Bakıda islam
regionu fəlsəfə tarixinin
tədqiqi və tədrisi problemlərinə həsr olunmuş beynəlxalq konfrans
keçirilmişdir
Noyabrın 19-da Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda bu institutun və
"Şərq fəlsəfəsinin problemləri" beynəlxalq
elmi-nəzəri jurnalının təşkilatçılığı,
YUNESKO-nun dəstəyi ilə "Dünya fəlsəfəsi
kontekstində islam regionu fəlsəfə tarixinin tədqiqi və
tədrisi problemləri" mövzusunda elmi-praktiki konfrans
keçirilmişdir.
Dünya Fəlsəfə
Gününə həsr olunan konfransda çıxış
edən AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev tədbirin
məqsəd və əhəmiyyətindən, Azərbaycanda
fəlsəfə sahəsində qazanılan nailiyyətlərdən,
qabaqcıl elmi-fəlsəfi məktəblərin iş təcrübəsinin
yayılması məqsədi ilə ölkəmizdə
keçirilən beynəlxalq forumlardan, alimlərimizin xarici
ölkələrdə tədbirlərdə iştirakından
danışmışdır. Azərbaycan elmi-fəlsəfi
fikrinin dünya elminə inteqrasiyasının qarşıda
duran ən aktual vəzifələrdən biri olduğunu diqqətə
çatdıran V.Fərzəliyev alimlərimizin beynəlxalq
elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi
proseslərin ölkəmizdə
işıqlandırılması məsələlərinə
böyük önəm verildiyini vurğulamışdır.
YUNESKO üzrə Azərbaycan
Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva təmsil
etdiyi qurumun baş direktoru İrina Bokovanın Dünya Fəlsəfə
Günü ilə bağlı müraciətini səsləndirmişdir.
Müraciətdə 2010-cu ildə bu günün "Mədəniyyətlərin
yaxınlaşması ili" çərçivəsində
qeyd olunduğu diqqətə
çatdırılmışdır.
Mərakeşin ölkəmizdəki
səfiri, professor Həsən Hami islam fəlsəfəsinin
mahiyyətindən, onun dünya mədəniyyətinə
verdiyi töhfələrdən, islam fəlsəfəsinin tədrisi
məsələlərindən bəhs etmişdir. Mərakeşli
alimlərin bu sahədə fəaliyyətindən
danışan səfir iki ölkənin akademik institutları
arasında əlaqələrin yaradılmasının
vacibliyini vurğulamışdır.
Belçikanın
ölkəmizdəki səfiri, professor Filippe Jotard
Bakının Şərq və Qərb arasında ortaq
nöqtə və fəlsəfə haqqında fikirlərin səslənməsi
üçün ən yaxşı mərkəz olduğunu
bildirmişdir. Səfir qeyd etmişdir ki, fəlsəfə və
ayrı-ayrı şəxslərin beyninin məhsulu olan fəlsəfi
fikirlər bütövlükdə bəşəriyyətə
məxsusdur.
Misir Mədəniyyət
Mərkəzinin direktoru, doktor Adel Dərviş islam
dünyası elmi-fəlsəfi fikrinin təbliği və
inkişafına həsr olunan konfransın işini yüksək
qiymətləndirmiş, onun nəticələrinin uğurlu
olacağına əminliyini bildirmişdir.
Konfransda Fransa Tibb
Akademiyasının həqiqi üzvü, akademik Cavad Heyət
(İran) "Vəhdəti əl vücud və fəlsəfə",
Dr.Lyuk Obri (Fransa) "Gənclərin tərbiyəsində fəlsəfənin
rolu", fəlsəfə elmləri doktoru Viktor Palesi de
Bustinza (İspaniya) "İspaniya və Braziliyada fəlsəfə
tarixinin tədrisi məsələlərinə dair",
Dr.İbrahim Maras (Türkiyə) "Türkiyədə islam
bölgəsi fəlsəfəsinin tədqiq və tədrisinə
dair" mövzularda məruzələrlə
çıxış etmişlər.
Tədbirdə həmçinin
Azərbaycan,Türkiyə, İran, Mərakeş, Fransa,
İspaniya, Böyük Britaniya və Macarıstandan
tanınmış alimlərin "Fəlsəfi əlyazma
abidələrinin tərcümə və tədqiqinə
dair", " Yeni dünya düzümü kontekstində
demokratikləşmə fəlsəfəsi",
"Qloballaşma dövründə Azərbaycanda fəlsəfəyə
baxış", "Muğam fəlsəfəsinin aşkara
çıxarılmasına daha bir cəhd" və s.
mövzularda məruzələri dinlənilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 15.