Dini tolerantlığın Azərbaycan
nümunəsi
ABŞ Dövlət Departamentinin yeni hesabatında
ölkəmizdə dini dözümlülük mühiti
yüksək qiymətləndirilir
Beynəlxalq miqyasda Azərbaycanı xarakterizə edən
əsas xüsusiyyətlərdən biri də ölkəmizdə
yüksək tolerantlıq mühitinin mövcudluğu,
müxtəlif dinlərin dözümlülük şəraitində
sərbəst fəaliyyət göstərməsidir. Bu səbəbdən
Azərbaycan dünyanın bir çox araşdırma mərkəzləri
üçün təkcə dinamik sosial-iqtisadi
inkişafına görə yox, həm də dini tolerantlıq
baxımından xüsusi maraq və əhəmiyyət kəsb
edən tədqiqat obyektidir. Danılmaz həqiqətdir ki, Azərbaycan
artıq dini dözümlülük baxımından nümunəvi
bir dövlət olaraq qəbul olunur, ölkəmizin
sözügedən kontekstdə
formalaşdırdığı model geniş miqyasda təqdir
olunur.
Ümumiyyətlə,
tarixən dinindən, dilindən, irqindən və digər bu
kimi mühüm göstəricilərdən asılı
olmayaraq ölkəmizdə müxtəlif xalqların nümayəndələri
həmişə bir ailə olaraq dostluq, qardaşlıq,
mehribanlıq şəraitində yaşayıblar. Bu mütərəqqi
ənənə indi də davam edir və qeyd olunduğu kimi,
Azərbaycanın əsas xarakterik xüsusiyyətləri
sırasında yer alır. Prezident İlham Əliyev bununla
bağlı bildirmişdir: "Azərbaycan burada yaşayan hər
bir xalqın vətənidir. Azərbaycan dövləti
bütün gücünü ortaya qoyur ki, ölkəmizdə
yaşayan bütün xalqlar özlərini rahat hiss etsinlər,
vahid ailə kimi yaşayaq. Bu gün dünyada Azərbaycanın
adı çəkiləndə təkcə neftdən söhbət
getmir. Eyni zamanda, millətlərarası münasibətlərdən
söhbət gedir. Azərbaycan artıq bölgədə və
dünyada bir model rolunu oynamağa başlamışdır. Təsadüfi
deyildir ki, ölkəmizdə dini, milli tolerantlıq,
dözümlülük mövzularında müxtəlif beynəlxalq
tədbirlər keçirilir. Bu, bizim ən böyük
gücümüzdür, ən böyük sərvətimizdir
və biz bu sərvəti qorumalıyıq. Prezident, hər bir
məmur, millət vəkili, hər bir vətəndaş, hər
bir insan bu sərvəti öz əməyi, öz münasibəti
ilə qorumalıdır".
Prezident İlham Əliyevin
dini, milli tolerantlığı ən böyük sərvətimiz
olaraq dəyərləndirməsi Azərbaycanda sözügedən
sahədə formalaşmış mühitin daha möhkəm əsaslar
üzərində təşəkkül tapması və
qorunub saxlanması üçün ən yüksək səviyyədə
bu məsələyə göstərilən xüsusi diqqətin
real təsdiqidir. Beləliklə, ölkəmizin mövcud mənzərəsi
onu göstərir ki, Azərbaycanda bütün azadlıqlarla
yanaşı, dini azadlıqlar da təmin edilib. Eyni zamanda, din
xadimlərinin, eləcə də dinə bağlı
insanların Azərbaycanda gündəlik fəaliyyəti
üçün ölkədə hər cür şərait
və sərbəstlik yaradılıb. Bu fonda belə bir
mühüm faktı qeyd etmək yerinə düşərdi
ki, ölkəmizdə mindən çox məscid, on bir kilsə,
altı sinaqoq və digər dini məbədlər fəaliyyət
göstərir.
Azərbaycan həm də
müxtəlif beynəlxalq dini tədbirlərin
keçirildiyi əsas məkanlardan biri olaraq dünyada
yaxşı tanınır və belə tədbirlərin
ölkəmizdə baş tutması artıq ənənəvi
xarakter alır. Məsələn,
bu ilin aprelində dünya dini liderlərinin Bakı sammiti
baş tutub. Bütün bunlar həm də Azərbaycanın
sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə
böyük töhfə verən tərəflərdən biri
kimi çıxış etməsindən xəbər verir. Bu
mənada təsadüfi deyil ki, ötən il Bakı İslam
mədəniyyətinin paytaxtı seçildi və həmin
il ərzində bununla əlaqədar ölkədə
çoxsaylı tədbirlər keçirildi.
ABŞ Dövlət
Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək
Məsələləri Bürosu tərəfindən
dünyada dini vəziyyətlə bağlı yayılan
növbəti hesabatda da Azərbaycanda tolerantlıq mühiti
yüksək dəyərləndirilir. Hesabatın Azərbaycana
aid bölməsində deyilir ki, hesabat müddətində
hökumət tərəfindən dini azadlıqlara hörmət
statusu baxımından dəyişiklik qeydə
alınmayıb. "Beynəlxalq dini azadlıq hesabatı-2010"
adlanan sənədin dini demoqrafiya adlı bölməsində
bildirilir ki, Azərbaycan əhalisinin təxminən 96 faizini
müsəlmanlar təşkil edir. Qalan əhalinin isə əsas
etibarilə Rusiya ortodoks, digər xristian təriqətlərinin
daşıyıcıları, eləcə də yəhudilər
və mötədillər olduğu qeyd edilir.
Hesabatda vurğulanır ki,
Azərbaycan Konstitusiyası insanların dini etiqadını
seçməsinə və bununla bağlı mərasimləri
yerinə yetirməsinə heç bir məhdudiyyət qoymur.
Ölkə qanunvericiliyi isə bu hüququ qoruyur, hökumət
nümayəndələrinin və digər şəxslərin
həmin hüquqa qarşı çıxmasına imkan vermir.
Bildirilir ki, Konstitusiya, müvafiq olaraq, insanların dini birləşmələri
seçmək, onları yaratmaq, ona qoşulmaq və ya bu birləşməni
dəyişmək hüququ verir. Eyni zamanda, onların dini
etiqadlarını seçmək və dəyişmək
hüquqları da təsbit olunub: "Dini azadlıqla
bağlı qanunlar aydın şəkildə hökumətin
hər hansı fərdi və ya qrup şəklində olan
dini fəaliyyətə müdaxilə etməsini qadağan
edir".
Bununla yanaşı qeyd olunur
ki, siyasi partiyalar dini fəaliyyətlə məşğul ola
bilməzlər, həmçinin dini birliklər siyasi məqsədlər
üçün istifadə oluna bilməz. O da
xatırlanır ki, Qurban bayramı və Ramazan milli-dini
bayramlar kimi qeyd olunur. Ölkəmizdə insanların məcburi
şəkildə öz dini etiqadlarından döndərilməsinə
dair də hər hansı halın qeydə
alınmadığı bildirilir.
Hesabatda dini azadlığa
hörmət və bu istiqamətdə vəziyyətin daha da
təkmilləşdirilməsi üçün görülən
işlər qeyd edilir. Bu kontekstdə xatırlanır ki, Qafqaz
Müsəlmanları İdarəsinin yerləşdiyi Təzəpir
məscidi yenidənqurmadan sonra açılıb. Ölkənin
ən böyük məscidlərindən olan Təzəpirdə
dini ayinlər üçün geniş imkanların olduğu
da qeyd edilir. O da bildirilir ki, İslam Konfransı Təşkilatının
mədəniyyət nazirlərinin 2007-ci ilin noyabrında
Tripolidə keçirilən beşinci konfransında Bakı
2009-cu il üçün İslam mədəniyyətinin
paytaxtı seçilmişdi. Xüsusi olaraq qeyd edilir ki,
hökumət Bakıda və Abşeron yarımadasında il ərzində
bir sıra məscidlərin təmirini həyata keçirib.
2010-cu ilin aprelində Bakının ev sahibliyi etdiyi beynəlxalq
dini konfransa isə hətta erməni katolik kilsəsinin rəhbəri
də qatılıb.
Hesabatda o da qeyd edilir ki,
ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları
müsəlman, xristian, yəhudi dini liderləri ilə sıx
əlaqələr saxlayır, qeydiyyatdan keçmiş və
keçməmiş dini qrupların üzvləri ilə
mütəmadi görüşlər keçirir. Bütün
bunlar bir daha Azərbaycanda yüksək dini tolerantlıq
mühitinin mövcudluğunu, bu sahədə ölkəmizdə
uğurlu bir nümunənin yarandığını göstərir.
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 7.