Yeni Azərbaycan Partiyasının
18-ci ildönümünə həsr olunmuş
konfrans keçirilmişdir
Noyabrın 20-də "Hyatt-regencu-Naxçıvan" hotelində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda YAP idarə heyətinin, siyasi şurasının üzvləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar iştirak etmişlər.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov konfransı giriş sözü ilə açaraq iştirakçıları təbrik etmiş və demişdir ki, YAP haqqında danışarkən ilk növbədə ümummilli liderimiz Heydər Əliyev yada düşür, ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri anılır və yüksək qiymətləndirilir. XX əsrin 90-cı illərinin əvvəllərindəki ictimai-siyasi vəziyyətin şərtləndirdiyi obyektiv zərurətdən yaranmış Yeni Azərbaycan Partiyasının 18 illik tarixi əslində müstəqil Azərbaycan dövlətinin keçdiyi şanlı yolu əks etdirir. Bu partiya ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafına kömək edən mütəşəkkil siyasi təşkilatdır. Eyni zamanda, YAP-ın yaranması Heydər Əliyev fenomeninin bütün xalq tərəfindən birmənalı və qətiyyətli etirafı demək idi. Bu siyasi təşkilatın yaranması bir tərəfdən tarixi zərurət idisə, digər tərəfdən Heydər Əliyev müdrikliyinin, qüdrətinin, şəxsiyyətinin qəbuludur.
Azərbaycana rəhbərliyinin birinci mərhələsində və keçmiş Sovet İttifaqının ali rəhbərliyində yüksək vəzifədə çalışdığı illərdə ulu öndərin qazandığı dərin hörmət və nüfuz YAP-ın yaranmasında mühüm rol oynamışdır. YAP dünyada yeganə partiyalardan biridir ki, onun lideri bu siyasi təşkilat yarandıqdan cəmi 6 ay sonra dövlət rəhbəri seçilmişdir.
Yeni Azərbaycan Partiyasının tarixi fəaliyyətinə, əldə olunan nailiyyətlərə nəzər salan Ə.Əhmədov qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin başının üstünü almış təhlükələrin ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırılmasında, xaos və özbaşınalığın birdəfəlik ləğv edilməsində, ictimai-siyasi sabitliyin bərqərar olunmasında, bazar iqtisadiyyatı əsasında neft strategiyasının işlənib hazırlanmasında və reallaşdırılmasında partiya fəallarının xüsusi xidmətləri olmuşdur. Həyata keçirilən uğurlu daxili və xarici siyasət, aparılan islahatlar ölkəmizi beynəlxalq təcriddən xilas etmiş və bu gün hamımızın qürur və iftixar hissi ilə qeyd etdiyi dinamik inkişaf yoluna çıxarmışdır.
Son illərdə dövlətimizin başçısı, YAP sədri İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dünyada bənzəri olmayan sürətli, dinamik inkişafını özündə ehtiva edən uğurların, qələbələrin əsasını qoymuşdur. Bu mənada YAP yalnız partiya üzvləri üçün deyil, eyni zamanda bütün Azərbaycan xalqı üçün əhəmiyyətli rol oynamış mühüm qurumdur.
Qədirbilən xalqımız YAP-a, onun rəhbərliyinin siyasi kursuna etimadını noyabrın 7-də keçirilmiş parlament seçkilərində bir daha göstərmişdir. 71 nəfər YAP üzvünün Milli Məclisə deputat seçilməsi xalqın partiyamıza olan inamının bariz nümunəsidir.
Dünya şöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyası praqmatik siyasətçi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı işıqlı gələcəyə doğru inamla aparır və bu yoldan onu heç bir qüvvə döndərə bilməz.
Ə.Əhmədov əmin olduğunu bildirmişdir ki, YAP Azərbaycanda uzun illər Heydər Əliyev siyasətini təmin edən güc mərkəzi rolunu və missiyasını şərəflə həyata keçirəcəkdir.
Sonra YAP idarə heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov çıxış etmişdir. O demişdir ki, zaman bizi irəli apardıqca YAP-ın yaranma səbəbləri, mahiyyəti barədə düzgün biliklər formalaşır. Məlum olur ki, partiyanı yaratmaqda məqsəd Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı dünyada tanıtmaq və onun dünya dövlətləri sırasında mövqelərini möhkəmlətmək olmuşdur. Çox qısa bir müddətdə YAP məhz ümummilli problemlərin həllinə nail ola biləcək yeganə partiya kimi formalaşmışdır. Ölkənin bütün ağıllı, tədbirli, təcrübəli, tanınmış nüfuz sahibi olan insanları bu partiyaya üz tutmuşdur, partiyaya gənclərin axını başlamışdır. Beləliklə, YAP 18 il ərzində yaşlı, orta yaşlı və gənc nəslin seçilmiş nümayəndələrinin bir amal, vahid məqsəd naminə birləşərək möhkəm siyasi qüvvəsinə çevrilmişdir. Bu gün YAP sürətli tərəqqi edən, yüksək siyasi mədəniyyət daşıyıcısı kimi tanınan və ümumxalq partiyası adı alan bir təşkilatdır.
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1990-cı illərin əvvəllərində çoxsaylı problemlərlə üzləşmişdir. Respublikanın o vaxtkı rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan ərazilərinin dalbadal işğalı, gündən-günə gərginləşən siyasi vəziyyət ölkəni uçurum kənarına gətirmişdir. Azərbaycanı belə dəhşətli vəziyyətdən Heydər Əliyev dühası xilas etmişdir. O dövrdə Yeni Azərbaycan Partiyasının yaranması və inkişafı Azərbaycanın siyasi həyatında ümid çırağı yandırmışdır. Xalq əmin olmuşdur ki, başda görkəmli dövlət xadimi Heydər Əliyev olmaqla Azərbaycana nicat verə biləcək, onu doğru yola çıxaracaq möhtəşəm siyasi qüvvə artıq mövcuddur.
Heydər Əliyevin o zaman hakimiyyətə gəlməsi, bir-birinin ardınca həyata keçirdiyi tədbirlər, sözün həqiqi mənasında, böyük qəhrəmanlıq, hər şeydən əvvəl vətəndaşlıq hünəri idi.
Ümummilli liderimiz Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun Azərbaycanı dünya miqyasında tanıtması olmuşdur. Bu gün Azərbaycan nəinki regionda, eləcə də bütün dünyada söz sahibinə çevrilir. Bu günlərdə Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə toplantısının Bakıda keçirilməsi bunu bir daha sübut etmişdir.
Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi, dünyanın inkişaf etmiş ölkələrinin respublikamıza marağının artması ilk növbədə Azərbaycan dövlətinin və onun rəhbəri İlham Əliyevin uğurlu siyasəti ilə bağlıdır.
YAP Siyasi Şurasının üzvü, uroloq alim Südeif İmanverdiyev çıxış edərək demişdir ki, müasir Azərbaycan özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi strateji kursla inkişaf edəcəkdir.
Bir fikir
əminliklə vurğulanmışdır ki,
Yeni Azərbaycan Partiyası bundan sonra da
üzərinə düşən missiyanı şərəflə
həyata keçirəcək, ölkəmizi
firavanlığa aparan yolda
daim öndə olacaqdır.
Azərbaycan.- 2010.- 21 noyabr.- S. 6.