Bakıda "Ü.Hacıbəyli:
Şərqin muğam-məqam
sistemləri müqayisəli
təhlildə" mövzusunda
elmi konfrans keçirilmişdir
Noyabrın 19-da Azərbaycan
Bəstəkarlar İttifaqında
"Ü.Hacıbəyli: Şərqin
muğam-məqam sistemləri
müqayisəli təhlildə"
mövzusunda elmi konfrans keçirilmişdir.
Tədbiri ittifaqın sədri, xalq artisti, professor
Firəngiz Əlizadə
açaraq vurğulamışdır
ki, 2011-ci ildə Bakıda "Muğam aləmi" Beynəlxalq festivalı çərçivəsində
təşkil ediləcək
simpoziuma hazırlıq
ərəfəsində keçirilən
bu konfrans böyük əhəmiyyət
daşıyır. Simpoziumda
musiqişünaslar seçilmiş
mövzu üzrə çıxışlar edəcəklər.
Konfransda
"Səfiəddin Urməvinin
(XIII əsr) və Üzeyir Hacıbəylinin
(XX əsr) risalələrində
bəzi lad problemlərinin müqayisəli
təhlili", "Azərbaycan
musiqisində ladların
qarşılıqlı əlaqələrinin
tədqiqi məsələləri",
"Şifahi ənənəli
professional musiqidə millilik və universallıq (Azərbaycan
və Hindistan musiqisi nümunəsində)", "Üzeyir Hacıbəyli və Azərbaycan muğamlarının səs
sistemi məsələsi",
"Yaxın və Orta Şərqin musiqi sistemində lad strukturlarının qarşılıqlı müqayisəsi"
və digər mövzularda məruzələr
dinlənilmişdir.
Məruzələrdə vurğulanmışdır
ki, Azərbaycanın zəngin mədəniyyətinin
və tarixinin ən gözəl incilərindən biri olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl
xüsusiyyətlərin daşıyıcısıdır.
Torpağa, köklərə
bağlılıq, vətənpərvərlik,
milli ləyaqət hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət,
emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin əsasını
təşkil edir. Muğam gözəlliyin və məhəbbətin
rəmzidir. Elə bu səbəblərdən
də 2003-cü ildə
YUNESKO tərəfindən Azərbaycan
muğamı bəşəriyyətin
qeyri-maddi irsinin inciləri siyahısına
salınmışdır. Bizim üçün
muğam sənəti
tarixinin hər bir səhifəsi, hər bir anı
çox əzizdir, doğmadır. Əsrlər
boyu formalaşan bu sənət XX əsrin əvvəllərində
xalq şənliklərindən,
toylardan, bayramlardan ayrılmayaraq, konsert salonlarında səslənməyə
başlamışdır. Həmin dövrdə dahi bəstəkarımız
Üzeyir Hacıbəyli
ənənəvi muğamla
müasir Azərbaycan
musiqisi arasında körpü yaratmışdır.
Məhz muğamın
dərin bilicisi olan bu dahi
bəstəkar Şərqin
ilk operasını -
"Leyli və Məcnun"u yaratmış və bununla da muğam
opera teatrı səhnəsinə qədəm
qoymuşdur. Demək olar ki, muğam
Azərbaycanın musiqi
mədəniyyətinin bütün
janrlarına təsir göstərmişdir.
Məruzələr ətrafında
fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 20 noyabr.- S. 16.