mənada YAP 2010-cu ilin seçki kampaniyasında daha çox seçici ilə bilavasitə ünsiyyət, onlarla birbaşa əlaqələr yaratmaq taktikasını seçdi. Yəni YAP-ın hər bir namizədi öz dairəsində ya bilavasitə özünün iştirakı, ya da öz köməkçiləri, vəkilləri vasitəsilə hər bir seçici ilə görüşməyə çalışdı. Demək olar ki, bu istiqamətdə istəyimizə əsas etibarilə nail ola bildik. Namizədlərimiz daha çox seçici ilə görüşdü, daha çox məntəqələrə, yaşayış yerlərinə, məhəllələrə, binalara, evlərə, mənzillərə gedə bildi. Bu da öz effekt və təsirini göstərdi. Belə ki, 2010-cu ilin seçki kampaniyasında YAP-ın əldə etdiyi səslərin faizi 2005-ci ildə əldə olunan səslərin faizi ilə müqayisədə əhəmiyyətli dərəcədə artdı. Səbəb ondan ibarətdir ki, YAP-ın hər bir namizədi daha çox seçici ilə bilavasitə ünsiyyətdə oldu. Bunun nəticəsi mütləq şəkildə özünü büruzə verdi. 2010-cu ilin seçki kampaniyasının ən əhəmiyyətli və taktiki yeniliyi də məhz bundan ibarət oldu.

Bundan başqa, müxtəlif dairələrdə YAP-ın irəli sürdüyü ayrı-ayrı namizədlər fərqli metodlardan, seçki texnologiyasından da istifadə etdilər. Məsələn, mən namizədliyimin irəli sürüldüyü Nərimanov 19 saylı seçki dairəsində telefon sorğusu keçirilməsi metodundan istifadə etdim. 42 mindən çox seçicisi olan Nərimanov seçki dairəsində 15 mindən çox ailə yaşayır. Seçki kampaniyası dövründə hər bir evə telefonla zəng edərək onların rəyini, kimə rəğbət bəslədiklərini müəyyənləşdirdik. Eyni zamanda, bununla bilavasitə hər bir seçici ilə ünsiyyət yaratdıq. Həm telefon əlaqəsi ilə, həm də keçirdiyimiz digər görüşlər vasitəsilə elə bir ev olmadı ki, seçki kampaniyası dövründə onunla əlaqə yaratmayaq.

Beləliklə, YAP-ın müəyyənləşdirdiyi seçki texnologiyasına hər bir seçici ilə birbaşa ünsiyyətin yaradılması forması ilə yanaşı, digər ayrı-ayrı konkret namizədlər tərəfindən tətbiq edilən seçki texnologiyaları, elementləri də daxil edildi. Nəticə etibarilə bu, YAP-ın seçki kampaniyasının tələblərinə, şərtlərinə uyğun kampaniya aparması ilə yekunlaşdı.

- Seçkilərdən əvvəl böyük iddialarla çıxış edən radikal müxalifət acı bir məğlubiyyətlə üzləşdi. Müxalifətin bu qanadının sosial bazasının daha da zəiflədiyi üzə çıxdı. Sizcə, buna səbəb nədir?

- Azərbaycan müxalifətinin əhəmiyyətli bir hissəsi özünün reallıq hissini bütünlüklə itirib. Onların real güclərindən daha böyük iddiaları mövcuddur. Bu iddiaları heç zaman gizlətməyə meyilli olmayıblar. Halbuki müxalifətin bu hissəsində onların böyük iddialarına rəğmən həddən artıq kiçik gücləri, olduqca zəif ictimai dəstəkləri mövcuddur.

Digər tərəfdən, müxalifətin seçkilərdə uğur qazana bilməməsinin ciddi əsaslarından birini də bu qüvvələrin dəyişikliyə meyilli olmaması ilə əlaqələndirmək mümkündür. Azərbaycanda keçən əsrin 90-cı illərinin əvvəllərindən indiyə kimi olduqca böyük dəyişikliklər baş verib. Ölkə tamamilə dəyişib. O dövrkü Azərbaycanla indiki Azərbaycanı müqayisə etmək belə mümkün deyil. Əslində, bu, Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Azərbaycan bu gün dünyanın çox böyük sürətlə inkişaf edən, böyük perspektivlərə malik olan ölkəsi kimi qəbul edilir. Lakin Azərbaycanda dəyişməyən bir şey var: bu da ölkə müxalifətinin bir hissəsidir. 1990-cı illərin əvvəllərində onlar necə idisə, hansı iddialarla yaşayırdılarsa, indi də həmin düşüncədədilər, həmin siyasi təfəkkürdən kənara çıxa bilməyiblər. Bütövlükdə Azərbaycan, ölkə cəmiyyəti dəyişibsə, onda xalq yerində sayan, 90-cı illərin əvvəllərindəki çərçivədən çıxmağı bacarmayan müxalifəti artıq qəbul edə bilmir və bu, mümkün də deyil! 2010-cu ilin həddən artıq dəyişmiş Azərbaycan vətəndaşları ötən əsrin 90-cı illərinin əvvəllərinin təfəkkürü ilə yaşayan müxalifətə inana bilmir. Bu da, təbii olaraq, müxalifətin dayaqlarının itirilməsinin çox ciddi səbəblərindən biri kimi çıxış edir.

Digər tərəfdən, bu qədər uğursuzluqlara düçar olan radikal müxalifətdə hər hansı bir fərdi dəyişmələr də müşahidə edilmir. Bu seçkidən o seçkiyə uğur qazana bilməyən insanlar yenə də seçki kampaniyalarına rəhbərlik edir, namizəd olurlar. Uğursuzları heç kim sevmir, heç kim öz taleyini onlarla bağlamaq istəmir. Beləliklə, seçkidən-seçkiyə müxalifətin radikal qanadının ətrafında olan insanlar seyrəlir. Bu gün müxalifətin ətrafında olan insanlar həddən artıq azalıb. Belə partiyalarda Azərbaycan cəmiyyətinin qəbul etdiyi, hörmətlə yanaşdığı insanları, demək olar ki, yoxdur.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, müxalifətin mövqelərinin zəifləməsi, dayaqlarının itirilməsi, ictimai dəstəyinin azalması bu düşərgədə aqressivliyi gücləndirir. Müxalifət öz gücünün zəiflədiyini artıq aqressivliyi ilə ört-basdır etməyə çalışır. Əlbəttə, söhbət burada müxalifətin bir hissəsindən gedir. Çünki Azərbaycanın müxalifəti təkcə radikal əhvali-ruhiyyədə olanlardan ibarət deyil.

Beləliklə, müxalifətin radikal hissəsilə Azərbaycan cəmiyyəti arasında uçurum getdikcə dərinləşir. Azərbaycan cəmiyyətində hər bir vətəndaşın yüksək qiymətləndirdiyi sabitlik, rahatlıq, dinclik mövcuddur. Cəmiyyət bu sabitliyi, əmin-amanlığı yüksək qiymətləndirir. İlk növbədə ona görə ki, ötən əsrin 90-cı illərinin əvvəllərindəki anarxiyanı, qeyri-sabitliyi, hər bir vətəndaşın başının üzərini almış təhlükəni insanlar yaşayıblar. Bu səbəbdən hər bir azərbaycanlı üçün sabitlik və əmin-amanlıq mühüm dəyər kateqoriyasına yüksəlib.

Maraqlıdır ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyətində sabitliyin, dincliyin ən yüksək dəyər kimi qiymətləndirilməsi fonunda meydana ifrat aqressivləşmiş müxalifət çıxır. Və bu, qeyd etdiyim kimi, cəmiyyətlə, əhali ilə müxalifətin radikal qanadı arasında uçurumu həddən artıq dərinləşdirir. Son parlament seçkilərində bunu biz bir daha müşahidə etdik. Radikallar üçün müxalifətçiliyin aqressivlik kimi dərk edilməsi cəmiyyətə bir siqnal olmalıdır. Lakin o da faktdır ki, radikal müxalifət nə qədər aqressivləşəcəksə, bir o qədər də cəmiyyətlə öz arasında uçurumu dərinləşdirəcək!

Hələlik isə hadisələrin inkişaf meyli onu göstərir ki, bəzi müxalifət düşərgəsində aqressivlik artmağa doğru meyil edir. Nəticə etibarilə bu gün müxalifətin radikal hissəsi inamsızlıq, ictimai etibarın itirilməsi uçurumunun ətrafında dayanıb. Əgər müxalifətin həmin düşərgəsi öz davranışını dəyişdirməsə, ciddi ideoloji dəyişikliklərə uğramasa, onların tamamilə Azərbaycanın siyasi həyatından silinməsi labüd olacaq! Bu, artıq müasir cəmiyyətin tələbinə çevrilib! İndiki Azərbaycan cəmiyyəti aqressivliyi qəbul etmir! Çünki aqressivlik xaos və anarxiyanın əsasını təşkil edir. Bu səbəbdən aqressivliyi öz ideologiyasına çevirmiş müxalifətə Azərbaycan cəmiyyətində yer yoxdur! Azərbaycan cəmiyyəti bunu noyabrın 7-də keçirilən seçkilərdə açıq şəkildə ifadə etdi.

Onu da qeyd etməyi vacib sayıram ki, radikal müxalifətin aqressivliyi bütün mümkün çərçivələri aşıb. Müxalifət öz aqressivliyini istənilən əxlaq çərçivəsindən kənara çıxaraq nümayiş etdirir. Təəssüflə qeyd etmək lazımdır ki, müxalifətin bu hissəsində əxlaqi-mənəvi dəyərlər də eroziyaya uğrayıb. Beləliklə, bu düşərgə, yumşaq desək, xoşagəlməz bir quruma çevrilib. Cəmiyyət bu cür insanların təhlükə mənbəyi olduğunu aydın dərk etməyə başlayıb. Nəticədə onlar getdikcə daha artıq dərəcədə cəmiyyətdən özlərini təcrid edirlər. Fikrimcə, müxalifət Azərbaycanda köklü surətdə yeniləşməlidir. Bugünkü Azərbaycana, bugünkü sabitliyə uyğun müxalifətin formalaşmasına çox ciddi ehtiyac var. İndiki Azərbaycanın inkişafına xidmət edəcək müxalifətin yaranması çoxdan sosial sifarişə çevrilib!

- Maraqlı məqama toxundunuz. Aqressivləşməkdə olan müxalifətin cəmiyyət üçün yaratdığı təhlükə nədən ibarətdir?

- Əslində, müxalifətin radikal qanadının aqressivləşməsi təkcə cəmiyyət üçün yox, həm də onun özü üçün böyük problemə çevrilib. Çünki cəmiyyət belə radikal əhvali-ruhiyyəli insanlardan uzaq durur, onları qəbul etmir. Qeyd etdiyim kimi, radikal müxalifət özünü cəmiyyətdən təcrid edir. Əslində, müxalifətin bu qanadı öz aqressivliyinin girovuna çevrilib.

Müxalifətin bir hissəsinin həddən artıq aqressivləşməsinin əsas səbəblərindən biri elə onun öz dayaqlarını itirməsi ilə əlaqədardır. Bir sıra müxalif liderlərin olduqca böyük ambisiyaları var. Həmin ambisiyaların reallaşması onların mövcud imkanları xaricindədir. Bu ambisiyalar azalan imkanlar fonunda aqressivliklə kompensasiya edilir. Hazırda Azərbaycanın radikal müxalifəti öz mövcudluğunu isbat etməyin yeganə yolu kimi aqressivliyi seçir. Onlar hesab edir ki, nə qədər aqressiv olsalar, nə qədər böhtan atsalar, nə qədər əxlaqi-mənəvi dəyərlərə sığmayan hərəkətlər etsələr, onda cəmiyyət müxalifətin mövcudluğunu duyacaq. Görünür, başqa bir formada və sahədə radikal müxalifət öz mövcudluğunu sübut edə bilmir. Radikallığın və aqressivliyin cəmiyyət üçün təhlükəsi, ilk növbədə, bundadır.

Digər xoşagəlməz hal, bəlkə təhlükə ondadır ki, Azərbaycan müxalifətinin böyük hissəsi hər hansı bir ideya ilə ölkə cəmiyyətinin diqqətini cəlb edə bilmir, alternativ fikir ortaya qoymaqda acizdir. İdeyasız müxalifət cəmiyyət üçün gərginlik mənbəyinə, sosial bəlaya çevrilir. YAP seçkilərə qoşularkən öz proqramını müəyyənləşdirdi və bütün cəmiyyətə çatdırdı. Lakin müxalifət seçki kampaniyasında hər hansı proqramla iştirak etdiyini ortaya qoya bilmədi. Halbuki YAP-ın seçki proqramının ortaya qoymasına elə də böyük zərurət yox idi. Çünki YAP hakimiyyətdədir və onun proqramı ölkə Prezidentinin həyata keçirdiyi siyasətdir. Bu siyasət timsalında cəmiyyət artıq YAP-ın proqramından xəbərdardır. Bəs seçkiyə qoşulan müxalifətin proqramı nədən ibarət idi? Onlar daxili və xarici siyasət, iqtisadi, sosial sferada, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar hansı ideya, hansı bir alternativ konsepsiyanı ortaya qoydular?

Nəhayət, haqqında söhbət açdığımız müxalifət qanadının seçdiyi yol cəmiyyətin əxlaqi-mənəvi dəyərlərinin aşınmasına aparır. Müşahidə edildiyi kimi, müxalifətin siyasi təbliğatı ancaq yalana, böhtana və Azərbaycan reallıqlarının inkarına istinad edir. Bunun sübutu kimi göstərə bilərəm ki, İctimai Televiziya vasitəsilə aparılan debatlarda müxalifət tərəfindən təhqirdən, yalandan, böhtandan başqa insanların diqqətini cəlb edə biləcək hər hansı ideya irəli sürülmədi. Müxalifətin bu cür davranışı, əslində, siyasəti əxlaqi və mənəvi əsaslarından məhrum edir, onu antiinsani, anticəmiyyət faktoruna çevirir.

- Seçkilərin gedişini izləyən beynəlxalq müşahidə missiyalarının, müxtəlif təşkilat və dövlətlərin verdiyi qiymət fərqli oldu. Onlar arasında obyektivinə də rast gəlindi, qeyri-obyektiv xarakter daşıyanına da. Sizcə, bu nə ilə əlaqədardır?

- Hər bir seçkinin taleyini xalq həll edir. Bu mənada istənilən seçkinin düzgünlüyünün, ədalətli olmasının, demokratikliyinin yeganə hakimi xalqdır. Deməli, ölkədə keçirilən istənilən seçkinin legitimliyini müəyyənləşdirən ancaq xalq ola bilər. Başqa sözlə, seçkinin nəticələrinin xalq tərəfindən qəbul edilməsi onun legitimliyinin ən ali ifadəsidir. Heç bir yerli və beynəlxalq müşahidəçi bu hüququ xalqın əlindən ala bilməz. Mənim üçün ən yüksək seçki dəyəri seçkinin nəticələrinin xalq tərəfindən qəbul edilməsidir, cəmiyyət tərəfindən ona verilən qiymətdir.

Eyni zamanda, biz seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsini də çox vacib hesab edirik. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu əməkdaşlığa yüksək qiymət verir. Bu gün də, sonrakı dövr ərzində də əməkdaşlığın inkişaf etdirilməsi xüsusi diqqət mərkəzində qalmaqda davam edəcək.

Ölkəmizdə keçirilən istənilən seçkidə başqa ölkələrlə müqayisəolunmaz dərəcədə böyük xarici müşahidə missiyası fəallığı qeydə alınır. Azərbaycanda keçirilən budəfəki parlament seçkilərinə də xeyli sayda beynəlxalq müşahidəçi dəvət edilmişdi. Onlar seçkini izlədilər, öz qiymətlərini verdilər. Prinsip etibarilə müşahidəçilərin verdiyi qiymətlərdə müəyyən fərqlərin olmasını normal qəbul edirəm. Çünki onlar müxtəlif dairələrdə müşahidələr aparıblar, digər tərəfdən nəzərə almaq lazımdır ki, müşahidəçilər özləri fərqli insanlardır, onların fərqli siyasi baxışlara malik olması da istisna edilmir. Məhz öz siyasi baxışlarına uyğun olaraq onların seçkiləri dəyərləndirməsi istisnalıq təşkil etməyən hallar sırasında yer alır.

Ümumi şəkildə isə Azərbaycanda beynəlxalq müşahidəçilər tərəfindən seçkilərə verilən qiyməti müsbət dəyərləndirmək olar. Təbii ki, biz ilk növbədə bu məqamdan çıxış etməliyik. Ayrı-ayrı müşahidə missiyalarının səsləndirdiyi tənqidlər və yaxud digər məqamlara müvafiq seçki administrasiyaları öz cavablarını verəcək. Onu da qeyd etmək lazımdır ki, bir sıra hallarda beynəlxalq təşkilatlar tərəfindən səsləndirilən rəylər daha çox müxalifət mətbuatında yer alan materiallara söykənib. Bu isə ondan xəbər verir ki, bəzi hallarda bir sıra müşahidəçilər özünü radikalçılıq bəlasına düçar etmiş müxalifətin mövqeyinin zəifləməsindən narahatlıq keçirirlər. Onlar müəyyən dərəcədə Azərbaycanın siyasi həyatında mövqelərinin möhkəmlənməsi üçün səylər göstərirlər. Qeyd etdiyim kimi isə, müəyyən hallarda bir çox beynəlxalq müşahidəçilər hesabatlarında müxalifət mətbuatında yer alan təhriflərdən, yalanlardan istifadə edirlər. Biz dəfələrlə həmin hesabatlarda səsləndirilən və nöqsan kimi göstərilən məqamların reallığı əks etdirmədiyini sübuta yetirmişik. Lakin təəssüf ki, bəzi beynəlxalq təşkilatlar buna lazımi reaksiya verə bilməyiblər. Bu da belə qənaətə gəlməyə əsas verir ki, müəyyən beynəlxalq təşkilatlar Azərbaycan müxalifətinə oksigen vermək taktikasını seçiblər.

Hesab edirəm ki, heç bir beynəlxalq təşkilatın vəzifəsi ölkədəki bu və ya digər siyasi təşkilatı gücləndirməkdən ibarət olmamalıdır. Beynəlxalq missiyanın vəzifəsi ölkədə keçirilən seçki kampaniyasının demokratik normalara və prinsiplərə uyğun olub-olmamasını yalnız faktlar əsasında təsdiqləməyə çalışmaqdan ibarət olmalıdır. Fikrimcə, beynəlxalq təşkilatlar reallığı nəzərə alaraq öz yekun hesabatlarında obyektiv olmağa səy göstərəcəklər. Lakin bir daha vurğulamaq istəyirəm ki, bizim üçün ən əsası seçkilərin nəticələrinə xalqın, seçicilərin verdiyi qiymətdir. Bu baxımdan məmnunluq hissi ilə qeyd etmək istərdim ki, noyabrın 7-də keçirilən parlament seçkilərinin nəticələri Azərbaycan vətəndaşları tərəfindən etiraf edilir, qəbul olunur, beləliklə, seçkinin legitimliyi özünün təsdiqini tapır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 6-7.