Yanar ürəkli ziyalı

 

Qulu Xəlilli - 80

 

Hər bir şəxsiyyətin kamillik səviyyəsi onun qarşıya qoyduğu nəcib amal və məqsədlərdə, ülvi niyyətlərdə ifadə olunur. Belə seçilmiş insanların dərk edilmiş məsuliyyətə əsaslanan fəaliyyəti həm də onların mənalı həyat yolunu, cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Ziyalı adına layiq belə təmənnasız insanlar tarixən xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini parlaq şəxsiyyətlərində, müdrik əməllərində təcəssüm etdiriblər.

Ziyalı taleyi yaşamaq, əslində, bu fani dünyada "Həqiqət nədir" sualına usanmadan cavab axtararaq zülmətdən işığa doğru irəliləmək, başqalarının fərqində belə olmadığı reallıqları sezmək, bu yolda hər cür məhrumiyyətləri, psixoloji-mənəvi baryerləri dəf edərək ülvi məqsədə qovuşmaqdır. Ziyalı şəxsiyyət mənəvi dünyanın sakini kimi nadir hadisə, fenomendir; o, daxili potensialını yüksək səviyyədə realizə etmək, xoş və nəcib niyyətlərlə qurub-yaratmaq eşqi ilə seçilir. Və elə bu ali keyfiyyəti ilə fərqlənir, layiq olduğu ucalığa yüksələrək yaşadığı mühit və cəmiyyət üçün əlçatmaz olur. Xalq üçün çalışmaq, yazıb-yaratmaq, insanlara səmimi xidmət etmək istəyi ziyalıların dünyasından, mənəvi aləmindən qaynaqlanır.

Ziyalı həm də fikir və düşüncəsi ilə nur saçan, zəngin mənəviyyatı və intellekti ilə başqalarından fərqlənən insandır - cəmiyyətin görən gözü, düşünən beyni, döyünən ürəyidir. O, ilk növbədə, öz fəaliyyəti ilə seçilən, sözübütöv, qətiyyətli, cəsarətli, əqidəsi və məsləyi yolunda hər cür məhrumiyyətlərə qatlaşan xalqın mənafeyini öz şəxsi mənafeyindən üstün tutan şəxsiyyətdir. Ziyalı həm də xalq arasında biliyi, məlumatlılığı ilə seçilən, xalqın nüfuzunu qazanan, təmiz, prinsipial və digər keyfiyyətlərə malik insandır.

Milli ədəbiyyatşünaslıq tarixinə sanballı möhürünü vurmaqla özünəməxsus elmi məktəb formalaşdırmış nəcib ziyalılardan biriQulu Xəlillidir. Əgər yaşasaydı, bu gün müəllim-pedaqoq, elmlər doktoru, professor, tənqidçi, əməkdar mədəniyyət işçisi, əməkdar elm xadimi ehtiramla anılan, çoxsaylı tələbələrinin nəzərində mübarizlik, döyüşkənlik, cəsarət örnəyi sayılan Qulu Xəlillinin 80 yaşı tamam olacaqdı. Qulu Xəlillinin zəngin həyat və tale kitabını vərəqlədikcə, onun həm nəcib insan, fədakar alim, həm də xalqını, elini, yurdunu məhəbbətlə sevən vətəndaş olduğunu aydın görmək olur. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi ali keyfiyyətləri, çeşmə kimi saf mənəvi dəyərləri, müasirliyi və əməksevərliyi şəxsiyyətində cəmləyən bu Azərbaycan ziyalısının nurlu çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi göz önündə canlanır. Görkəmli alim milli ədəbiyyatşünaslıq elminin müxtəlif aspektləri üzrə apardığı tədqiqatlarla müasir elm tariximizə sanballı möhürünü vurmuş, ədəbi-poetik düşüncənin tədqiqində yeni səhifə, uğurlu çığır açmışdır. Məhz buna görə də Qulu Xəlilli ədəbiyyatımızın yorulmaz, ardıcıl, əvəzedilməz təbliğatçılarından sayılır. O, iyirmidən çox sanballı, prinsipial, dərin mənalı elmi-nəzəri monoqrafik, tənqidi əsərlərin, yüzlərlə publisistik yazıların müəllifidir. Təkcə Azərbaycan romanının inkişaf tarixinə dair fundamental əsəri ədəbiyyatşünaslığımız üçün qiymətli tədqiqat nümunəsidir. Bu əsərdə problemlərin ağıllı, prinsipial qoyuluşu, dərin nəzəri ümumiləşdirmələr ədəbi mühitimizə olduqca ciddi müsbət təsir göstərmişdir.

Yaşadığı dövr, mühit və məkandan asılı olmayaraq yüksək yaradıcılıq keyfiyyətlərinə malik ziyalı həm də intellektual səviyyəsi, özünəməxsus dəst-xətti, yenilikçi düşüncə tərzi ilə dövrünün problemlərinə ürək yanğısı ilə yanaşan, insanların sevgisini qazanan insandır. Qulu Xəlilli də yüksək yaradıcı duyumuna malik söz ustadı olmaqla yanaşı, həm də təcrübəli müəllim, pedaqoq idi. Öz peşəsinin vurğunu olan, onun şərəfini daim uca tutan bu nəcib insan gənc nəslin maariflənməsinə, yüksək bilik almasına çalışır, müəllim peşəsinin cəmiyyətdəki rolunu daim önə çəkirdi. "Müəllim hər cəhətdən ideallıq səviyyəsində dayanmalıdır. Xalqımız F.Köçərli, A.Səhhət, A.Şaiq, S.S.Axundovbu kimi görkəmli alimlərin, pedaqoqların adlarını həmişə iftixarla çəkir. Çünki bu müəllimlər həm ağıl və zəkaları, həm də mənəvi-əxlaqi keyfiyyətləri ilə həmişə nümunə olmuşlar. Nümunəvilik həm məsuliyyətlidir, həm də şərəflidir" - deyən Qulu Xəlilli özüictimai məsuliyyətini dərk edən vətənpərvər müəllimlərdən idi.

Görkəmli pedaqoq uzun illər Bakı Dövlət Universitetində mühazirələr oxumuşdur. O, yazdıqlarını, elmdə təblığ etdiklərini gəncliyimizə canlı və yüksək emosional formada çatdırırdı. Qulu Xəlilli yaradıcı müəllim idi. Şəxsi qənaətimə görə, iki qrup müəllim var. Birincilər, ağıllıdır, biliklidir, lakin şəxsiyyətcə sönükdürlər. İkincilər, həm ağıllı, həm bilikli, həm də qeyri-laqeyd şəxsiyyətlərdir, ümumxalq dərdi onların şəxsi dərdidir. Birincilər bilik, savad verməkdə mahir ustadırlar. İkincilər isə tələbələrdə şəxsiyyət oyatmağı, vətəndaş formalaşdırmağı bacaranlardır. İkinci qrup müəllimlər xalqın inkişafına və tərəqqisinə daha çox gərəkdir, desək, yanılmarıq. Qulu müəllim məhz belə müəllımlərdən idi. Onun mühazirələri elmi, ədəbiyyatı, sənəti, mədəniyyəti, tarixi, Azərbaycan təbiətini, torpağı, havanı, suyu bir vəhdət halında birləşdirir və bütövlükdə onlara böyük məhəbbət oyadırdı.

Yaradıcılıq insanın özünütəsdiq əzmindən qaynaqlanan ali duyğu, nəcib keyfiyyətdir. Bu potensialı elmin bənzərsiz qüdrəti, sehri və mözücəsi ilə canlandırmaq qeyri-adi, fitri istedaddır. Bu keyfiyyət sonradan qazanılmış bilik və vərdişlərlə, dünyagörüşü ilə zənginləşə, püxtələşə bilər. Lakin dərin istedadintellekt yaranışdan ulu Tanrının insanın ona verdiyi paydır. İstedadı, intellekti, tədqiqatçılıq əzmi daha ülvi bir məqsədlə - millətə, xalqa layiqli xidmət amalı ilə birləşəndə yaradıcı insanı əsl şəxsiyyətə, ziyalıya çevirir. Qulu Xəlillinin çılğın təbiətinin, hiss və həyəcanlarının obyektiv əksini onun tənqid və ədəbiyyatşünaslığa aid elmi əsərlərində görürük. Bu əsərlərdə məşhur tənqidçinin varlığının ən dərin, bəzən də gözəgörunməyən telləri, qəlbinin kövrəkliyi, əsl yazıçıya xas olan həssaslığı qabarıq duyulur. Bəli, Qulu müəllim mənəvi dünyasından qaynaqlanaraq şövq və fəhmlə yazıb-yaradıb, söz sənətkarlığında vətəndaş mövqeyi, insan amili, xalqın mənafeyi hər zaman öndə durub. O, zəngin daxili aləminin əksi, həyatın bir parçası kimi oxucular arasında böyük rəğbət qazanan "Yaşamaq istəyirəm", "Qocaların söhbəti", "Qulun yaman kişnədi", "Müəllimə", "Hörümçək", "Tənha palıd", "Bir də gəlmə" və digər sanballı əsərlər yaratmışdır.

Görkəmli yazıçının yaradıcılığında "Yaşamaq istəyirəm" povesti xüsusi yer tutur. Təxminən ömrünün qırx ili ərzində dəfələrlə ölümlə üz-üzə dayanan, ağır cərrahiyyə əməliyyatlarına məruz qalan, cəsarət və dözümlülüyü, ən başlıcası isə qeyri-adi həyat eşqi ilə ölümə qalib gələn müəllifin öz həyatından bəhs edən əsəri cəmiyyətin, insanların həyatında ədəbi-bədii sözün əvəzsiz güc və qüdrətini nümayiş etdirir. Onlarca xəstənin psixoloji cəhətdən sağalmasında, həyata qayıtmasında bu əsər əvəzsiz rol oynamışdır. Bəli, Qulu Xəlilli ölümlə vuruşa-vuruşa yaşayıb yaratmış, başqalarını da yaşatmışdır. Yazıçının şəxsi arxivində saxlanılan saysız-hesabsız oxucu məktubları bunu bir daha sübut edir.

Qulu Xəlillini başqa yazıçılardan fərqləndirən digər cəhət də var: o, roman və povestlərində, hekayələrində bir qayda olaraq real həyata, konkret adı və ünvanı olan hadisələrə, insanlara müraciət edir. Ancaq onları "ünvansızlaşdırır", adları dəyişir, ümumiləşdirmə, tipikləşdirmə aparır. Ayıq oxucu isə söhbətin haradan, kimlərdən getdiyini bilir. Qulu Xəlilliyə xas olan fərdi yaradıcılıq xüsusiyyəti həyatın özündən gəlir. Çünki Qulu Xəlilli dünyaya göz açandan hadisələrin içində olub. Uşaqlıq illərində çətin həyat yaşayıb, qoyun-quzu otarmaqla ehtiyac içində yaşayan ailəsinə kömək edib. Daha ağır fiziki işlərlə məşğul olub. Axşam fəhlə-gənclər məktəbində təhsil alıb. Yaşadığı rayonlarda, kəndlərdə, çalışdığı təsərrüfatlarda min cür haqsızlıqların, təhqir və hədə-qorxuların şahidi olub. Bu haqsızlıqlar onu ömrü boyu izləyib, mübarizələrə qoşub. Dünya görüşünün formalaşmasına, xarakterində döyüşkənlik, əyilməzlik, mübarizlik, qətiyyətlilik, prinsipiallıq kimi keyfiyyətlərin, insanlara məhəbbət, hörmət, qayğı hisslərinin möhkəmlənməsinə səbəb olub.

Qulu Xəlillinin "Yaşamaq istəyirəm" povesti onun bədii publisistikaya keçid cəhdlərini, bu sahədə daha böyük potensial imkanlara malik olduğunu çox gözəl nümayiş etdirir. Əsər bu cəhətdən yalnız müəllifin deyil, Azərbaycan bədii publisistikasının böyük uğuru hesab oluna bilər. Povest özünün orijinal publisistik obrazları, konfliktinin təbiiliyi, dil-üslub kəskinliyi, real informasiya zənginliyi ilə diqqətəlayiqdir. Bu sənədli əsərin uğurları həm də Qulu Xəlillinin savadının, bilik və məlumatının zənginliyi ilə bağlıdır. Həmin əsəri yazana qədər Qulu Xəlilli həm də ali təhsil almışdı. Bakı Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdi. O, hələ təhsil aldığı illərdə mətbuatda özünün məqalə, məktub, oçerkləri, həm də hekayələri, ədəbi-tənqidi yazıları ilə çıxış etmişdi.

Hər bir alimi tanıdan, məşhurlaşdıran əsas xüsusiyyətlərdən birionun qələmi, sözüdür. Hansısa elmi qənaəti sözün qüdrəti ilə dolğun şəkildə canlandırmaq və fikir sücgəcindən keçirib mənalandırmaq çətin məsələdir. Daha doğrusu, yığcam şəkildə geniş fikir söyləmək, elmi həqiqətləri inandırıcı şəkildə diqqətə çatdırmaq heçbütün tədqiqatçılara xas olmayan cəhətdir. Qulu Xəlillinin imzası bu mənada seçilir, fərqlənir, diqqəti çəkir. Sadə və səlist elmi üslubda yazılmış əsərləri və məqalələri oxunaqlılığı, orijinal dəst-xətti, ideya silqəti ilə diqqəti çəkir. Bu yazı nümunələri onun həqiqətən, həyatla sıx əlaqəsindən, təcrübəsindən, oxucuya lazımi söz demək qabiliyyətindən xəbər verir. Onun sonrakı əsərləri, publisistika yaradıcılığı bunu bir daha sübut edir. Görkəmli alim üçün elmi dəqiqlik və tədqiqat obyektinə dərindən bələdlik, araşdırdığı mövzu ilə bağlı mövcud olan nəzəri fikrə əsaslanmaq həmişə vacib şərt idi.

Yaradıcı şəxsiyyətlər həyatın bütün sevincini istedadın onları məhkum etdiyi ağır zəhmətdən alırlar. Qulu Xəlillini yazıçı edən, xüsusilə, sənədliliyə meyil göstərməsinə təkan verən də, şübhəsiz, ziddiyyətlər, təzadlarla dolu həyatın özü olub. Yazıçının "Ömrün baharı", "Atam və mən" kimi romanları, "Yaylaqda", "Qocaların söhbəti", "Umusuq" və s. hekayələri ilə tanışlıq bunun həqiqət olduğunu təsdiqləyir.

Qulu Xəlilli həyatın qaynar, təlatümlü bağrından qopmuş yazıçı-publisist idi. Onun roman və povestlərinin, hekayələrinin və publisistikasının səhifələrində həmişə ciddi həyati problemlər görünür, qeyrətlı, vətənpərvər, əzabkeş, müdrik insanlar fəaliyyət göstərir, cəmiyyəti didib-parçalayan fəsadlara, demokratik dəyişmə və müasirləşməyə mane olan nöqsanlara qarşı amansız üsyan qaldırılır. Qulu Xəlilli böyük ziyalı olmaqla yanaşı, digər ziyalılar haqqında da yanar ürəklə, ehtirasla danışırdı. Əsərlərində onlara məhəbbət və rəğbətini izhar edir, həyatdan getmişlərə rəhmət oxuyur, ruhları qarşısında baş əyirdi.

Qulu Xəlilli yazırdı: "Azərbaycan ziyalılığı zəngin ənənəyə malikdir. Ziyalı deyəndə, ilk növbədə, göz önünə Mirzə Fətəli Axundov, Həsənbəy Zərdabi, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Yusif Vəzir Çəmənzəminli, Məmmədağa Şahtaxtlı, Üzeyir Hacıbəyli, Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Hüseyn Cavid, Səməd Vurğun və başqaları kimi şəxsiyyətlər gəlir. Şübhəsiz, elə adamları ziyalı adlandırmaq olar ki, vətən və torpaq uğrunda, xalqın səadəti yolunda bütün şüurlu həyatını şam kimi şölələndirərək ağlını, bilik və təcrübəsini bu böyük amala həsr etsinlər. Çətin məqamlarda belə, əsl insani ləyaqətlərini itirməyərək mərdliklərini, təmizliklərini, əqidə və məslək bütövlüyünü qoruyub saxlasınlar. Son illərdə Azərbaycanda ziyalı problemi barədə vaxtaşırı diskussiyalar aparılır. Mətbuatda müntəzəm olaraq bu problemlə əlaqədar məqalələr, məktublar, müsahibələr dərc edilir, televiziyaradioda verilişlər verilir. Bunların bir çoxu polemik xarakter daşıyır, tənqidi pafoslu olur. Fikrimcə, ziyalı problemi cəmiyyətin siyasi, iqtisadi, mədəni, sosials. problemləri ilə əlaqəli şəkildə araşdırılmalıdır. Bunların arasında qarşılıqlı əlaqələr açılmalıdır. Bir-birinə təsir edən, reallaşmasına kömək göstərən və ya mane olan amillər qeyd olunmalıdır. Əslində, ziyalının problemi xalqın problemi, xalqın problemi ziyalının problemidir. Ziyalı xalqın övladıdır. Onun yol göstəricisidir. Ziyalı sözündə bir nur, işıq var. İnsanpərvərlik və xeyirxahlıq var, cəmiyyətin, millətin varlığına, gələcəyinə ayıq-sayıq baxış var".

Qulu Xəlillinin yaradıcılığını oxuculara sevdirən ən başlıca xüsusiyyətlərdən birionun mövzu çevrəsinin, toxunduğu məsələlərin xalq ruhuna yaxınlığı, publisist yaradıcılığı üçünmühüm cəhət olan ahəngdar üslubu, dəst-xəttidir. Onun peşəkar qələmindən, həyat gerçəkliklərinə dərin yaradıcı baxışından doğulan söz həvəslə oxunmaqla yanaşı, insanı düşündürür, nəticə çıxarmağa sövq edir. İstedadlı alimin publisistik məqalələrində klassik yazıçı və şairlərin, görkəmli maarifçilərin həyat və yaradıcılığı da müasir dövrün reallıqları kontekstindən təhlil olunur, həmin ziyalıların malik olduğu nəcib keyfiyyətlər önə çəkilir. Qulu Xəlilli fikirlərini möhkəmləndirmək üçün klassik ənənəyə müraciət edərək yazırdı: "Ziyalıların gücü onların yüksək amal sahibi olmalarındadır, digər tərəfdən, onlar fədakar, yüksək iradəyə, cəsarətə malik insanlardır. Tarixə nəzər salaq: Böyük Mirzə Fətəlini ömrü boyu amalından dönməyə qoymayanidi? Sözsüz ki, xalq mənafeyi və azadlıq eşqi! Həsənbəy Zərdabi böyük amal və məslək yolunda hansı müsibətlərə dözmədi? Bu çətinlik və müsibətləri dəf etməyə çalışan Zərdabi yazırdı: "Hər kəsi çağırıram, gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa qeyri bir əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mirur ilə qanmazın başını deşib onun beyninə əsər edər... Hər kəs qara sandığının üstündə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədi. Amma ətrafda müsəlman qardaşlar bir - bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək istəməyir".

Sual oluna bilər: Nə üçün Qulu Xəlilli publisistikasında ziyalı problemi ilə əlaqədar klassik ənənəyə tez-tez müraciət olunur? Ayrı-ayrı yazıçıların, jurnalistlərin, alimlərin, pedaqoqların və başqalarının Vətən və xalq qarşısında xidmətləri yada salınır. Onların əsərlərinə müraciət olunur, bu əsərlərin əsas ideyaları, fikirləri təhlil edilir, qiymətləndirilir. Ziyalıların şəxsi həyatlarından, mühitlərindən və bu mühitə münasibətlərindən misallar göstərilir. Nə üçün publisist Qulu Xəlilli bu ziyalılar haqqında bu qədər yanar ürəklə, ehtirasla danışır, məhəbbət və rəğbətini izhar edir? Yuxarıdakı qısa təhlillərdən də göründüyü kimi, bunun çox əhəmiyyətli səbəbləri var. Bunları, zənnimizcə, aşağıdakı kimi yekunlaşdırmaq olar...

Birincisi, ziyalılarımız böyük yaradıcılıq imkanlarına malik dərin savadlı, yüksək intellektual səviyyəli, geniş dünyagörüşlü, təhsilli və mədəni insanlardır. İkincisi, həmin ziyalılar dərin köklərlə, qırılmaz tellərlə Vətənə, torpağa, xalqa bağlı olublar. Odur ki, yüksək ideyalarla yaşayıblar. Üçüncüsü, onlar qayğıkeşlik, nəzakətlilik, vətənpərvərlik, demokratiklik, mərdlik, cəsarətlik rəmzinə çevriliblər. Mənəviyyatca təmiz və müqəddəs insanlar olublar. Dördüncüsü, həmin ziyalıların sözləri ilə əməlləri bir-birini tamamlayıb. Beşincisi, həmişə xalqla, millətlə sıx əlaqədə olublar. Ən böyük problemlərin həllindən tutmuş xırda məişət məsələlərinin reallaşdırılmasınadək xalqa, həmvətənlərinə kömək ediblər. Xalqı, onun adət-ənənəsini dərindən sevib, hörmətlə yanaşıblar. Bunları gecə-gündüz təbliğ ediblər, yad hücumlarından qoruyublar, öz ideyaları yolunda heç vaxt qorxub çəkinməyiblər. Məhz butün bunlara görə də Qulu Xəlilli hesab edirdi ki, demokratik ziyalı ənənələrinə yiyələnmək və onları inkişaf etdirmək özünü ziyalı adlandıran hər bir vətənpərvər insanın borcudur.

Görkəmli yazıçı-alim, yanar ürəkli vətəndaş, cəsarətli və mərd ziyalılarımızdan olan Qulu Xəlillinin parlaq obrazı onu yaxından tanıyanların, dostlarının, yoldaşlarının, saysız-hesabsız oxucularının, tələbələrinin qəlbində həm həyatda, həm də yaradıcılıqda mübarizlik, döyüşkənlik, fədakarlıq nümunəsi kimi uzun illər yaşayacaqdır.

 

 

Afət SADIQOVA

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 8.