"Ələddin"in Özbəkistan uğuru

 

Milli sərginin xoş sorağı

 

Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın Milli Sərgisi uğurla başa çatdı. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkil etdiyi və xaricdə ilk dəfə keçirilən Azərbaycan Milli Sərgisinin uğurları bütün iştirakçılarda xoş təəssüratlar yaratdı. Bu sərgidə təkcə Bakıda deyil, Naxçıvan, Lənkəran, Tovuz və Azərbaycanın digər bölgələrində istehsal edilmiş məhsullar nümayiş olunurdu. Sərgidə ölkəmizin sənaye, yanacaq, energetika, informasiya texnologiyaları, yeyinti sənayesi, nəqliyyat, inşaat, kənd təsərrüfatı, turizm, mədəniyyət, xalq tətbiqi sənəti, ekologiya, səhiyyə, elm, təhsil, idman və digər sahələri əhatə edən 170-dən artıq müəssisənin 1750 çeşiddə məhsulu yer aldı. Sərgi çərçivəsində bir sıra mədəni tədbirlər də həyata keçirildi. Milli sərgidə "Çaşıoğlu-Multimedia" şirkətinin məhsulları da nümayiş olunurdu. Şirkətin direktoru Rəhilə Soltanqızı xarici ölkədə ilk dəfə keçirilən milli sərgi ilə bağlı suallarımızı cavablandırdı.

 

- Xaricdə ilk milli sərginin keçirilməsi üçün niyə məhz Özbəkistan seçildi?

- Bu sərginin məhz qardaş Özbəkistanda keçirilməsi yəqin ki, təsadüfi deyildi. Sizin sualınıza Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin sözləri ilə cavab vermək istəyirəm. O, çıxışında bildirdi ki, ümumi tarixi köklər, mədəniyyət, dil və dinə malik olan ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni münasibətlər sürətlə inkişaf edib. Bu uğurlu əməkdaşlığın əsas şərti vaxtı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov arasında olan şəxsi dostluq münasibətləridir. Sevindirici haldır ki, Azəbaycan və Özbəkistan respublikalarının prezidentləri İlham Əliyev və İslam Kərimov arasında dostluq münasibətləri inkişaf edib. İki türk dövlətinin yaxınlaşması, dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının müntəzəm qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanan sənədlər çoxtərəfli əlaqələrin davamlı inkişafını təmin edir.

- Sərgidə rəhbəri olduğunuz şirkət də təmsil olunurdu. Sərgi barədə müşahidələrinizi bizimlə bölüşə bilərsinizmi?

- Sərgidə yüz minlərlə insan iştirak edirdi. Pavilyonlar 4550 kvadratmetr sahəni əhatə edirdi. Azərbaycanı 170-dən artıq nüfuzlu, böyük ixrac imkanlarına malik müəssisə və təşkilat təmsil edirdi. Ölkəmizin sosial-iqtisadi inkişafı, sənaye sahəsi, yanacaq, enerji sektoru, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, mədəniyyət, xalq yaradıcılığı, səhiyyə, təhsil, idman və digər sahələrdə əldə olunan nailiyyətlərin göstəricisi olan 1700 çeşiddə müxtəlif məhsullar nümayiş etdirilirdi. Azərbaycan mənşəli məhsulların Orta Asiya bazarına ixracının genişləndirilməsinin təşviq olunması məqsədilə tədbir çərçivəsində sahibkarlar arasında ikitərəfli işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulurdu.

Sərgi yüksək səviyyədə tərtib olunmuşdu. Ornamentlərdə sırf Azərbaycan milli mədəniyyəti, tarixi əks olunurdu. İçərişəhərin qədim qala divarları dizaynı bütünlüklə Azərbaycanı göz önündə canlandırırdı. Azərbaycan musiqisi, muğamı tamaşaçıları müşayiət edirdi. Uzaqda olsaq da, Azərbaycan bizimlə idi. Ansamblımız milli rəqslərimizi nümayiş etdirir, milli geyimli qızlarımız Azərbaycan çayını qonaqlara təklif edirdilər. Hələ paxlavamızı, şəkərburamızı demirəm... Azərbaycanımızı elə bil ki, Özbəkistana gətirmişdik...

Özbəkistanda ulu öndərimiz Heydər Əliyevin adını daşıyan mərkəz var. Gözəl ornamentlərlə bəzədilmiş bu mərkəz əsl memarlıq nümunəsidir. Əvvəl ora baş çəkdik, ulu öndərimiz Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyduq.

Sərgiyə durmadan tamaşaçı axını davam edirdi. Özbəkistan dövlətinin rəhbər nümayəndələri - baş nazir Şəvkət Miriyayev, baş nazirin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Elyer Qəniyev, təhsil nazirinin müavini Abduğani Xolbekov, iş adamları sərgiyə gəlmişdilər. Baş nazir sərgidə nümayiş olunan eksponatlara bir-bir tamaşa edir, maraqlanırdı. Özbəkistan baş nazirinin müavini, xarici iqtisadi əlaqələr, investisiya və ticarət naziri Elyer Qəniyev sərgini yüksək qiymətləndirərək: "Biz hamımız Azərbaycanın Milli Sərgisinin xoş təəssüratı altındayıq. Hər şey yüksək səviyyədə təşkil olunub: məhsulun çeşidləri, mədəniyyət proqramı, müğənnilərin canlı çıxışları tamaşaçılarda yaxşı təəssürat oyadıb" - dedi. Doğrusu, sərgiyə baxanda özümüz də ölkəmizin iqtisadi cəhətdən necə inkişaf etdiyinin bir daha şahidi olduq.

- "Çaşıoğlu-Multimedia" sərgidə hansı çeşiddə məhsullarını nümayiş etdirirdi?

- Sevinirik ki, bizim məhsullar da layiqincə dəyərləndirildi və biz uğurlu təkliflər aldıq. Sərgidə bir şirkət olaraq multimedia resurslarını və məktəbəqədər yaşlı uşaqlar üçün hazırlanmış "Ələddin" interaktiv oyun qurğusunu nümayiş etdirdik. Səlahiyyətli insanların, təhsil sahəsində çalışanların, valideynlərin, kiçik yaşlı uşaqların buna maraqları çox güclü idi. Bilirdik ki, yeni layihəmiz olan "Ələddin" interaktiv oyun qurğusunun MDB məkanında analoqu yoxdur. Orada müəyyən insanlardan "biz çox ölkələr gəzmişik, amma belə bir qurğuya rast gəlməmişik" ifadəsini eşidəndə qürur hissi keçirirdik. Elə sərginin ilk günündən artıq səs-səda o qədər yayılmışdı ki, valideynlər "Ələddin" oyun qurğusunu axtara-axtara gəlib çıxırdılar bizim sahəyə. İnanın, saatlarla oturub oynayırdılar, valideynlər uşaqları güclə ayırırdılar.

Sərginin açılış günü baş nazirin "Ələddin" qurğusu ilə maraqlanması, bu qurğuya böyük önəm verməsi bizim üçün çox böyük uğur idi. Sərginin ikinci günü baş nazirin nümayəndələri tərəfindən "Ələddin" qurğusu üçün təklif aldıq. Özbəkistan 27 milyon əhalisi olan bir dövlətdir. Burada 8 mindən çox özəl bağça, eləcə də məktəblərin nəzdində məktəbə hazırlıq kursları var. Bunları nəzərə alsaq, hesab etmək olar ki, orada 200 mindən çox "Ələddin" qurğusuna tələbat var. Dövlətlərarası əlaqələri genişləndirmək, biznes sahəsində Avropaya çıxmaq baxımından təklif bizim üçün çox uğurlu olduğundan qəbul etdik. İqtisadi inkişaf naziri Şahin Mustafayev şəxsən yaxınlaşıb bu sahədə bizim hansı problemimiz olsa, kömək edəcəyini bildirdi.

Bu yaxınlarda paytaxtımızda Bak.TEL-in "16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları" sərgisi keçiriləcək. Təbii ki, Özbəkistanın nümayəndə heyəti Bakıya gələcək. Orada informasiya texnologiyaları da nümayiş etdiriləcək. Həmin sərgidə də biz iştirak edəcəyik. Nümayəndə heyəti ilə təklifi bir daha müzakirə edib ümumi qərara gələcəyik.

- Daşkənddə birinci dəfə olurdunuz. Yəqin ki, bu şəhəri Bakı ilə müqayisə etməmiş olmazsınız?

- Daşkənd gözəldir. Şəhərdə küçələr genişdir, tıxaclar yoxdur, bu bizim xoşumuza gəldi. Xalqlarımız arasında çox yaxınlıq gördüm... Onlar bizim, biz onların dilini başa düşür, anlayırdıq. Din, dil birliyimiz öz yerində. Bizim millətdə olan humanistlik, qonaqpərvərlik, böyüyə hörmət onlarda da var. Hara gedirdik "xoşgəldin", "rəhmət" sözlərini eşidirdik.

- Siz Fransada sərgidə iştirak edərkən Fransa dairələrinin Özbəkistana resurslarla bağlı sifarişi barədə qeyd etmişdiniz?

- Fransada bizə məlum oldu ki, bu ölkənin multimedia sistemləri Özbəkistanda yaranır. Biz sərgidə iştirak etdiyimiz müddətdə vaxt tapıb həmin şirkətlə maraqlandıq. Bu, Təhsil Nazirliyinin tərkibində bir qurumdur. Təhsil nazirinin müavini Abduğani Xolbekov ilə də görüşdük. Özümüzün multimedia resurslarımızı onlara göstərdik. "Ələddin" qurğusuna çox böyük maraqları yarandı. Təklif etdilər ki, Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən mərkəzlə bizim şirkət arasında müştərək bir müqavilə imzalansın. Hətta yaxın günlərdə kimya laboratoriyası ilə bağlı keçiriləcək tenderə qoşulmağımızı təklif etdilər. Təbii ki, təklif maraqlı idi. Hazırda iki şirkət arasında yazışmalar gedir.

Bilirsiniz ki, müxtəlif fənlər üzrə "www.oxuyuraq.biz." saytını internetdə yerləşdirmişik və bu saytda yerləşdirilən bütün fənlər üzrə resurslar hazırdır. Onların multimedia işləri ilə maraqlandıq və saytlarına daxil olduq. Məsələn, botanika fənni üzrə bir dənə "Çiçəyin tozlanması" dərsini, yaxud kimyadan 3-4 laboratoriya dərsini yerləşdiriblər. Müəyyən şeyləri çıxsaq, onların metodikası da, multimedia resursları da bizimlə eynidir. Düşünürdük ki, resurslarımızı özbək dilinə tərcümə edib onlara təklif etmək olar. Onlar bizə bildirdilər ki, xüsusi şura müəyyən şeyləri dəyişməklə bu resursları qəbul edə bilər.

- "Ələddin"in sehrli çırağını daha haralarda yandırmaq fikrindəsiniz?

- Noyabrın sonunda Türkmənistana səfərimiz olacaq. Orada keçiriləcək sərgiyə dəvət almışıq. "Ələddin" qurğusunda resurslar artıq türkmən dilinə çevrilmiş və səsləndirilmişdir. Düşünürəm ki, "Ələddin"in türkmən dilində təqdim olunması da çox maraqla qarşılanacaq.

- Gələcək layihələriniz barədə nə deyə bilərsiz?

- Bizim ən böyük layihəmiz müxtəlif fənlər üzrə hazırladığımız multimedia resurslarıdır, hansı ki, "www.oxuyuraq.biz." saytı ilə təqdim edirik. Bu layihə 2015-ci ilə qədər 85 fənn üzrə müəllim və şagirdlərin istifadəsinə veriləcək. Zaman gələcək ki, artıq müəllimlər məktəblərdə resurslarla dərslər keçəcəklər. Bu, əfsanə deyil.

- Bu o deməkdir ki, kitabı bir kənara qoyacaqlar?

- Xeyr, kitab həmişə vacibdir, amma bizdən asılı olmayan işlər var. Zaman bizi qabaqlayır. Yaponiyada uşaqlar dərsə artıq kitab-dəftər aparmırlar. Bütün yazı-pozularını balaca bir qurğu ilə həll edirlər. Düşünürəm, elə bir zaman gələcək ki, bizdə də o layihə həyata keçəcək. Müəllimlər uşaqların dərsə marağını canlandırmaq üçün artıq dərsi resurslarla keçməlidirlər. Biz indi "www.oxuyuraq.biz." saytını internetdə yerləşdirmişik. Düşünürəm, ən tənbəl, zəif oxuyan uşaq belə, o, dərsə maraq göstərəcək.

- Dərslər kurikulum standartlarına cavab verirmi?

- Əlbəttə. Dərslərin metodikasını respublikanın ən tanınmış, təhsildə öz sözünü deyən müəllimlər hazırlayıb. Təbii ki, onlar da standartlara uyğun olan dərslər təqdim edirlər. Təqdim olunan dərslər əsasında bizim proqram şöbəsi, rəssamlar qrupu, animatorlar qrupu, aktyorlar qrupu, diktorlar qrupumuz var... Diktor dərsi səsləndirir, rəssamlar tərəfindən dərslər işlənilir, rəsmlər çəkilir, animatorlar rəsmləri hərəkətə gətirir, proqramçılar tərəfindən təminata uyğun işlənilir. Şura tərəfindən dərslər qəbul edildikdən sonra saytda yerləşdirilir.

- Özbəkistan dövlətində də Azərbaycanda belə bir sərginin keçirilməsinə təşəbbüs göstərilir?

- Dekabr ayında Azərbaycanda Özbəkistan dövlətinin belə bir sərgisinin keçirilməsi nəzərdə tutulub. Onlar da böyük bir maraqla həmin günü gözləyirlər. Bu sərgidə böyük məmnuniyyətlə iştirak edəcəyik. Biz də özbəkistanlı dostlarımızı Azərbaycanla tanış edəcəyik.

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 20 noyabr.- S. 15.