Azərbaycan Prezidenti İlham Əliyevin
və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü
Noyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev
Xəzəryanı ölkələrin dövlət
başçılarının Zirvə Görüşündə
iştirak etmək üçün
Bakıya səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov
ilə görüşmüşdür.
Prezident İlham Əliyev
Türkmənistan Prezidenti Qurbanqulu
Berdiməhəmmədovu qarşıladı.
Azərbaycan Prezidenti İlham ƏLİYEV
Türkmənistanın dövlət
başçısını salamladı, onu
Bakıda görməyindən məmnun olduğunu
bildirərək dedi:
- Hörmətli cənab Prezident, Sizi salamlamağa şadam. Sizi Azərbaycan torpağında
səmimi qəlbdən
salamlayıram. Çox şadam
ki, Siz bizə
gəlmisiniz. Bu gün biz Xəzəryanı
ölkələrin dövlət
başçılarının görüşünü keçirəcəyik.
Bu, ikitərəfli məsələləri bir
daha müzakirə etmək, regional problemlərə
dair fikir mübadiləsi aparmaq üçün yaxşı
imkan olacaqdır.
Münasibətlərimizin necə inkişaf
etməsindən çox
razıyıq. Bu münasibətlər dostluğa,
qardaşlığa, qarşılıqlı
dəstəyə əsaslanır.
Əminəm ki, biz gələcəkdə
də əməkdaşlığı
eyni dərəcədə
fəal surətdə
inkişaf etdirəcəyik.
Bizi xalqlarımızın ortaq
soy-kökləri, müştərək
tarixi, uzun əsrlər boyu qarşılıqlı əlaqələri
bir-birimizə bağlayır.
Çox
sevindirici haldır ki, indi Türkmənistanın
və Azərbaycanın
müstəqil inkişaf
etdiyi şəraitdə
ölkələrimiz böyük
uğurlar qazanmışdır.
Ölkələrimiz uğurla inkişaf
edir, onlar güclü iqtisadiyyata malik olan, özlərini
təmin edə bilən ölkələrdir.
Ümid edirik ki, biz ikitərəfli xarakter daşıyan məsələlərdə
tərəqqi, inkişaf
və qarşılıqlı
fəaliyyət müşahidə
edəcəyik. Sizi bir daha səmimi qəlbdən salamlayıram.
Xoş gəlmisiniz.
Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV
təşəkkür edərək
dedi:
- Hörmətli İlham Heydər oğlu, Türkmənistanın
ünvanına söylədiyiniz
səmimi sözlərə
görə sağ olun. Bizi Xəzəryanı ölkələrin dövlət
başçılarının bugünkü sammitində
iştirak etmək üçün Sizin gözəl, cavanlaşan Bakı şəhərinə,
gözəl ölkənizə
dəvət etdiyinizə
görə çox minnətdarıq. Biz həmişə deyirik ki, Xəzər sülh və mehriban qonşuluq dənizidir. Siz çox
düzgün dediniz ki, mehriban qonşular
kimi bizim çox qədim ənənələrimiz vardır,
babalarımız, ulu babalarımız bizə çox yaxşı nəsihətlər vermişlər.
Yəqin
ki, bu gün
əsas problem bütün
bu mədəniyyəti,
tarixi, milli xüsusiyyətləri böyüməkdə
olan nəslə verməkdir. Ümumiyyətlə,
Sizə həm də ona görə
təşəkkürümü bildirmək istərdim ki, siyasi arenada
mövqelərimiz eynidir,
dünya siyasətində
bir-birimizi başa düşürük, bu məsələlərdə qarşılıqlı
anlaşma sayəsində
beynəlxalq təşkilatlar,
o cümlədən Birləşmiş
Millətlər Təşkilatı
çərçivəsində qarşılıqlı fəaliyyət
göstəririk.
İkitərəfli münasibətlərimizə
gəldikdə isə,
ticari-iqtisadi münasibətlərdə,
sahəvi məsələlərdə
çox yaxşı meyillər vardır və əlbəttə, Sizin xatırlatdığınız
kimi, sosial, humanitar məsələlərdə
işlərimiz çox
yaxşı gedir. Sevindirici haldır ki, ötən il
bizdə, Türkmənistanda
Azərbaycan Günləri
çox yaxşı keçdi. Lap yaxın
vaxtlarda isə Azərbaycanda Türkmənistan
Günləri keçirilmişdir.
Bizim hökumətlərarası komissiya
bütün bu işlərə yaxşı
təkan verir. Bir həftədən sonra hökumətlərarası komissiyanın
növbəti iclası
bizdə olacaqdır.
Buna görə də düşünürəm
ki, əgər hər hansı işçi məsələlər
yaransa, komissiya onları artıq öz səviyyəsində
həll edəcəkdir.
Fürsətdən istifadə edib
bütün Azərbaycan
xalqını Qurban bayramı münasibətilə
təbrik etmək istərdim. Qurban bayramı bizim
üçün, bütün
müsəlman xalqları
üçün müqəddəs
bayramdır. Azərbaycan xalqına
ən xoş arzularımı bildirir, ona firavanlıq arzulayıram. Fürsətdən istifadə edib Sizi özünüz üçün münasib
bir vaxtda qonaqpərvər Türkmənistana
dəvət etmək istərdim. Sağ olun.
Prezident İlham ƏLİYEV:
Sağ olun. Qardaş ölkədə yenidən
olmaq dəvətindən
məmnuniyyətlə istifadə
edərəm. Sizdən də
xahiş etmək istəyirəm ki, bütün qardaş Türkmənistan xalqına
mənim ən xoş arzularımı - sülh, inkişaf, firavanlıq arzularımı
çatdırasınız. Sizi və Sizin şəxsinizdə
bütün qardaş
Türkmənistan xalqını
Qurban bayramı, bizim ümumi bayramımız münasibətilə
təbrik edirəm.
Bu bayram da
xalqlarımızı birləşdirir
və mənim üçün çox xoşdur ki, Siz Azərbaycana bu bayram günlərində
gəlmisiniz. Bu, bizim aramızda və xalqlarımız arasında münasibətləri
nümayiş etdirən
yaxşı amildir.
Prezident Qurbanqulu BERDİMƏHƏMMƏDOV:
Bu, gələcək üçün
yaxşı müjdədir.
AzərTAc
Azərbaycan.- 2010.- 19 noyabr.- S. 3.