Azərbaycan uşaq
hüquqlarının qorunması ilə bağlı öhdəliklərə
sadiqdir
BMT-nin Uşaq
Hüquqları Konvensiyasının qəbulundan 21 il ötür
Birləşmiş Millətlər Təşkilatı Uşaq Hüquqları Konvensiyasının qəbulundan 21 il keçir. 1989-cu il noyabrın 20-də təşkilatın Baş Məclisində qəbul olunmuş konvensiya bir il sonra - 20 dövlətin ratifikasiyası ilə qüvvəyə minmişdir. BMT-yə üzv ölkələr uşaq hüquqlarının müdafiəsi, onların fiziki və əqli inkişafının təmini ilə bağlı üzərlərinə müəyyən öhdəliklər götürmüşlər.
Uşaq hüquqlarının müdafiəsi, onların normal sosial-mənəvi mühitdə cəmiyyətə layiqli insan kimi yetişməsi, zəruri ehtiyaclarının dolğun şəkildə ödənməsi, azyaşlı körpə və yeniyetmələrin zəngin daxili potensialının, dünyagörüşünün formalaşmasına imkan verən yaradıcı atmosferin formalaşdırılması son 15 ildə Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməklə, özündə yüksək humanist dəyərləri ehtiva etmişdir. 1993-cü ildən bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilmiş, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur.
1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə isə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. "Uşaq hüquqları haqqında" qanuna əsasən, respublikada bu sahədə dövlət siyasətinin əsas istiqamətləri uşaq hüquqlarının etibarlı təmin edilməsindən, uşaqların sağlam mühitdə tərbiyə olunması və yaşayışı üçün normal şəraitin yaradılmasından, valideyn himayəsindən məhrum olan körpələrin 18 yaşınadək dövlət himayəsinə götürülməsindən və sairədən ibarətdir.
Yüksək insanpərvərlik və humanizmə əsaslanan Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti son 7 ildə inamla davam etdirir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, yalnız təhsilli, savadlı, intellektual səviyyəli və ictimai həyatda fəal uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilər. Təsadüfi deyildir ki, ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının yüksək səviyyədə təmini istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev uşaq hüquqları sahəsində vahid dövlət siyasətinin reallaşdırılması, qarşıda duran təxirəsalınmaz vəzifələrin düzgün və operativ həlli üçün hələ 2006-cı il fevralın 6-da Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamış, ailə və uşaqları cəmiyyətin əsas özəyi, sağlam təməli kimi dəyərləndirdiyini bir daha nümayiş etdirmişdir.
Cənab İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Proqramın məqsədi uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etməkdən və onların həmin müəssisələrə verilməsinə şərait yaradan amilləri aradan qaldırmaqdan ibarətdir. Proqram, eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlam cəmiyyətə qovuşmasını, isti ailə mühiti ilə əhatə olunmasını nəzərdə tutur. 2006-cı ilin aprel ayında təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə (2006-2010-cu illər) Dövlət Proqramı" da uşaqlarla bağlı dövlət siyasətinin gücləndirilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli siyasətin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da öz sözünü deyir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən 6 ildə respublikanın müxtəlif bölgələrində 400-ə yaxın müasir tipli orta məktəb binası inşa olunaraq istifadəyə verilmiş, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində 40-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evlərinin və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi də Heydər Əliyev Fondunun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.
Uşaqların təhsili ilə yanaşı, sağlamlığı da Heydər Əliyev Fondunun xüsusi diqqət mərkəzindədir. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşımışdır.
Dövlət başçısının 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan edilmiş, bu sahədə mühüm tədbirlər həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu il 18 fevral tarixli sərəncamı ilə xüsusi tədbirlər planı təsdiq edilərək qüvvəyə minmişdir. Plan əsasında həyata keçirilən tədbirlər cəmiyyətin diqqətinin uşaq problemlərinə cəlb olunması baxımından mühüm əhəmiyyət daşımışdır. 2009-cu il oktyabrın 22-də Bakıda "Gülüstan" sarayında Azərbaycanda "Uşaq ili"nə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş "Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans" olmuşdur.
Tədbirdə dərin məzmunlu nitq söyləyən Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva humanizm və insanpərvərlik prinsipləri baxımından yardıma ehtiyacı olan vətəndaşlara qayğının vacibliyini diqqətə çəkmişdir: "Fikrimcə, uşaqlıq dövrü insan həyatının ən rəngarəng, ən yaddaqalan və ən xoşbəxt dövrüdür. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Əlbəttə, hər şəxsin formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir".
Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin yeritdiyi siyasət BMT-nin Uşaq Hüquqları Konvensiyasının tələblərinə tamamilə cavab verir. Şübhə etmədən demək olar ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlara da diqqət və qayğı yüksələcəkdir.
İ.ƏLİYEVA
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 8.