Azərbaycan Prezidenti İlham Əliyevin
və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü
Noyabrın
18-də Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin
dövlət başçılarının Zirvə
Görüşündə iştirak etmək
üçün Bakıya səfərə
gələn Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşmüşdür.
Prezident İlham Əliyev
Qazaxıstan Prezidenti Nursultan
Nazarbayevi qarşıladı.
Azərbaycan Prezidenti İlham ƏLİYEV
Qazaxıstanın dövlət başçısını salamlayaraq dedi:
-
Hörmətli Nursultan
Abışeviç!
Sizi Azərbaycanda salamlamağa
çox şadam. Sağ olun ki,
dəvətimizi qəbul edib ölkəmizə
gəlmisiniz. Bu gün
görüşmək üçün
yaxşı səbəb vardır. Biz Xəzəryanı
ölkələrin dövlət
başçılarının növbəti sammitini
keçiririk. Bu
fürsətdən istifadə edib Sizinlə
görüşməyə və ikitərəfli münasibətlərimizi,
regional problemləri bir
daha müzakirə etməyə çox şadam.
Münasibətlərimiz çox
dinamik, uğurla,
müsbət istiqamətdə inkişaf edir. İki qardaş ölkə beynəlxalq təşkilatlarda,
regional formatda fəal
qarşılıqlı əlaqə saxlayır,
regionlarımız arasında iqtisadi əlaqələr
inkişaf edir və
ümumiyyətlə, böyük sənaye
potensialımız vardır. Buna görə də, əlbəttə, iqtisadi gündəmdə olan
məsələlərə bir daha nəzər salmağa,
harada nəyi əlavə edə biləcəyimizə,
hansı sahələrin müştərək layihələrlə
hələ tam əhatə edilmədiyinə
baxmağa ehtiyac
vardır. Potensial, həqiqətən, çox böyükdür və ən
başlıcası bizdə, Azərbaycanda ikitərəfli əlaqələrimizi
xalqlarımızı həmişə bir-birinə bağlayan dostluq, mehriban qonşuluq,
qardaşlıq ruhunda çox
fəal inkişaf etdirmək arzusu güclüdür.
Ölkələrimizin artıq müstəqil dövlətlər
kimi inkişaf etdiyi dövrdə biz bütün inteqrasiya
proseslərinin çox fəal, dinamik inkişafının şahidiyik.
Buna görə Sizi bir daha salamlamaq
istəyirəm. Xoş gəlmisiniz. Siz bizim əziz
qonağımızsınız. Ümid
edirəm ki, ölkəmizdə
olmağınız, qısamüddətli də olsa, faydalı və xoş
olacaqdır.
Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV təşəkkür
edərək dedi:
- Sağ olun, İlham Heydər oğlu. Bakıda, Azərbaycanda olmaq mənə həmişə
xoşdur. Təəssüf ki, həmişə vaxt azlıq edir və Sizin
kimi, biz də ölkəni gəzməyə
macal tapmırıq.
Mənim
keçənilki səfərimdən
sonra münasibətlərimiz
daha da fəallaşmışdır.
Baxıram ki, əmtəə
dövriyyəsi xeyli artmışdır. Bu il Qazaxıstan sizə təxminən bir milyon ton buğda göndərmişdir.
Bu, əvvəlki illərdəkindən xeyli
çoxdur. Bu mürəkkəb təsərrüfat
ilində sizə bu qədər buğda lazım oldu. Bütün başqa məsələlər
və razılaşmalar
barəsində heç
bir fikir ayrılığı yoxdur.
Sadəcə olaraq, qarşılıqlı
iqtisadi münasibətləri
fəallaşdırmaq, ölkələrimiz
arasında ticarəti,
qarşılıqlı mədəni
münasibətləri genişləndirmək
lazımdır. İstanbul sammitindən
sonra Xəzəryanı
dövlətlərin başçılarının
bu görüşü
barədə razılığa
gəlməyimiz də,
görüşün gündəliyi
də, hazırlanmış
sənədlər də
artıq ona dəlalət edir ki, bu görüş
uğurlu olacaqdır.
Hərçənd biz qlobal məsələləri
həll etmirik, buna baxmayaraq, Xəzər barədə Sizinlə bizim mövqelərimiz hələ
Aşqabad görüşündən,
Tehran görüşündən başlayaraq oxşar mövqelərdir. Bu gün qəbul edəcəyimiz sənədlər
- ümumi bəyannamə
və təhlükəsizliyə
dair saziş də güclü inkişafa dəlalət edir. Fikrimcə, Azərbaycan tərəfi bunun üçün çox iş görmüşdür.
Biz dekabrın 1-də və
2-də keçiriləcək ATƏT-in sammitindəki hadisələri
gözləyirik. Sizi orada gözləyirik.
Bu, bizim gənc
paytaxtımızda ilk dəfə
keçirilən çox
böyük tədbir
olacaqdır. Ümumiyyətlə, indi hamımız bu məsələlər üzərində gərgin
işləyirik, həyəcanlanırıq.
Xəzər barədə mövqeləri
təqribən bilirik.
Bu barədə ümumi diskussiya mənim fikrimcə, bir daha göstərəcəkdir
ki, gələcəkdə
Xəzərə dair ümumi konvensiya hazırlamaq, mövqelərimizi
yaxınlaşdırmaq, bu
məsələlərə dair konsensusa nail olmaq lazımdır.
AzərTAc
Azərbaycan.- 2010.- 19 noyabr.- S. 3.