"Azərbaycan
xalçaçılığı sənəti"
nominasiyası YUNESKO-nun Qeyri-maddi
Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil
edilmişdir
Noyabrın 15-dən 19-dək
Keniyanın paytaxtı Nayrobi şəhərində YUNESKO-nun
Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitəsinin 5-ci sessiyası
keçirilmişdir.
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, sessiyada YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə
Reprezentativ Siyahısına daxil edilməsi məqsədilə
üzv dövlətlər tərəfindən irəli
sürülmüş nominasiyalarla yanaşı, Azərbaycanın
"Azərbaycan Respublikasında ənənəvi Azərbaycan
xalçaçılığı sənəti"
nominasiyası müzakirə edilmişdir. Aparılmış
müzakirələr və səsvermə nəticəsində
"Azərbaycan Respublikasında ənənəvi Azərbaycan
xalçaçılığı sənəti" nominasiyası
YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ
Siyahısına daxil edilmişdir.
Sessiyada Ermənistan tərəfinin növbəti saxtakarlıq cəhdlərinin qarşısı da alınmışdır. Belə ki, Ermənistan nümayəndələrinin xaçdaşlarla bağlı irəli sürmüş nominasiyası müzakirəyə çıxarılmışdır. Nominasiya faylında ölkəmizin maraqlarına zidd və həqiqətə uyğun olmayan məlumatlar yerləşdirilmiş, ərazi iddiaları irəli sürülmüş, Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim edilərək xaçkarların yalnız erməni xalqına məxsus olduğunu iddia edən başlıq seçilmişdir. Məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin YUNESKO üzrə AR Milli Komissiyası, YUNESKO yanında AR Daimi Nümayəndəliyi və digər diplomatik nümayəndəliklər, eləcə də AR Mədəniyyət və Turizm Nazirliyi, AR Müəllif Hüquqları Dövlət Agentliyi, Milli Elmlər Akademiyası tərəfindən sessiya zamanı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, ölkəmizin müvafiq dövlət qurumları və ictimai birliklərdən, o cümlədən Alban-Udin Cəmiyyəti və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarından YUNESKO-nun baş direktoru və katibliyinə çoxsaylı etiraz məktubları göndərilmişdir. Görülmüş işlərin nəticəsində Ermənistanın təqdim etdiyi dosyenin baxılması təxirə salınmışdır.
Komitə üzvləri və təşkilatın katibliyinin qəti mövqeyi ilə üzləşən Ermənistan nümayəndə heyəti nəticə etibarilə nominasiyanın adını dəyişərək "Erməni xaçdaşlarının sənəti. Xaçkarların simvolizmi və sənətkarlığı" kimi adlandırmış və nominasiyada əks olunmuş ziddiyyətli və yanlış məlumatları çıxarmışdır. Bununla da ölkəmizin nümayəndə heyəti xaçdaşların yalnız Ermənistana aid olmasının təsdiq edilməsinə dair səylərin qarşısını almış, həmin qeyri-maddi mədəni irs nümunəsinin Alban mədəniyyətinə məxsus olduğunu və bu günədək mühafizə edilərək saxlanıldığını sübut etmişdir. Həmçinin dosyenin ilkin versiyasında Azərbaycanın ərazi bütövlüyünü sual altına qoyan və işğal olunmuş ərazilərdə mövcud qondarma qurumu müstəqil dövlət kimi təqdim etmə cəhdlərinə də yol verilməmişdir.
Tədbirdə YUNESKO-nun baş direktoru İ.Bokova və digər rəsmilər, YUNESKO-nun üzv dövlətlərindən
vəzifəli şəxslər və ekpertlərlə
yanaşı, Azərbaycan Respublikası mədəniyyət və
turizm naziri Əbülfəs
Qarayevin rəhbərliyi ilə AR Mədəniyyət
və Turizm Nazirliyi,
YUNESKO yanında AR Daimi Nümayəndəliyi
və YUNESKO üzrə AR Milli
Komissiyasının əməkdaşları, eləcə də
ölkəmizin müvafiq ekspertlərindən
ibarət nümayəndə heyəti iştirak
etmişdir.
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 8.