"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. öz səlahiyyətləri daxilində "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.14-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.
3. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın:
3.1. "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ nömrəli Qanunundan irəli gələn müvafiq normativ hüquqi aktları üç ay müddətində hazırlayıb qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq etsin;
3.2. ölkədə kollektiv investisiya mexanizmlərinin inkişafını, investisiya fondlarının təşkili və fəaliyyətinin təşviq edilməsini, habelə investorların hüquqlarının qorunmasını təmin edən tədbirlər hazırlayıb həyata keçirsin;
3.3. həmin qanunun icrasını təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində digər zəruri tədbirlər görsün.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2010-cu il
Azərbaycan.- 2010.- 21 noyabr.- S. 5.